Azərbaycan dini tolerantlıq
mövzusunda, həqiqətən, nümunə göstəriləcək ölkələrin önündə gəlir. Həm bu istiqamətdə aparılan dövlət siyasəti,
həm də xalqımızın sevgi və hörmətə dayanan xüsusiyyətləri bu zəminin yaranmasında
böyük rol oynamışdır. Azərbaycanda yaşayan müsəlmanlar əsrlərdir ki, dini
fərqli məzhəb və təriqətlər şəklində yaşasa da, demək olar ki, hər zaman
Allah`ın bütün müsəlmanlara əmri olan dostluq, qardaşlıq və qarşılıqlı hörmət
şəraitində yaşamışlar. Allah bir ayədə möminlərin bir-biri ilə dost olmalarını
bu şəkildə bildirir:
Mömin
kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr
edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə
itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən,
yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)
Amma son dövrlər bundan
narahat olan və bu tolerant şəraiti pozmaq istəyən qüvvələrin mövcudluğu hiss olunur. Son zamanlar fərqli
məzhəb və təriqətlər arasında ədavət salacaq xəbərlərin mediaya servis edilməsi
ölkəmizdə dini tolerantlıq və sabitliyi pozmağa hesablanmış həmlələrdir. Bu
səbəbdən, müsəlmanlar belə xəbərlərə etibar etməyib bir-birinə qarşı sərt mövqe
tutmamalıdır. Həmin xəbərlərin kim tərəfindən və hansı məqsədlə yayılmasının
araşdırılmasına isə xüsusi diqqət göstərməlidirlər. Allah bir Quran ayəsində
müsəlmanları bu cür xəbərləri eşitdiklərində necə davranacaqlarını
bildirmişdir:
Ey
iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal yoxlayın, yoxsa
bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! (Hücurat
surəsi, 6)
Həm də bu da nəzərə
alınmalıdır ki, məzhəblər arasında hər hansı bir məsələ haqqında fərqli fikir
və fətvalar olduğuna görə, bir məzhəbdə məqbul sayılan bir məsələnin bunu qəbul
etməyən məzhəb nümayəndələrinə sensasiyalı xəbər kimi verilməsi o qədər də
çətin deyil. Müsəlmanların arasını vurmaq istəyən qüvvələr məzhəblərdə olan
fikir ayrılıqlarından ustalıqla istifadə edib rahat şəkildə ədavət planları
qururlar. Çəkişmə və ədavətin müsəlmanların gücünü zəiflədəcəyi haqqında Allah
bir Quran ayəsində bu şəkildə buyurmuşdur:
Allah
və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub
zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!
(Ənfal surəsi, 46)
Müsəlmanlar onların
aralarında nifaq salmaq istəyənlərə qarşı Quranın göstərdiyi yolu tətbiq edərək
fitnə-fəsadı önləməklə məsuldurlar:
Həqiqətən,
möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və
Allah`dan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hücurat surəsi, 10)
Ayədən də göründüyü kimi,
Allah möminlərin arasında problem olduğu zaman digərlərinin onları
barışdırmasını istəyir.
Həqiqətən də hər hansı bir
din xadimi tərəfindən yanlış bir açıqlama və ya fikir söylənmişsə, o zaman
düşmən mövqeyindən yanaşmayıb, şəfqətlə həmin yanlışın düzəldilməsini istəmək
lazımdır. Allah hər şeydən öncə müsəlmanların bir-birinə dost olmasını və
bir-birlərini qorumalarını əmr edir. Allah Quranın bir çox ayəsində
müsəlmanları bir-birinə dost olmağa, yaxşılığı əmr edib pislikdən çəkindirməyə
çağırmışdır.
Azərbaycanda yaşayan
müsəlmanlar bu məsələdə diqqətli davranmalı və dövlətimizin illərlə ən gözəl
şəkildə qoruyub saxladığı dini
tolerantlığı qorumaq üçün birlik nümayiş etdirməlidirlər. Ölkəmizdə məzhəblər
arasında ədavət salmaq və tolerantlığı pozmaq istəyənlərə veriləcək ən gözəl
cavab müsəlmanların birlik olmasıdır. Hər nə qədər kiçik ayrılıqlar olsa da,
bütün müsəlmanlar Allah`a, Onun Elçisinə və müqəddəs kitabımız Qurani-kərimə
inanırlar. Ən vacib mövzularda ortaq inanca sahib olan müsəlmanlar üçün kiçik
fərqliliklər ayrılıq səbəbi olmamalıdır.
Hamılıqla
Allah`ın ipinə möhkəm sarılın və ayrılmayın! Allah`ın sizə verdiyi nemətini
xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi
və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun
kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu
şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran surəsi, 103)
Ramiq Vəliyev
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ