“Hamzatlıdı (yəni, o adam qara qüvvələr tərəfindən lənətlənib), qoyma uşağın üstünə girsin”, “Gəlini onnan qoruyun, sonsuzdu”, “Səhər-səhər qabağımıza o sonsuz çıxdı, bu nə uğur idi”, “Yazığın neçə illərdi övladı olmur”, “Gəlin, yolumuzu dəyişək, uşağı ölüb, düşəri-düşməzi var” və s. və ilaxır. Bu kimi sözlərlə övlad problemi yaşayan insanların (ən çox da qadınların) cəmiyyətdən təcrid edilməsi nə dərəcədə doğrudur?
Əslində isə o insanlar göründükləri kimi deyillər. Dağın dağ olduğunu kənardan baxanlar və dağda nələr olduğunu isə ora yaxınlaşanlar bilər.
Adamlar sonsuz qadınlar, övladsız kişilər haqqında həmişə elə fikirdə olublar ki, sanki o insanlar Allahın lənətlədiyi, içində sevgi olmayan, başqalarının balasının qədrini bilməyən, başqalarına həsədlə, kinlə baxan zümrədirlər. Bu yanaşma təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatının atası olan “Kitabi-Dədə Qorqud”da (Dirsə Xan oğlu Buğac boyu) özünü göstərir: “Xanlar Xanı Bayındır xan “Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına qara keçə döşəyin, önünə qara qoyun ətinin qovurmasından gətirin. Yeyir-yesin, yemirsə – dursun getsin” demişdi. “Oğlu olanı ağ otağa, qızı olanı qırmızı otağa yerləşdirin. Oğlu-qızı olmayanı Allah qarğıyıb, biz də qarğayarıq; qoy bilsin” demişdi”. Bax, elə bu məqam mənim qədim kitabımıza olan sevgimi azaldır. Böyük bir elatın xanı “Oğlu-qızı olmayanı Allah qarğıyıb, biz də qarğayarıq”, deyirsə, deməli rəiyyət də onun dediyini davam etdirəcək. Elə buradan da oğulsuz-qızsızlara insanların baxışı dəyişir.
Dastanda ilk olaraq bu əmr Dirsə xanın başında çatlayır və həmin gündən Bayındır xanla Dirsə xanın arasında düşmənçilik başlayır.
…Allahın lənəti o insanlaradır ki, onlarda Allah sevgisi yoxdur, onlarda vicdan yoxdur, onlar başqalarının dərdinə sevinir, sevincinə dərdlənirlər, onlar özgə əməyini yeyirlər, onlar yalançı, böhtançıdırlar…
Ata var ki, yeddi oğul sahibidir, onlardan biri oğru, biri qatil, biri cibgirdir… Ana var ki, qızı fahişə, oğlu valideynə asidir. Valideyn var ki, övladını boya başa çatdırır və son günündə tək can verir…
Allah-təala insanlara sevinci də, dərdi də eyni bərabərlikdə verir. Sadəcə insanlar o dərdi və sevinci qavraya bildikləri, qəbul etdikləri qədər çəkirlər. Ramiz Rövşən demiş: “Az yaşayan az ölür, çox yaşayan çox”.
Həyat o qədər etibarsız, o qədər insafsızdır ki, elə birinci növbədə ona bel bağlayanları vurur. Altı övlad sahibi bir günün içərisində övladsız (həm fiziki, həm də mənəvi) qala bilər, yaxud illərlə övlada həsrət qalan birisi ömrü boyunca başını uca edən bir övlada sahib ola bilər (“Dədə Qorqud”dakı Dirsə xana qismət olan oğul kimi – igid, qorxmaz, cəsur, sağlam).
Hər gün xəbərlərdən izləyirik: filan ata qızına təcavüz etdi, filan ana övladını döyərək öldürdü, ana körpəsini zibil qutusuna atdı və s. budurmu övlad sahibi olanların övlad sevgisi?!
“Övladı olmayanlarda övlad sevgisi olmaz”, deyimi tam əksinədir: övladı olmayanlarda övlad sevgisi daha yüksəkdir. Arzu arzu oluncamı dəyərlidir, yoxsa arzuya erincəmi?
Odur ki, üzümü cəmiyyətə tuturam: insanları ayırmayın bir-birindən. Övladı olmayana, fiziki qüsuru olanlara… cəmiyyətdən kənar kimi baxmayın. Onlarda ətrafa qarşı kompleks oyatmayın! Onlar sizin təsəvvür etdiyiniz kimi deyillər. Övladsız qadın var ki, valideyninə üz qarası gətirən övladı görüncə min dəfə şükür oxuyur öz gününə, fiziki qüsurlu, mənəviyyatca güclü adamlar var ki, hər əzası yerində lakin, mənəvi cəhətdən qüsurlulara baxıb yüz dəfə şükür deyir.
Hamzatı heç bir qüvvə vermir. Hamzatı insan özü qazanır öz içindəki qara arzularla, qara qüvvələrlə. İlk növbədə özümüzü özümüzdəki hamzatdan qoruyaq!
İRADƏ AYTEL – HAMZATLI QADINLAR
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ