“Biz nasistlər... barbarıq. Barbar
olmaq istəyirik. Bu, şərəfli bir ünvandır və bununla dünyanı
gəncləşdirəcəyik"
~ Adolf Hitler

Faşizmin 20-ci əsrə basdırıldığını zənn edən böyük qism insanların gözləri bir neçə il əvvəlin Breyvik terroru ilə açılmışdı. Əslində qərb dünyası çoxdandır ki, neonasizmin fərqində idi, lakin faşist təhlükəyə qarşı, demək olar ki, biganə qalırdı. Belə olduğu halda, həmin ciddi təhlükəni öz ölkəmizdən də uzaq görmək dövlətçilik prinsiplərimizə tərs düşəcəyi üçün bu ideoloji təşkilatlanmaya qarşı daima ayıq-sayıq olmağımız zəruridir.
Bu zaman faşizmin dünyadakı ən öndə
gedən təmsilçisi sayılan Adolf Hitlerin kimliyi haqda ətraflı məlumata ehtiyac
duyulur. Doğrudur, bu gün Hitler ismi başda öz vətəni Almaniya olmaqla,
dünyanın böyük hissəsi tərəfindən qəbul edilməyən bir
addır. Lakin bir gerçəyi gözardı etmək böyük səhv olardı: geniş bir qism insanların şüuraltında “Hitler” ismi “gizli
heyranlıq”, həyatda idealı olan və məqsədinə yetişmək üçün hər şeyini fəda
edən, mükəmməl və dahi bir insan obrazını ifadə edir. Cəmiyyətin şüuraltına
yerləşmiş bu yanlış düşüncə tərzi isə statistik göstəriciləri alt-üst
edəcək səviyyədəki bir təhlükədən xəbər verir. Belə olduğu halda, Hitlerin nə
dərəcədə “dahi” olduğunu üzə çıxarmaq üçün onun həm siyasi, həm də
mənəvi-psixoloji həyatının pərdələrini aralamaq gərəkdir.
Hitlerin məşhur çılğın və coşğulu
nitqləri... Bu nitqlər, Hitlerin hətta müxaliflərinin belə heyranlıqla
qarşıladığı başlıca xüsusiyyətlərindən biridir. Əslində isə, Hitlerin qəzəb dolu, təcavüzkar, paranoik və qaba
olan çıxışlarını göz yaşları içində dinləyən milyonlarla insan romantik
milliyyətçiliyin təsiri altında tilsimlənir və sanki şüurlarını itirirdilər.
NSAFP-in (Hitlerin qurduğu
nasional-sosialist partiya) məşhur Nürnberq mitinqləri buna gözəl bir
nümunədir. Amerikalı araşdırmaçılar Beycent, Li və Linkoln Hitlerin
“heyranedici” çıxışlarının əslində “içiboş, bəsit, uşaqca və təkrarlarla dolu”
sözlərdən ibarət olduğundan belə bəhs edirlər:
“Bədnam Nürnberq mitinqlərində...
çəkilən filmlər insanların sanki öz-özlərini sərxoş etdiklərini, bir növ transa
girdiklərini, “Ziq Hayl” şəklindəki NSAFP şüarını durmadan təkrarlayaraq
Hitlerə sözün əsl mənasında sitayiş edərcəsinə nasist salamı
verdiklərini göstərir. Kütlələrin üzündə bomboş bir zehnin gətirdiyi xoşbəxtlik
oxunur... Bu, qaneedici bir çıxışın nəticəsi deyil. Əksinə, Hitlerin çıxışları
heç də qaneedici deyildir. Demək olar ki, hər zaman
bəsit, uşaqca, eyni şeyləri təkrarlayan və məzmunu boş danışıqlardır. Lakin bu
çıxışları etmə forması zəhərli bir enerjiyə malikdir, bir nağara ritmi kimi
hipnozedicidir... Hitlerin mitinqlərində müşahidə olunan şey psixoloqların
adətən mistik sınaqları açıqlamaq üçün işlətdikləri “şüur sürüşməsi”
vəziyyətidir” (1).
Elə bu “şüur sürüşməsi”ni yaşayan və zehinləri üstün irq düşüncələri ilə
yoğrulmuş faşist Almaniyası idi ki, II Dünya Müharibəsində 55 milyon insanın
ölümünə səbəb oldu...
Hitlerin bu çıxışları təbii ki, onun ruhi dünyasının normada
olmağı ilə bağlı şübhələr doğururdu və bu şübhələr zaman keçdikcə özünü daha da
doğrultdu. Diaqnoz qoyulmamış olması heç də Hitlerin ruhi xəstə olmadığı
mənasına gəlmirdi. Hətta bu məsələ hal-hazırda elmi icma tərəfindən də dilə
gətirilən bir həqiqətdir.
Cənubi İllinoys Universitetindən professor Henri Morris keçən əsrlərdə
yaşamış və siyasət səhnəsinə də sıçramış olan bir sıra təkamülçülərin ruhi və
psixoloji dünyalarının araşdırıldığı “Qara Pərdənin Arxası” adlı elmi bir
məqalə yazmışdır. Çarlz Darvindən Karl Marksa qədər bir çox məşhur təkamülçünün
“qaranlıq dünyaları”nın araşdırıldığı məqalədə Hitler və onun ideoloji atası
olan F. Nitsşe barədə isə bunlar yazılır:
“…Coşğun təkamülçü filosofun dəliliyi haqda müzakirəyə isə ehtiyac yoxdur.
İstər “Tanrı öldü” propanqandası ilə Fridrix Nitsşe, istərsə də astrologiya
(ulduz falı) və okkultizm obsessiyaları ilə Adolf Hitler, yaxud da başqaları.
Hansı ki, bunların dünya səhnəsindəki nüfuzlu nailiyyətləri travmatik fiziki
qüsurlarla və əxlaqi-mənəvi səviyyəylə əlaqədar suallarla müşayiət edilmişdir”
(2).
Okkultizm (mistik inanclar) Hitlerə 1918-ci ildə qurulan Tule
Cəmiyyətindən miras qalmışdı. Bu cəmiyyət Atlantida əfsanəsini yenidən
canlandırmaq, qatı irqçilik və bütpərəstlik kimi prinsiplərə sahib idi və
Hitler hələ öz partiyasını qurmamışdan öncə Tule iclaslarında tez-tez iştirakçı
qismində otururdu. Qısa zamanda Tule mistisizmini mənimsəyən Hitler öz zehnində
bu okkult düşüncələrdən ibarət bir dünya qurdu və özünü bu xəyal dünyasında
yaşamağa sövq etdi. Bu xəyal dünyasının insanı həqiqətlərdən qoparan və bir
sıra hisslərin əsirinə çevirən təsiri isə əqli çatışmazlıq olan şizofreniya ilə
eynilik təşkil edir. Necə ki, şizofren xəstələr də həqiqətlərdən tamamilə qopur
və öz xəyal dünyaları içində yaşamağa başlayırlar...
Nitsşe də faşist Almaniyasının əhəmiyyətli adlarından biridir. Dünyanın
ən fanatik ateistlərindən və qatı təkamülçülərindən olan Nitsşe Hitleri geniş
miqyasda təsiri altına almış, Hitler onun şərəfinə xüsusi bir abidə
qoydurmuşdu. Bu təkamülçü filosofdan Hitlerə miras qalan irqçi düşüncənin
yanında daha bir ciddi təhlükə- qadın düşməçiliyi də var idi. Nitsşenin
“Zərdüşt Belə Deyirdi” əsəri nasistlərin müqəddəs kitabı halına gəlmişdi və bu
kitabla yetişdirilmək içindəki qadın düşmənçiliyindən dolayı faşistlər arasında
qadına ikinci sinif, aşağı bir məxluq kimi baxılmasına səbəb olmuşdu. Bunun
üzərinə isə, qədim Sparta “mədəniyyəti”ndən miras qalmış və 1902-ci ildə
qurulmuş “Xaslar Cəmiyyəti”ndən törəmiş “kişi sevgisi” gəldiyi zaman isə faşist
Almaniyasında sapqın davranışlar yayılmağa başladı. NSAFP homoseksuallar klubu
halına gəlmişdi…
Bu tarixi həqiqət təfərrüatlı şəkildə Skott Layvli və Kevin Abrams
tərəfindən 1995-ci ildə nəşr olunmuş “Çəhrayı Svastika: NSAFP-də
Homoseksuallıq” adlı kitabda analiz edilmişdir. Kitabda istər NSAFP öncülü olan
cərəyan və təşkilatlar, istərsə də partiyanın idarəedici heyəti təfsilatlı
şəkildə incələnmiş və bu faşist kadrın daxilində çoxlu sayda homoseksual olduğu
göstərilmişdir. Homoseksual olduğu bilinən nasistlər arasında SA (Hücum
Dəstəsi) komandanı Ernst Röm, Gestapo şefi Reynhard Heydrix, Hava Qüvvələri
kapitanı Herman Gerinq, Rudolf Hess, “Hitler Gəncliyi” təşkilatının sədri olan
Baldur fon Şirax, nasistlərin maliyyə naziri Valter Funk, Hitlerin Quru
Qoşunları komandanı Verner fon Friç kimi adlar daxildir. SS lideri Henrix
Himmler və Adolf Hitlerin özünün də homoseksual meyilləri olduğuna dair bir
sıra dəlillər mövcuddur (3).
“Çəhrayı Svastika”da bu sapqınlığın nasistlərlə məhdudlaşmadığı,
Amerikada fəaliyyət göstərən müxtəlif neonasist qruplaşmaların və irqçi
təşkilatların liderləri arasında da bir çox homoseksualın olduğu və bu
sapqınlığın faşizmdə, sözün əsl mənasında, nəsildən nəslə ötürüldüyü də yenə
faktlarla dəyərləndirilir.
Buraya qədər incələdiklərimiz Hitlerin dırnaqarası dahiliyini nümayiş
etdirmək üçün artıqlamasıyla kifayətdir. Lakin Hitler ideologiyasının ən
təhlükəli bir yönü vardır ki, tarixən bəşəriyyətə bəladan başqa heç bir şey
qazandırmamışdır. Bu, irqçilikdir. İrqçilik Çarlz Darvinlə birlikdə dirçəlmiş
qanlı bir cərəyandır və təkamül nəzəriyyəsinin dünyaya vurduğu ən böyük zərbə
olmuşdur. Təkamülçü və irqçi Tule Cəmiyyətindən almış olduğu təlimlə Hitler də
qatı təkamülçüyə çevrilmiş və alman irqini dünyadakı ən üstün irq olaraq
görmüşdü.
Hitlerin darvinizmə olan bağlılığı hələ 1925-ci ildə nəşr olunan “Mənim
Mübarizəm” adlı kitabında görünür. Məsələn, kitabının 4-cü hissəsində
darvinizmin müvəffəqiyyətli Almaniya üçün yeganə təməl olduğunu ifadə etmişdir.
“Darvin: əvvəl və sonra” kitabının yazıçısı Klark Hitlerin darvinizmə
olan bağlılığından belə bəhs edir:
“Təkamüli fikirlər (olduqca açıq bir şəkildə) “Mənim Mübarizəm”in ən pis
hissələrinin və (Hitlerin) xalqa nitqinin qaynağıdır. Hitler üstün irqin
həmişə aşağı irqə qalib gələcəyi nəticəsinə gəlmişdir” (4).
Elə bu təkamülçülükdən yola çıxaraq Hitler “alman irqini saflaşdırma”
kompaniyasına başladı və bunu ilk öncə öz xalqı üzərində tətbiq etdi. Xalqın
içindəki xəstə, şikəst, anadangəlmə kor və ya əlil insanları “zərərli ünsür” və
“çürüməyə məhkum” adlandıraraq sıradan çıxarmağa başladı. Hitler deyirdi:
“...Fərdin həyatına yüksək qiymət verilməməlidir. Əgər fərd təbiətin
gözündə əhəmiyyətlidirsə, təbiət onu qorumaq üçün lazımi marağı göstərəcək. Bir
ağcaqanadın qoyduğu milyonlarla yumurtanın içindən çox azı yumurtadan çıxır,
amma yenə də ağcaqanad irqi inkişaf edir” (5).
Halbuki din əxlaqında xəstə, əlil insanlar “çürüməyə məhkum” deyil, tam
əksinə, insanlar onlara kömək etməli, sağalmaları üçün var gücülə çalışmalıdırlar.
Din əxlaqına görə, həyat güclülərlə zəiflərin mübarizəsindən ibarət deyildir,
əksinə, din güclülərlə zəiflərin köməkləşməsini, cəmiyyətdə mərhəmətin,
sevginin, sülhün və sosial ədalətin bərqərar edilməsini təşviq edir.
Lakin təkamül nəzəriyyəsini özünə prinsip seçmiş nasizm bu gözəlliklərin
tam əksini həyata keçirmişdi. Hitlerin fövqəltəbii güclərə malik, qüsursuz və
yanılmaz bir “öndər” (“fürer”) olduğuna və onları mütləq zəfərə aparacağına aldanmış
faşist Almaniyası tarixdə bənzəri görülməmiş qırğınlara və cinayətlərə imza
atdı. Auşvits həbs düşərgəsindən II Dünya Müharibəsinə qədər yaşanmış inanılmaz
vəhşiliklərə Hitlerin gətirdiyi bəhanə isə belə idi:
“Yaşamaq istəyi qarşıdurmaya aparmalıdır, çünki bu istək təmin edilə
bilməməklə yanaşı, eyni vaxtda, həyatın təməlidir. Yaşanan sahə məhduddur. Buna
görə, insaniyyətdən çox mərhəmətsizlik həyatda əsasdır! İnsan ixtilaflar və
davam edən mübarizə nəticəsində dünyanın sahibi olmuşdur. Bu, insanlığın deyil,
güc və hakimiyyəti qazanan qüvvənin üstünlüyüdür” (6).
Başqa bir
sözündə isə Hitler törətdiyi vəhşiliklərdən fəxrlə bəhs edirdi:
“Biz
nasistlər... barbarıq. Barbar olmaq istəyirik. Bu, şərəfli bir ünvandır və
bununla dünyanı gəncləşdirəcəyik" (7).
Almaniya II Dünya Müharibəsindən
məğlubiyyətlə çıxdı. Hitler məqsədinə çatmadı və “Üçüncü Reyx”, yəni 1000 illik
Alman İmperatorluğu xülyası puç oldu. Lakin Hitlerin olduqca qəribə bir
təsəllisi var idi. Bütün bir xalqın etibar etdiyi “fürer” almanların
məğlubiyyətini təbiətin bir qanunu kimi qələmə verdi! “Alman irqi məğlub oldu,
demək ki, təkamül cəhətdən üstün irq deyilmiş” (!). Beləliklə, insanların
gözündə “xalq qəhrəmanı” olan Hitler, əslində xalqını öz əllərilə təkamül
nəzəriyyəsinə olan bağlılığına qurban verdi...
Bütün bu incələdiklərimiz Hitlerin, düşünülənlərin əksinə, uğursuz
siyasətçi, əqli və ruhi çatışmazlıqları olan və öz xalqını qəsdən ölümə
sürükləyən zalım diktator olduğunu göstərir. Belə olduğu halda, xalqımız
Hitlerin bu qanlı ideologiyasına qarşı daima ayıq-sayıq durmalı və
cəmiyyətimiz, xüsusilə də, gənc nəsil faşist ideologiyanın yanlışlığı və
təhlükəsi barədə ətraflı məlumatlandırılmalıdır. Unutmayaq ki, faşist
ideologiya getdikcə sirayət edir və praktikada da güclənməyə davam edir. Bunu,
başda Avropada olmaqla, dünya miqyasında irqçiliyin getdikcə daha geniş surətdə
inkişaf tapması ilə görmək mümkündür.
Bundan əlavə, başda da qeyd etdiyimiz kimi, Norveçdə özünü Hitlerin
davamçısı sayan Anders Breyvikin törətdiyi terror aktından sadəcə bir neçə il
keçməkdədir. Faşist təhlükəni Qərb dünyası elə bu yaxınlarda da hiss etdi: 14
aprel, 2014 tarixində ABŞ-da yəhudilərin Pesax bayramı öncəsində bir əlisilahlı
“Hayl Hitler!” deyə bağıraraq yəhudilərə atəş açdı və 3 nəfərin ölümünə səbəb
oldu. İstintaqa əsasən, cinayətkar biri uşaq, biri 70 yaşlı qadın olan
qurbanlarını öldürməmişdən öncə onların yəhudi olub-olmadığını sorğulayıbmış.
Bundan əlavə, elə keçən ay doğma Bakımızın mərkəzində üzərində III
Reyxin gerbi olan nasist hərbi uniforması geymiş bir gəncin Hitler salamı
jestilə “Ziq” (faşistlərin “Ziq Hayl” (“Yaşasın Zəfər!” sözünü ifadə edir)
sözünü təkrarlayaraq gəzməsinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə
səbəb olmuşdu. Doğrudur, üzərindən bir müddət keçdikdən sonra həmin gənc bunun
sadəcə bir zarafat olduğunu açıqladı. Lakin belə halların ümumiyyətlə baş
verməməsi üçün Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə daha sıx
bağlanmalıdır. Unutmaq olmaz ki, bu gün neonasistlər 33 ölkədə və 6 qitədə aktiv
vəziyyətdədirlər və nasist meyilləri olanların yaş hüdudları isə 13-25 yaşlar
arasında dəyişir. Belə olduğu halda, orta məktəblərdə və universitetlərdə
faşizm haqqında sadəcə texniki məlumatlar verməklə kifayətlənmək olmaz. Tarixi
faktlarla birlikdə faşizmin bəşəriyyətə necə böyük bəlalar gətirdiyini və
faşizmin təməli olan darvinizmin heç bir elmi əsası olmadığını da tədris etmək
zəruridir.
Ümummili liderimiz Heydər Əliyev Cənablarının bu sözlərini gənc nəslimiz
heç zaman unutmamalıdır:
“Faşizm dünyaya nə qədər faciələr gətirib, insanlara nə qədər bəlalar
gətirib - bunu hamı yaxşı bilir. İkinci Dünya müharibəsi məhz alman faşizminin,
Hitler ordusunun dünyaya hakim olmaq iddiası ilə başlandı... Faşizm bütün dünya
tərəfindən bir faciə, bir vəba kimi insanların hafizəsində yaşayacaqdır. Ancaq
bəşəriyyət bir daha imkan verməz ki, faşizm meydana gəlsin” (8).
Rafət Əlizadə
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ