Hərfi tərcümədə “sonra”, “sonrakı” anlamına gələn,
alman mənşəli “post” sözündən törənən bu söz bədii ədəbiyyatda, incəsənətdə bir
növ öz ilk anlamından bir az, bəzən də çox kənar olan mənalar ifadə edən,
yenilik, yenilikçilk amilləri ilə bağlı olan bu söz modernizmə (çağdaşlıq,
müasirlik) qoşularaq yeni bir cərəyan kimi ədəbiyyata nüfuz etməkdədədir. Hər
halda digər janrlar kimi yaranış müddəti bir o qədər çox olmasa da müəyyən mənada
inkişaf etməyi bacarmış, yeniləşməni mənimsəmiş bir cərəyandır. “Post” sözünün
modernizm cərəyanına daha yaxın olması, belə deyək, bir növ bu cərəyanla vəhdət
halında işlənməsi də təsadüfi deyil. Bildiyimiz kimi modernizm müasirlik ifadə
edir. Müasirlik isə yeniləşmənin simvolu, göstəricisidir. Modernizm daha
sanballı və ifadə vasitlələri geniş olan bir cərəyan olduğundan bir növ
klassizmidə, romantizmi də öz tərkibində ifadə etməyi bacarır. Romantizmin
modernizmə nüfuz etməsi çox zaman müəyyən fəsadlara da yol açır ki, bu da
sonradan sosial həyatda öz əksini tapır. Posmodernizmin “inkara inkar” prinsipi
bir növ onun ana sütunlarının birini ifadə edir. Onun əsas maddəsi kimi
möhürünü vurur. Təsadüfi deyil ki, amerika yazıçısı Con Bart postmodernizmi
“keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübə” adlandırır. Posmodernizm cərəyanın
keçmişə istinad edərək müəyyən mənada daha qədimə, ilkə doğru gedərək bağlı
qapıları açmaq məqsədi də güdür. Bəlli ki, bu cərəyanın təsiri altında ölməz əsərlər
yaradan tanınmış yazarlar (Məsələn, Den Braun, Umberto Eko, Orhan Pamuk və b.)
bu cərəyanın mahiyyətinə dərindən bələddirlər. Posmodernizmdə bir növ hər hansı
bir hadisənin və ya predmetinin gerçək, daha dəqiq ilkin mənasına doğru gediş
var. Fikrimizi daha dəqiq ifadə edək. Məs, Den Braunun “Da Vinçi şifrəsi” əsəri
tamamilə posmodernik ruhda yazılmışdır. Posmodernizmin demək olar ki, bütün
prinsiplərini bu əsərdə tapmaq olar. Burada bir məqama diqqət yetirək: Əsərdə
İsa Peyğəmbər Mariya Maqdalena ilə evlənir və hətta onların övladları da
dünyaya gəlir. Amma hamıya məlumdur ki, İsa peyğəmbər heç bir zaman evli
olmamışdır. Nəinki onun övladı da ola..! Bu barədə istər Qurani-kərimdə istərsə
də İncildə ətraflı bilgilər verilir. Əsəri oxuyan bir çox tənqidçilər və elm
adamları əsərdə müqəddəs yazının təhqir olunduğu qənaətinə gəlirlər. Təsadüfi
deyildir ki, sonralar əsərə çəkilən film Hindistan, Çin və Pakistan kimi dövlətlərdə
qadağan edildi.
Bir çox tənqidçilərin bu fikrə gəlməsi bir növ
insanda maraq doğurur. Hər halda Den Braun burada “inkara inkar” və ya
“orijinala, ilkə qayıdış” amillərində istifadə edərək əsərdə İsa peyğəmbəri evləndirir.
İsa peyğəmbər haqqında o qədər də ətraflı məlumata malik olmayan insanlar bu əsəri
oxuyandan sonra istər-istəməz
İsa peyğəmbərin kimliyi, fəalliyəti, müqəddəs ruh,
ikona kimi ifadələri daha dərindən öyrənməyə təşəbbüs göstərir, Qurani-kərimə və
İncilə istinad edirlər və bu zaman da yazıçı öz istəyinə nail olur. Oxucunu əsərin
təsirinindən ayıraraq sübhə və iki yol arasında qalma psixoloji elementlerinin
təsiri ilə onu orijinala qaytramağa vadar edir. Hər halda əsərin bu qədər
sevilməsi və 81 milyon tirajla satılaraq dünyaya yayılması təsadüfi olmayıb,
dediklərimizin bir nümunəsidir.
Digər bir nümunəyə - Kamal Abdullanın “Yarımçıq əlyazma”
romanına diqqət yetirək. Əsər posmodernizm üslubunda qələmə alınmışdır. Təzəcə
çap olunanda böyük arjetaj yaratdı Azərbaycanda, özəlliklə də qardaş Türkiyədə
böyük marağa səbəb olaraq, ciddi təndiqə məruz qaldı, bəzən təndiqi də arxada
qoydu. Bu da “səbəbsiz” deyildi, çünki əsərdəki obrazlar tamam fərqli və dəyişik
şəkildə təqdim olunur. İç oğuzla Dış oğuz arasındakı münasibətlər, Qazan xanın
fəaliiyəti, “Casus”ların oğuz elinə nifaq salması yeni üslubda oxucuların
ixtiyarına buraxılır. Den Braun İsa Peyğəmbəri fərqli rakursda təqdim etdiyi
kimi Kamal Abdulla da Dədə Qorqudu, Salur Qazanı, Beyrəyi və başqa obrazları
posmodernizm ruhuna uyğun şəkildə canlandırır. Professor Qara Namazov yazır: “Qədim
türk xalqları, eləcə də Azərbaycan xalqı öz torpaqlarında yaranan dövlətlərin
quruculuğu haqqında min illərdən bəri yaşanan dastanların öyrənilməsi problem həm
tarixə yenidən dönüş, həm də söykökümüzə qayıdış baxımından xüsusi əhəmiyyət kəsb
edir”. Dəyərli alimimizin dediklərini əsas tutaraq düçünürəm ki “Yarımçıq əlyazma”nı
Kamal Abdullanın Azərbaycan ədəbiyyatına etdiyi əvəzolunmaz xidmət kimi başa
düşmək lazımdır.
Amma təəsüflər olsun ki, istər xarici ölkələr ədəbiyyatında
istərsə də öz əəbiyyatımızda bu cərəyanın adı altında təqdim olunan və
posmoderizmin mahiyyətinə, strukturuna kölgə salan əsərlər, bədii nümunələr
var. Məsələn, bir sözü yüz dəfə təkrarlayaraq misra-misra, bənd-bənd ötürərək
“sanballı” bir şeir yaranır. Və başlayır mətbuatda və internet saytlarında
“reytinq qırmağa”. Azca zövq sahibi olan insanlar da bu kimi “şeirlər”i
oxuyandan sonra olan-qalan zövqlərini də itirirlər. Bu şeirlər və ya başqa bir
janrda yazı ortaya qoyan yazarlardan öz yaratdıqları nümunə barədə soruşanda
çox gözəl cavab verirlər. Adam sonradan dediyinə peşman olur: “Bu şeir inkara
inkar prinsipi ilə yazılmışdır. Mən bu şeiri qələmə alanda bu prinsipi əsas
tutmuşam və müəyyən hadisələrə, predmetlərə üsyan etmişəm”.
Posmodernizmdən danışarkən düşündüm ki, kiçik hekayələrlə
də bağlı müəyyən fikirlər (əsas da tənqidi fikirlər!) səsləndirmək lazımdır.
Çünki posmoderizm ruhunda əsərlər qələmə alan yazarlar daha çox bu janra müraciət
edirlər. Çünki bu janrda fikri aydın, daha qısa çatdırmaq olur. Kiçik hekayə
janrı artıq bütün dünya ədəbiyyatında dərindən iz salmaqdadır. Son nobel
ödülçüsü olan kanadalı xanım yazar Elis Munro da bu dünya səviyyəli ödülünə
“çağdaş qısa hekayənin ustası olduğuna görə” layiq görülmüşdü.
Yapon yazıçısı Haruki Murakaminin də kiçik həcmli
hekayələrində kifayət qədər maraqlı, düşündürücü, sosial cəmiyyətlə mədəni
sferanı vəhdət şəklində birləşdirərək oxucuları məlumatlandırır. “Bal piroqu”
hekayəsində (hekayə ingiliscədən dilimizə bu sətirin müəllifi tərəfindən tərcümə
olunmuşdur) Murakami cəmiyyətə ötürmək istədiyi ideyaları Masakiçi adlı bir
ayının diliylə ötürür. Bu əsərə də bir növ posmodernizm cəhətdən yanaşmaq
lazımdır.
Azərbaycan ədəbiyyatında son dövrlər bu janr təşəkkül
tapmağa başlayıb. Lakin təəssüflə qeyd etməliyəm ki, hekayə janrının özəlliklərindən
xəbərsiz olan bir çox yazıçılarımız bu janrdan lazımi qaydada istifadə edə
bilmirlər. Düşünürəm ki, bir-iki cümlədən ibarət olan bir söz yığınını hekayə
adlandırmaq olmaz. Hekayənin bir janr kimi xüsusiyyətləri və ölçüsü var. Bu cür
yolla getsək, birazdan “Qapı açıldı” söz birləşməsini də hekayə kimi təqdim etməli
olacağıq.
Bir çox yazıçılar bunu öz bildikləri kimi izah edirlər.
Ümumi fikirlərdən belə bir qənaətə gəlsək deyə bilərik ki, dünya dəyişir, zaman
dəyişir, insanlar da dəyişir. İndiki nəsil artıq öncəki nəsil kimi səbirli
dözümlü deyil. 500-600 səhifəlik bir romanı oxumaqdansa 70-80 səhifəlik bir
romanı, hekayə janrı timsalında desək bir səhifəlik hekayə daha maraqlı gəlir.
Fikrimizi Viktor Hüqonun “Səfillər” romanı ətrafında dəqiqləşdirək. “Səfillər”
romanı kimi dünya səviyyəli bir roman haqqında gənc yazar, əsas da oxucu səviyyəsinə
uyğun bir-iki tənqidi fikir bildirmək istəyirəm. Müəllif romanda “Vaterloo”
vuruşmasını çox uzun və üzücü bir tərzdə qələmə almışdır. “Vaterloo” vuruşması
haqqında, Napoleonun şəxsiyyəti və mübarizəsi haqqında ətraflı danışa-danışa
oxucunu bir növ əsərdən uzaqlaşdırır və onu yorur. Odur ki, müasir oxucular bu
cür iri həcmli əsərləri oxumaqdansa kiçik həcmli romanlara və hekayələrə
üstünlük verirlər. Posmodernizmin daha çox məşhurlaşması və dünya ədəbiyyatının
tərkib hissəsinə çevrilməsinin amillərindən biri də məhz kiçik janrı il bağlıdır.
Bütün dediklərimizi ümumiləşdirərək belə qənaətə gəlirik
ki posmodernizm həyat həqiqətlərinin itirlməsindən daha çox ədəbiyyatda yeni
canlamaya, oyanışa xidmət edir.
Yeqzar Cəfərli
yeqzar_91@mail.ru
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ