TƏRCÜMƏ EDƏN:
AKİF ABBASOV
İŞTİRAK
EDİRLƏR:
Svetlana Nikolayevna Varlamova - fiqurlu konki sürmə üzrə məşqçi 25 yaşında
Boris Feodoroviç Bobkov - fiqurlu
konki sürmə üzrə baş məşqçi, 40 yaşında
Tanya Maksimova – 20 yaşında
Aleksey Vasilyeviç Maksimov – onun babası,
konservatoriyanın professoru, 65 yaşında
Vera Stepanovna Sinitsina – fiqurlu konki sürmə bölməsinin müdiri
Andrey Qaranin – 20 yaşında
Yuri Xabalov– 22
yaşında
İnqa Lavrova - 18
yaşında
MAKSİMOV. Tatyana!
TANYA. Yat, babacan.
MAKSİMOV. Yenə səhərin gözü açılmamış yataqdan
qalxmısan? Axşam saat birdə yatağa
uzanmısan.
TANYA. Deyinmə, babacan, lap doyunca yatmışam.
MAKSİMOV. Deyinmirəm, narahat oluram. İl on iki ay
səhər saat beşdə qalxmaq oyanmaq olar?
Tatyana, eşidirsən nə deyirəm, yəni məşqin vaxtını dəyişdirmək olmaz?
TANYA (yeyə-yeyə).
Saat 8-də xokkeyçilər gəlirdilər.
MAKSİMOV. Məşq qurtarandan evə dəyib sonra
instituta gedəcəksən?
TANYA. Yox, baba, vaxt haradadır? Mühazirəyə güc-bəla
ilə çatacağam.
MAKSİMOV. Tatyana, vicdan haqqı ata-anana
yazacağam.
TANYA. Xəbərçilik, sən deyən yaxşı iş deyil hə,
babacan. Atamla-anam bu saat xaricdə mühüm tapşırığı yerinə yetirir. Sən isə
gör nə fikirləşirsən, yazıb onları mən sarıdan nigaran qoyacaqsan. Yuxuları ərşə
çəkiləcək. Bir də axı soruşmaq ayıb olmasın,
niyə oyanmısan? Hələ üç saat da yata bilərsən...
MAKSİMOV. Özünü üzüb əldən salacaqsan, Tatyana, üzəcəksən
özünü...
TANYA. Babacan, niyə başa düşmək istəmirsən, bir həftə
sonra şəhər birinciliyidir. Axı...
MAKSİMOV. Öz aramızdır, Tatyanacan, öz konkilərinə
yaman aludə olmusan... Heç olmasa əməlli-başlı yeyib-içdi?
TANYA. Babacan, uşaq-zadam məgər?
MAKSİMOV. Yəni məşqçiniz də səhər saat 6-da gəlir?
TANYA. Boris Feodoroviç? Nə danışırsan? O,
hamınızdan qabaq gəlir.
MAKSİMOV. Məncə, sizin heç birinizin ağlı başında
deyil... Andreyə deyərsən ki, axşam dərsim var, gələr, gözləyəcəyəm.
TANYA. Axşam onun məşqi var.
MAKSİMOV (əsəbi).
Bir ay sonra konservatoriyada zaçotlar başlayır. Proqramın isə heç yarısı da
yerinə yetirilməyib...
TANYA. Babacan, mən qaçdım. Sən isə, heç qanını
qaraltma. Doğru sözümdür, sən mənim yaxşı babamsan. Xətrini dünyalar qədər istəyirəm.
Gəl səni bir öpüm... (gedir).
MAKSİMOV. Hə, getdi... Qəribədir, dallarınca düşən
yox, məcbur eləyən yox. Di gəl ki, saat 6-da buz kimi soyuq və nəm binada... Məşqçi
Bobkov ağıllı adamdır... Di gəl ki... Yox, vallah ağıllarını itiriblər...
* * *
YURA. Mübahisə yox, buz üzərində yaxşı çıxış etmək
lazımdır.
TANYA. Deməli mənim çıxışım pisdir?
BOBKOV. Öz səhvini boynuna almaqdan heç zaman çəkinmə.
Tanya, Yura səhvə yol verəndə yüz dəfə, min dəfə təkrar edir. Sən səhv edəndə
isə günahı onun üstünə yıxırsan.
YURA. Boris Feodroviç, görürsünüz də necə şıltaq
qızdır....
TANYA. Sən isə, lovğasan, özündən bədgümansan....
BOBKOV. Yaxşı, ayırd edin, mən getdim. Axşama qədər...
TANYA. (sakitcə
və nəvazişlə). Yura biz yenə də dalaşırıq?
YURA. Dalaşmırıq, işləyirik. Bu gün gözümə yaman şən
görünürsən.
TANYA. Ola bilər. Məşqçi çığırır, oyundaş mübahisə
edir, mən də sevinirəm...
YURA. Sevinmək hələ tezdir. Birincilikdə gərgin
mübarizə aparmalıyıq.
TANYA. Apararıq.
YURA. Təkcə mübarizə aparmaq azdır.
Maksimova-Xabalov dueti özünü doğrultmalıdır. İki dəfə ümumittifaq mükafatı
almışıq, yadından çıxartma ha. Bizə yeni, daha yüksək nəticə gərəkdir...
TANYA. Yaman şöhrətpərəstsən, Yura Xabalov.
YURA. İstəyirəm beynəlxalq yarışda iştirak edim. Məgər
bu pis arzudur?
TANYA. Elə bilirsən mən istəmirəm? Oy, Yurka,
vaxtdır. Qaçdıq, mühazirəyə çatmaram.
YURA. Axşam gecikmə ha....
* * *
SİNİTSİNA. Sveta! Varlamova! Bir ayaq saxla....
VARLAMOVA. Salam, Vera Stepanovna.
SİNİTSİNA. Belə tez niyə? Sənin məşqin saat ondadır...
VARLAMOVA. Heç.... İstəyirəm özüm də bir az məşq edəm...
SİNİTSİNA. Deməli, belə, Varlamova. Babkovun
idmançılarından şəhər birinciliyinə Maksimova-Xabalov düşüb. Dörd nəfər də
Yudinanın idmançısıdır. Lavrova ilə Qaranini də sən məsləhət bilmisən. İnqa
Lavrova güclü və perspektivli fiqurçudur. Qaranin isə,.. Hə isə, mənə elə gəlir
ki... Bəlkə onu dəyişək?
VARLAMOVA. Məsləhət bilmirəm. Bu cavan oğlana zərbə
olar...
SİNİTSİNA. Varlamova, risq etməyə vaxtımız yoxdur.
Şəhərimizin şərəfini, bizim idman cəmiyyətinin şöhrətini qorumalıyıq. Özün
bilirsən ki, ölkənin yığma kamandasına düşmək necə şərəfdir. Gərək bu imkanı əldən
buraxmayaq. Andreylə isə.....
VARLAMOVA. Yox, Vera Stepanovna, razı deyiləm....
SİNİTSİNA. Məşqçini öz şagirdləri qiymətləndirir,
Sveta. Yadından çıxartma. Bax, elə Yudinanı götürək. Yetişdirmələri düz on
ildir ki, birinci yeri tutur.
VARLAMOVA. Mənimsə idmana öz baxışım var. Vera
Stepanovna.
SİNİTSİNA. Lavrova üçün layiqli bir oyundaş
tapsaydın, bütün bu mübahisələrə asanlıqla son qoyulardı.
VARLAMOVA. Yox, Vera Stepanovna, İnqa ilə Qaranin
çıxış edəcək....
SİNİTSİNA. Yaxşı öz işindir. Bir məşqçi kimi özün
götür-qoy elə... Amma eşitmişəm başqalarına nisbətən o, az məşq edir.
VARLAMOVA. Elədir. Vaxtı azdır. Konservatoriyanın
üçüncü kurs tələbəsi olmaq sizə zarafat gəlməsin.
SİNİTSİNA. Heç olmasa o Qaranin bir fərli pianoçudur?
VARLAMOVA. İstedadına söz ola bilməz. Belə deyirlər. Özü də
professor Maksimovun tələbəsidir.
SİNİTSİNA. Əgər belə istedad sahibidirsə, nə düşüb
fiqurlu konki sürmənin dalıycan?
VARLAMOVA. İdmanı sevir, Vera Stepanovna.
SİNİTSİNA. Nə deyim? Ona görə sənin də qanını
qaralacaq ha. Yadında saxla... yaxşı, mən getdim...
VARLAMOVA. Xoş getdin, Vera Stepanovna....
* * *
YURA. Anduruşka coşub.....
TANYA. Hə, yamanca coşub... Özü də bəxtəvər Şopendən
çalır.
YURA. Şopendən çaldığını sən haradan bildin?
TANYA. Babamın bütün tələbələri evə gəlir. İstər-istəməz
oyrənməli oluram....
YURA. Konservatoriyada yer azlıq edir?
TANYA. Otağa heyfin gəlir?
YURA. Pijonun birisi Şopendən çalır, səndə əriyirsən,
hə?
TANYA. Qorxma, ərimərəm, buz üzərində gəzməkdən
özüm də buza dönmüşəm....
YURA. Yenə ələ salırsan?
TANYA. Mən xoşbəxtəm.
YURA. Nə üçün?
TANYA. Özün bilirsən.
YURA. Maksimka...
TANYA. Xoşbəxtəm, xoşbəxtəm, xoşbəxtəm!
YURA. Sənin kirpiklərin yağışdan islanıb.
TANYA. Yurka... Birdən papam gələr...
YURA. Yanaqların da yaşdır,.. dodaqların da...
Saçlarında da damcılar var.
TANYA. İndi babam gələr...
YURA. Onlar Şopenlə məşğuldurlar.....(musiqi kəsilir). Bir görürsən, Şopen də
elə bil bir az musiqini uzada bilməzdi...
MAKSİMOV (Andreylə
gəlir). Pis deyil, Andrey, deyəsən qaydasına düşür... Hə, Tatyana, axır ki,
gəlib çıxdın. Salam, Yura.
YURA. Axşamınız xeyr Aleksey Vasilyeviç.
MAKSİMOV. Niyə belə gec gəldin, Tanya?
TANYA. İclasımız vardı, baba. Andrey, axşam məşqinə
niyə gəlməmişdin?
ANDREY. Səhər tezdən Svetlana Nikolayevnanı xəbərdar
eləmişdim ki, dərsim var.
TANYA. Svetlana bir söz demirdi. Amma İnqa bir əsib-coşdu
ki, gəl görəsən.
ANDREY. Birinciyə kimləri göndərəcəklər? Qərara
aldılar?
YURA. Siyahı çoxdan tərtib olunub. İnqa ilə sənin də
adın var. Bax, Andrey, özünü gözlə ha... Rəqibik.
MAKSİMOV. Məncə, həvəskar idmanda rəqiblər olmur.
Mübarizə yoldaşı, oyundaş var... Düz demirəm?
YURA. Aleksey Vasilyeviç, beynəlxalq yarışa var-tut
üç cüt idmançı gedə- getməyə. Məgər rəqabət aparmaq mümkündür? Əlbəttə, müsbət
mənada...
TANYA. Babacan, çay içəcəyik? Acından lap ürəyim
gedir.
MAKSİMOV.
Tort almışam. Tortu çox sevdiyini bilirəm.
TANYA. Bu xəyanətdir, babacan. Qəsdən tort almısan?
YURA. Axı bizə şirin şey yemək olmaz, professor...
MAKSİMOV. Acınacaqlı həyat keçirirsiniz, cavan
adamlar. Çox, acımalı, çox qəribə...
TANYA. Bəs incəsənətdə necə? Hər şey asan başa gəlir?
Tələbələrlə orqanda məşğul olmaq üçün hər gün səhər altıda konservatoriyaya
getməyindən özün danışırdın ki,..
MAKSİMOV. Hə, incəsənət... istedad, məqsəd və sənətdir.
Yura bədən tərbiyə institutunda oxuduğu üçün fiqurlu konki sürmə onun üçün sənət
hesab olunur. Amma sizin üçün... Şəxsən mənə idman mane olmur... Bu gün bir
zaçotu başdan elədim.
MAKSİMOV. “Başdan elədim”. Sən bunun sözünə bir
bax. Başa bəla memar... Deməli, tezliklə Moskvaya gedirsiniz... Heç olmasa ümid
var?
YURA. O əsgər pisdir ki, professor...
MAKSİMOV. Bəs nə vaxt general olursunuz?
TANYA. Oh.. baba. Bir həftə sonra şəhər
birinciliyidir. Sonra isə ...
**
*
KOMENTATORUN SƏSİ. ... yaxşı taydırlar. Maksimova
ilə Xabalov əla formadadırlar. Onların çıxışı hamını heyran edir. Zaldan eşidilən
alqış sədaları da bunu təsdiq edir. Cəsarətlə demək olar ki, tezliklə qələbə öz
qollarını onlara açacaq...
VARLAMOVA. İnqa, Andrey, nə badə zala, həkimlərə
baxasınız. Tamaşaçılar haqqında da
fikirləşməyin, fikriniz yalnız və yalnız bir-birinizdə və yerinə yetirdəcəyiniz
hərəkətlərdə olsun. Çalışın hər elementi dəqiq icra edəsiniz. Dünənki çıxışınız
xoşuma gəldi. Mümkün xaldan...
İNQA. 5,4. 5,5-ni qazandıq. Məgər bu, yaxşı nəticədir?
Onların xalı isə 5,8-5,9-dur.
VARLAMOVA. Ruhdan düşməyin. Haydı buz sizi gözləyir.
Boris Feodoroviç, mənimkilərə baxırsan?
BOBKOV. Bu dəqiqə gəlirəm. Hə, uşaqlar -Tanya,
Yura, afərin sizə. Pis olmadı.
TANYA. Təşəkkürü biz sizə etməliyik. Boris Feodroviç. Özü də bir dəfə yox, milyon
dəfə....
KOMENTATORUN SƏSİ (musiqi sədaları altında)... Lavrova ilə Qaranini yarışlara bizim gənc
məşqçi Svetlana Varlamova hazırlayıb, hər ikisi yaxşı formadadır. Dünən mümkün
xal uğrunda uğurla mübarizə aparmışlar, hazırda üçüncü yerdə gedirlər....
Eh...təəssüf... çox təəssüf ki, Qaranin
səhvə yol verdi... Eyb etməz, bu çıxışın hələ başlanğıcıdır.
TANYA. Andryuşa həyəcan hissi keçirir. Yaman
narahatdır.
KOMENTATORUN
SƏSİ. Daha bir uğursuzluq... Qaraninin yıxılmasını deyirəm, heyf, çox heyf,
dalbadal üç səhv. Onun oyundaşı İnqa Lavrova açıq-aşkar əsəbiləşib. Hiss olunur
ki, uşaqlar özlərini itiriblər, həvəsdən düşüblər. Qaraninin daha bir səhvi...
Təəssüf...
TANYA. Yurka, bu əməlli-başlı uğursuzluqdur. Bərkə
heç çempionata buraxmadılar.
YURA. Bu, həkimlər
kollegiyasının necə qərar qəbul etməsindən asılıdır.
* * *
TANYA. Andryuşa tək-tənha orada dəhlizə dayanıb.
Get, ona təsəlli ver.
YURA. Bərkə tək olmaq ona daha xoşdur.
TANYA. Ola bilməz. İstəmirsənsə, mən özüm gedim.
YURA. Lazım deyil. Varlamova özü onunla danışar.
TANYA. İnqanı gördün? Hikkəsindən yeri-göyü
dağıdırdı. Yaman tünd xasiyyəti var. Qapını var gücü ilə çırpıb xudahafizləşmədən
çıxıb getdi, heç sabahını fikirləşmir. Fikirləşmir ki, öz başına da belə iş gələ
bilər.
YURA. Zənn eləmə. O çox bacarıqlı idmançıdır.
TANYA. Andruşkanın yanına gedirəm. Gedim, qüssəsini
dağıdım.
YURA. Bir bax, Andrey Cvetlana Nikolayevna ilə
buraya gəlir.
VARLAMOVA. Tanya, Yura, dağılın biz Andreylə söhbət
etməliyik. Hə, nə dayanmısınız, tərpənsəniz...
ANDREY. Svetlana Nikolayevna, mən sizi gözləyirdim.
Gözləyirdim deyəm ki...
VARLAMOVA. İnqa ilə sən Moskvaya gedirsiniz?..
ANDREY. ...deyim ki, mən fiqurlu konki sürməni tərk
edirəm. Bəli, tərk edirəm. Özü də birdəfəlik...
VARLAMOVA (sanki
eşitmir). ... var qüvvəmizlə məşq edəcəyik...
ANDREY. ... ona görə ki, mən idman üçün yaramıram.
Bir də idmanla məşğul olmayacağam. Bu
günkü çıxışım mənim üçün əla dərs oldu. İnqanı da, sizi də, özümü də biabırçı vəziyyətdə
qoydum.
VARLAMOVA. Sən sap-sağlam oğlansan, isterik hal sənə
yaraşmır.
ANDREY. Mənim üçün çətindir. Bacarmıram, mənə
inanmırlar, mən...
VARLAMOVA. Sən bir buna bax: “Mənə, məni, mən...”
Heç mənim haqqımda fikirləşmisən? Bu səkkiz ay ərzində sənin üstündə nə qədər əziyyət
çəkmişəm. Nə qədər yuxusuz gecələr, narahat gündüzlər keçirmişəm. Elə bilirsən
bundan ayrılmaq, özü də gücün, qüvvən olduğu halda ayrılmaq asan işdir? Mən məşqçiliyə
məhz ona görə keçdim ki, sevdiyim peşəni sənin kimilərə öyrədim. Sizdə idmana məhəbbət,
idmana sədaqət tərbiyə edim, igidlik dözüm aşılayım... (pauza)
ANDREY. Yaxşı, Svetlana Nikolayevna, deməli həmişəki
kimi saat səkkizdə, eləmi?
VARLAMOVA. Hə... Saat səkkizə qədər Bobkovun məşqi
var...
* * *
YURA. Yorulmuşam, Boris Feodroviş. İki saat at kimi
məşq etmişik.
BOBKOV. Mən atlarla yox, idmançılarla məşq edirəm.
YURA. ... və mahiyyət etibarı ilə heç nəyə nail
olmamışıq.
BOBKOV. Mən... başa saldım ki...
YURA. Mən isə oyuna yeni element daxil etməyi təklif
edirəm...
BOBKOV. ... başa saldım ki, bu mümkün olan iş deyil, proqrama ziddir, bildin?
YURA. Siz özümüzü sınamağa belə imkan vermirsiniz.
BOBKOV. Lazım bilmirəm.
YURA. İntizama boyun qoyuram, ancaq diktatorluğa...
TANYA. Yurka, dəli olmusan?
BOBKOV. Dayan, Tanya. Yura, sən bədən tərbiyə
institutunda üçüncü kursda oxuyursan. Bundan xəbərimiz var. Sənə elə gəlir ki,
artıq sən də özünə görə bir məşqçisən. Amma hələlik məşqçi yox, mənim şagirdimsən.
Hazırlanmış proqramı dəyişmək olmaz, vəssalam... (gedir)
TANYA. Yur...
Nə olub sənə? Nə özündən çıxmısan?
YURA. Səninlə mən artıq bəbə deyilik. Fiqurlu konki
sürmə aləmində bizim də öz aləmimiz var.
TANYA. İdmançı kimi bizi Bobkov yetişdirib.
YURA. Boş sözdür, o da olmasaydı bir Allah bəndəsi
bizimlə məşğul olacaqdı. əsas biz özümüzük.
TANYA. Düz on ildir bizim yolumuzda can qoyur.
Naşükür olma. O vaxtlar sənin on iki mənim isə on yaşım vardı...
YURA. Biz onun əlinə göydən düşmüşük. O zamanlar
bizim kimi şagirdləri əli çıraqlı axtarırdı.
Elə indi də buna ehtiyacı var.
TANYA. Danışığını bilmirsən, bilmirsən ,Yura...
YURA. Bobkov ustadır. Amma əgər vicdanla desək, məşqçi
kimi o, iki nömrəlidir.
TANYA. Sənə qulaq asmaq istəmirəm.
YURA. İki nömrəli. Və nə qədər ki, Yudina var, o elə
iki nömrə olaraq qalacaq da. Yudinanın yetirmələri həmişə birinci yeri götürür.
Hakimlər də artıq adət ediblər. Yudina - firmadır. Bir nömrəli məşqçidir.
Açığı, Boris Feodoroviçin boynumuzda minnəti az deyil, amma biz də... Məşqçini
şöhrətləndirən onun şagirdləridir, yadından çıxartma.
* * *
VARLAMOVA. Nə yaxşı ki, sən burdasan, Borya.
BOBKOV. Nə xəbər?
VARLAMOVA. İnqa Lavrova məni tərk edir, Borya.
BOBKOV. Şayiədir, yoxsa özü deyib?
VARLAMOVA. Öz sözüdür, heç nə olmayıbmış kimi çox
sakitcə: “Svetlana Nikolayevna, acığınız tutmasın mən...” - dedi.
BOBKOV. Yudinanın yanına gedib?
VARLAMOVA. Demə, onunla da, Vera Stepanovna ilə də
razılaşıbmış. Başa düşürəm. Yudina asdır... adı sanı... Mənim isə...
BOBKOV (acı kədərlə).
Məşqçinin yoluna heç vaxt qızılgül səpmirlər, Sveta.
VARLAMOVA. Axı nə üçün məşqçiliyə tamah saldım (ağlayır). Hələ özüm yarışlarda da çıxış
edə bilərdim.
BOBKOV. Şöhrətin aləmə yayıldığı bir vaxtda bizi tərk
etdin.
VARLAMOVA. Şöhrətin mətləbə nə dəxli? Mən buzu
sevirəm. İdmanı sevirəm. Bütün bu güzəştləri ona görə edirdim ki, lovğa bir qız
çəkdiyim bütün əziyyətlərə tüpürsün və sakitcə çıxıb getsin?..
BOBKOV. Şəxsi şöhrəti deyil məhz idmanı sevdiyi
üçün də, Svetacan, məşqçi oldun. Şöhrət göz qamaşdırıcıdır. Lakin sənin gözlərin
ondan qamaşmadı. Əgər idmançı şöhrətə həddindən artıq aludə olursa, bu, təhlükəlidir.
Bütün bu sınaqlardan şərəflə çıxmısan.
VARLAMOVA. Boriya, mənə bir yol göstər, de görüm nə
edim? Bəlkə bölmədən çıxım gedim.
BOBKOV. Gedə bilərsən?
VARLAMOVA. Əgər... Axı ayıbdır
BOBKOV. Bəs Qaranin?
VARLAMOVA. Yəqin o da İnqa ilə gedəcək, axı onlar
birgə çıxış edirlər.
* * *
TANYA. Bu, nankorluqdur, xəyanətdir, xəyanət.
İNQA. Səsin özünə xoş gəlməsin, Maksimova. Heç
bilirsən Varlamova nə vaxt əsil məşqçi olacaq? Biz idmanı atandan yüz il sonra.
Hə, Yudinanın yanına gedirəm. Bəs nə bilmisən? Bu, idmandır. Mübarizədir. Özünü əzib-büzməyin
adı yoxdur. Birbaşa məqsədə doğru getmək lazımdır. Biz hamımız irəli çıxmağa,
ad-san qazanmağa, yer tutmağa can atırıq...
TANYA. Ancaq yoldaşa badalaq atmaq hesabına yox.
Svetlanaya yaman badalaq gəldin. O, təzə-təzə başlayırdı, sən da Andreylə...
ANDREY. Mən getmirəm...
YURA. Elə niyə? Siz ki, oyundaşsınız? İnqa, bu necə
olur?
İNQA. Öz işidir, getmir – getməsin.
TANYA. Hələ sən oyundaşını da atırsanmış...
İNQA. Di, bəsdir. Evcik-evcik oynamağımız yetər.
Yox, Maksimova, mən siz düşünən qədər də axmaq deyiləm. Zəhmət çəkirəm. Bəs
onun bəhrəsini görməyim? Beş-altı saat konkidə nəyin xətrinə tər tökürəm?
TANYA. Doğurdan da maraqlıdır, nəyin?
İNQA. Tanyacan, düzünü bilmək istəsən, bizim
hamımız birinci yerin xətrinə tər tökürük. Yox siz hələ bunlara baxın. Elə cəfakeşdirlər
ki, hər biri öz yerini yoldaşına güzəştlə getməyə həvəslə hazırdır. Sizə
inanmıram, yalandan özünüzü belə göstərirsiniz. Mən isə, heç olmasa, açıq
danışıram: bəli, mən birinci yerə çıxmaq istəyirəm. Yalan deməyinə, yalan demirəm,
amma hamınız üstümə tökülürsünüz...
YURA. Hamı yox, mən sizinlə razılaşıram.
İNQA. Eşitdiniz? Xabalov ağıllı oğlandır.
YURA. Doğru buyurursan, İnqa. Evcik-evcik oynamaq
vaxtımız deyil. Artıq yetişmiş idmançılarıq. Bizə ölkənin şərəfini qorumaq həvalə
olunur.
ANDREY. Mən getdim, məşqçi gözləyir.
İNQA. Mən də getdim, hələlik.
YURA. Nahaq yerə ürəyinə salırsan, Tanya... Yoxsa mənə
acığın tutdu?
TANYA. Yox, təəccübləndim.
YURA. Mən ürəyimdən keçənləri dedim.
TANYA. Paltarımı dəyişməliyəm. Xahiş edirəm, məni
yalqız buraxasan.
YURA. Küçədə səni gözləyəcəyəm.
TANYA. Gözləmə, tələsirəm. Mühazirəyə gecikirəm.
YURA. Heç nədən qanını...
TANYA. Xahiş edirəm, çıxasan...
YURA. Başqaları üçün özünü belə həlak etməyini istəməzdim.
TANYA. Çıx get, xahiş edirəm, get...
YURA. Yaxşı, acıqlanma, gedirəm (gedir).
VARLAMOVA. Nə olub, Tanya?
TANYA. Heç (pauza).
Andrey nə edir?
VARLAMOVA. O özünə inamı itirib. Necə qaytarım,
bilmirəm.
ANDREY (gəlir).
Bağışlayın, Svetlana Nikolayevna, bu gün gələ bilməyəcəyəm, çalışaram ki...
sonra... bir qədər gec gəlim... Üzr istəyirəm...
VARLAMOVA. Yaxşı axşama qədər gözləyəcəyəm. Eh,
Maksimuşka, dəli şeytan deyir, çırmala qollarını, gir ortaya, özün çıxış elə...
Nə isə, hələlik, mən getdim.
ANDREY. Qulaq as, Tanya, səndən bir xahişim var...
Özüm bacarmıram. Svetlana Nikoloyevnaya de ki, daha mən məşqə gəlməyəcəyəm...
Doğru sözümdür. İdmanı tərk edirəm.
TANYA. Be-lə bayaq İnqa, indi də sən... Yoldaşı dar
ayaqda qoyub qaçırsınız.
ANDREY. Qalmağımın və yaxud getməyimin heç bir
xeyri yoxdur. Onsuz da qanıqaraçılıqdan savayı heç nə gətirmirəm.
TANYA (istehsa
ilə). Sən necə geniş qəlbli imişsən. Gör ha, heç bilməmişəm. Demək, məşqçinə
yazığın gəlir? (ucadan, əsəbi). Bəs
özündə elə bir qüvvə tapa bilmirsən ki, yaranmış vəziyyəti aradan qaldırasan, hə?
Özün üçün də. Svetlana üçün də qələbə çalasan, buna gücün çatmır? Sənə nə var ki, incimiş vəziyyətdə
baş götürüb gedirsən. Bəs başqaları?..
ANDREY. Eh elə bilirsəm mənim üçün asandır? fiqurlu
konki sürmək Mənim üçün heç bilirsən nə deməkdir? Musiqi ilə də vidalaşmaq deməkdir.
Maksimka, qorxuram bir pianoçu kimi də mənim bazarım bağlansın. Mən yalnız məşqdən
qayıdandan sonra məşqçinin dediyinə əməl edə bildiyim gün yaxşı çalıram... Başa
düşürsən, musiqidə mənə lazım olan şeyləri mən buzun üzərində tapıram...
* * *
BOBKOV. Niyə gecikirsən, Tanya? Gəzmədiyim yer
qalmayıb? Yağlı əppək olub çəkilmişdin göyə. ...Xabalov artıq buzun üstündədir.
Sən heç paltarını da dəyişməmisən... Bəs
konkilərin haradadır, Tanya?
TANYA. Sizə sözüm var, Boris Feodoroviç. Amma xahiş
edirəm dərhal özünüzdən çıxmayasınız.
BOBKOV. Bəs sonra necə özümdən çıxsam olar?
TANYA. Mənim yaxşı idmançı olmağım üçün düz on il
çalışmış, olmazın əziyyət çəkmisiniz... Təşəkkürümü heç bilmirəm necə
bildirim?!. Minnətdaram... Sizi o qədər sevirəm ki....
BOBKOV. Sənə nə olub? Mənə vurulmusan nədir? (zarafatla) Bəs Yurka?
TANYA. Əgər bilsəydiniz mətləbi açmaqda necə çətinlik
çəkirəm...
BOBKOV. Əgər çətinlik çəkirsənsə, birbaşa de...
TANYA. Qaranin oyundaşsız qaldı. O, təhlükədədir.
Sarsıla bilər. Sveta Varlamova da pis vəziyyətdədir.
BOBKOV. Davam et.
TANYA. İcazə verin Varlamovanın komandasına keçim.
Andreylə çıxış etmək üçün idmanın qarşılıqlı yoldaşlıq yardımı olduğunu bizə
siz öyrətmisiniz. Komanda yoldaşlarının mənafelərinin birinci yerdə durduğunu
da bizə siz başa salmısınız. Öyrətmisiniz ki, idman işə, yoldaşlara pak münasibət
deməkdir.
BOBKOV. Xabalov bilir?
TANYA. Əvvəlcə sizinlə məsləhətləşmək qərarına gəldim.
BOBKOV. Axı o səninlə... O... axı... Siz, sadəcə,
oyundaş deyilsiniz
TANYA. O məni başa düşər...
***
VARLAMOVA. Borya, nə olub? Əllərin əsir.
BOBKOV. Svetlana Maksimova sənin komandana keçmək
üçün məndən icazə istəyir.
VARLAMOVA. Yaxşı zarafatdır. Amma yeri deyil. Mən nə
hayda, sən nə hayda...
BOBKOV. Doğru sözümdür, Sveta, özüm də razılıq
verdim. Qəbul et. Qaraninlə çıxış etmək istəyir... Eh, Sveta, razılığımı
bildirsəm də, acığımdan dişim bağırsağımı kəsir. Amma buraxmaya da bilmərəm.
Vicdanım yol vermir. Bax, Siveta, yaşayırsan, işləyirsən, əlləşib-vuruşursan,
qışqırıb bağırırsan... Sanki ətrafda heç bir dəyişiklik olmur. Birdən ayılıb
görürsən ki, sən nəinki əla idmançı, habelə əsl insan yetişdirmisən. Bu, çox
qiymətlidir, Sveta. Bu hər cür medal və rütbədən üstündür. (Yuranın səsini eşidib) Sən get, Sveta,
cavanlar buraya gəlirlər. İndi bir hay-küy qopsun ki, gəl görəsən.
YURA. Onun başına hava gəlib. Bu... bu... Mən
bilmirəm necə adlandırım. Ümumittifaq turnir ərəfəsində... Bir il sonra beynəlxalq...
Qaraninə yazığı gəlib. Heç bu da sözdür?
Tüpürüm ona.
TANYA. Sənin belə yanaşacağını bilmirdim.
YURA. Sən yalnız özünü deyil, məni də məğlubiyyətə
düçar edirsən. On il əziyyət çəkəsən, axırı da ki... Boris Feodoroviç, bəs siz
niyə ağzınıza su almısınız?
BOBKOV. Qulaq asıram. Özü də böyük maraqla.
YURA. Deməli, razısınız. Deməli, mane
olmayacaqsınız?
BOBKOV. Deməli, razıyam, deməli, mane olmayacağam.
YURA. Siz heç olmasa mənim haqqımda fikirləşirsiniz?
Bəs mən nə edim?
BOBKOV. Lena Yaşşenko ilə çıxış edərsən. Onsuz da
ona oyundaş lazımdır.
YURA. Belə. Deməli, sözləşmisiniz, Boris
Feodoroviç. Mən Lena Yaşşenko ilə çıxış etmiyəcəyəm, mən İnqa Lavrova ilə
çıxacağam.
TANYA. Sən? Yudinanın komandasına?
YURA. Mənim üçün idman oyuncaq deyil. İdman –
işdir, Boris Feodoroviç, mən sizə borcluyam... Minnətdaram. Amma axır vaxtlar
sizin yanınızda... Mən heç də həmişə sizinlə razılaşa bilmirdim. Mənə başqa məşqçi
lazımdır. Tanyanın hərəkəti, nəhayət, mənə qəti addım atmağa ruhlandırdı.
BOBKOV. Sən nahaq yerə bu qədər danışırsan, Yura. Səni
saxlamıram, səninlə Lavroeva əla oyundaşsınız. Yudina da qiyamət məşqçi. Onun
yanına getsən, itirməzsən. Əksinə, nə vaxtsa hətta çempion olarsan... Amma nədənsə
sənin gələcəkdə çempion olmaq ehtimalın məni sevindirmir, Yura. Bundan sonra həyatda
və idmanda necə yaşamaq haqqında fikirləş, Yura. Yaxşı yol...
YURA. Təşəkkür edirəm. Fikirləşərəm.
TANYA. Gör bir sən nə etdin? Necə cəsarətin çatdı?
YURA. Hamısı sənin ucbatındandır. Hər şeyi yoluna
qoymaq olar. Hələlik gec deyil.
TANYA. Məgər məsələ təkcə bundadır?
YURA. Gəl birlikdə Yudinanın yanına gedək. O bizi
götürər. Onu dilə tutaram.
TANYA. Sən heç nə başa düşmədin, heç nə, heç nə...
YURA. Biz həmişə bir yerdə olmuşuq. Həmişə bir yerdə...
TANYA. Burax məni, mən gedirəm, burax....
YURA. Andrey nəyinə lazımdır?
TANYA. Burax dedim...
YURA. Fikirləş, Varlamova sənə nə verə bilər?
Fikirləş.
TANYA. Nə??? Ü r ə k... (qaçır)
***
VARLAMOVA. Tanya, bu gün Andreylə yaxşı məşq
etdiniz. Belə getsə, yarış uğurlu keçəcək. Hə, yeri gəlmişkən, Yura ilə aran
necədir?
TANYA. Biz ayrı-ayrı planetlərdə yaşayırıq.
VARLAMOVA. Dünən səni qapının girəcəyində çox gözlədi.
TANYA. Bilirəm o çıxıb gedənə qədər qəsdən oturub
gözlədim.
VARLAMOVA. Amma bununla belə onu sevirsən.
TANYA. Ayrı-ayrı planetlər...
VARLAMOVA. Amma öz aramızdır, özün-özünə elədin.
TANYA. Bu barədə lazım deyil, Sveta. Hələ də özümə
gələ bilmirəm.
VARLAMOVA. Bilirəm, İnqa orada onunladır.
TANYA. O, Yurkanı əldən buraxmaz. Zəli kimi yapışıb
qopmaq bilmir.
***
SİNİTSİNA. Heç dinləmək belə istəmirəm. Maksimova
ilə Qaranini Moskvaya aparmaq olmaz. Mən ki, Boris Feodroviç , özün gördün ki,
necə zəif çıxış edirdilər.
BOBKOV. Uşaqlar Svetanın öyrətdiyi təzə elementləri
hələ numayiş etdirməyiblər. Tamaşa edin, ondan sonra etirazınızı bildirərsiniz.
Andrey özünü doğruldub.
SİNİTSİNA. Çox gözəl, çox pakizə, qoy məşq etsinlər,
bir il sonra gedərlər.
VARLAMOVA. Uşaqlar bu il çıxış etməli, özlərini
göstərməlidirlər. Görürəm ki, razılıq
vermək istəmirsiniz. Elə isə deyin görək, nəyin xətrinə bu qədər əlləşirik? Nəyin
xətrinə bu qədər idman sarayları tikirik? Dövlət idmana böyük məbləğdə pul xərcləyir.
Niyə, nədən ötrü? Bir-iki çempionun xətrinə? Əsla. Elə gənclər tərbiyə etmək
istəyirik ki, onlar həm fiziki inkişafı, həm də mənəvi keyfiyyətləri ilə doğma
yurdun şöhrət imarətini ucaltsınlar.
BOBKOV. Sveta doğru deyir, yalnız çempion yetişdirmək
azdır, onlardan insan, öz isinə, öz əməlinə sədaqətli adamlar yetişdirmək
lazımdır.
***
KOMMETATORUN SƏSİ (“Kampanella” çalınır). Bu iki nəfər ilk dəfə birlikdə buz üzərinə
çıxırlar. Buz üzərində cəmisi üç ay məşq ediblər (alqışlar). Yaxşı təəssürat bağışlayırlar. Gənc məşqçi Svetlana
Varlamova bu gün onların timsalında öz dəsti-xəttini nümayiş etdirəcək (alqışlar). Tamaşaçılar heyran olmuşlar.
Hakimlər hələlik xalları müəyyənləşdirməkdə çətinlik çəkirlər. Nəhayət, xallar
elan edilir: 5,5-... 5,5-... 5,5-... Tamaşaçılar narazılıqlarını bildirirlər.
Xallarla razılaşmırlar...
Bu gün fiqurlu konki sürmə üzrə
Maksimova ilə yanaşı daha bir idmançının – Andrey Qaranin adı parladı.
SƏSLƏR. Ədalətli olmadı. Düzgün qiymət verilmədi!
VARLAMOVA. Hay-küy qaldırmayın. Hər şey düzgün
oldu. Proqram hələ bitkin deyil. Arada səhvlər də oldu. Amma biz istəyimizə
nail olduq doğrudur, uşaqlar?
ANDREY. Tanya, Tanyacan, mənə acığın tutmur ki?
...Axı sən mənə görə... İndi birinci yeri tutmuşdun.
TANYA (gülür).
Gənc Verterin istirabları başlandı, ha, ha, ha...
SƏSLƏR. Təbrik edirik, afərin, uşaqlar.
SİNİTSİNA. Əzizim, Tanya, necəsiniz? Kefinizi
pozmayın.
TANYA. Nə danışırsınız, Vera Stepanovna.
BOBKOV. Haradadır onlar? Sveta, yaxın gəl, məni
qucaqla, yoxsa özüm səni qucaqlayaram. Bu gün Allah haqqı sənə paxıllığım
tutdu.
VARLAMOVA. Niyə, Borya. Onlar ki, mükafat ala bilmədilər.
BOBKOV. Məsələ yalnız mükafatdadır? Uşaqlara yalnız
buz üzərində çıxış etməyi öyrətmək azdır, onlara həm də sevinməyi öyrətmək
lazımdır. Uşaqlar, bu günkü çıxışınızı görüb, məşqçi ürəyim alacəhrə quşu kimi
nəğmə oxumağa başladı. Təbrik edirəm.
SİNİTSİNA.
İnqa ilə Yura bura gəlirlər.
İNQA (açıqla).
Dördüncü yer. Az qala ürəyi partlasın.
VARLAMOVA. Dördüncü yer kubok uğrunda mübarizə
aparmağa haqq verir.
İNQA. Nəyimə lazımdı dördüncü yer? Hakimlər təcrübəsizdirlər.
BOBKOV. Xallar düzgün müəyyənləşdirilib, İnqa.
Yaxşı çıxış etdiniz, ancaq yaddan çıxarma ki, bura Moskvadır. Ölkənin ən güclü
fiqurçuları buraya toplaşıb. Qələbə asanlıqla qazanılmır. Əgər sən fiqurlu
konki sürməyi sevirsənsə...
İNQA. Axı, mənə o, nə verdi? Gecə bilmə, gündüz
bilmə; Vaxtlı-vaxtında yeyib-içmə. Yoruldum, təngə gəldim daha. Qabaqda həmişə
başqalarıdır. Bəs mən nə vaxt birinci yerə çıxacağam? Bu əzab-əziyyətsiz də
yaşamaq olar. Özünüz çıxış edin. Qoyun Maksimova çıxış etsin. Baxın gözləri
gülür. Amma heç onuncu yerə də çıxa bilmədi (ağlayaraq qaçır).
BOBKOV. Hə
dostlar gedək bufetə? Qəhvə, pirojna... Qorxmayın, mən qonaq edirəm...
***
YURA. Tanya, xahiş edirəm, bir dəqiqə ayaq
saxlayasan...
TANYA. Bəli, mən sizi eşidirəm.
YURA. O vaxt niyə çıxıb getdin? Səninlə mən bu gün
daha yaxşı çıxış edərdim. Birinci yer bizim olardı.
TANYA. Yox,
Yura. Elə məhz səninlə qələbə çala bilməzdim, heç vaxt. Amma sən kefini pozma.
İnqa özünü əla alar, siz mükafata yiyələnərsiniz.
İndi isə, acığın tutmasın. Mənim kefim yaxşıdır, gedirəm qəhvə içməyə...
YURA. Sabah geriyə qayıdırsan?
TANYA. Aha...
YURA. Biz hələ buradayıq.
TANYA (şən).
Bilirəm. Sənə uğurlar arzulayıram, Yurka!..
YURA. Getdi... Bəs niyə mənə müvəffəqiyyət
arzuladı?..
***
MAKSİMOV. Tatyana.
TANYA. Yat, babacan.
MAKSİMOV. Yenə səhərin gözü açılmamış qalxmısan?
Özünü həlak edəcəksən.
TANYA. Deyinmə, babacan, mən vanna otağına getdim,
sən də get, yat.
MAKSİMOV. Ağlınızı itirmisiniz,.. eşidirsən,
Tatyana?
TANYA (şən).
Yox babacan bizim ağlımız yerindədir. Sadəcə biz idmançıyıq.
Vəssalam. (oxuyur).
“Biz qorxmuruq boz qurddan, boz qurddan qorxmuruq”...
MAKSİMOV. “ Sən harda veyillənirsən, boz qurd, boz
qurd, boz qurd...”
Bir pərdəli pyes 1
dekabr 1980-ci ildə (saat 22.30)
Azərbaycan radiosunda “Firuzə” tələbə
teatrının ifasında
səslənmişdir.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ