Ölüm İlə Əlaqəli Azərbaycandakı Qədim Türk İnancları

Bu yazıya counter dəfə baxılıb



Qədim Türklərdə insan həyatda olarkən bəzi obyektlərin, hadisələrin və  heyvanların ölümü çağırdığı, yaxınlaşdırdığı düşünülərdi. Bu düşüncəylə ölümü uzaqlaşdırmaq üçün Azərbaycanın fərqli bölgələrində edilən bir sıra davranışlar mövcuddur.
Bəzi bölgələrimizdə yatarkən corablarını və ya qara rəngli paltarları baş tərəfinə qoyan adamın tez öləcəyini və ya qozu torpağa basdıranın meyvəsini görmədən öləcəyini inanılır.
Günümüzə qədər gələn Türk inancına görə, gecələri toyuğun banlaması bəd əlamətdir. O evdən ölü çıxacağına işarədir. Toyuğun banlaması ilə orada olan qara ruhlar narahat edilərək evdə olan insanlara zərər verəcəyi inanılır. Bunun qarşısını almaq üçün  o toyuğun  kəsilməsi gərəkdir.
Yuxuda diş görmək də ölümlə əlaqəli bir inancdır. Yuxuda diş görən adamın, yaxınının ölümü ilə əlaqələndirilir. Yuxunun xeyirə çevrilməsi üçün suya danışılması gərəkdir. Çünki su ümumiyyətlə həyatı və sağlamlığın simvolu olaraq bilinməkdədir. Pis yuxunun suya danışılması ilə ağrılıqların və ya pis halların suya keçərək axıb gedəcəyinə inanılır. Bundan əlavə suyun qara qüvvələri və xəstəlikləri çəkəbilmə gücünə inanıldığı üçün suyun bu gücündən faydalanılaraq pis yuxunun xeyirə çevriləcəyinə inanılır.
Bir digər inanc isə qəbiristanlıqda ağac kəsilməsi inancıdır. Bununda səbəbi  qəbiristanlığın ağacında cin olduğu inancıdır. Əslində cin olduğu düşünülən şeyin ölülərin ruhudur. Çünki ölən adamın ruhunun ağacda yaşadığı inancı şamanizm dövründən qalma bir inancdır. Ağacın kəsilməsiylə ruhun məkansız qalacağına və ağac kəsən adama düçar olacağına inanılır.
Bölgələrimizdə qəbiristanlıqda yatılmayacagına, qəbiristanlıqda yatanın ya da ağac kəsənin başına pis bir şey gələcəyinə və ya yaxın zamanda öləcəyinə inanılır. Bu səbəblərdən məzarlar bəd yerler sayılar, qara ruhların və cinlərin ən çox olduğu yer olduğundan burada yatmağın insana zərər verəcəyi inancı günümüzə qədər gəlmişdir.
Pis bir hadisə olduqda və ya eşidildikdə, taxtaya 3 dəfə vurulması hadisəsi demək olar ki, bütün Türk və ya Türk millətinə qohum olan bütün millətlərdə görülən ortaq inancdır  Bu tətbiqat, ümumiyyətlə bütün Türk dünyasında rastlanan ortaq hadisədir. Taxtaya və ya bir yerə vuraraq çıxan səs ilə söylənən şeyin, pis ruhların eşitməməsi üçün edilən qədim şaman inancıdır. Bundan əlavə bu hərəkətlə torpağın örtmə və qoruma xüsusiyyətindən istifadə edib, deyilən pis bir şeyin torpağa gedərək orada saxlanması və qara ruhların eşitməməsi üçün edilir.
Qədim türklərdə ay və ulduz kimi göy cisimlərinin taleh, həyat və ölüm kimi əhəmiyyətli vəzifələri olduğuna inanılırdı. Bu inanca görə yer üzündə yaşayan hər kəsin səmada bir ulduzu vardır. Bugün bu inacın izləri xalq arasında  “ulduzu parıldadı”, “ulduzu söndü” kimi ifadələrlə, ulduz  yaxşı və pis taleh mənasının işlədildiyinin şahidi oluruq. Bundan əlavə, xalq arasında ulduz sürüşməsi olaraq bilinən hadisə baş verdikdə bir adamın öldüyünə inanılır. Ulduz və günəşlə əlaqədar bu inanclar qədim Türk düşüncəsi ilə əlaqəlidir. Bu düşüncə günəş və ay tutulması zamanında da özünü  göstərir. Qədim Türk inancına görə, qara ruhlar mübarizəyə girib günəş və ayı qaranlıq dünyaya çəkərlər. Günəş və ayın tutulmasının səbəbi də budur. Onları, səs-küy salmaq, dəmir döymək, silah atmaqla qara ruhların əlindən xilas edəcəklərinə inanırdılar. Bügün bu inanc da Azərbaycan türklərində görülən  qədim Türk inancıdır.
Ölən bir adamın arxasından, əleyhinə bir şey söylənəcəkdirsə, “torpaq eşitməsin” deyilir. Bu şəkildə deyilməzsə torpağın deyilənləri ölüyə xəbər verəcəyinə inanılır.
Türklərdə məzarları gizlətmə  adəti  yoxdur. Əksinə, xüsusiylə də böyük şəxslər üçün böyük məzarlar və tikililər düzəldərdilər. Bu tikililərdə ölünün  qatıldığı döyüşlər təsvir olunardı. Bəzən də, ölünün öz şəkli təsvir edilərdi. Bugün bu adət demek olar ki, bütün bölgələrimizdə mövcuddur.
Qədim türklər ölülərini, xüsusən də komandir və sərkərdələrini “kurqan” adı verdikləri məzarlarda basdırırdılar. Bu gün belə Azərbaycanın müxtəlif yerlərində mövcud olan kurqanların tarixi e.ə. IV minilliklərə gedir. Çöl, düzənlik dəfn qaydasının sabit, ənənəvi  etnokültür göstəricisi olan “kurqan” mədəniyyəti, Hind-Avropa, Hind-İran və Qafqaz millətlərinin heç birində olmayıb. Bu sadəcə türklərə məxsus  mədəniyyətdi. “Kurqan” sözü iki Türk sözü olan kur (tikmək, düzəltmək) və qan (ata, soy, nəsil) sözlərinin birləşməsindən əmələ gələn sözdür. E.ə. IV minilliklərə aid kurqanların Azərbaycanın bir çox bölgələrində mövcüd olması əslində Azərbaycanın qədim Türk yurdu olduğunu bir daha  təsdiq edir. Əgər Azərbaycana türklər sonradan gəlmədirlərsə, bəs onda tarixi min illiklərə gedən “kurqan”ların  Azərbaycanda nə işi var?!
Göytürklər və oğuzlar da yas mərasimlərində ölən adam üçün qurbanlar kəsər və “ölü aşı” deyilən ziyafətlər tərtib edilərdi.
Bölgələrimizdəki inanca görə təziyə əsnasında yeddi gün boyunca paltar dəyişdirilməz, yuyunmaz, təraş olunmaz, duş qəbul edilməz. Ölünün qırxı çıxdıqdan sonra ölü evinə ən yaxın olan qonşular ölü sahiblərini hamama apararlar.
Yas müddəti içində həm ölü evində və həm də qohum ətrafında eyləncə, nişan, toy kimi mərasimlər keçirilmir. Yas müddəti boyu ölü evində xına sürtülməz, bəzənilməz, qızıl gümüş taxılmaz, televizor açılmaz.
Ölüm hadisəsindən sonra gələn ilk bayram “qara bayram” adlanır və bölgələrə görə qəbir ziyarəti  edilər və ya hər hansı bir yerə ziyarətə gedilməz, təziyə üçün gələnləri qəbul edilər.
Qədim türklərdə və xüsusən də Orta Asiya xalqlarının yas tutma adətlərinə aid, Çin qaynaqlarında bəzi qeydlər vardır. Bu qeydlərə görə yas tutanlar bağıra-bağıra ağlayarüzlərini parçalayardılar.
Orxun kitabələrində Kül Teqin və Bilgə Xaqana edilən matəm mərasimlərinin təsvirlərindən anlaşıldığına görə göytürklər yas mərasimlərində saçlarını və qulaqlarını kəsər, fəryad edərək ağlayardılar.
Qədim oğuzların yas adətləri Dədə Qorqud hekayələrində çox təfsilatlı şəkildə təsvir edilmişdir: “Beyrəyin atası yaxasını çəkdi yırtdı . ul-oğul deyərək ağladı, inlədi. Ağ pəəmli anası ağladı, gözünün yaşını tökdü, dırnaqlarıyla ağ üzünü parçaladı”.
Ölənlər üçün qurban kəsildiyi kimi, qurban bayramında kəsilən qurbandan bir hissə də ölən kəs üçün kasıblara paylanlır. Qədim türklərdə ölmüş atalara hörmət olaraq qurban kəsilməsi bir ənənə idi. Hunların hər ilin may ayı ortalarında atalara qurban təqdim edildiyi bilinməkdədir.
Ümumiyətlə türklərdə yas mərasimlərinin müddəti, yeddisi, qırxı və əlli ikisi olmaq üzrə üç yerə bölünür. Bu günlərdə xüsusi mərasimlər keçirilir, ehsanlar paylanılır. Xüsusəndə əlli ikinci gecə ölünün sümüklərinin bir-birindən ayrılacağına inanılır. Bu səbəblə əlli ikinci gün dini ayinlər ilə ölünün yad edilməsi ilə ruhun acılarının xəfifləyəcəyinə inanılır.

Sənan Kazımoğlu


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ