Akif ABBASOV- “Banu və babası” silsiləsindən hekayələr

Bu yazıya counter dəfə baxılıb
QƏND
Başqa uşaqlar kimi Banu da şirniyyatı çox sevirdi. Amma qənd, konfet yemək ona yasaq idi. Bu səbəbsiz deyildi. Anası onun dişlərini uşaqlıqdan qorumaq istəyirdi. Odur ki, qəndi, cürbəcür konfetləri – şokalad və karamelləri Banudan kənarda, onun əli çatmayan yerdə saxlayırdılar. Amma Balaca Banu hamının onu çox istədiyini, onun qayğısına qaldığını bilir, onu əzizlədiyini, anasından tutmuş bütün yaxınlarının onu yedirtmək üçün əldən getdiklərini görür, fəqət qəndi, konfetləri ondan niyə gizlətdirlərinin səbəbini başa düşmürdü ki, düşmürdü. Hətta bəzən dodağını büzsə də, buna əhəmiyyət vermirdilər. Banu baxa-baxa qalır, bir az sızıldayır, sonar gedib oyuncaqları ilə oynayırdı. Bir dəfə Banu babasıgilə qonaq getmişdi. O, içəri girəndə baba, nənə, dayı daha bilmədilər nə etsinlər. Banuya başları o qədər qarışdı ki, qızları belə yaddan çıxdı. Bunu görən ana üzünü əzizlərinə tutaraq: -Ay camaat, mən də gəlmişəm. Bir mənimlə də görüşün. Yalnız bundan sonra baba və nənə qızlarına, Babək də bacısına sarı getdilər. Təbii ki, ana onlardan incimirdi. Bilirdi ki, Banudan ötrü, bu şirin-şəkər, gözəl-göyçək baladan sarı onların ürəkləri gedir. Ana Banunun əyin-başını dəyişəndən sonra o, otağı dolanmağa və qarşıdırmağa başladı: -Bu nədi? Banu gəlməmişdən, adətən iti, kəsici şeylər ortadan yığışdırılırdı. Mətbəxə keçəndə göz qoyurdular ki, qaza yaxın getməsin, qaynar çaynikə əl vurmasın, isti qazana dəyməsin. Ana ilə nənə mətbəxdə idilər. Banunu babaya tapşırmışdılar. Dayı kompyuterin arxasında əyləşmişdi. Banu dayısının olduğu otağa sarı qaçdı. Baba da onun ardınca. Banu dayısının dizi üstə çıxıb: -Cücələrim_ - deyə “Cücələrim” mahnısını səsləndirməyi buyurdu. O hələ balaca idi. Buyururdu: “Du”, yəni dur, “otu”, yəni otur… “Cücələrim” səsləndi və cücələr monitorda göründü. Banu tez çarpayının üstünə çıxıb, musiqinin sədaları altında atılıb-düşməyə başladı. Musiqi tamama yetən kimi Banu buyurdu: -Tık-tık xanım. Yenə atılıb-düşməyə başladı. Amma bu cizgi filminin musiqisi oynaq olmadığından yerə düşdü: -İstəməm, -deyib o biri otağa – qonaq otağına qaçıb gəldi. Babası da dalınca. Baba Banunun başını qatmaq üçün onu sorğu-suala tutdu: -Banu, gözəlim, ata hardadır? Banu şən halda: -Ata işdədi. Əslində Banunun atası ezamiyyədə idi. Banu ezamiyyənin nə olduğunu, təbii ki, bilmirdi. Odur ki, ata evdə olmayanda, lap gəzməyə də gedəndə: “Ata işdədi” deyirdi. Birdən Banunun gözü bufetin açıq gözündəki qənddana sataşdı. Babasına yaxınlaşıb əlindən tutdu: -Du, du. Babanın gec tərpəndiyini görüb səsini qaldırdı: -Du!!! Du!!! Baba ayağa qalxdı. Banu onu bufetin qarşısına gətirdi. Banu əli ilə qənddanı göstərərək qənd istədi: -Babası, onnan. Baba qənd əvəzinə ona armud dilimlərindən birini uzatdı. Banu başını yellədərək: -İstəməm. Onnan istəm, - dedi. Baba bilirdi ki, ona qənd vermirlər, amma Banunu çox, hədsiz çox istəyirdi, ilk və hələ ki, yeganə nəvəsi idi. Banu da özlüyündə bilirdi ki, anası və atası ilə, nənəsi ilə müqayisədə ona daha çox babası güzəştə gedər. Banu təkidlə qənd istəyirdi: -Baba, vey, onnan istəm. Baba əlacsız qalıb balaca, lap balaca bir qəndi ona uzatdı. Banu başını tərpədib: -Sa, yəni sağ ol, - dedi. Baba qəzet oxumağında davam etdi. Bir də gördü ki, qızı ona müraciətlə deyir: -Ata, Banuya qənd vermisən? Baba başını qaldırıb baxdı. Banu anasının yanında dayanmışdı. Sən demə, qənd parçasını alan kimi, tez mətbəxə keçib qənd parçasını anasına göstərərək: -Baba, - deməklə anlatmışdı ki, ana sən mənə qənd verməsən də, bax, babam mənə qənd verdi. Baba qızına müraciətlə: -Ay bala, uşağın ürəyini sındıra bilmədim. Balaca bir qənd parçası verdim. Sonra baba Banuya baxdı. Söhbəti dinləyən və babasının cavabını eşidən Banu öz səhvini başa düşdü. Günahkar adamlar kimi qaçaraq babasının yanına gəldi: -Baba, babacan, - deyib başını babasının dizi üstə qoydu. Baba onun başını sığallayaraq: -Mənim ağıllı balam, - dedi.
“DƏMANDI?”
Ata, ana, nənələr, babalar, dayı, əmi və bibi bir yerə, daha doğrusu gənc ailənin mənzilinə yığışmışdılar. Körpəyə ad qoymaq lazım idi. Ata üzünü babalara və nənələrə tutaraq: -Bir ağsaqqal, bir ağbirçək, bir böyük kimi sizə müraciət edirəm. Uşağa ad verməyin vaxtı çatıb. Bir ad seçin. Babalar nənələrin, nənələr babaların üzünə baxdılar. Hafiz baba dedi: -Bizimlə məsləhət etdiyinizə görə sağ olun. Amma yaxşı olar ki, özünüz ad qoyasınız. Akif baba da öz növbəsində: -Biz bu səlahiyyəti sizə veririk. Elvin dedi: -Biz bir ad seçmişik. Madam ki, bu işi bizə tapşırırsınız, onda öz sözünüzü deyərsiniz? Bu dəfə nənələr dilləndilər: -De görək. Elvin sözünə davam etdi: - Seçdiyimiz ad budur: Banu. Ad əyləşənlərin xoşuna gəldi. Amma təklif edildi: -Bəlkə elə Banuçiçək olsun. Məsləhət oldu ki, uşağa, sadəcə Banu adı verilsin. Həm müasir addır, həm də yığcam, dilə yatandır. Banu xanımlar xanımı deməkdir. Aylar keçdi, illər dolandı. İndi bu xanımlar xanımının iki yaşı vardı. Şirin yeməli bir qız idi. Yaman da dəcəldi. Qaçıb bütün günü divanın, ya da çarpayının üstünə çıxır, atılıb düşməkdən yorulmaq bilmirdi. Atası da, anası da, babaları da, nənələri də, əmisi, dayısı, bibisi də baxıb bu gözəl qıza, onun hərəkətlərinə, oyunlarına, sözlərinə baxıb hədsiz fərəhlənir, ona, valideynlərinə uzun ömür, cansağlığı, uğurlar arzu edirdilər. Sən demə, doğrudan da nəvə daha çox istəkli olurmuş, həqiqətən dövlətdə dəvə, övladda nəvə əsas yerdə dururmuş. Akif baba da, Hafiz baba da belə fikirləşirdi. Banunun divanın, kreslonun, ya da çarpayının üstünə çıxıb atılıb-düşməsindən sevinc hissi keçirsələr də, həm də narahat olurdular. O hələ balaca idi. Qəfil yerə yıxılar, başı gözü əzilə bilərdi. Ona görə də bu, nadinc balanın yanını kəsdirib durmağı, onu qorumağı tələb edirdi. Banu hələ yaşyarımlığında dil açmışdı. İstədiyini, ürəyindən keçənləri özünəməxsus şəkildə bildirir: “istəm”, özünəməxsus etirazını edirdi: “istəməm”. Portağala “apelsi”, toyuğa “kuku”, Şaxta babaya “şapbada”, tısbağaya “tısdaba”, yumurtaya “yutalam”, velosipedə “yesəbə”, sabuna “pısapısa” deyirdi Banu. Bu sözləri eşidən əzizləri, ata-anası onun dediklərini təkrar etməkdən yorulub-usanmırdılar. Bibisi qızı Ayanla oynamağı da yaman xoşlayırdı Banu. Ayan ondan yaş yarım böyük idi. Uzun-uzadı birlikdə oynayır, arada küsür, sonra tez barışırdılar. Barışdıqlarını bir-birini öpməklə bildirirdilər. Banu iki yaşını adlamışdı. Dəcəlliyi bir az da artmışdı. Yavaş-yavaş cümlələr qururdu. Bəzi cümlələri başa düşülməsə də, əksər vaxtlar fikrini sərrast ifadə edirdi. Banu sağlam və çevik uşaq idi. Sakitcə bir yanda dayanıb-durmurdu. Qaçır, atlanıb düşür, televizorda musiqi səslənəndə qol götürüb oynayırdı. Təbii ki, bu zaman tərləyirdi. Ana tez-tez onun kürəyini yoxlayır, tərlədiyini görüb dərhal əynini dəyişirdi. Lakin bəzən bu tərləmələr onun xəstələnməsi ilə nəticələnirdi. Başqa uşaqlar kimi, Banu da dərmanı xoşlamırdı. Anası ona dərman içirtmək istəyəndə onu incidirdi. Bundan istifadə edən ana Banu lazım olmayan bir şeyi istəyəndə ona: “Dərmandır” deyirdi. Banu da üzünü çevirib gedir, bu “dərmanı” əldə etmək üçün təkid etmirdi. Banu bir dəfə babasıgilə qonaq gəlmişdi. Gah oyuncaq pələnglə, gah meymun və fillə oynayır, sonra mətbəxə gedib qab-qacağı yerə töküb onlarla başını qatırdı. Qəribə idi. Evdə bu qədər oyuncaq olmasına baxmayaraq uşaq, qab-qacaq, qazan, çömçə, qaşıq və başqa bu kimi mətbəx əşyaları ilə daha çox oynayırdı. Banu yenə də divanda əyləşib televizora baxan Akif babasının yanına gəlib əlindən yapışdı: -Du, - dedi. Babasının tələsmədiyini görüb dalbadal təkrar etdi: – Du, du!!! Baba ayağa qalxdı. Banu onu mətbəxə gətirdi. Stolun üstündəki, mürəbbəni babasına göstərərək: -Onnan, - dedi. Baba, təbii ki: -Quzum, olmaz. Anandan soruşmaq lazımdır, - dedi. Banu şirniyyatı xoşlayırdı. Əlini qəndə, şokolada uzadanda təbii ki, istədiyini ala bilmirdi. Babasının sözlərini eşidən Banu bir anlığa dinmədi, sakit dayandı. Sonra üzünü babasına tutaraq soruşdu: -Ommaz? Dəmandı??? NƏNƏ GÜLÜDÜ? Banunun və ata-anasının ad günləri olanda, yaxud bayram günlərində nənəsi və Akif babası hədiyyə alıb onları təbrik edirdilər. Banu qaçaraq özünü dayısı Babəkin, babasının və nənəsinin qucağına atar, sonra sevindiyindən bütün otağı dolaşır, atılıb-düşürdü. Banu hər dəfə görürdü ki, nənəsi gül-çiçəklə onların qapısını açır. O, gülü çox sevirdi. Çiçəkləri xoşladığından güllərə yaxın getsə də, onlara məhəbbətlə toxunur, lakin ləçəklərini qoparmırdı. Başını irəli uzadıb heyranlıqla gülləri iyləyirdi. Nənənin gətirdiyi güllər maraq doğururdu. Bu güllərdən elə dəstə düzəldilirdi ki, bir də görürdün, işıqlar yanıb-sönür, gül dəstəsindən xoş musiqi səslənir. Banu bibisi qızı Ayanla bir müddət dayanıb bu gözəl mənzərəyə baxır, yanıb-sönən rəngbərəng işıqları bir-birinə göstərərək heyrətlərini gizlətməyərək, ucadan qışqırır, sonra atlana-atlana xalça döşənmiş geniş dəhlizə keçir, oynayır, velosiped sürür, oyuncaq atın üstündə yırğalanırdılar. Bir dəfə Banu babasıgilə qonaq gəlmişdi. Akif baba bu dəfə kresloda əyləşib kitab oxuyurdu. Bir də gördü ki, Banu əlində bir dənə qızılgül qaçaraq gəlir. O, babasına çatıb gülü göstərdi və soruşdu: -Bu, nənə gülüdü? Baba balaca Banunun saçlarını tumarlayıb: -Hə, qızım, nənə gülüdür. Baba onun ağlına heyran qalmışdı. Banu həmişə onları qızılgüllə yad eləyən, onlara sevinc bəxş edən nənəyə diqqətinə görə öz ehtiramını bildirir, həm də qızılgülü “Nənə gülü” adlandırırdı.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ