Hədiyyə Şəfaqət- 20 YANVAR ÜÇÜN DÜŞÜNDÜKLƏRİM...

Bu yazıya counter dəfə baxılıb

 Bir  igidin  ömrü  boyda  zaman  keçib
Minlərlə  igid  doğulub   sizdən  sonra
Sinənizdə    açılan  güllə  yerləri  qan  verir  hələ  də
Ruhunuz  dolanır    narahat,
Pəjmürdə..
Sizdən  sonra   nələr  oldu,  nələr...
Ehhhh..
Nələr...
Bu  torpaqlar    qana  susamışdı-sulandı
Qocalar-Siz  nə  görmüsünüz  ki?-deyib  dururdular
Müharibəni  gördük
Od  düşdü  evlərimizə
Sizdən  sonra
Şəhid  məzarı  olmayan  bir  kənd  də  qalmadı
Daha  heç  nə  əvvəlki  kimi  olmadı...
Sonra  susdu  atəşlər
Məğlubiyyəti  daddıq
Çadırlara  sığındıq
Çöllərə  düşdük
Amma  tez  dirçəldik
Hər  şeyin  çəmini  tapdıq
Düşmən  kənarda  qaldı
Öz-özümüzün    canına  daraşdıq
Özümüz  özümüsü  sındırdıq
Özümüz  özümüzü  öldürdük...
Düşmən    ocağı  deyil
Öz  ocağımızı  söndürdük...
Sonra  uğurlu  siyasətin  nəticələrini  dadmağa ,
İdman  sarayları
Avropa  standartlarına  uyğun  məktəblər
Bayraq  meydanları 
Otellər  tikməyə    başladıq
Düşmənə  dağ  çəkmək  üçün
Hər  gedən  rayonun  adına
Üç  şadlıq  evi  ucaltdıq
Adına  layiq  müğənnilər  də  yetişdirdik  bu  saraylara...
Cumduq  meşələrin, dağların  canına
Dənizin  kənarına-
Çəpərləməyi  oyrəndik
“Torpağımızı  satdılar “  deyə  dad  edirdik
Sonra   satmağa  başladıq  qalan  torpaqları
Bir-birimizə...
 Bir-birimizi
Yeni  dəyərlər  kəşf  elədik-
Gül  bayramımız  da  var  hələ
Atəşfəşanlıq-filan...
Qılıncfason  tortlar...
Gör  mətləbdən  nə  qədər  uzaqlaşdım?-
24  il!
Az  deyil!
Bir  igidin  ömründən  də  çoxdur
Adınıza  layiq  igidlərik  daha...
Sizləri  də  unutmuruq
İldə  bir  yol   yolları  bağlayırıq-
Şəhidlər  xiyabanına  rahat  gedə  bilək  deyə
Ekranın  bir  küncündə  qərənfil,
Qara  lent  də  öz  yerində
Hə...
Deyəsən  o  gün
Metro  da    pulsuz  olacaq
20   qəpik...   yenə   hər  nə...
...Sizdən  sonra
Bir  atəşkəs  xətti  də  yarandı
O sərhəddin  o  tayında 
Bu  tayında
  Ugrunda  can  verdiyiniz  nə  vardIsa
Yoxdur  daha
Talandı...

17.01.2014.




Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ