Müsəlmanlara atılan böhtanlar və kütlə psixologiyası.

Bu yazıya counter dəfə baxılıb


Son günlər bir çox KİV-lərin gündəmini Adnan Oktar və A9 telekanalında onunla birlikdə verilişlərdə iştirak edən qadın tələbələri məşğul edir. Bəziləri bu qadınların İslamı təbliğ etməsinə qəti şəkildə etirazlarını bildirir, bəziləri  qadınların geyimləri ilə şou yaratmaq istəyir, bəziləri isə Adnan Oktarın və qadın tələbələrinin bir-birlərinə iltifatlarını qabardaraq ictimai qınaq obyektinə çevirmək istəyirlər. Əsas məqsədləri bu məsələləri şişirtməklə kütlə psixologiyası yaratmaq, ictimai qınaq formalaşdıraraq bu fikirlərə qarşı olduqları mesajını verməkdir. Quranı oxuyan hər bir insan tarix boyu müsəlmanların belə hallarla qarşılaşdığını, onların daim buna hazır olduqlarını bilir. İnkarçıların müsəlmanlara qarşı bütün cəhd və planları yalnız onların imanlarını daha da artırmış və gücləndirmişdir.

“Onlar o kəslərdir ki, adamlar onlara: “Camaat sizə qarşı toplanıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər.” (Ali İmran surəsi, 173)

Allah Maidə surəsinin 54-cü ayəsində müsəlmanların xüsusiyyətlərindən bəhs edərkən onların qınayanların qınağından qorxmadıqlarını bildirir. Bütün vaxt və imkanlarını, Allah rizası üçün heç bir mənfəət güdmədən, insanların yaradılış məqsədinə uyğun yaşamasına, gözəl əxlaqa yiyələnməsinə, mərhəmətli və sevgi dolu gəncliyin yetişməsinə sərf etmələrinə baxmayaraq, bəzi pis niyyətli insanlar öz ağıllarınca müsəlmanların cəhdlərinə mane olmaq, onları şər və böhtanla  gözdən salmaq, etibarlarına xələl gətirmək istəyirlər. Bu da səmimiyyətsizlikdən qaynaqlanır. Əgər müsəlmanların söhbətləri, həyat tərzləri müəyyən suallar doğurursa bunu onların özlərindən soruşmaqla suallarına cavab tapa bilər və ya fikirlərini birbaşa onlara ünvanlaya bilərlər. Ancaq Quran əxlaqının yayılmasının qarşısını almaq istəyən bu insanlar səmimi davranaraq məsələni araşdırmaq əvəzinə, birbaşa kütləyə xitab edir, cəmiyyətin “həssas məqamlarına” toxunaraq insanlarda səmimi müsəlmanlara qarşı mənfi fikir formalaşdırmaq istəyirlər.
“Onlar Allahın nurunu (islam dinini) ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır.” (Saff surəsi, 8)
Saff surəsinin 8-ci ayəsində ''ağızları ilə söndürmək istəyirlər'' ifadəsi inkar edənlərin müsəlmanlara qarşı KİV-lərdən istifadə edəcəyinə işarə ola bilər (doğrusunu Allah bilir). Çünki inkarçılar tək bir insanın müsəlmanlara qarşı təxribat xarakterli danışığının heç bir təsiri olmayacağını çox yaxşı bilirlər. Buna görə də kütlə psixologiyasından istifadəyə üz tuturlar. İnsanlarda müsəlmanlara qarşı mənfi fikir formalaşdırmaq üçün birbaşa geniş kütlələrə müraciət edir, bununla müsəlmanlara zərbə vuracaqlarını zənn edirlər.  Quranda tarix boyu müsəlmanlara zərər yetirmək istəyənlərin eyni üslubdan istifadə etdiklərini görürük. Hz. Musa ilə fironun dialoqu buna ən bariz nümunə ola bilər.
“Firon dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)”(Musa: ) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların Rəbbidir!” – deyə cavab verdi.(Firon) ətrafındakılara: “Eşitdinizmi?” – dedi.
(Musa) dedi: “O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!”(Firon ətrafındakılara: ) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” – dedi.” (Şuəra surəsi 23-28)

“Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər.” (Yunus surəsi, 78)

Musa peyğəmbər ve firon arasında keçən bu dialoq inkarçıların cəmiyyətdə müsəlmanlar haqqında mənfi fikir formalaşdırma cəhdlərinə gözəl nümunədir. Çünki firon üzünü onunla söhbət edən Musa peyğəmbərə deyil, xalqa tutaraq sözləri ilə onları istiqamətləndirməyə, Allahın dinini təbliğ edən peyğəmbər haqda mənfi fikir yaratmağa cəhd etmişdi. Hər cür ittihamla xalqı Musanın sözlərinə iman gətirsələr onları dinlərindən azdıracağına, haqq dini təbliğ etməkdən başqa heç bir məqsədi olmayan elçinin iqtidar həvəsində olduğuna və maddi maraq güddüyünə inandırmağa çalışmışdı. Nəticədə bu təlqinlərin təsiri altına düşən insanlarla yanaşı hadisələrə kütlə psixologiyası ilə deyil, fərdi və vicdanlı yanaşan insanlar da olmuşdu.

İndi nə Musa peyğəmbər, nə də firon var. Onların xəbərlərini biz Qurandan və tarixi mənbələrdən oxuyuruq. Quranda hadisələrin gedişatından hz.Musanın iqtidar həvəsində olmadığı, ona qədər özlərini təqva sahibi hesab edənlərin, əslində, hz.Yəqub və hz.Yusifin dininin təhrif olunmuş formasını yaşadıqları və sən demə, Musa peyğəmbərin sözlərinin haqq olduğu və onun Allahın rizasından başqa heç nə güdmədiyi bizə məlumdur. İndi siz düşünün, cənablar, günümüzdə cərəyan edən hadisələrə və dövrümüzdəki müsəlmanlara atılan böhtanlara, hz.Musa qissəsində olduğu kimi, gələcəkdə dodaq dişləyib "kaş etməyəydim” deyəcəksiniz, yoxsa hadisələri və şəxsləri Quran işiğında dəyərləndirəcəksiniz?

Hz.Musadan başqa Quranda bəhsi keçən digər peyğəmbərlər və iffətli qadınlar zina ilə şərlənmiş, peyğəmbərlərin bir çoxunu da öz qövmü dəli adlandırmışdır. Ancaq Allah Quranda Ona və axirət gününə iman gətirən hər bir müsəlmana istənilən şəxs və ya hadisə haqqındakı xəbərlərə araşdırmadan inanmamağı əmr edir:

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!”(Hucurat surəsi, 6)

Müsəlmanların tərəddüdə düşmədən inanclarını yaşamasına ən böyük dəstəyi ömrünün 40 ilə yaxınını İslamın, Quran əxlaqının yayılmasına sərf edən, bunun üçün 300-dən çox kitab yazan, İslamın önündə ən böyük əngəl olan materializm fəlsəfəsini elmlə çürüdən Adnan Oktar vermişdir. Məhz İslam əxlaqının yayılmasını istəməyən, dünyanı “ağ-qara ekrandan” seyr etməklə kifayətlənən solçuların cənab Adnan Oktar və tələbələrinə qarşı münasibətləri heç də hz.Yusifə (ə.s) və hz.Məryəmə (ə.s) zina iftirası atan, hz.Muhamməd (s.ə.v), hz.Lut (ə.s), hz.Saleh (ə.s) kimi peyğəmbərləri dəli adlandıranlarınkından fərqlənmir. Ancaq bu dar düşüncəli insanlar bilməlidirlər ki, müsəlmanlar inkarçıları da, onların etdiklərini də Allahın yaratdığını bilirlər (Saffat surəsi, 96). Siz olmasanız müsəlmanlar Allaha olan sədaqətlərinə, bağlılıqlarına necə şahid ola bilərlər?! Atdığınız böhtanlar, qaralama kampaniyaları müsəlmanlar arasında təsanüdü artırmaqdan başqa bir nəticə verməyəcək, axirətdə aşılmış imtahan kimi əməl dəftərlərindən oxunacaqdır.

Ramil Rüstəmov


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ