Salam Mark qardaş. Necəsən? Nətərsən? Nə var, nə yox? Sualların çoxluğu
səni qorxutmasın. Məcburam əvvəl bu sualları verməyə, bizdə bir məsəl var,
aşığın sözü qurtaranda dalay -dalay edər, amma nədənsə bizlər söhbətə başlayanda söz
qıtlığındandır,ya düşünmə qabiliyyətimizin azlığındandır ki, eyni şeyi hərləyib
çevirib azı üç dəfə soruşuruq. Bəlkə də bu xalqımızın özəlliyindəndir. Bilirəm
iş-güc adamısan, nə də olsa bu boyda facebooku yönədirsən, dəlisi, ağıllısı,
alimi, savadsızı, yaza biləni, poza bilməyəni, kişi adı ilə girən qadını, Ayka-Günka adı ilə
qeydiyyatdan keçən kişiciyəzi, transı, mransı ,xülasə hər cür insanı yerləşdirə
bilmisən buralara. Mən sənin bu
facebookuna istifadəçi kimi qoşulanda deyən oldu ki, sənin orda nə işin? Orda
ağıllı adam yoxdu. Bəlkə də haqlıdılar, amma mənim qarşıma çıxmayıb. Qarşıma
çıxmayıb demişkən , sənin bu facebookunun yolları da kəndimizin yoluna
oxşayır, kəndimizin yolları çala-çuxurludu, sənin bu facebookunda da kimisə
axtaranda ən azı 50 nəfər çıxır qarşıma. İndi mən nə bilim axtardığım hansıdı, əsas
da məşhurları, yazıçıları axtaranda bezar oluram. Bu saxta profillərə bir əncam
çək. Əslində sənə yazmağımın məqsədi bu deyildi. Elçiliklərdə deyildiyi kimi,səni
səbəbi-ziyarətim odur ki, ay Mark , sənin bizim doğma dilimiz ilə nə işin var?
Daha doğrusu, nə qəsdi-qərəzliyin var? Nətərdi,
habırsı, qadanalem, cözü yeyim, dana –dənədən dilimizi qurtarıb ədəbi dilə
uyğunlaşmaq istəyirdik ki, sən aləmi qatdın bir-birinə. Azərbaycan dilində çox güman ki, bir söz də
bilmirsən, amma elə etmisən ki, bu oklar, hmlar, xmlar, xaxaxalar, hahahalar,
ayqaaalar, bye-byelar, pakalar, ahalar, yetimlər dilimizə “urcah” olub. Təzə sözlər də görürəm
bu facebookunda,könüküş,güdük,topar kimi. Kifayət qədər ərəb,
fars, rus və başqa dillərdən söz var idi, sən də mənşəyi bilinməyən bu sözləri saldın dilimizə. Bəlkə fikirləşirsən ki,
dilimizi zənginləşdirdin, yox bərbad
etdin. Nahaqqı deyəndə gərək haqqı da deyəsən ki, balans pozulmasın. İnsanların
dilindən daha çox Allah, amin kəlmələri eşitməyə başlamışam, ürəkdən deyib-demədikləri
onların öz işləridi, bunun günahı, ya da savabı sənlik deyil. Birdə ki sənin bu
facebookunun sayəsində dəyərli insanlar tanıdım, bir cümlələrində ümman qədər məna olan. Kəlamlar öyrəndim,
dünyagörüşüm dəyişdi. Kitablar oxudum, ruhum sakitləşdi. Dəqiq bilirəm mənə ziyanın dəyməyib, amma dilimizlə işin
olmasın. Axı o, mənim ana dilim. Bunu oxuyub da oxunmamış kimi qeyd etmə, onsuz
da görüldü yazılır, unutma bunu da sən kəşf etmisən. Birdə ki blok etmə, sözün
var açıq de. Bəziləri demişkən, blok etmək kişilikdən deyil…
Azadə Abdinova
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ