Fərqanə MEHDİYEVA - «GÖRƏN MƏNİ ANAM DOĞUB, YA DAĞLAR….» (Şahinə Könül yaradıcılığı)
Bu yazıya
dəfə baxılıb
Söz insan könlünün aynasıdır. Söz sirr içində «sirr»in sehridir. Gərək sözün qədrini biləsən. Sözü söz qiymətində saxlayasan. Görəsən, qızlar niyə şeir yazır? Sevgi qismətləri azaldığı üçünmü? Qızlar özü təpədən dırnağa şeir deyillərmi?
Neçə vaxtdır bir kitabın təsirindən çıxa bilmirəm. Haqqında söhbət açdığım yenicə çapdan çıxmış «Çağırsam, kim görən eşidər məni?» şeirlər kitabının müəllifi şairlər yurdu – Qazaxda yaşayıb-yaradan gənc şairə Şahinə Könüldü. O, gənc olsa da, şeirlərilə yaşından qabağa adlayıb. Elə bil min il yaşayıb. Yaradıcılığında özünəməxsus orijinallıq var:
Çəkdim bu dünyanın qüssə, qəhrini,
Çəkdi bal şamını, dünya zəhrini.
Nə daddım doyunca ata mehrini,
Nə anam oxşadı bir ana kimi
- deyən şairə elə bil layla çalır, ağı deyir ana, atasız dünyasına. O, ata yurdunda tək-tənha ata evini qoruyur. Deyir, «evimizi yetim qoymağa ürəyim gəlmir».
«Od-ocaq, yurd duyğusu olmaqsa hər kəsə nəsib olmur. Ata-anasını vaxtsız itirib, kişi qızı kimi ömür sürən «Qoymayın ocağı qəribsəməyə» şeirini yazmaqla işini bitmiş bilmir bu qız». Bu fikirlər müəllifə xeyir-dua verən dəyərli şairimiz Barat Vüsala məxsusdur. Kitabda istedadlı qələm sahibləri Rəfail İncəyurdla Məmməd Dəmirçioğlu da Şahinəyə uğurlar diləyirlər.
Dünyadan gedəndə tapşırıb onlar,
Qızını qələmlə, varağa verdi.
Anam analığı ota, yarpağa,
Atam atalığı torpağa verdi.
Ağaca tapşırıb suya dedilər,
Mənim ürəyimi sığallamağı.
Ulduza yalvarıb, aya dedilər,
Aylı gecələrdə nağıllamağı.
Necə də poetik deyimdir. Bu kitabda bənövşə ətirli, ürkək, kövrək şeirlərin özündə Şahinənin qərib dünyasına açılan sirli-sehrli məqamlar var:
Saçımda sığalı pozsa dəyməyin,
Könlünü göylərdən assa dəyməyin.
Dərdimi dağlara yazsa, dəyməyin,
Küləklər ətrini yayır anamın
- misraları ilə nəyi demir ki, şairə.
O tənha ömründə dərdi körpə uşaq kimi odların içərisindən keçirir:
Mənə heç açmadı bu dünya evi,
Qaranquş köksündə yaşadım ömrü.
Harda bir dağılmış yuva görəndə,
Çör-çöp qırığı tək daşıdım ömrü.
Bu kimi misralar boynunu bükərək onun poeziyasından gilə-gilə tökülür və əvəzolunmaz nisgili ona unutdura bilmir. Gözəl şairimiz Məmməd İlqar öz xeyir-duasında yazır: «25 yaşlı bir qızın misralarıdır bunlar. Özünə görə deyilmiş bu qız, sözünə görəymiş. 250 yaşın qənaətini deyir 25 yaşda. Bəlkə də 250 yaşı var bu qızın, özü də bilmir…»
Başımın altına balınc qoyur ki,
Gözümü yuxuya verə bu dünya.
Əlimin altına qılınc qoyur ki,
Günahı əlimdə görə bu dünya.
Hörmətli filoloq- alim Rüstəm Kamal da Şahinəyə uğurlar diləyib. «Hər şair ömür təcrübəsinin övladıdır. Şahinə Könülün yazdıqlarının hamısında taleyin fəlsəfəsi var. Qadın şair taleyi dünyanı sözə, qafiyəyə çevirəndə onun üçün ikiqat ağrı olur. Şahinə buna necə dözür, bilmirəm»- deyən Rüstəm Kamal «Allah ona yar olsun» ifadəsiylə fikrini bitirir.
Mən isə «Görən məni anam doğub, ya dağlar» şeirini onun yaradıcılığının epiqrafı seçərdim.
Mənim hələ görmədiyim gün varmış
Bir əl bağlar, bir əl düyün açarmış.
Könül dağa ana deyib qaçarmış,
Görən, məni anam doğub, ya dağlar?
Lalələrə ürəyimdən köz düşüb,
Bənövşəyə taleyimdən iz düşüb.
Nə müddətdir ürəyimə SÖZ düşüb,
Görən, məni anam doğub, ya dağlar?
Məni dağa çəkən nədir bir belə,
Çəkəmməzdi ocaq belə, pir belə.
Yəqin kimsə görməyibdi sirr belə,
Görən, məni anam doğub, ya dağlar?
Fikrimin sonunda Şahinə Könülə demək istəyirəm ki, atan, anan səni qoruduğun yurda, yuvaya, ocağa, üstündə nanə kimi əsdiyin misralara tapşırıb gedib, sən poeziyaya açılan uğurlu qapısan. «Çağırsam kim görən eşidər məni» deyən şairə unutmasın ki, bu kitabı oxuyub səsinə səs verənlər çox olacaq.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ