QONAQLIQ (hekayə)

Bu yazıya counter dəfə baxılıb
Akif Abbasov
Hələ dünyanın düz vaxtları idi. Hər şey öz axarı ilə gedirdi. Camaat dolanışığından narazı deyildi. Sabaha inam vardı. Kimin əlinə əlavə beş-on manat keçirdi, Allahına şükür edir, dərdinə-sərinə xərcləyir, ya da dar gün üçün saxlayırdı. Elmi idarənin işçilərindən Nicat, İsmayıl, Nurəhməd, Əziz, Muradəli və daha beş nəfər sözü bir yerə qoymuş və ümumi razılığa gəlmişdilər ki, günaşırı hərəsi bir dəfə qonaqlıq versin, yaşasınlar özləri üçün. Süleymana qalmayan dünya onsuz da heç kimə qalmayacaqdı. Hərəsinin ayda bir-iki jurnal məqaləsi çıxırdı, hələ kitab çap etdirəni də olurdu. Bir jurnal məqaləsinin pulu qonaqlığın xərcini ödəyirdi. Yuxarıda adları çəkilən və çəkilməyən şəxslərin arasında İsmayıl bir az cığal idi. Sözünü dəbbələməyi xoşlayırdı. Odur ki, şərt kəsmişdilər: bax, sözümüz sözdür ha! Şərtimizi pozsan, üzünə belə baxmarıq! O da öz növbəsində: - A kişilər, siz məni nə hesab edirsiniz?! Kimsə təklif eləmişdi ki, gəlin əvvəlcə İsmayıldan başlayaq, qorxuram, bu dəfə də bizə ata. İsmayıl özünü inciyən kimi göstərmiş, sonra onları xatircəm salmışdı: - İndi imkanım yoxdur. Dünyanın axırı deyil ki… Sözümüz sözdür. Beləliklə, iki gündən bir hərəsi bir dəfə qonaqlıq verəndə bütün ayı məclis qura bilirdilər. İçəri şəhərdə Məmmədəlinin kababxanasında tez-tez bu dostları yeyib-içən, zarafatlaşan görmək olurdu. Sizə də belə xoş gün, şən ovqat arzulayırıq. Günləri bir-birindən fərəhli keçirdi. Qonaqlıq işdən sonraya salınırdı. Axşamüstünə kimi iş-güclərini qurtarır, kababxanaya yollanırdılar. Artıq səkkiz adam qonaqlıq vermişdi. Qalırdı Əziz müəllimlə İsmayıl müəllim. Əziz məclisini öz ad-sanına layiq qurdurmaq üçün bazara adam göndərdi, xeyli mer-meyvə aldırdı. Bir sözlə, dost-tanışa qismət olan qonaqlıq verdi. Yaxşı yeyib-içdikdən sonra üstündən pürrəngi çay da içdilər. Arada Nicat üzünü İsmayıla tutaraq: - Əzizim, gördün Əziz lələşini, adına layiq məclis düzəltdi. Gələn dəfə sənin növbəndir. Görək sən nə tufan edəcəksən?! İsmayıl üzünü məclis əhlinə tutub: - Çayınızı içib, ayağa qalxın. Gedirik «İnturist»ə. Görün, qonaqlığı necə verirlər! Hamı bir-birinə baxdı: - İndi niyə? Yaxşı yeyib-içmiş, yükümüzü tutmuşuq. Nəfəs çəkməyə belə yer qalmayıb. İsmayıl, sözsüz, bilirdi ki, onların bundan belə yeyib-içməyə halları qalmayıb. Stolun üstündə xeyli mer-meyvə, kabab, araq, mineral su tökülüb qalmışdı. İsmayıl əlini stola dayaq edib qalxdı: - Doğru sözümdür, gedirik «İnturist»ə. Kimsə dilləndi: - Axı buna ehtiyac yoxdur. Allah qoysa, birisi gün biz sənin qulluğundayıq. İstəyirsən «İnturist»ə apar, istəyirsən «Novbahar»a, ya da ki «Cıdır meydanı»na. Muradəli də söhbətə qarışdı. - A İsmayıl, bu yeməyi haramıza yeyəcəyik. Nizami demişkən, «çox içiləndə dərd verir su da…» - Adınızı kişi qoymusunuz. Mən hələ bundan sonra üç belə qonaqlığa gedə bilərəm…Öz işinizdir, mən qonaqlığı indi vermək istəyirəm. Ya indi, ya da heç vaxt… Hamı pərt halda ayağa qalxdı. Sözsüz başa düşürdülər ki, bu, İsmayılın növbəti cığallığıdır. İki gün sonra verəcəyi qonaqlıqdan boyun qaçırmağının bir yoludur. Aralarında qoyulmuş şərt axır-axırda pozulmuşdu. Hamı bir-birinin üzünə baxır, lakin heç kim danışmırdı. Onsuz da, söz demədən də bir-birini başa düşürdülər: «Bu İsmayılın ipinin üstünə odun yığmaq olmaz». Bu söhbətdən sonra ac olsaydılar belə, İsma¬yı¬lın vəd etdiyi qonaqlığa heç kim getməzdi. Birdən Nicat yoldaş¬larının üzünə baxıb göz vurdu. Hamı onu, sözsüz, başa düşdü: - Həzərat, kişi qonaqlığını bu gün vermək istəyir. Sizin də boynunuza düşüb. Nə eybi, birisi gün olmasın, bu gün olsun. Qəribə adamsınız, kişinin sözünü qəribçiliyə salmısınız. Gedirik, «İnturist»ə. Nicat həmişə yaranmış gərgin vəziyyətlərdə yoldaşlarının karına gəlirdi. Onlar başa düşdülər ki, o, indi də nəsə fikirləşib tapıb. Dinməz-söyləməz onun ardınca düşdülər. Yoldaşlarının yola düzəldiyini görəndə qonaqlığı bu gün vermək üçün bayaqdan yaxasını dağıdan İsmayılın boğazı qurudu, udqundu. Bir anlığa ye¬rində hərəkətsiz dayandı. Sonra qeyri-ixtiyari onların ardınca düşdü: «Allahın verənindən yeyib-içiblər. Bundan sonra qorxusu yoxdur. Uzağı bir-iki şampanla beş-on dondurma alacağam!» – deyə fikirləşib ürəkləndi. Əlqərəz, yetişdilər köhnə «İnturist»ə. Restorana qalxıb, stolların arxasına keçdilər. İsmayıl dərhal sifariş verdi: - İki şampan, 15 pay da dondurma gətir. Qonaqlar dinməzcə qulaq asır, Nicatın nə vaxt dillənəcəyini gözləyirdilər. Dostlar şampanla dondurmanı nuş elədilər. İsmayıl öz-özünə: «Yaxşı qurtardım. Qonaqlığın baş-gözü olmur ki…» - deyə fikirləşib öz əməlindən xeyli razı qaldı. «İndi qalxarıq, hərə öz evinə gedər…» Lakin dostlar tərpənmək bilmirdilər. İsmayıl boğazdan yuxarı: - Bəlkə yenə tamahınız nəsə çəkir? – deyə xəbər aldı. Nicat söhbətə başladı: - Dadaş, sən narahat olma. Sifarişi biz verəcəyik, pulunu isə sən. Bayaq demirdin hələ bir neçə qonaqlığa da gedə bilərsən. Bəyəm biz səndən əskik kişinin övladlarıyıq, - deyib xörəkpaylayan qızı çağırdı: - Göy-göyərti, mineral su, 15 lülə, 15 tikə, 15 balıq kababı, soyuq yeməklər, hələlik 5 araq, 10 pivə gətir… Xörək paylayan qız getmək istəyəndə Nicat onu saxladı: - Qara kürü də olsun, qırmızısı da… İsmayılı soyuq tər yuyub aparır, lakin səsini çıxara bilmirdi. Nicat yoldaşlarına göz gəzdirdi. Hamı razılıqla başını yelləyirdi. Az sonra süfrə deyilən yeməklər və içkilərlə doldu. Nicat üzünü xörəkpaylayan qıza tutub: - Haqq-hesabımızı da gətir… Qız hesablayıb gətirdi. Nicat kağızı İsmayıla verib: - İsmayıl, əzizim, əvvəlcə restoranla üzülüş, sonra məclisimizə başlayaq. İsmayıl pərt halda durub xörəkpaylayanın ardınca getdi. Dostlar bir-birinə baxıb qımışdılar. Az keçdi, çox keçdi, bilmirəm, axır ki, İsmayıl pərt halda özünü yetirdi. Pərtliyini büruzə vermədən: - Nuş olsun, – dedi. Adətə görə, birinci badəni qonaqlıq verənin sağlığına qaldırırdılar. Qədəhlərə araq süzüldü, çörəyin üstünə yağ və sonra da kimisi qara, kimisi qırmızı kürü yaxıb sağlığı gözləyirdi. Nicat ayağa qalxdı: - Bu badələri gəlin içək əzizimiz İsmayılın sağlığına. Halal olsun, belə süfrə açıb. Bax buna əsl qonaqlıq deyərdim. Sağ ol, İsmayıl, Allah cibini həmişə dolu eləsin. Qədəhləri bir-birinə vurub içdilər və sonra ayağa qalxdılar: İsmayıl bir əl vurulmamış süfrəyə, bir də restoranın çıxış qapısına tələsən dostlarına baxıb: - A yoldaşlar, bə noldu? Niyə yemədiniz, içmədiniz? Bir neçə nəfər bir ağızdan: - Yemişkən, içmişkən varıq, İsmayıl. Sən öz borcundan çıxdın, niyə narahat olursan? İsmayıl bir daha restoranı tərk edən yoldaşlarına baxıb, qanı¬qara stuluna oturdu. Bilmək olmurdu etdiyi hərəkətin peşman¬çılığını çəkir, yoxsa verdiyi bir ətək pula heyfi gəlir.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ