Biz də həyatı çox sevərdik, dostum
eynən bütün uşaqlar kimi
nə qədər ki, bilmirdik indi
bildiklərimizi
ağzımızın suyu axa-axa
iməklərdik hətta,
əlli-ayaqlı sürünərdik sevdiyimiz
şeylərə tərəf
nə qədər ki, görmürdük indi
gördüklərimizi...
Səmanın "qüdrətli
qolları" yavaş-yavaş
aldı yerin qoynundan bizi
düzəltdi qəddimizi...
Biz yerlə göyün arasında gedən
savaşın qurbanlarıyıq,
dostum;
göy bizi qaldırmaq
yer yıxmaq istədi hər zaman...
Yağışlar göyün tələsi
ildırımlar Tanrının səsi
ölüm - yerin göyə qələbəsidir!
Və...
Əlimiz qapıların cəftəsinə çatan
gün anladıq ki
biz getmək üçün gəlmişik.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ