Yollarıma
döşəsələr gül çiçəyi qucaq-qucaq.
Bilirəm ki, mənim yerim səni hər an
yandıracaq,
Ürəyimə axan yaşı özgə əli silərmi?
Səni məndən alan dünya bir də geri
verərmi?
Bu bir neçə misra ilə tanımışam Sabir
Rüstəmxanlını. Elə bu bir neçə misra kifayət edib ki, onun böyüklüyünü dərk
edim, ədəbiyyatımızda Sabir Rüstəmxanlı kimi bir nəhəngin varlığını anlayım.
Ona hansı tərəfdən yanaşılırsa yanaşılsın, bütün tərəflərdən böyük görünür.
Sabir Rüstəmxanlının ədəbiyyatımızda öz izi, öz yolu var. Düşünürəm ki, ona
ədəbiyyatımızda şairlikdən, yazıçılıqdan daha çox şöhrət gətirən vətəndaş
publistikasıdır.
Ona görə də ilk söhbətimi Sabir
Rüstəmxanlının vətəndaş publisistikasının gözəl örnəyi sayılan “Ömür kitabı”
üzərində qurmaq istəyirəm. Bu əsər onun yaradıcılığının şah əsəridir. Bunu
deməyə yetərli qədər əsas vardır. Milli Azadlıq Hərəkatımızın manifesti sayılan
bu əsəri yazana qədər bir sıra əsərlərlə tanınan Sabir Rüstəmxanlı ”Ömür
kitabı” ilə əsil tufan qopardı. Milli istiqlal mücadiləsinin ən qızğın dövründə
(əsil zamanında) meydana gəlmişdi. Elə bu özəlliklərinə görə də ”Ömür kitabı”
qədər tez satılan, əldən-ələ gəzən, sevilə-sevilə oxunan əsərlərə gec-gec rast
gəlinir.
Əsərdə Sabir Rüstəmxanlı millətin, xalqın
taleyi ilə bağlı elə bir məsələ yoxdur ki, ona toxunmasın. “Ən böyük əxlaq
kitabımız ailədir”-deyən şair qadını cəmiyyətimizin özülü sayır. “Azərbaycan
qadını! Sənin önündə milyon kərə baş əymək azdır. Öz tale qismətinin,
sevgisinin, uşaqlarının atasının, fərqi yoxdur xoş günləri az olub, ya heç
olmayıb, nəinki özünə, hətta vəfatından illər keçəndən sonra ruhuna belə
xəyanət etməyən bu nəcibliyi və qüdrəti bu çiçək zərifliyini və qaya dözümünü
sən hardan almısan”? İstər şerlərində, istərsə də nəsr əsərlərində az qala hər
sətirbaşı öz anasını xatırlayan şair dünyanı anasız yetim, kimsəsiz sayır.
Təkcə analar ağlamasın
Dünya yetimləşər ana ağlasa
Ananın gözünə qəm çiləyənlər
Ananı gözünün üstə saxlasın.
Sabir Rüstəmxanlını bu gün cəmiyyətimizdə
ən çox narahat edən nədir? Hər şeydən əvvəl ikiyə bölünmüş Vətən. İstər “Ömür
kitabı”nda, istərsə də sonrakı şer və nəsr əsərlərində o, bu tarixi
ədalətsizliyə qarşı öz üsyankar səsini qaldırır. Xalqımızın başına gətirilən bu
müsibətin kökünü arayır. “ Biz kimi qırmışıq, kimin şəhərlərini külə
çevirmişik, kimin min illik mədəniyyət abidələrini məhv etmişik, kimin toyuğuna
daş atmışıq”?-deyir.
Bir kökümüz doğudadır,
Bir kökümüz günbatanda.
Biz tarixin yoldaşıyıq
Dünya boyda bir vətəndə,
Min savaşın ağrısı var,
Damarlarda coşan qanda.
Zəhər oldu qədəhimiz.
İçdik tanrı işığıtək.
Hələ 1991-ci ildə Xəlil Rza Ulutürk
yazırdı: “Rüstəmxanlının böyük milli şairimiz olmaq imkanı var. Çox güman ki,
o, bu imkanı əldən verməyəcək”. İndi 1991-ci ildən çox illər keçib. Sabir
Rüstəmxanlı nəinki o fürsəti əldən buraxıb, 90-cı illərdə olduğu kimi yenə də
milli birlik uğrunda gedən mübarizənin önündə gedir.
Çox çətin, şərəfli bir həyat və
yaradıcılıq yolu keçən Sabir Rüstəmxanlı həyata qarşı çox həssasdır. Onun
gözündən heç nə yayına bilmir. Cəmiyyətdəki eybəcərliklərə dərhal əks reaksiya
verir. Pis ikən özünü yaxşı qələmə verənlərı, çaldıqları əlin fərqinə
varmayanları, qonşusu üçün quyu qazanları, özgə pulu ilə dəbdəbəli imarətlər
tikdirənləri-bir sözlə, xalqımızın ruhuna zidd olan hər şeyı ən kəskin bir
qələmlə ifşa edir:
Durna uça-uça yatır deyirlər,
Var əl çala-çala yatanlarımız.
Kişilik adını hələ nə qədər,
Namərdlik möhürüylə satanlarımız.
Sabir Rüstəmxanlı zahirən sakit görünür.
Lakin onun daxilində bir ümman çağlayır. Vətən torpağına qəsd edilirsə,
soydaşları qaçqın düşürsə, düşməni düşmən içində qoyub öz aramızda
axtarırlarsa, dünən qorxub döyüş meydanından qaçan, amma bu gün kürsülərdən
düşmək istəməyənləri görüncə o, əsir, coşur, çağlayır. Məhz bu zaman çox sakit
görünən şair üsyankar bir vətəndaşa çevrilir.
Qaranquş yuvamda çöp də yanırsa
Yüz il uyduğumuz gör da yanırsa
Yurdum yad ayaqda tapdalanırsa
Məndən kimliyimi sor vaxtı deyil.
Şeir Sabir Rüstəmxanlı üçün müqəddəsdir.
“Şeir ruhu əbədiləşdirir. Buna görə də şairin zamandan qorxusu yoxdur”-deyir.
S.Rüstəmxanlının şeirləri öz qidasını duyğulardan, arzulardan və bir də
ruhlardan alır. Şairlər müqəddəsdir. “Bütün insanlar torpaqdan yaransalar da
şairlər Allahın övladlarıdır, Allahın belindən gəlir. Burada şair tamamilə
haqlıdır”. Çünki, sevimli peyğəmbərimiz də şairə, şerə böyük ehtiram göstərər,
“Müşrüklərin cavabını şeirlə verin, şeirin dili kəsərli olur” deyərdi. Amma
düşünürəm ki, digər bədii nümunələr kimi şer də vaxtında yazılmalıdır. Elə
şairin özü demiş “Şeir öz zamanına bənzəyir. Keçmişin şeiri keçmişə, indinin
şeiri indiyə”.
Sabir Rüstəmxanlı həyata baxışında bəzi
hallarda nikbin olsa da, sevgisində bir küskünlük, ümidsizlik var. Daha doğrusu
o, öz sevgisində etibarlıdır, sədaqətlidir. Amma öz məhəbbətinə qarşılıqlı
münasibət ala bilmir.
Nə qədər dünyada sənin eşqin var,
Ölüm yalvarsa da barışmaram mən.
-deyərək öz sevgisinə inamını bildirir,
digər tərəfdən də:
Gəlişin ömrümə nə gətirib? Qəm.
Soyuq baxışların zəhərlənmiş ox,
Daha öz-özümə yanan deyiləm,
Gözləsən gözlərəm, gözləməsən yox.
-deyir. Bu, bədbinlik elə bilirəm ki, onun
ilk məhəbətinin uğursuzluğu ilə bağlıdır.
Sabir Rüstəmxanlı milli şairdir. Onun
demək olar ki, bütün əsərləri zamanla səsləşir, xalqın ağrı-acılarını,
arzularını ifadə edir. Azərbaycanı bölgələrə ayıran, soydaşlarımızı istedad və
bacarıqlarına görə deyil, yaşadığı ərazilərə görə qiymətləndirmək onun ən çox
nifrət etdiyi, mübarizə apardığı məsələlərdəndir. Buna qarşı o, ən kəskin
qələmi ilə mübarizə aparır.
Bu bizim Naxçıvan, bu bizim Muğan,
Bu bizim Qarabağ, bu bizim Şirvan,
Hamımız bir ürək, hamımız bir can,
Kim deyir ayıraq sümüyü ətdən
Ayırmaq istəyən qopsun millətdən
Bütün bunları düşündükcə Sabir Rüstəmxanlı
daha da bədbinləşir. “Düşmüşəm öz gözümdən”-deyir. Allah bu millətdən nə
əsirgəyib”?-soruşur şair. Axı, yeraltı, yerüstü sərvətlərlə qaynayıb daşır bu
ölkə. Bəs niyə bəziləri bir parça çörək üçün diz çöküb yalvarır? Niyə əcnəbi
payına göz dikir? Belə insanlar ölüb yox olsalar yaxşıdır. Belə insanların payı
əzrayıldan gəlsə yaxşıdır. Niyə bir-birimizə qənim kəsilmişik? Bütün bunlar
onun onsuz da ikiyə bölünmüş vətənlə yaranlanmış qəlbini ağrıdır. Bir deyimdə
belə deyilir: “Əgər Allah insana ağıl veribsə daha nə verməlidir, əgər ağıl
verməyibsə onda nə vermişdir”?
Sabir Rüstəmxanlığının yüksək bilik
səviyyəsi ona imkan verir ki, o, həyatımızın bütün sahələrinə müraciət etsin,
əsərlər yazsın. Onu hər şey, hətta göylərin hərəkəti də düşündürür. Azərbaycan
tarixinin müxtəlif qaranlıq səhifələri, cəmiyyətdəki hadisələr düşündürür.
Sabir Rüstəmxanlının şəxsiyyətini bir neçə sözlə ifadə etmək mümkün olsa belə
demək olar: Bir gözü gülən, bir gözü ağlayan insan. Vətənimizin müstəqilliyi
onu nə qədər fərəhləndirirsə, ikiyə bölünmüş vətən, torpaqlarımızın işğal
olunması onu daha artıq kədərləndirir.
Sabir Rüstəmxanlının həyat və yaradıcılıq
yolunu şairin aşağıdakı misralarından aydın görmək olar.
Mən kiməm?-Zamanın çəkdiyi şəkil.
Mən kiməm?-dünyanın düşüncələri.
Onun hər bir şerində, hər bir nəsr
əsərində doğma ocağa, torpağa bir bağlılıq hiss olunur. O, heç yerdə aram tuta
bilmir, doğma ocaqdan başqa heç nə onu ovuda bilmir. “Mən ağrının, oyaq
gecələrin, bir də torpağı qarış-qarış gəzməyin
tərəfdarıyam”. Elə bu doğma ocaq üçün də
Sabir Rüstəmxanlı öz canından keçməyə belə hazırdır:
Bir candı qaytarırıq- elə də minnət deyil
Qoy tarix yenə görsün bu adi millət deyil.
Sabir Rüstəmxanlı ilə M.Ə.Sabirin taleyini birləşdirən çox
cəhətlər var. O da Sabir babası kimi millətin taleyinə acıyır, əzilir, təqib
edilir. Amma zülmə dözmür, üsyan edir. O, bütün ömrünü belə yaşayıb.
X.R.Ulutürk Rüstəmxanlının keçdiyi həyat yolunu “kişi ömrü” adlandırır. Onun
yaradıcılığını izləyən hər bir kəs böyük şairimizin bu sözləri ilə razılaşar.
Vaxtı ilə R.Rza da M.Ə.Sabiri “kişi şair “ adlandırmışd. Bu da hər iki Sabir
arasında bir tale oxşarlığıdır. Abbas Səhhət vaxtı ilə yazırdı: “Sabir İran
inqilabına bir ordu qədər xidmət göstərib”. Tam məsuliyyəti ilə demək olarki,
Sabir Rüstəmxanlı da milli birliyimizə bir ordu qədər xidmət göstərmişdir. Onun
bu yöndə fəaliyyəti bu gün də davam edir. O, öz çiynində çox ağır və
məsuliyyətli bir vəzifə daşıyır. 1992-ci ildə yaratdığı Vətəndaş Həmrəyliyi
partiyasının adı partiyanın bütün məramını özündə ifadə edir. O həm də Dünya
Azərbaycanlıları konqresinin sədri kimi məsuliyyətli bir vəzifə daşıyır. Nə
qədər çətinliklərlə qarşılaşsa da bir an belə bu mübarizəni dayandırmır. Bu
yolda sevimli şairimizə, böyük yaradandan can sağlığı arzu edirik.
Yeqzar Cəfərli
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ