AKİF
ABBASOVUN TƏRCÜMƏSİNDƏ
Albert Malts
Amerika
(hekayə)
Olqa
Bakovçen camaat yığışdığı otaqda əyləşmişdi. Atasına baxırdı. Ağlamaq istəyirdi.
Bu, lazım idi. Anası da, qardaşı da göz qoyurdu. Bütün qonşular, kilsə
adamları, keşiş Marti Kristof, Rədiç dayı, bir sözlə, hamı ağlayırdı.
Adamlarını
gözünün biri atasının, digəri isə onun üzərində gəzirdi.
«Heç
olmasa bir dəfə gözünü açaydı».
Atasının
başı üzərində iri şamlar yanırdı. Otaq isti və bürkülü idi. Küncdə dayananlar
dua edir, burunlarını əsdirirdilr. Tabutun arxasında duran keşiş yırğalanır,
sözlərini bir-birinin ardınca hüdüləyib tökürdü.
Olqa
ona baxdı. Keşişin qara gözləri də qıza yönəldi. Sözlər ağzından çıxdıqca qalın
saqqalı tərpənirdi. Qız yerində qıvrıldı. «Bu duanın mənası nədir? Onsuz da
bunun heç bir xeyri yoxdur... Əslində bunun heç bir köməyi dəymir…»
Keşiş
hələ də baxırdı. Qız üzünü yana çevirdi və öz-özünə deyindi: «Lənətə gələsən.
Niyə mənə elə baxır?»
Qızın
qardaşı Çarli birdən dərd-qəm içərisində qışqırdı:
-Ata…a…a…
Olqa hirsləndi: “Yekə oğlandır, o da zarıyır”,
- deyə öz-özünə deyindi. “Heç olmazsa bir dəfə gözünü açaydı2.
Şamlar
yanır, adamla dolu otaqda istidən dayanmaq olmurdu.
“Sən
niyə ağlamırsan?»
«İstəyirəm, ağlayım», - az qala dillənəcəkdi.
«Atam ölüb, ağlamaq istəyirəm».
Keşiş
polyak dilində iti-iti danışır, amma atam onu eşitmir. O, polyakca danışmağı
sevərdi. Çay qırağında nəğmə də oxuyardı. Bazburutlu kişi idi, amma incə səsi
ilə iri gövdəsi uyuşmurdu. Olqa başını qaldırdı. Hamı baxırdı: «Yəni niyə
ağlamırsan?» «Bacarmıram,.. heç olmasa bir dəfə gözünü açaydı».
Onun
paltarlarının yaxalığındakı bant düyünlənmişdi. Heç kim onu eşitmirdi. Görəsən,
birdən ayağa qalxıb patefon oxutsa, necə olar? Hamı ayağa sıçrayar. Bu patefona
da doyunca qulaq asa bilmədilər. Rədiç dayı ona altı dollar verir. Dayı
get-gedə dövlətlənir. «Quru qanun» qüvvəsini itirəndən sonra o, pivə dükanı
açıb.
Orada
Çarlini də işlə təmin etmək fikrindədir. Amma Çarli də tərslikdən get-gedə
eşitmək qabiliyyətini itirir. Pivə istəyənlər gərək ucadan bağıralar və içəridə
ağız deyəni qulaq eşitməyə. Dayı patefonu alır. Altı dollar lap yerinə düşəcək.
«Niyə
ağlamırsan? »
İsti
otaqda şivən qopdu. Olqa səssiz-səmirsiz və dərdli halda üzünü çevirdi:
«Anacan, mən də ağlamaq istəyirəm». O, əlini sinəsinə sıxdı. «Mən ağlamaq istəyirəm, anacan…
Anacan, sən nə kökə düşmüsən?»
Ananın
sifəti tamamilə yığılmışdı. Saysız-hesabsız qırışlar boyunca kəsilmək bilməyən
göz yaşları axırdı. O, Olqaya baxıb başını buladı. Nəzərlər Olqanın üzərinə
sancılıb qalırdı. Ölüyə dua oxuyanlar sözləri bir-birinin ardınca çözələyib
tökürdülər. «Kaş atacığım əvvəllər olduğu kimi baxaydı. Gör necə dəyişib, heç
tanımaq olmur».
Atasının
sifəti enli və ətli idi. Dərisi mis kimi qırmızıydı. Yaxşı xatırlayır, bəzən
işdən qayıdanda parıltılı, al-qırmızı görünürdü. İyirmi səkkiz il işi – gücü
polad zavodunda pıqqapıqla qaynayan sobaya baxmaq olub, indi isə onun bənizi
xəstə uşağın sifəti kimi ağappaqdı, dərisi də sümüyü üzərində tamam büzülmüşdü.
O, lənətə gəlmiş mumiyalanan da bir şey edə bilmir. Olqa fikirləşirdi: «Lənətə
gəlmiş mumiyalanan…»
Keşiş
sakit dayanmışdı. Onun dodaqları tez-tez tərpənir, qalın saqqalı səksənirdi. O
öz işini qurtarmışdı. Onlar hamıya deyəcəklər ki, Olqa pis qızdır. Əvvəla, o
ağlamadı…
Keşişin
başı üzərində onun atası ilə anasının evlənəndə çəkdirdikləri köhnə şəkil
asılmışdı. Azı min dəfə Olqa şəklə baxmışdı. Qədim Vətəndə şəkil çəkdirib
uzunsov çərçivəyə saldırmış, hər ikisi çiyin-çiyinə bir-birinə sığınmışdılar.
Atası sürtuk, anası isə ağ paltar geyinmişdi. Özü də, deyəsən, ipəkdir.
Onun
atası düz və hündürboylu adam idi – onun atası – atacığı – çox hündürdü… köhnə
tabutda… köhnə tabutda… köhnə tabutda… Onunsinəsini aşağı basa bilmirdilər,
çünki, polad tir onun üstünə düşüb bədənini iki yerə bölmüş, al qanına qəltan
eləmişdi. – Onun atası…
Olqanın
sinəsi atılıb düşdü, qan yanar alov kimi çöhrəsinə yığıldı. Sonra onun
təsiredici, qəlbparçalayıcı naləsi ərşə dirəndi. O, acı-acı ağlayırdı. Göz
yaşları sifətini örtdüyü əlləri arasından isti-isti və aramsız sinəsi aşağı
yuvarlanırdı.
Şamların
mumu əriyib qurtardı. Kёşiş yerində yırğalanır, adamlar da qoca Bakovçenə –
onun sümüləri üstündə dərisi büzülmüş xəstə uşaq sifətinə oxşayan boz sifətinə,
iri gövdəsi polad tirlə ikiyə bölünmüş mərhuma baxırdılar. Olqa dizləri üstə
çöküb tabuta doğru sürünə-sürünə hıçqırırdı: «Atacan, ata, qayıt, atacan».
Cənazə
duası qurtardı.
Günorta
onlar qəbiristanlıqdan xeyli gec qayıtdılar. Ağlaşma kəsmişdi, İndi ağlaşmada
iştirak edənlər ehsan üçün evə
toplaşırdılar.
Olqa
tək-tənha gəlirdi. Hava soyuq, küçələr bom-boşdu. O, yavaş-yavaş yeriyirdi,
ayaqqabıları torpaq yola ehmalca toxunurdu. Bir az aralıda zavodun Bessemer
sobasından çıxan tüstü havaya yayılır, qara buludları boyayırdı. Olqa dayanıb
baxdı. Lakin az sonra doluxsundu və
üzünü yana çevirdi.
Olqa
yoxuşu dırmaşmağa başladı. Güclü külək uğuldayır, onun paltosunu oynadırdı. Qız
titrədib başını əydi.
Onun
daxilində soyuq, donuq qübar vardı. Bu qübar uzun, sonu olmayan bu günün
sızıltıları, qəm-kədəri ilə yüklənmişdi. Cənazə duası ilə, araverməz
hıçqırıqlarla, yer kürəsinin donmuş daş parçaları ilə yüklənmişdi. Özü də
bellər işə düşəndən, qəbirin üstü örtüləndən, atası dərinlikdə–torpaq altında
qalandan bəri.
«Mən özüm də
elə ölü təkiyəm, - deyə o düşündü.
« Diri ikən ölü».
O,
başını əyib yoxuşu qalxırdı. Evdə hamı anasının ətrafına toplaşmışdı. Ağlayır,
ehsan verilməsini gözləyirdilər. Onlar patefondan əldə edilmiş altı dolların
axırına çıxacaqdılar..
Onlar
ertəsi gün, daha birisi gün… həftələrlə, bir sözlə, bu bədbəxt hadisənin təsiri
azalınca, yaxud Çarli səhv edib əlini çarxın altına qoyana və bir gün o, evə
gətirilənə qədər gözlərinin qorasını
sıxacaqlar.
Qızı
əsməcə tutdu. «Hamısı lənətə gəlsin, hamısı». Dabanına daş dəydi. O, söyüş
söydü.
Ontario
Strit! Onun Ontario Striti!
Burada
doğulub, burada məktəbə gedib, burada işləyib. Ancaq burada da ölsə, lənətə
gəlmiş olar. Qır döşənməmiş bu küçədə… yox, yox. Bu polad şəhərində… yox, yox.
Qardaşı Çarli kimi başı boşun birisinə ərə getmək… yox, heç vaxt.
İyirmi
üç yaşı var, həftədə üç gün mıx zavodunda işləyir. Artıq kar olur. Həyatının
qalan hissəsini asfalt döşənməmiş küçədən üç otaqlı taxta komayadək qırx səkkiz
addım atmağın nə mənası?! O koma ki,
zavod tərəfindən tikilib də, unudulub da…
Onun gələcək kişisini də bir gün qaldırıcı kran
məhv edəcək, Ya da onu işdən çıxarıb, zavodlarda get-gələ salacaqlar. Yox, belə
həyat yaramaz…
O,
laxlayan sürahidən tutub pilləkəni çıxmağa başladı: 6, 7, 8, 9, 10, 11, - yox
belə həyat yaramaz. Saat on ikidə avtobus yola düşür, qız onunla gedə bilər.
Bəli, gedə bilər. Axı niyə də getməsin? 22, 23, 24… Nə üçün getməsin?
Saat
on birdə Çarli Olqanın otağına gəldi. O, böyük oğlandı.
Çarli
kiçik astanada dayanmışdı. Kirimişcə bacısını süzürdü. Onun böyük, sümüklü
sifəti düyünlənmişdi. Hirsli idi. Başını bulayıb:
-
Çölə çıx, - dedi.– Dağılışırdılar.
Olqa
qanrılıb arxasını çarpayıya tərəf çevirdi.
-
De, görüm, sənə nə olub? – deyə soruşdu.– Bizdən zəhlən getməyə başlayıb?
Həmişə bu otaqda qaxılıb qalacaqsan?
Olqa
nəzərlərini hansı məchul nöqtəyəsə yönəldib:
-
Onlara mənim köməyim gərək deyil – dedi. – Evlərinə mənsiz də gёdə bilərlər.
-
Nə? – oğlan başını ona sarı uzatdı. Əlini qulağına qoyub xəbər aldı: - Nə
dedin?
Olqa
qəfil hirsdən qaraldı. Onun daxilində nifrətin kor olmuş hücumu vardı və bu
həmişə Çarli eşitməyəndə baş qaldırardı.
-
Nə? – qız başını əyib rəhmsizcəsinə onun tərzini çıxartdı. - Nə dedin?
Çarli
bir an özündən nagüman halda gözlədi:
-
Sənə nə olub? Atama hörmətin bu imiş?
Lal-dinməz
duran Olqanın dodaqları bir-birinə sıxıldı.
-Çölə
çıx. Anamız da gedir. Bu gecə Rədiç dayıgildə qalacaq.
Olqa
tərpənmədi. Onun sifəti od tutub yanırdı. Əgər oğlan çox dayansa, dişinin
dibindən çıxanı ona deyəcəkdi. Deyəcəkdi: «Gicin biri gic. Sən gicsən,
axmaqsan, başı boş karsan. Sən sarsağın, düşüyün birisən. O lənətə gəlmiş mıx
zavodunda yenə işləyəcəksən?».
Çarli
təzədən sözə başlamaq istədi.
-
Yaxşı! - qız qışqrdı.– Gəlirəm! Eşidirsən, gəlirəm!!!
Qız
qapıya sarı getdi. Çarli yatağa baxdı.
- Firkin
nədir? O çamadanı niyə qablaşdırmısan?
-
Başqasının işinə burnunu soxma.
Çarli
yenidən çamadana baxıb qızı izlədi.
Otaqda
yasa gələnlərdən təkcə keşiş qalmışdı. Xanım Bakovçen ona bir stəkan çaxır təklif
etdi. O içdi, mərhumun arvadına xeyir-dua və təsəlli verdi. Qadın hönkürdü. Son
günlər o, elə bil bir qədər qocalmışdı. İndi ağladığından üzü qırışmış, arıq
beli əyilmişdi. Lap qoca qarıya bənzəyirdi.
Rədiç
dayı paltarlarını geyinməkdə ona kömək etdi. Keşiş saatına baxdı, köks ötürüb
çıxıb getdi.
Çarli
anasına sarı əyilib ona təsəlli verməyə, qalın şalı onun başına örtməyə
çalışdı. Qadın oğluna qısılıb göz yaşı tökdü.
Çarli
yöndəmsiz anasını əzizlədi. Onun böyük əli qadının bədənində gəzirdi. Bu anasına
olan məhəbbətinin ifadəsi idi.
Ana
qızını öpdü. Olqa daş kimi donub qalmışdı. Gözləri quru idi, dodaqları isə
bir-birinə sıxılmışdı.
Onlar
getdilər. Otağa sakitlik çökdü. Az sonra aşağıda avtomobil işə düşdü. Olqa
dönüb otağına çəkildi. Çarli key-key onun ardınca baxdı. Və birdən əlini
yelləyib onun dalınca tələsdi.
Olqa
çarpayısında əyləşib pal-paltarlarını çamadana qablaşdırırdı.
Oğlan
astanada dayandı. Qız onu qapı ağzında görsə də əl saxlamadı. Çarli dodaqlarını
gəmirə-gəmirə bacısını süzürdü. Qaş-qabağını tökmüşdü, bir əlinin barmaqları
ilə budunu ovuşdururdu. Sonra cəld irəli yeridi:
-
De görüm nə edirsən? – deyə tələb etdi.
Olqa
cavab qaytarmadı.
-
Nə edirsən?
Qız
ona sarı çevrildi:
-
Baş götürüb gedirəm.
-
Nə?
O
qətiyyətlə:
- Çıxıb gedirəm, - dedi.
-
Hara?
-
Bilmirəm.
-
Haçan qayıdacaqsan?
-
Birdəfəlik gedirəm.
Oğlan
bir anlığa susdu. Sonra nəfəsi təngimiş halda, ağlı başından çıxıbmış kimi
bərkdən çımxırdı:
-
Dəlisən? Nə danışdığını bilirsən? Hara gedirsən? Beyninin qurdu tərpənib?
Olqa
ona sərt bir nəzər saldı:
-
Nyu-Yorka gedirəm. Geri qayıtmayacağam. Özü də indi gedirəm. Bu gecə.
Oğlan
sakit dayansa da, acığından ürəyi partlayır, güclə nəfəs alırdı. O, qızın
əllərindən yapışdı:
-
Bacım, sənə nə olub?
Qız
çırpınıb onun əlindən çıxdı. Onlar səssiz-səmirsiz bir-birlərinə baxırdılar.
Sonra gözlənilmədən oğlanın sifəti formasını itirdi və o, geriyə çəkildi
-
Olqa!
Əlini
qıc olubmuş kimi ləng tərpətdi. Onun ağrı ilə dolu səsi çox zəif çıxırdı:
-
Sənə nə olub?
Qız
dillənmədi.
- Axı,
sənə nə olub? Bəs anamız?
Sükut…
-
Bəs anamız?
-
Dedm ki, gedirəm, - o səsini qəfildən ucaltdı. – Çıxıb gedirəm. Gedirəm.
Ged-di-rəm.
Bacı
və qardaş üz-üzə dayanmışdılar. Qəhər qızı boğurdu. Çarli gözünü ondan
ayırmırdı. Məsələnin ciddi olması onu qorxudurdu. Çarlinin əli yenidən oynadı.
-
Olqa, sən belə iş tutmazsan.
-
Sən gicsən, - qızın səsi pillə-pillə yüksəldi.- Sən dilsiz-ağılsız axmaqsan.
Kar şoğərib. Cəhənnəm ol. Kar qurumsaq.
Çarlinin
sifəti utandığından qıpqırmızı kəsildi. Bu dəqiqə bacısını vuracaqmış kimi
əlini qolayladı. Qız geriyə sıçradı. Oğlan
acı-acı baxdı:
-
Bunu mənə niyə xatırladırsan? Özüm onsuz da bilirəm.
Qız
dinmirdi, nəfəsi zorla çıxırdı.
-
Deməyə sözün var? Elə bilirsən müqəvva kimi kar olmaq mənim xoşuma gəlir? Elə
bilirsən başqa yerdə iş tapsam gedib işləmərəm?
Olqa
əlini sinəsinin üstünə qoydu. İndi özünü naxoş hiss edirdi. Dediyi zəhərli
sözlərin ağırlığı özünə qayıtmışdı. Çöhrəsindəki utancaqlığı görərək narahat
oldu. Oğlanın səsi qalxdı:
-
Elə bilirsən mıx zavodunda işləmək mənim xoşuma gəlir? Sənə elə gəlir ki,
kefimdən orada işləyirəm? Sən də balaca düşüksən ha. Bu dəqiqə üzünü
sillələyərəm, - o irəli addımladı, - üzünü sillələyərəm.
Olqanın
sinəsi atılıb düşdü, göz yaşını axıtdı. Çarli diqqətlə ona baxırdı. Gözü nifrətindən
qapqara qaralmışdı. Birdən qız daha
bərkdən ağladı və ehtiyatsız halda özünü çarpayıya yıxdı. Çarpayının dəmir
başlığı onun kəlləsini əzdi. Qız ağrıdan zarıdı və özünü döşəməyə sərdi.
Döşəmədə o hönkürür və dabanlarını qaldırıb yerə vururdu.
Çarli
ona göz qoyur, eyni zamanda, acığından sifəti haldan-hala düşürdü. Sonra
qanrıldı ki, otaqdan çıxsın. Lakin qapının ağzında çaşıb qaldı.
-
Sən burada qalacaqsan! – dedi. – Getmək sözünü dilinə belə gətirmə!
Sakitlik
otağa hakim kəsiləndə Olqa bədənini qaldırdı və başını çarpayıya söykədi. O,
zəifləyib əldən düşmüşdü. Bununla belə ağlamağını kəsməmişdi.
-
Daha burda heç cür qalmaram, - dedi. – Burada işləyə bilmərəm.
-
Nə?
Qız
ağrı içərisində gücünü bir təhər toplayıb yenidən ona cavab verdi ki, eşitsin:
-
Daha burda heç cür qalmaram. Mən bundan belə polad zavodunda işləyə bilmərəm.
-
Nə üçün, axı?
- Bacarmaram.
-
Bəs nə işlə məşğul olacaqsan?
Olqa
hıçqıraraq cəld başını geriyə atdı:
–
Bilmirəm. Mənim üçün fərqi yoxdur.
-
Sən dəlisən, - onun sifəti ağrıdan əyildi. – Harada iş tapacaqsan? Nə ilə
məşğul olacaqsan? Acından ölmək istəyirsən?
-
Mənimçün fərqi yoxdur, - deyə o, qəm-qüssə içərisində fəryad qopartdı. –
Mənimçün fərqi yoxdur.
Oğlan
bağırdı:
–
Səninçün fərqi yoxdur? Fərqi yoxdur?
O
başını silkələdi və kirpiklərini yenə göz yaşında çimdirdi.
-
Mən daha burada işləyə bilmərəm, Çarli.
Çarli:
-
Axı nə üçün? – deyə soruşdu və sonra o
qəfildən bacısına sakit, lakin son dərəcə dalğın tərzdə baxdı. - Nə üçün?
Atamıza görə?
Qız
başı ilə təsdiq etdi və təngnəfəs oldu.
–
Bacarmaram.
Oğlan
susurdu. Üzü qəm-qüssədən büzülmüşdü. O, başını azca yana qaçırtdı, sanki onu
həyəcanlandıran məsələni özündən kənara qovmaq istəyirdi. Yazığın ağzı açıla
qalmışdı.
O,
dərindən və uzun-uzadı nəfəs aldı, bacısına yazığı gəlirdi. Çarpayıya sarı
gedib qızı dikəltdi. Birlikdə əyləşdilər, oğlan onu yırğaladı. Qız qardaşına
qısıldı, onun qolları da bacısına sarındı. Oğlan boy-buxunlu idi, qız onun
yanında çox cılız görünürdü. Qız yenidən təkrar etdi:
-
Bacarmaram.
Oğlan
başını qızın başına söykədi. – Bacım, mənim bacım, - Çarli onun əlini üstünə
vurdu. Olqa diksindi və ağladı. Onun üzü oğlanın sinəsinə dirəndi. Xəyal qızı
Çarlinin onu ağız dolusu «mənim bacım» çağırdığı günlərə apardı.
…O
vaxt Çarli balaca uşaq kimi dalanda qaçardı. Qız qardaşını çox cəld və diribaş
gördü, əlini yelləyən gördü, qışqırıb gülərüzlə onu «mənim bacım» səsləyən
gördü.
Gənc
oğlan öz bacısını məhəbbətlə çağırır və qız öz başını onun köksünə qoyur. O,
hiss edir ki, artıq o illər arxada qalıb, indi qardaşının 23 yaşı var. Ləngdir,
davranışından kobudluq yağır. Əlini
qulağının arxasına qoyaraq başını irəli uzadıb, deyiləni eşitmək istəyir.
Bu
görkəmdə o, qoca kişiləri xatırladır. Mıx zavodundakı səs-küy onu kar edib.
Qızın atası da kar idi. Bu da qızın öz həyatı.
-
Oy, Çarli, - dedi. – Çarli, Çarli, Çarli…
O,
ehmalca qızı vurdu. Qız ona sığınıb ağladı. Nəhayət, handan-hana kiridi. Çarli
yorğun halda başını qaldırdı.
-
Doğrudan gedirsən? – deyə xəbər aldı.
-
Hə…
-
Sən belə iş tutmazsan.
O,
hələ də şübhə edirdi. Olqa cavab vermədi.
-
Yəqin qayıdacaqsan?
-
Ola bilsin…
Sükut.
Oğlan dinməz-söyləməz, yalvarıcı
nəzərlərlə ona baxdı.
-
Sənin buradakı işin yaxşıdır ki, Olqa. Həftəlik qazancın 16 dollardır. Qal.
Bəlkə elə katibənin yerini sənə verdilər. Onda kalan olacaqsan.
Olqa
başını yellədi.
-
Sən anam barədə fikirləşməlisən.
Qız
cavab vermədi. Uzun fasilə oldu. Sonra…
-
Nə vaxt yola düşürsən?
-
İndi, - deyə Olqa dilləndi.
-
Qal, sabah gedərsən.
O
başını silkələdi.
-
Sən burada başqa iş tapa bilərsən.
Çarli
onun əlini özündən kənar edib qəfildən:
-
Sən ağlını itiribsən, - dedi. – Ağlını itiribsən. Burada qalmaq istəmirsən.
Başqa işə də girmirsən.
Qız
dinmədi. Az sonra yavaşca çiyinlərini çəkdi. Oğlan sakitcə ayağa durdu. Qıza
baxa-baxa o biri otağa getdi.
Olqa
bir müddət oturdu. Darıxıb qalxdı. Təzədən şeylərini yığışdırmağa başladı. Onun sifəti göz yaşlarından ləkələnmiş,
dodaqları isə bir-birinə sıxılmışdı. Paltarlarını yığanda bir dəfə Çarliyə
baxmaq üçün qapıya tərəf getdi. O, stulda əyləşmişdi. Dırnaqlarını
didişdirirdi. Qız yenidən geri qayıtdı.
Çamadanını
bağlayandan sonra sir-sifətini qaydaya salıb paltosunu əyninə geydi və Çarli
oturan otağa keçdi. Onlar bir-birlərinə ürəksiz halda baxdılar. Hər ikisi
nəzərlərini yayındırdı. Çarli:
-
Sən dəlisən, - dedi.
Qız
dilsiz-ağılsız dayanmışdı.
-
Pul lazımındır?
Qız
başını silkələdi.
-
Pulsuz gedə bilməzsən.
-
Keçən həftənin maaşını almışam.
Olga səsini bir az qaldırdı ki, oğlan onu eşitsin.
– Maaşımı almışam.
-Anamla
xudahafizləşəcəksən?
Qızın
dodaqları titrədi, birdən yaş bəbəklərinə yığıldığından baxışlarını döşəməyə
zillədi, sonra başını yuxarı qaldırıb qapıya doğru addımladı.
Çarli
ayağa sıçradı:
-
Çamadanı stansiyaya kimi apararam.
Olqa
başını silkələdi. Oğlan çamadanı ondan aldı.Qız:
-
Paltonu gey, - deyə dilləndi. – Bayırda
soyuqdur.
Oğlan
paltosunu və papağını geyindi. Onlar çölə çıxdılar. Uzun pilləkəni düşərkən
Olqa hər addımını sayırdı. Cəmisi qırx səkkiz
pillə idi. Bəziləri sınmış, bəziləri cırıldayır, bəziləri isə
laxlayırdı. 48 addım. Gec idi. Küçələr boşdu. Onlar tez-tez və sakitcə
yeriyirdilər. Dodaqlarının qıfılı heç açılmırdı. Qətiyyən danışmırdılar. Gecə
soyuq və qaranlıqdı. Çarli stansiyanın
yaxınlığında ayaq saxlayıb, dodaqlarını
gəmirdi. Sonra qızın qolundan yapışdı:
-
Sən gəncsən. Ehtiyatlı ol. – O, tərəddüd edirdi.
Olqa
gözlərini yerə dikdi.
-
Ehtiyatlı ol. Çalış ki, kişilər səni aldatmasınlar.
Qəfil
və cəld hərəkətlə Olqa dodaqlarını onun qulağına dirədi:
-
Yaxşı, qardaş, yaxşı.
Çarli
ona baxdı. Onun sümüklü sifəti tutqunlaşdı:
-Sən
qəşəngsən.
Onlar
beləcə dayandılar. Çarli iri bədənini aşağı əyib ona nəsə demək istədi. Onlar
bir-birlərinə sarıldılar. Olqa dodaqları bir-birinə kiplənmiş, nitqi kəsilmiş
kar qardaşına baxırdı.
Qızın
arxasında, dik küçənin arxasında, köhnə tabut arxasında onun bədəni ikiyə
bölünmüş kar atasının cəsədi uzanırdı.
Qız isəyirdi bu haqda qardaşı ilə
danışsın, amma deməyə söz tapmadı.
Birdən
qolunu oğlanın belinə doladı və sifətini oğlanın sifətinə dayadı. Onlar
sarınmış halda boş küçədə dayanmışdılar. Qız qardaşının sifətini ani və şəkər
öpüşlərə qərq edirdi.
-Yazıq
Çarli, - deyə qız pıçıldadı. – Yazıq Çarli.
Amma
oğlan onun dediyini eşitmirdi. Sonra ayrıldılar və getməyə başladılar.
Stansiyaya çatanda avtobus yola düşməyə hazırlaşdı. Onlar hərəkətsiz
dayanmışdılar. Danışmırdılar.
Nəhayət,
Çarli rəsmi, quru şəkildə bacısının əlini sıxdı.
Olqa
avtobusa mindi və keçib yerində əyləşdi. Sonra Çarlini görmək üçün üzünü
pəncərəyə çevirdi. Amma qardaşı qaranlığa qovuşmuşdu.
Avtobus
tərpəndi. Stansiyanı geridə buraxıb əsas küçəyə, oradan da magistral yola
çıxdı. Onlar zavodun qapısı açıq həyətlərinin yanından ötəndə Olqa gördü ki,
böyük Bessemer sobasından çıxan tüstü bütün səmanı qırmızı rəngə boyayıb.
Həyətləri, zavodu, yaxınlıqdakı evləri işıqlandırıb.
Avtobus
zavoda yaxınlaşanda qız onu süzdü. Budur, onunla lap bərabərləşdilər. Sonra onu
arxada qoydular. Böyük, isti, acı bir dalğa onun bədənində gərdiş edirdi. Qəhər onu boğdu:
-
Əlvida, yaramaz, - deyə pıçıldadı. –
Əlvida…
İngilis dilindən tərcümə etdi:
AKİF ABBASOV
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ