“LİMONKA” (hekayə)
Bu yazıya
dəfə baxılıb
Akif ABBASOV:
Doqquzmərtəbəli binanın qarşısında boş sahə vardı. Bina istifadəyə veriləndə sakinlərini hərəsi bir əlcə torpaq tutub özü üçün bağça düzəltmişdi. Necə gəldi, kim nədən bacarırsa, kustar üsulla bağçasının ətrafına çəpər çəkib, qonşusundan ayırmışdı. Təbii ki, dəmir parçasından, taxta-tuxtadan qapı da düzəltmişdilər ki, uşaq-muşaq, heyvan bağçaya girə bilməsin.
Bir neçə ildə ağaclar yaşıllaşmışdı. Meyvə gətirəni də vardı. Həmidin 15-20 metrlik rezin borusu vardı, bağ-bağçasını rahatca sulayırdı, həmin rezin boru qonşu Şahinin də dadına çatırdı. Həmidin sağ tərəfindəki bağça Səfərin idi. O da rezin borudan istifadə edə bilirdi. Amma gərək növbə gözləyəydi. Mahmud isə lap növbə gözləməli olsa da, rezin boru onun bağçasına gedib çıxa bilmirdi. Çox da uzun deyildi. Odur ki, Səfərlə Şakir qərara aldılar ki, rezin borunu ikiyə bölsünlər. Həmid dayanıb baxırdı. Səfər borunu tutmuşdu, Mahmud əlində qayçı rezin borunu kəsməyə hazırlaşırdı. Bunu gərən Şahin qırğı kimi irəli şığıdı:
-Nə edirsən? Qoymaram.
Mahmud əl saxladı:
-Sənə nə? Rezin boru Həmidindir, o da etiraz etmir.
Şahin dilləndi:
-Rezin boru bölünsə, onda mən bağçamı sulaya bilməyəcəyəm. Çatmayacaq. Qoymaram.
Mahmud onu itələdi:
-Əl çək. Məğər mənim bağçam susuz qalmalıdır? Bu vaxta qədər sən sulamısan, bundan belə növbə mənimdir.
Mahmud qayçını qaldırıb borunu kəsmək istəyəndə Şahin onun əllərindən yapışdı:
-Məni itələyirsən? Qonşuluqda ayıb deyil? Başının salamat qalmasını istəyirsənsə, əl saxla.
Mahmud də özündən çıxdı:
-Ayıb sənə olsun ki, yuyulmamış qaşıq kimi özünü ortaya atmısan.
Onun əlində aciz qalan Şahin Asifin də, Səfərin də dinmədiyini görüb:
-Axmağın biri axmaq, - deyib aralanmaq istəyəndə Mahmud qabağa yeriyib ona bir sillə çəkdi. Şahinin gözlərindən elə bil od töküldü.
Bir anlığa dayanıb Mahmuda baxdı, bir söz deməyib evə yollandı.
Baş vermiş qanıqaraçılıq hər ikisinə bərk təsir etmişdi. Şənbə günü idi. Şənbə və bazar günləri Şahinin bizneslə məşğul olan oğlu Murad atasına dəyməyə gələrdi. Elektrik mallarının qıt vaxtları idi. Murad Şura hökumətinin yıxıldığı vaxtlarda duyuq düşüb xeyli elektrik çayniki, ütü, soyuducu, paltaryuyan maşın, televizor və s. almışdı. Bir qismini atasıgildə saxlayırdı. İndi baha qiymətə satırdı. Kefi yaxşı idi.
Şahin bu dəfə özü oğlugilə getməyə hazırlaşırdı. İstəmirdı ki, həyətdəki qanıqaraçılıqdan oğlu xəbər tutsun. Odur ki, Azərin marketinə gedib iki ədəd limon götürdü və avtobus dayanacağına sarı yollandı. Qarşısına qonşu Asəf çıxdı:
-Qonşu, xoş gördük. O gün gördün də, Mahmudu? Ə, bu insanlar nə pis sifət olurlar?
Şahin bikef:
-Siz də susub durdunuz?
-Qonşu, başa düş, biz qarışa bilməzdik. Hara belə?
-Muradgilə gedirəm.
Asəf onun əlindəki limonlara baxa-baxa dedi:
-Qonşu, bilirəm, Muradgilə niyə gedirsən. Gəl daşı tök ətəyindən. Getmə.
Şahin təəccübləndi:
-Burada nə var ki? Gedim həm oğlumu görüm, həm də bir az nəvələrlə oynayım.
Asəf onun əlindəki limonları alıb özünü də çəkə-çəkə binanın qarşısına gətirdi:
-Mən ölüm, bu gün getmə.
-Niyə axı?
-Bir qonşu kimi, səni istəyən adam kimi deyirəm sənə. Mənim xətrimə getmə.
Şahin çar-naçar razı oldu. Asəf limonları qaytardı, onu liftə ötürdü. Şahin mənzilinə qalxdı.
Asəfə də bu lazım idi. Həyətdə qabağına çıxanlara izah etməyə başladı:
-O günkü əhvalatdan yəqin ki, xəbəriniz var. Mahmudla Şahin həyətdə bir-birlərini sürüyürdülər. Mahmud Şahinə bir yumruq ilişdirdi. İndi Şahini güclə evinə qaytardım. Əlində iki dənə “limonka” vardı. Mahmudun evini partlatmağa gedirdi.
Ətrafdakılar dilləndilər:
-Elə bu çatmırdı.
Bu xəbər dərhal evləri, mənzilləri dolaşdı: “Mahmud Şahinə bir yumruq vurub. Şahin də möhkəmcə hirslənib. Haradansa iki dənə “limonka” tapıb ki, Mahmudun evini partlatsın.
Mahmudun yaşadığı mənzil birinci blokda idi. Xəbər polisə də çatdı. Blokun mahafizəsi təşkil olundu. Elə həyətdəcə Şahin sorğu-suala tutuldu. Cinayət tərkibli əməl tapılmadığından fikir vermədilər. Başa düşdülər ki, bu, bir zarafatmış.
Şahin Asəfi tapıb ona ağzından çıxanı dedi:
-Bu nə işdir başıma gətirirsən? Evdə Muradın ayin-oyunları, satlıq malları var. Yaxşı ki, yoxlamadılar. Onu ilişdirərdilər.
Bu əhvalatı kimisi zarafat kimi başa düşdü, bəziləri isə ciddi qəbul etdi. Bir neçə il keçdi. Bir gün Asəf həyətdə gəzişirdi. Bir də onda eşitdi ki, söhbət “limonka” əhvalatından düşüb. Cəfərağa yanındakıları “limonka”nın varlığına inandırmaq istəyirdi:
-Öz gözlərimlə gördüm. Fikirləşdim əlindən xəta çıxar. “Limonka”ları Şahinin əlindən aldım.
-Allah köməyində dursun, xeyirxah iş görmüsən. Birisi öləcəkdi, o birini də tutub aparıb damlayacaqdılar.
Asəf Cəfərağaya yaxınlaşdı:
-“Limonka”ları sən həqiqətən görmüşdün?
Cəfərağa:
-Yalan deyənin Allah belindən vursun, -deyə and-aman elədi. -Yoxsa şübhən var?
-Yox. Əsla. “Limonka”ları Şahinin əlindən də sən aldın?
Cəfərağa dedi:
-Əlbəttə, mən. Yoxsa inanmırsan?
Asəf dedi:
-İnanıram. Amma mənim sənə bir sualım var: heç “limonka” görmüsən?
Cəfərağanın dinmədiyini görüb soruşdu:
-De görüm “limonka” hansı rəngdə olur?
Sual cavabsız qaldı.
Həmin əhvalatdan daha beş il keçdi. Asəf həyətdə gəzişirdi. Bir də gördü ki, Şahin ona sarı gəlir. Özü də kefi sazdır. Yaxınlaşan kimi Asəfi qucaqlayıb öpdü. Asəf çiyinlərini çəkdi: “Gün hayandan doğub? Neçə illər idi ki, qonşusu burnu əyri gəzir, ona ağızucu salam verirdi.
-Ay qonşu, Allah səni min budaq eləsin. Canın sağ olsun! Allah uşaqlarını saxlasın. O vaxtlar sən məni böyük bir xətadan qurtardın. İndi oturub fikirləşirəm: “Sən “limonka”ları əlimdən almasaydın, mən onları atıb Mahmudun mənzilini yerlə-yeksən edəcəkdim. Onun mənzilindən başqa neçə mənzilə də ziyan dəyəcəkdi. Kim bilir Mahmudla birlikdə neçə adamın ölümünə bais olacaqdım. Məni də aparıb güllələyəcəkdilər. Güllələməsələr də, sümüklərim həbsxanada çürüyəcəkdi. Ailəm, oğul-uşağım da əzab-əziyyət çəkəcəkdi.
Asəf başını qaldırıb baxdı. Onunu bir zarafat kimi uydurduğu bu əhvalata Şahinin özü də neçə illər sonra inanmışdı.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ