AXMAQ YAZI (Hekayə)

Bu yazıya counter dəfə baxılıb
                                                         Akif  ABBASOV

Kazım iki ilə yaxın idi ki, işə qəbul olunmuşdu. Kiçik elmi işçi idi. Neçə illər orta məktəbdə müəllimlik etmiş, yaxşı təcrübə toplamışdı. İnsafən, öz fənnini pis bilmirdi. Elmi işə marağı olduğundan tədqiqat institutuna gəlmişdi. Yaxşı ideyaları vardı, amma yazı səriştəsi çox da yüksək deyildi. Bunu özü də etiraf edirdi. Gecə-gündüz çalışırdı ki, yoldaşlarından geridə qalmasın. Məqalələr yazır, gətirib şöbə müdiri Asif Həbibzadəyə göstərirdi. Asif müəllimlə Kazımın yaş fərqi az idi.
Asif Həbibzadə şöbə müdiri olmaqdan savayı, həm də elmi-metodik jurnalın redaktoru idi. Yaxşı qələmi və başı vardı. Müdafiə edib elmlər namizədi alimlik dərəcəsi almışdı. Mövqeyinə görə tay-tuşlarından seçilirdi. Ona görə də özünü bir qədər yekəxana aparırdı.
Asif müəllim hər dəfə eynəyini gözünə taxıb Kazımın məqaləsini nəzərdən keçirər, vərəqləri çevirib gah əvvəlinci, gah sonuncu səhifəyə baxar, sonra da qaşlarını çatardı:
-Kazım, brat, yazmağına yazmısan, sözüm yoxdur. Amma içində bir şey yoxdur. Suyu çoxdur. Mütaliə etmək lazımdır. Arada bir bizim yazıları da oxu…
Kazım hər dəfə pərt halda:
-Asif müəllim, yeni çıxan kitabları da alıram, məqalələri də oxuyuram.
Asif Həbibzadə özündən razı halda:
-Görünür, yaxşı oxumursan, Kazım. Yoxsa öyrənərdin yazmağı, – deyə cavab verər, sonra məqaləni Kazıma qaytarar, bir neçə dəfə yazının üzərində işlətdikdən sonra özü də redaktə edər, minnət qoya-qoya jurnalda verərdi.
Kazım yenə məqalə hazırlamışdı. Bu dəfə əvvəlkilərlə müqa­yisədə xeyli zəhmət çəkmiş, hər cümləsinə fikir verməyə çalışmışdı. Üstəlik bir-iki yoldaşa da göstərmişdi. Ona görə də bu səfər bir qədər ürəklə Asif müəllimin yanına gəldi. İçəridə bir qonaq da əyləşmişdi.
Asif Həbibzadə, adəti üzrə yazını bir xeyli vərəqlədi. Yenə də qaşları düyünləndi:
-Kazım, əzizim, axmaq bir şey yazmısan. Adam məsuliyyət hiss edər. Məqalənin mürəkkəbi qurumamış götürüb gəlirsən üstümə ki, Asif müəllim, bir bax, gör nə edirsən… Sənin məqalələrinə nə qədər baxmaq, nə qədər düzəltmək olar?!
Qonağın yanında pərt olmuş Kazım məqaləni götürüb otaqdan çıxdı. Çırtma vursaydın, qanı damardı.
Həmin hadisədən təxminən bir ay keçmişdi. Kazım başqa bir məqalə hazırlayıb Asif müəllimlə görüşdü. Asif Həbibzadə bu dəfə də məqaləni bəyənmədi. Fikrini belə tamamladı:
-Jurnal üçün yaramır, axmaq yazıdır…
Bunu eşidən Kazıma elə bil dünyanı bağışladılar. Şən halda:
-Demə, tək mən yox, başqaları da axmaq yazılar yazırmış, Asif müəllim. Bu sizin məqalənizdir. Bir neçə il bundan əvvəl jurnalda çıxıb. Üzünü köçürüb gətirdim ki, görüm indi nə deyəcəksiniz? Təkcə imza mənimdir.
Bu dəfə Asif müəllim özü pərt oldu. Nə deyəcəyini bilməyib gözlərini döyə-döyə qaldı.



Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ