Utancaq Mahir - "Bakının ətəyi qısa"

Bu yazıya counter dəfə baxılıb
Bakının ömrü qısa...
Bakı payızda ölür, çıxmır qışa.
Bozarmış səkilər ağardanda hər dişini
Məcburdu piyadalar dəyişsin öz yerişini.
Və şini palçıqlı avtomobillər sürünür.
Donmuş piyadalar tələsik avtobusa minir.
Bir azdan uçacaqlar...
Bakının ətəyi qısa, alt paltarı görünür.

Bakı qocalmış uşaq.
Sürprizlər qucaq-qucaq.
Qar, çovğun uzaq olsun bu şəhərdən!
Bakının ətəyi qısa, o ilk şaxtada donacaq.

Bakı yaman abırsızdır,
Yayda tamam arsızdır,
Bakını alan yoxdur, Bakı qarımış qızdır.
Yox, Bakı əxlaqsızdır.
Üzündə var vəhşi gülüş.
Şəhvani bir zibildi, verir üfunətli öpüş.
O hər gün klublarda, o otel otağında,
O tərləyir, soyuyur şeytanın yatağında.
Stop!
Bakının ətəyi qısa, o daha oxşamır qıza.

Bakının evi yoxdur, küçələrdə gecələyir.
Bakının südü yoxdur, balaları acdır, mələyir.
Bakı sevgidən yoxsul, Bakının ümidi yox,
Bakının sevgi oxu hər dəfə bir daşa dəyir.

Bakı neftdən qazanır, Bakı villalar tikir.
Bakı çox xeyirxahdır, hərəyə bir ağac əkir.
Bakı qlamur, maço,
Bakı Don Kixot, Sanço.
Bakı elitdir.
Bakı, vallah, ətimi tökür.
Bakı dincəlmək üçün uçur hər ay bir kurorta,
Bakı isə ömründə getməyib heç aeroporta.
Bakı illərlə işləyir ki, bir az pul qazana,
Bakı isə sərvətlər xərcləyir zırta-pırta.
Bakının sərvəti çox, insafı yox, fərqi yoxdu acdı ya tox.
Əlimdə olsaydı, sancardım qəlbinə ox!
Bakı min don geyinir, hamısının da ətəyi qısa.
Bakı toydan çıxaraq gedir yasa basa-basa.
Bakı işə gecikir, məhəl qoymur basabasa,
Soxulur avtobusa.
Sürücü basdısa qaza, deməli, uçacaqlar...

Bakının ayaqları ağrıyır...revmatizm.
Dedim axı bu soyuqda ətəyi qısa gəzmə qızım!

Utancaq Mahir

Share on Google Plus

"eqoist": Red Beard

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ