Yanağım yenə susadı,
Gözümdən yaşlar daşacaq.
Mən öləndə daş olacam,
Böyüyəcəm dərdim kimi,
Qəbrimdən daşlar daşacaq.
Anam, məni çağırma.
Boylanıb arxamca
Yüyürən səsə,
Tövşəyə-tövşəyə,
Nəfəs-nəfəsə.
Dığarlana-dığarlana,
Əyri-üyrü küçələrin
Tozunda ,torpağında,
Sığallana-sığallana
Qaçacağam sənə sarı,
Ürəyində daş olacam.
Onda baxıb deyəcəyəm:
“Anam, qara sal daşam mən,
Başına bağladığın
Qara şal daşam mən.
Çınqıl-çınqıl daşlarıydım,
İllər boyu yığılmışam,
Böyümüşəm,
Axır gəlib ürəyinə dağılmışam.
Daşlı-daşlı dərd vermişəm sənə, anam.
Dərdinə daş atmamışam ,
Parçalansın milyon yerə.
Qorxmuşam, anam, qorxmuşam.
Hər ana bir pay götürər
Çıliklənmiş dərdlərindən,
Saçlarında bəyaz-bəyaz
Hörüklənmiş dərdlərindən.
Anam, məni dərd götürər ,
Yanağımı pərt götürər.
Ərk etmişəm,
Hər dərdi sənə yıxmışam,
Dərdlərimi bərk etmişəm.
Dərdlərim qəmgin duruşun,
Dərdlərim qəpik-quruşun.
Mən bir azca cəsarəsiz ,
Mən bir azca zəif qızın.
Düşmüşdüm daşlar əlinə,
Daşdan –daşa dəyib qızın.
Ürəyimi ucuz satdım,
Məni yer aldı, yer aldı.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ