Annik Kojan: “Qəzzafinin hərəmxanasında gənc oğlanlar da var idi...”

Bu yazıya counter dəfə baxılıb

Müəmmar Qəzzafi 2011-ci ildə liviyalı qiyamçılar tərəfindən qətlə yetirildən sonra, onun nekroloqları Liviya liderinin hakimiyyətdə olduğu 42 il ərzində törətdiyi cinayətlərin siyahısını açıqladı. 
Lakin onun hərəmxanası barədə bir kəlmə belə olsun, söylənilmədi. Qəzzafinin ürəyi istədiyi zaman zorladığı qadın və kişilərin saxlandığı həmin hərəmxana...

Lakin dünya bu həqiqəti hərəmxanadan olan bir qızın hekayətindən sonra öyrəndi. Annik Kojan “Le Monde”nin xüsusi müxbiri və “Qəzzafinin hərəmxanası” kitabının müəllifidir. 
Kitab Sorayanın hekayəsi əsasında yazılıb. Qəzzafi qızı onun məktəbini ziyarət edərkən görür. Qəzzafiyə gülü təqdim etmək üçün Soraya seçilmişdi. Növbəti gün o, evdən götürülür və hərəmxaya gətirilir. O, burada beş il qalır. 

Kojan söyləyir ki, Liviyada mühafizəkar mədəniyyət seksi açıq-aşkar müzakirə etməyə icazə vermir. Zorlanan qadınlar cəmiyyətə qurban kimi deyil, günahkar tərəf kimi təqdim edilir. 

Seks ətrafındakı tabu hərəmxanada saxlanılan qadınlara öz hekayətlərini danışmağa izn vermir. 
Kojan bu barədə deyir: “Qərb ölkələrində biz tabu haqqında eşidir və düşünürük ki, bu çox həssas mövzudur. Lakin əslində, bu ölüm-dirim məsələsidir”. 

Ceremi Hobson, aparıcı: Kapitolidəki vəziyyəti gözdən keçiririk. Bu gün orada Rusiya səfirliyinə qarşı hücum olub. Rusiya səfirlikdəki əməkdaşlarını evakuasiya edib. Bu onu göstərir ki, Liviyada 2011-ci ildə Müəmmar Qəzzafinin qətlinə səbəb olan çevrilişdən sonra ölkədəki vəziyyəti düzəltmək uğrunda hələ də, mübarizə gedir. 
Biz indi bütün bunlar barədə söhbət edəcəyik və qeyd etməliyik ki, söhbətimiz gənc oxucular üçün uyğun olmaya bilər. Bütün baş verənlərin təsvir olunduğu “Qəzzafinin hərəmxanası” adlı kitab bu yaxınlarda işıq üzü görüb. Kitabın müəllifi Annik Kojanla söhbət edəcəyik. Annik Kojan, bizə qoşulduğunuz üçün təşəkkür edirik.



Annik Kojan: Salam, mən təşəkkür edirəm. 
Hobson: Beləliklə, siz Qəzzafinin ölümündən sonra Liviyaya getdiniz. Siz, ümumiyyətlə, bir qadın olaraq buradakı çevrilişdə maraqlı idiniz. Siz Soraya ilə görüşdünüz. 
Kojan: Bəli, eynən. Mən ora “Le Monde”yə görə getmişdim. Mən buradakı qadınların çevriliş zamanı nə etdiklərini bilmək istəyirdim. Ancaq bilirsiniz, onları gizlənmişdilər. Siz qadınların çevrilişdəki iştirakı barədə heç bir sənəd, heç bir foto tapa bilməzdiniz. Mən isə bilmək istəyirdim ki, qadınlar özləri gizləniblər, Qəzzafini dəstəkləyirdilər yoxsa əksinə, ona qarşı idilər? 
Lakin qadınlar barədə böyük sirr mövcud idi. Mənim kolleqalarım, xüsusilə də, kişi həmkarlarım qadınlar haqda yazmırdılar. Beləcə, mən bura bu məqsədlə gələn ilk jurnalist idim. Qısa bir müddətdə anladım ki, onlar çevrilişdə böyük rol oynayıb. 
Onlar Qəzzafi tərəfdarlarını lazım olan hər şeylə - qida, tibbi ləvazimatlarla təchiz edirdilər. Onlar hansı riskin içində olduğunu anlayırdılar. Çünki Liviya diktatorunun zorakılıqlarından yaxşı xəbərdar idilər. Bu məni təəccübləndirdi. Bu inanılmaz idi. Əlbəttə ki, qadınlar bu barədə susurdular. Bu mövzu tabu idi. 


Hobson: Yaxşı, bizə hələ çevrilişdən öncə bu ölkədə baş verənləri və aşkarladığınız faktlardan danışın. Çünki məhz bu sizin kitabınızın əsas mövzusudur. Və gəlin, Sorayadan başlayaq. O, hələ yeniyetmə idi. Gəzzafi məktəbə gələcəkdi və gülü liderə o təqdim edəcəkdi. Beləliklə, Qəzzafi içəri daxil olan zaman əlini qızın başına toxundurur. Sonra nə baş verdiyini siz danışın.
Kojan: Yəqin anlayarsınız, o, təəccüb və həyəcan içində idi. Məktəbin bütün qızları kimi. Axı məktəbə diktator gəlirdi. Hamı onu “Ata Qəzzafi” deyə çağırırdı. Gəzzafi içəri daxil olanda Sorayaya nəzər yetirir. Qızcığaz isə qorxudan titrəyir və nə edəcəyini bilmirdi. O, liderin əlindən öpməli idi yoxsa nəsə başqa bir şey? O, heç nə etmir, sadəcə Ata Qəzzafiyə gülü təqdim edir. Və Qəzzafi əlini qızın başına toxundurur və sanki cangüdənlərinə “mən bunu istəyirəm” deyə işarə vurur. Növbəti gün üç qadın qızın evinə gəlir və qızın anasına çox gülünc bir bəhanə gətirirlər: “Bilirsiniz, dünən qızınız özünü çox gözəl aparıb. Odur ki, qızınız Soraya Qəzzafiyə daha bir gül dəstəsi təqdim etsə, çox yaşı olardı”. Qızı maşına mindirib səhraya aparırlar. Onu hazırlayırlar - çimdirirlər, lazım olan yerlərini qırxırlar...

Hobson: Qan analizini təqdim edərək...
Kojan: Bəli, həmişə. Qəzzafi ilə münasibətdə olan hər bir qadın qan analizi verməli idi və nəinki qadınlar, hətta professorlar, deputatlar, parlament nümayəndələri və hətta dövlət başçılarının xanımları belə qan analizini təqdim etməli idilər. 
Sorayanı Qəzzafinin yataq otağına aparırlar. O, qızı zorlamaq istəyir. Lakin bir az gözləməli olur. Çünki qız qorxurdu və olanlara hazır deyildi. O, hələ uşaq idi. O, sevgi, seks barədə heç nə bilmirdi. Bilirsiniz axı, bura çox konservativ bir ölkədir. 
Sorayanı burada beş il saxlayırlar. Zirzəmidə yaşayan qızcığazı içməyə, siqaret çəkməyə, kokain qəbul etməyə məcbur edirlər. O, dünyanın müxtəlif yerlərindən qadınların gətirildiyi hərəmxanada yaşayırdı...

Hobson: Və təkcə qadınlar deyil. Orada bildiyimiz qədər, kişilər də vardı.
Kojan: Bəli, bəli. Lakin bu mövzuya daha böyük qadağa mövcuddur. Liviyalılar özü də bu ideyanı qəbul edə bilmirlər. Ancaq, hə. Orada çoxlu sayda gənc oğlanlar vardı. 
Bilirsiniz, mən təsadüfən bu gənc qadına rast gəldiyim üçün çox şanslıyam. Onun danışmağa razılıq verməsi isə inanılmazdır. Bəxtim bir də onda gətirdi ki, onun çox gözəl yaddaşı var. O, hər bir səhnəni detallarına qədər təsvir edə bilirdi. Və ən əsası, o, çox cəsarətli idi. Onun hekayəsinə bənzər bir çox qadınlar vardı. Lakin təkcə Soraya hər şeyi danışmağa razılıq verdi. Digərləri utanırdılar. Onlar risk edirdilər - onların həyatı risk altında idi... 

Hobson: Hətta əgər sən zorakılığın qurbanı olmusansa belə, sən evlilikdənkənar sekslə məşğul olduğuna görə, hər bir halda, günahkarsan. 
Kojan: Bu dəhşətdir. Bilirsiniz, qürur naminə törədilən cinayətlərin sayı Liviyada kifayət qədər çoxdur. Mən iki gənc qadının, birinin 16 yaşı olan iki qızın zorlandığı və zorlandığına görə də öldürüldüyünün şahidi oldum. Ancaq onlar danışmaq istəyirdi. Bu kitabı yazmağımın da səbəbi budur. Çünki bu məsələ Qəzzafi tərəfindən zorlanan minlərlə qadına aiddir. 
O, qızları bir saatlıq, bir gecəlik, bir həftəlik, bir aylıq və ya illərlə “özününkü” edirdi. Soraya beş il ərzində onun oldu... 

Hobson: Maraqlısı burasındadır ki, Sorayanın atası onu Liviyadan aparmışdı. Qız Parisdə qalırdı. Lakin o, Liviyanın qanunları ilə yaşamağa öyrəşmişdi. Nə edəcəyini bilmirdi, ən nəhayətdə, o, vətəninə geri qayıdır. 
Kojan: Bəli, bu dəhşətlidir. O, özündən utanırdı, bu səbəbə görə, qayıdır. O, Fransada yaşaya bilmir, o, heç fransızca da bilmirdi. Həm də bilirsiniz, Soraya o tip qadınlardandır ki, özünə hörməti yoxdur, özünə dəyər vermir. 
Bu olanlardan sonra, o düşünürdü ki, ətrafındakı hamıya yalnız onun bədəni maraqlıdır. Onun kişilərlə münasibəti də dözülməz idi. 
Hamı ondan, belə desək, gəlir götürməyə çalışırdı. Odur ki, onun Parisdəki həyatı sadəcə dəhşət idi. Mən istərdim ki, o, yenidən Parisə dönsün. Lakin onun beyni dəhşətli xatirələrlə doludur. Soraya pul qazanmağın yolunu bilmir, o, sadəcə hərəmxanadan qaçmağı bacarıb, başqa heç nə...
Bəli, onun Parisdən qayıtması böyük səhv idi. Liviyaya ayaq basar-basmaz Qəzzafinin adamları ona zəng edirlər və bir neçə saatdan sonra Soraya yenidən Qəzzafinin tabeçiliyinə keçir. 

Hobson: Sizin yazıdan sonra, belə çıxır ki, Qəzzafinin yanında olan qadın mühafizəçilərin əksəriyyəti əslində, mühafizəçi deyil, amazonkalardır. 
Kojan: Bəli, əksəriyyəti mühafizəçi deyil. Ancaq bəziləri qadın hərbi akademiyasında və ya polis akademiyasında müəyyən təlimlər keçmiş qızlardır. Lakin bütün bu qızlar yalnız və yalnız görünüş üçün seçilirdi. Qəzzafi bunu istəyirdi. O, bu qadınlardan bir növ həzz alırdı. 
Hətta bildiyiniz kimi, 15 yaşı olan Soraya Qəzzafini getdiyi hər yerdə müşayiət edən qızların arasında idi. Onlar hər səfərdə xüsusi uniforma geyinirdilər və özlərini həqiqi əsgər kimi aparırdılar. Əslində, az bir hissəni çıxmaq şərtilə, onlar tamamilə heç nə bilməyən qızlar idi. Onlar döyüşməyi bacarmırdılar, bu barədə təsəvvürləri belə yox idi. 


Hobson: Liviyadakı qadınların gələcəyinə nikbin baxırsınız?
Kojan: Heç bilmirəm, nə deyim. Mən nikbin insanam, ancaq bu haqda fikir söyləməyə çətinlik çəkirəm. Lakin mən iki dəfə nümayişə çıxan qadınların əlində kitabımı tutub: “Bir daha heç vaxt təkrarlanmasın”, “bir daha heç vaxt təkrarlanmasın” şüarlarını görüb çox təəccüblənmişdim. 
Burada müəyyən mənada, demokratik seçkilər baş tutdu. Parlamentə otuz qadın seçildi. Onlar ölkədə qadınların vəziyyətindən agahdırlar və onların müdafiəsi üçün müəyyən addımlar atacaqlar. Ən nəhayətdə, onların qadın hərisi olan diktatorları daha yoxdur. Bu mərhələ bitdi. Ancaq tam bitib və qadınlar tam xoşbətdirlər, sözsüz ki, deyə bilmərik.

Hobson: “Qəzzafini hərəmxanası”- bir gənc liviyalı qadının başına gələnləri hekayət edən bu kitab qeyri-adi kitabdır. Annik, bizimlə söhbət etdiyiniz üçün sizə öz təşəkkürümüzü bildiririk.
Kojan: Siz sağ olun.

Tərcümə: Aytən Cavanşir

Publika.az
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ