Bəzən
eyni ruhların, oxşar insanların sevgi yaşamaq istəkləri böyük faciələrlə
sonlanır. Eyni ruhların acıları fərqli olur. Biri çox sevir, sevgisi ilə son nəfəsini
verir, digəri tənhalıq ilə. Ancaq bu, belə də olmaya bilər. Sevməyən bir
başqasına, onu sevmədiyi insandan çox- çox az sevən birinə ürəyini verə bilər. Bu həyatdı,
romantik bir hind filmi vəya maraqlı roman deyil. Həyat acı olur.
Bu hekayə gözəl başladı və gözəl bitəcək.
Çünki, sevən oğlan sevdiyi qızdan heç vaz keçmədi, təslim olmadı ayrılığa. Gecələr
onun xəyalı ilə yatıb, gündüzlər siqaret dumanına qatdığı göz yaşları ilə
böyütdü sevgisini. Bu zamanda belə sevgi yaşanmazdı, yaşanmayacaqdı da bundan
sonra, ancaq bir mözücə oldu. Dostluğun, sevginin yox olduğu bu zamanda dillərə dastan olan bir
sevgi yaşandı , özü də gözəl sonluqla.
İlk gün
oğlan sevdiyinə demişdi “ Əgər qovuşa bilməsək, mən bu sevginin hekayəsini
yazacam, hekayədə qovuşduracam bizi” Ancaq onlar qovuşdu, belə bir hekayəni
oğlan heç vaxt yazmadı.
Bulaq
başındamı başlamışdı, bu sevgi?
Yox, yox
nə gəzir bu zamanda bulaq başında başlayan sevgilər. Bu sevgi də digərləri kimi
internetə, maraqlı yazışmalarla başladı. Sonra böyüdü- böyüdü bir yanda kül edən
bir atəş, digər yanda söndürən su oldu.
Telefonla
danışmağa başladılar. Yazmaqdan gözəldi, danışmaq. Bir birilərinin səslərini
saatlarla dinləyir, ancaq yorulmurdular.
Sənin səsini
eşidəndə, səninlə danışanda da darıxıram sənin üçün. Yazışanda utanıram deməyə
ki, gəl danışaq səsini eşitmək istəyirəm. Mən sənin üçün darıxıram, heç belə
olmamışdım, mən.
Bir neçə
gün danışmasaq yadıma düşməyən insanlar vardı, ancaq səninlə danışmayanda çox
darıxıram. Nə olar sabahlara qədər danışaq- deyirdi qız, onu sevən oğlana.
İlk görüş günü qəlblər həyacan ilə döyünürdü. Səhər
tezdən yola çıxmışdı bir xeyli uzaqda olan sevdiyini görmək üçün. Maşında Flora
Kərimovanın mahnıları, dodaqlarında siqaret. Dumanla boğmağa çalışırdı ürəyindəki
atəşi. Nəhayət gəldi sevdiyi və əlini ona uzatdı, görüşdülər. Sevdiyinin əlini
uzun zaman əlində saxladı, gözlərinə baxdı, sanki deyirdi “ Bax, qorxurdun ki,
səni görəndə sevgim azalar, sevmərəm, bəyənmərəm səni, ancaq indi gözlərinə
baxaraq söyləyirəm səni nə qədər çox sevdiyimi, həyatımın tək anlamı sənsən.
Anamın gəlini olacaq qız sənsən” O günü heç biri unutmayacaqdı. Ancaq sevgidə
qovuşmaq üçün əziyyət çəkmək, məşuqun aşiqi sınama mərhələsi vardı. Sevgisini
isbat etməyən aşiqə sevdiyi inanım, qovuşmağı bəxş eləməzdi.
İlk görüşün sonu günəş batana yaxın oldu. Çətin də
olsa ayrıldı sevdiyindən. O gün iki paket siqaret çəkmişdi. Sevdiyinə bu qədər
yaxınkən sarıla bilməmək, saçlarının qoxusunu ciyərlərinə çəkə bilməmək nədir,
bilirsizmi? İnsan o an sevdiyini ürəyində gizlətmək istəyir, kimsələr görməsin,
kimsələr toxunmasın deyə ürəyində saxlamaq, qorumaq istəyir insan.
Sevdiyi bir mahnı vardı “ o, qızın barmaqları deyə” .
Bu mahnını oxuyandan heç duymasa da sevdiyindən eşitmişdi. Hər dəfə telefonda
bu mahnını zümzümə edirdi sevdiyi və ilk görüşdə də bu mahnını oxumasını istəmişdi
sevdiyindən, o da qırmamışdı onu.
“Ax, bu qızın
barmaqları
Barmaqlarıma dəymədi..”
Barmaqlarıma dəymədi..”
Bax bu mahnı onun sonu olacaqdı, əgər bu sevgi yarıda
qalsaydı. Onun məzarında ruzigarlar oxuyacaqdı bu gözəl nəğməni, ancaq olmadı.
Bu sevgi yarıda qalmadı. Sevdiyi qadın bir ömür ona bu nəğməni oxuyacaqdı.
Bu hekayəni Allah yazırdı və onun üçün, bu hekayə
yarıda qalmayacaqdı.
***
İlk görüşdən sonra birdən birə qızın davranışları dəyişdi.
Daha əvvəlki tək mehriban danışmır, acılayırdı oğlanı.
Həqiqətən bu qızın, bu oğlanın adları nə idi, bu hekayədə
başqa kimlər vardı.
Adların nə önəmi var ki? Iki insan deyək, gözəl bir
qız və çox sevən bir oğlan. Birdə gözəl dostlar.
Qızın dostluğa və sevgiyə inamı yoxdu, gördükləri və
yaşadıqları öldürmüşdü qəlbindəki inamı. Haqlı idi, bu zamanda sərt olmasa bir
insan, acı çəkməyə məhkum olar. Qayalar kimi sərt olacaqsan ki, küləklər yan
keçsin səndən. Bax onun üçün qız sərt davranırdı oğlana.
İnsan həyatda nə istəyər ki, xöşbəxt olmaqdan savayı?!
Əgər sən bu xöşbəxtliyi yaşaya bilməmisənsə, yaşayacağına ümidin olmaz.
Yavaş- yavaş
oğlanı özündən uzaqlaşdırmağı düşünürdü. Birdən bütün əlaqəni kəsib qəlbini
qırmaq istəmirdi. Çünki, bir insan kimi onu çox istəyirdi. Digərlərindən fərqli
idi. Sevgiyə və dostluğa hələ də inanırdı. Onunla danışmaq ruhunu dincəldir, ürəyinə
xoş arzular gətirirdi. Ancaq uşaqdı hələ. Dünyanı tamamı ilə dərk etməmiş, bir
qadınla necə danışacağını, bir qadını anlamağı hələ bacarmırdı. Onu tez- tez əsəbləşdirir,
uşaq kimi davranırdı. Kaş bunlar olmasaydı, o zaman bəlkə onu sevə bilərdi.
Onun gələcəkdə gözəl bir insan olacağına, evlənəcəyi insanı xöşbəxt edəcəyinə
inanırdı, ancaq o insan, o deyildi. Bundan başqa o, aktiv həyatı sevirdi. Tədbirlər,
ədəbi məclislər onun həyatının vazkeçilməzləri içində idi. Oğlanın yaşadığı
ucqar dağ kəndində bunları tapa bilməyəcəyini yaxşı bilirdi.
Artıq telefondakı səsdə mehribanlıq, doğamalıq yoxdu.
Tamamı ilə yad adamdı danışdığı insan. Sanki saatlarla danışdığı, nə qədər
danışsa da yorulmayan o qız deyildi. Beş – on dəqiqədən artıq danışa bilmirdilər.
Sağollaşıb telefonu bağlayırdı. Bilirdi, artıq bitdiyini, bir gün “daha mənə zəng
etmə” sözlərini eşidəcəyini. Onun üçün incitmək istəmirdi onu, heç olmasa bir
dost olaraq səsini eşitmək, onu itirmək istəmirdi. Bilirsizmi hər şeyiniz olan,
ancaq əslində heç kimsəniz olan bir insan üçün darıxmaq nə deməkdir?.
Darıxırsan....., səsini eşitmək istəyirsən, əlin telefona gedir, nümrəni
yığırsan- elə bu zaman beyninə bir sual gəlir. Kimə zəng edirsən, daha doğrusu
kiminə zəng edirsən? O an hər şey bitir, ümidlər sönür, sakitcə telefonu
söndürüb, bir siqaret yandırırsan. Nikotinin səni zəhərləməsini, bu zəhərin ürəyinə
qədər gəlib, onu dayandırmasını istəyirsən, ancaq olmur. Sən yaşamağa məcbursan,
yalandan gülümsəyir, xöşbəxtlik adında bir oyun oynayırsan.
Onu görməyə
gedirdi. Son bir dəfə daha onunla danışmaq, gözlərinə baxaraq səni sevirəm,
getmə demək istəyirdi. Bu dəfə maşının sükanında özü idi. Səhər tezdən,
qaranlıqlı yola çıxmışdı. Maşını sürməyi hələ yaxşı bilmirdi, onunçün yollar
seyrəkkən getməkdi planı.
Dodaqlarında o yanıqlı nəğməni zümzümə edə- edə
yasamalın peravallarını enib, Şəmkirdən Qazax yoluna keçdi. Bu yolda artıq həyacanı
daha da artmışdı. Getdikcə ona yaxınlaşırdı, onu görəcəkdi, onun gözlərinə
baxaraq bəlkə həyatının son gözəl anlarını yaşayacaq, daha sonra isə əbədi zülmətə
qərq olacaqdı, ancaq bəzi anlar ömrə bədəldi bu həyatda. İnsan bəzən keçmişlə,
keçmişdəki xatirələrlə yaşayır. Bax o da bu əbədi anını yaşamaq üçün tələsirdi.
Ax, bu qızın
barmaqları
Barmaqlarıma dəymədi.
Ürəyim ağrıyan gecə…
Gəlib qapımı döymədi.
Barmaqlarıma dəymədi.
Ürəyim ağrıyan gecə…
Gəlib qapımı döymədi.
Nəhayət gəlib çatdı, onun yaşadığı torpaqlara. Bir
parkda görüşəcəkdilər. Günəş doğurdu ölkənin
üzərinə, Günəş doğurdu və gün şuaları ilə birlikdə sevdiyi gəlirdi yolun kənarından.
İlahi bu qızın saçlarınamı enmişdi Günəş, yoxsa ürəyimiydi gözlərini
qamaşdıran, heç nə düşünə bilmir, sadəcə baxırdı. Gəlib ona yaxınlaşdı. Əlini
uzatdı ruhunu duymaq üçün, ancaq o ruhunu hiss elətdirə bilməmişdi. Havada
qalan əlini yanına salmaq üçün bir xeyli güc tapa bilmədi özündə. Nəhayət əlləri
yorulub, yanına düşdü. Dodaqları tərpənmək istədi nəsə demək üçün, ancaq güc
tapa bilmədi. Başının hərləndiyini, dünyanın qaraldığını hiss edirdi.
Sakitlikdi, ətrafda kimsə yoxdu sanki.
Bəs bayaqki yuxuydumu, görəsən? Axı, sevdiyi gəlirdi,
onunla danışmaq üçün gəlmişdi bura. Nə oldu, nə dedi ona heç nə xatırlamırdı.
- Mən səni sevə bilmədim, bağışla. Özünü mənə
sevdirə bilmədin, axı bu mənim günahım deyil. İstəmədiyim bir həyatı mən necə
yaşayaya bilərəm. Axı mənim də arzularım var. Anla məni. Mən sənə heç vaxt ümid
vermədim ki, heç vaxt səni sevirəm demədimki? Axı, niyə məni bu qədər sevdin sən.
- Mən səni
çox sevirəm, bunu heç vaxt unutma. Çıx get, arxaya belə baxma, ancaq səni
sevdiyimi unutma.
- Unutmasam yaşaya bilmərəm, unutmağa məcburam.
Bağışla!
- Unut, xöşbəxt
ol. Bilirsənmi mən sevilməyə layiq deyiləm, düz elədin. Heç mən də, sənin
yerində olsam məni sevməzdim.
- Bəsdi sən
Allah, yenə başlama. Bax səni bu hərəktlərinə, bu uşaqlıqlarına görə sevmədim.
Sən adamı çürüdərsən. Bir həftədə , yox – heç bir gün də səninlə yaşamaq olmaz.
- Bağışla məni
- Nə qədər bağışlamaq olar?
Hər şey gözəl olacaqdı bu hekayədə. Bu hekayə xöşbəxt
sonluqla bitəcəkdi. Bəli elə də olacaq. Hər şey gözəl bitəcək, sevgi heç olmasa
bir dəfə qalib gələcək. İndi geri dönürdü. Axşama qədər oralarda səfil kimi
dolaşdıqdan sonra geri dönürdü. Günəş batmışdı artıq. Yasamalı yuxarı qalxarkən
tək- tük maşınlarla rastlaşırdı. Havada bir az da çisgin vardı. Geri dönməyi həqiqətən
istəyirdimi, bu sualı qısa bir an düşündükdən sonra maşına bir az daha qaz
verdi, gözlərini yumub arxaya yaslandı. Maşın havada qanadı qırıq quş kimi çırpınıb, aşağıya doğru
yuvarlandı.
İndi maşın param- parça olmuşdu. Hələ ağlı başında
idi, hələ hər şeyin gözəl olması üçün vaxt vardı. Qurdların səsi ona ilham
verirdi, bu dumanın ümidləri boğduğu gecədə.
Hər
şey dəyişdi birdən- birə. Sevdiyi ilə danışırdı yenə. Səsində yenə əvvəlki
mehribanlıq vardı, sevdiyini deyirdi ona, o gözəl qız. Səni çox sevirəm,
anlayırsanmı? Daha sənsiz yaşamaq, sənsiz nəfəs almaq istəmirəm. Birlikdə
yaşlanaq, birlikdə yaşayaq sevgillim- deyirdi ona. Qulaqlarına inana bilmirdi,
bu bir möcüzə idi. Tez qaçıb anasına bu xəbəri dedi. Gəlin arzusu ilə yaşayan
ağ saçlı ananın gözləri sevincədən yaşardı. Hazırlıqlar başladı, elçiliyə
gedilirdi indi...
Hər şey çox gözəl və sürətlə baş verirdi, ancaq bu
qurd səsləri nəydi belə qulağına gələn, bax onu anlaya bilmirdi.
Elçilik uğurla başa çatdı, nişan olmadı. Qız əvvəldən
demişdi” nişan bizim nəslə düşmür deyə”
Bir başa toy danışıqları başladı. Öncə qız toyu,
çox az bir zaman sonra isə oğlan toyu olacaqdı. Yol uzun olduğu üçün qız
toyunun axşamı gəlin oğlan evinə gətiriləcəkdi. Hər şey gözlənildiyi kimi oldu.
Çox gözəl keçdi qız toyu. Çox saylı dostların iştirak etdiyi bu toya ən böyük
sevini isə hər ikisnin çox sevdiyi bir şairin gəlməsi idi.
Və o axşam gəldi. Qovuşdular. Sadəcə qovuşdular.
Sevgi ilə yaşayanların qovuşmasında ehtiras adlı şeytan olmur. Və bir neçə gündən
sonra oğlan toyu oldu. Hər şey gözəl olacaqdı və oldu. İndi onlar sevgi ilə
qurduqları bu ailədə şad- xürrəm yaşayırdılar. Lap nağıllarda olduğu kimi.
Günlər, aylar yel qanadlı at kimi keçirdi. Sevgilərinin
meyvələri yavaş- yavaş dünyaya gəlməyə hazırlaşırdı. Bir də bu lənət olası qurd
səsləri olmasa, hər şey daha gözəl olacaqdı.
Bax, budur dünyaya bir körpə gəlir. Doğumdan
qorxduğu üçün əməliyyatla alınır uşaq. Gözəl bir oğlan uşağıdır bu. İkisinin də
arzusunda olduğu oğlan uşağı. Adını Alper qoyurlar bu uşağın.
Qurd səsləri
isə yaxınlaşırdı. Hər şey gözəl olmuşdu. Arzuların gözəlliyi qədər gözəldi
yaşadıqları. İndi isə yerə axan qanı dəvət edirdi dişlərində ölümü gətirən
qurdları.
Bax budur qara bir canavar ona yaxınlaşır, bəlkə də
qara deyil rəngi, ancaq onun baxışları indi ancaq qaranı seçirdi. İndi bütün rənglər
qara idi onun üçün.
Dumanın hökm etdiyi bu gecədə uzaqlardan bir səs gəlirdi
Ax, bu qızın
barmaqları
Bir məktub yazarmı görən?
Bir gün eşitsə ölmüşəm,
Qəbrimi qazarmı görən?
Bir məktub yazarmı görən?
Bir gün eşitsə ölmüşəm,
Qəbrimi qazarmı görən?
Bəlkə də heç gəlməmişdi bu dünyaya, bəlkə də heç bu
dünyanın özü də mövcud deyildi. Bəs onu ölümsüzlüyə yola salan bu sevgi? Kim
bilir bəlkə də bu sevginin özü də həqiqət deyil, sadəcə Ramiz Rövşənin yazdığı
bir şeirdi.
Ax, bu qızın
barmaqları
Barmaqlarıma dəymədi.
Ürəyim ağrıyan gecə…
Gəlib qapımı döymədi.
Barmaqlarıma dəymədi.
Ürəyim ağrıyan gecə…
Gəlib qapımı döymədi.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ