Hər hadisənin bir ildönümü var. o ildönümlərindən biri də bizim bu günümüzə tuş gəldi.Düz iki yüz il öncə ...
Bir ölkəni zülm altında inlədərək böldülər. Başını bədəndən ayıracaq qədər, böldülər.
Təbriz üstu Maraga
Telini vur daraga
Kinin qargışın tutdu
Düşdüm yardan irəğa.
Bu sözlər Təbrizin Bakıdan ayrıldığı
200 il sonra dillərdən düşməməkdə idi. Bütöv bir ölkəni iki yad, qardaş malı kimi böldü. Bizə qalan yalnız ayrılıq və həsrət duyğuları bir də nisgilli bayatılar oldu.
...Axşamın gün batımında üzü Xudafərinə doğru əyləşib, demsini qalın dodaqları arasında tüstülədirdi. Sakitcə əsən Araz küləyi onun illərin imtahanından keçərək daş kimi möhkəmlənmiş sifətini oxşayırdı.
O, hər gün beləcə oturub üzü cənuba doğru mürgüləyirdi. İllərboyunca sanki cənubdan kiminsə gələcəyini gözləyən bu insanı seyr etmişdim. O , Neman dayı idi. 1946-cı ildə Cənubi Azərbaycandan gələn mücahidlərdən idi. Azərbaycana Pişəvəri ilə birgə gəlmiş bu kişi artıq ömrünün qürubuna çatmışdı.
Sonralar, ona bir az yaxın olmaq üçün, həmsöhbət olmaq üçün onun haqqında nə vardısa öyrənməyə çalışdım.
Mümkün olmadı, heç kim onun kim olduğunu bilmirdi, Neman babanın bu kənddə nə işi olduğunu, bura hardan gəlib çıxdığını bilən yox idi. Onun şirin, amma buralara aid olmayan ləhcəsində başqa bir məna vardı. Sonralar,lap sonralar özü haqda danışdı. Bu onun mənə danışdığı son söhbətlərdən oldu. ..
"Makuda doğulmuşam. Xiyabani Azərbaycanı müstəqil edəndə balaca uşaq idik.O, öldürülən zaman isə evimizdə əsl yas idi. ailəmiz əməlli-başlı yas tutmuşdu. Bu günləri heç zaman unuda bilmirdim. Gecənini birində Maku sərbazların hücumuna məruz qaldı.
Ailəmizin böyüklərinin hamısı öldürülüdü. Balaca olduğum üçün taxtın altına girib, ordan da evin altna açılan qapıdan quyuya düşmüdüm. Necə böyüməyimi isə xatırlamaq çox ağırdır". İllər sonra,İran, fars istibdadından xilas olmaq üçün Seyid Cəfərinin yanına gəldim.
Bunra çatanda gözlərindəki eynəyini çıxardı. Dəsmalı ilə yaşaran gözlərini silib, özünü tarazlamağa çalışırdı. Ona mane olmadan qulaq asırdım. O, Seyid Cəfər Pişəvərinin mühafizə dəstəsinə qoşularaq Azərbaycan Demokrat Firqəsinin yaranmasında iştirak edir.
"Çox sevinirdik. Əsr yarımdan sonra azadlığımıza qovuşmuşduq. Azərbaycannın müstəqilliyi yolunda və Bakı ilə birləşmək yolunda qələbə çalmaqda idik. Bizim tudəçilər Bakıdan gələn bolşeviklərlə birgə Azərbaycan milli hökümətini qurmuşduq.
Əgər o zaman Stalin Sovet qoşunlarını İrandan çəkməsəydi və bizi Tehrana satmasaydı dövlətimizi qura biləcəkdik".
Neman dayı 1946-cı ildə Milli Hökümətin süqutundan sonra Pişəvəriyə qoşulub Şimala gəlir. Hər dəfə isə Pişəvərinin adını çəkəndə isə heç cür sakit ola bilmirdi. Neman dayı, Pişəvərini KQB-nin öldürdüyünü deyirdi.
Beləcə, Neman dayı mənim gözümdə Azərbaycan idi, Təbriz idi. O, mənim yarım qalımış Azırbaycan arzularımın simvolu idi. Sinədəftər idi. Hər dəfə gələndə bir bayatı deyərdi.
Təbriz nağılım mənim
Əli çıraqlım mənim!
Sən ey yolların kimi,
Qolları bağlım mənim.
Beləcə, illəri aylara calaya-calaya Neman dayı ilə iki bölünmüş vətənin dərdini çəkirdik. Günlərin birində axşam vaxtı üzümü tutdum yenə Neman kişinin yanına ..
Adəti üzrə məhəccərdə əyləşməmişdi, heç üzü Araza da baxmırdı.
Asta-atsa həyətə tərəf gəldim, iplə bağlanmış taxta qapını açıb içəri girdim. Bir iki kərə səsləndim. Neman dayı deyəsən, ya yatmışdı, ya da eşitmirdi məni. Qoca kişidir,yəqin yatıb, deyib, həyətdən çıxdım. Amma, kişini də görmədən getmək istəmirdim. Geri qayıdıb, həyəti keçib, evə qalxdım.
Evin qapısı aralı qalmışdı. Arxadan taqqıldatdım, səs gələmədi, qapını itələyib içəri keçdim. Köhnə taxtın üstündə üzü Araza tərəf uzanıb canını tapşırmışdı. Mənim "Bütöv Azərbaycanım" özü də üzü Təbrizə, Araza tərəf canını Allaha əmanət etmişdi.
Uzun-uzadı baxdım,içərimdə son ümidimi də dəfn edirdim. Divarda isə Neman dayının əli ilə ağ vərəqlərə yazılmış şeriləri himnim kimi səslənməkdə idi.
Qollarım dolanar boynuna bir gün
Yenə baş qoyaram dizinə, Təbriz
Həsrətdən, hicrandan cana doymuşam
Doyunca baxaram gözünə, Təbriz.
Əziz Əlibəyli
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ