Amil Ağayev 1983-cü il aprel ayının 6-da Sumqayıt şəhərində anadan olub.1990-2000-ci illərdə Sumqayır şəhər M.Muşfiq adına 34 saylı orta məktəbdə təhsil alıb.
2014-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
Ümidlərim əsamdır
Elə bilirdim həsrət
Mənim bitməz cəzamdı.
Yoxluğun-şikəstliyim,
Ümidlərim-əsamdır...
Fərqli bilirdim səni
Eh, hamı kimiymişsən.
Sənsizlik səni mənə
Anlatdı kimiymişsən.
Gözlərimdən gedişin
Əbədi düşmən imiş.
Yoxluğun mənimlə dost,
Səninlə düşmən imiş.
Elə bilirdim həsrət
Əbədiyyən cəzamdı.
Təkliyim-sikəstliyim
Ümidlərim-əsamdı...
Bismillah
Göz yumdum dünyanın hər bir şeyinə
Onu haram bildim özümə, haram.
Min rəngə boyana, min don geyinə
Gözümün ucuyla dönüb baxmaram.
Böyük insanların hədəfi böyük-
Bu, son mövsümdüsə, bu, son yıığmdı.
Bu gün məni əldən salsa da bu "yük"
Sabahkı dincliyim, rahatlığımdı.
Çıxartdım fikrimdən butun gunahı-
Nəfsim iblis kimi qatı düşmənim.
Fikrimi günaha yönəltməm axı
Nəfsimə verdiyim fürsətdi mənim.
...Hələ qüvvədəydi son "çağırnamə"
Hələ sönməmişdi eşqim, ümidim.
Bir azan oxunu bir də iqamə
Mən yeni həyata BİSMİLLAH dedim.
Dözüm
Dözüm nədir görəsən?
Dərdimə qılıncdımı?
Qəlbimə sipərdimi?
Görəsən o olmasa
Mənim qəlbim dərdimi
Daşıya bilərdimi?
Dözüm nədir görəsən?
Əzablarım ölümlə
Qorxudanda qəlbimi
Sanki, bağrına basır
Onu bir ana kimi.
O dərdin ayaq səsin
Gəlişini duyar-duymaz
Qəlbimə həyan olur
Dərdlərimə etiraz.
Ən böyük dərdimi də
O susdurur, o yenir.
Mənim dərdim artdıqca
Dözümüm də güclənir.
Dözüm. Görəsən nədir
Yaranışda bu düyün?
Bəlkə qəlbin dərdlərə
Əsir düşməməsiyçin
Sığındıgı qaladır?
Düşündükcə üstümə
Hücüm çəkdi suallar....
Mən yalnız bunu bildim
Nə yaxşı ki, dözüm var.
"Həvəs"
Bu gün yenə işdən evə dönərkən
Sizin küçənizdən yolumu saldım.
Yolumu bu qədər uzatdım ki, mən
Sənin həsrətini bir az azaldım.
Xəfif bir həyəcan sardı qəlbimi
Üşüuən bədənim qəfil isindi.
Yüngül addımlarım ağır daş kimi
Həsrətin başına düşürdü indi.
Bu da sizin küçə. Döyüşdüm şerlə
Həsrətə bu qədər ömür bəsiydi.
Bir vaxtlar mənimçün bu adi yerlər
Dünyanın ən gözəl mənzərəsiydi.
Sən "həvəs" dediyin məhəbbətdi bu
Bu gün məni yenə gətirib bura.
Əzabdır sevdiyin kəsin yoxluğu,
Həvəs görmüsənmi əzab doğura?
Sən niyə özünü saldın bu şəklə?
Bir anlıq məni də tamam çaşdırdın.
Sən bu məhəbbətə "həvəs" deməklə
Özünü, özünü ucuzlaşdırdın.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ