“Mən necə idiot oldum”

Bu yazıya counter dəfə baxılıb
Bu günlərdə Martin Pajın “Mən necə idiot oldum” romanını oxudum. Əvvəllcə oxumayanları bir balaca əsərlə tanış edim. Əsərin qəhrəmanı Antuan yaşadığı cəmiyyətin səviyyəsinə görə öz intellektindən əziyyət çəkir. Və necə olur olsun bu sərvətindən can qurtarmağa çalışır. O, “nestle”nin məhsullarını yemir, “nike”dan geyinmir. Çünki “Nestle” yeni məhsulları istehlak bazarına çıxarmamışdan əvvəl az təminatlı ailələrin uşaqları üzərində test aparır. Belə  sınaqlardan birində, zavodda yol verilən xəta nəticəsində məhsula fosfor artıq miqdarda qatılır və qidanı qəbul edən uşaqların əksəriyyəti xərcəngə tutulur, bəzilərisə Antuanın dostu Asli kimi əqli cəhətdən geri qalır və fosor artıqlığından qaranlıqda işıq saçır. Antuan paltar alarkən də  diqqət edir ki, Asiyalı uşaqların istismarından istifadə nəticəsində istehsal olunan geyim almasın. Macdonadlsda yemək yemir və tez-tez fikirləşir ki, əgər zorakılığın əlehinə olmasaydı,  bu unformizasiyanın simvolu olan kapitalist mərkəzinə məmnuniyyətlə bomba qoyardı. Dərhal da etiraz edərək düşünür ki, orada tələbələr və istismara məruz qalan insanlar çalışır onlar işsiz qala bilərlər bu da ədalətsizlik olar. O, kartof tikəsini çeynəyərkən, onun Avropada peyda olmasıyla bağlı qanlı hadisəni, Asteklərin verdiyi insan qurbanını xatırlamaya bilmir.
Onun ağlından başqa malik olduğu dəyərli sərvəti dörd dostu, birdə kitablarıdır.  Xülasə ağlının ona əziyyət verdiyi qərarına gələn Antuan ondan canını qurarmaq istəyir. Əvvəlcə bəxtini əyyaşlıqda sınayır, sonra intihara cəhd edir. Hətta intihara hazılayan kurslara da gedir. Alınmır. Daha sonra həkimə müraciət edərək onun beynin bir hissəsini götürməyi xahiş edir. Və təkid edir ki, qan bankı, sperma bankı olduğu kimi beyin bankı da olmalıdı. Həkim ona bodrozak adlı antidepressant qəbul etməyi məsləhət görür. Bodrozak sayəsində Antuan dünyanı çəhrayı rəngdə, daha doğrusu meşşan gözündə görür. Yazarın sözlərilə desək dostunun şirkətində ağlı sayəsində dəllalq edir. Onun sərvətinə sərvət qatır. Köhnə dostları da, kitabları da tərk edir. Maqdonaldsa da gedir, nike, levis, adidas da geyir,dəbdəbəyə də alışır.
Bir gün ağıllı vaxtlarının ən yaxın dostu Floberin yazışmaları ona hədiyyə göndərilir. Sonra Dani Braynın xəyaləti evnə gəlrək onun üçün “mənə bir şans ver” mahnısını oxuyur. Nəhayət dostları tərəfindən oğurlanaraq xilas edilmək üçün “Vutu” magiyasına məruz qalır. Xoruz başlarıyla təşkil olunmuş ritualdan sonra nəhayət Antuan özünə gəlir ama idiot olaraq. Sonda  Kemansl adlı gənc qızla tanış olaraq  Parisi təəccübləndirməyə başlayır.
Antuanın həyatı ilə tanış olandan sonra onu öz cəmiyyətimlə müqayisə elədim. Fərd olaraq yox, cəmiyyət olaraq. Bilmirəm biz Antuanın intellekti səviyyəsində nə vaxt olmuşaq, ağlımız itirmək üçün nələr etmişik və  bu meşşanlıq dövrünə nə vaxt qədəm qoymuşuq. Bildiyim odur ki meşşanlıq dövründəyik. Nestlelərin, Macdonaldsların və başqalarının bizim üzərimizdə hansı eksperimenti apardığını bilmirik, ümumiyyət ləçəmiyyət olaraq belə şylər bizi maraqlandırmır. Dəyişmək, bu yuxudan ayılmaq bizi narahat etmir. Məndən ötsün prinsipi ilə yaşayırıq. Çox uzağa  getmədim. Rəhmətlik Masnaf Süleymanovun Eşitdikləri, Oxuduqları və  Gördüklərindən bəri başladım. Çünki ən azı yüz ildi necə vardıqsa eləyik, bəlkə hələ itirdiklərimiz də var.
Əgər keçən əsrin əvvəllərində miyonçumuz Tağıyev kafir olmadığını  İrana yardımın dayandırmasıyla bağlı canişinin tapşırığını ona çatdıran qalabəyinə  “İrana yardm etmirik, qarışıqlıqda qırılanların çoxlu yetim uşaqları, dul arvadları, qoca ata anaları qalıb. Acından öürlər. Biz əlsiz ayaqsızlara yardım edirik. Yoxsa biz kafir olardıq” deyərək göstərirdisə, indiki milyonçularımız kafir olmamaq üçün 7-8 dəfə ziyarətlərə gedərək, paralarını özləri kimi zənginləri imam süfrələrinə dəvət edərək təsdiq edirlər.
Yenə də o zaman Tiflis bələdiyyə rəisi 4000 maaş aldığı təqdirdə, Bakı milyonçuları lovğalıvqla Kursk şəhərindən ildə 20000 manat maaşla Raiyevi bələdiyyə rəisliyinə dəvət edir. Rayev də lazımi vəzifələrə öz həmyerliərini dəvət edir, şəhərə lazım olan bütün avadanlığı Kurskdan gətirdir. Bir dəfə Dumanın iclasında ictimai ayaq yollarına aftafa qoymağı qərara alanda İsrafil Hacıyev deyir ki, onu da Kursk zavoduna  sifariş verin. 4 aydır Şexülislam vəfat edib mümkünsə onu da ordan gətirin. Indi də bələdiyyə rəisi yox, toylarımızı bir neçə saatı ağılsığmaz məbləğlərə əcnəbi müğənnilər gəlir.
Təmtəraqlı imarət və mehmanxana adları o zaman Marsel, Madrid, Leon, Metropol, Qrand otel  idi, indi də elə bunlara bənzərdir.
O zaman satılmayan qalet qutusuna 5 manatlıq qızıl sikkə qoyb “adə qalet qutusuna beşkil qızıl qoylub” deyən bic Zeynalabdinlərə rast gəlirik. Indi də dəyərsiz hədiyyələri reklam edərək xalqdan milyonlar qazanan işbazlarımız var.
O zaman da ölən varlı kişilərin arvadlarına müştəri düşən “kişilərimiz” var idi indi də var.
Ama bəzi müsbət dəyişikliklə də var. Indi də yüz il əvvəlki kimi dövlətli kişiərin aşnaları xarici qadınlardı. Ama haq üçün deyək ki, indi onları matişkə adlandırmırıq və indi o dövlətli kişilərin arvadları kimin ərinin xarici aşnası gözəl oluğu üstüdə saç yoldusuna çıxmırlar.
O zaman da yalançı şahidlər var idi, indi də var. Fərq ondadı ki, o zaman  torpağın başqasına  aid olmasını sübut etmək üçün ayaqqabının içinə həmin adamın torpağından töküb and içərmişlər ki, and bu qəsəm bu ayağımın altındakı torpaq filankəsə məxsusdu. Indi belə əziyyətlərə ehtiyac qalmayıb.
Onda gözətçilər oğurluq neft alış verişi edənlərin arabalarını ya anbardan doldurur ya da krantı acaraq nefti qonşunun anbarına axıdıb “haqqını” alırdılar. Gözətçilərimiz indi də belə işlər görürlər ama başqa vasitəsilə.
Rotşildin əzəmətli binasının qarşısında yanan qaz fanarının bir gecədə saçdığı işığı on kazarmadakı bütün qaraçıraqlar bir ildə saçmırdı. Indi də həmvətənlilərimiz aylıq normal elektrik qaz sərfiyatı edə bilməzkən şəhərimizi əcnəbi milyonçuların yaşadıqları binaların işıqları bürüyür.
Keçən əsrdə Əlibəy Hüseyinzadənin əli aşağı olduğundan ingilis konsuluna satılan rəsmini “qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdı” deyən, toxuculuq fabrikinin fəhlələri üçün məscıid, fəhlələrin uşaqları üçün məktəb, özləri üçün axşam kursları, dərmanxana, tibb mənəqəsi tikdirən Tağıyev var idi.
O zaman Ağamusanın adı xəslikdə “Qobsekə” çıxsa da  birici realnı məktəbin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinifinə 25 min müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu bunun sayəsində müsəlman uşaqların sayı 50 faizə qalxmışdı.
Onda da Nobellərin mütəxəssis və qulluqçular isveçli idilər. Müsəlmanlara yuxarıdan baxırdılar. Yalnız ağır və çirkli işlər onlara tapşırılırdı. Indi də əcnəbi çamaşıryuyana 2000 manat verilir, yerli işçiyə 300 manat. Aydındı ki, burada əcnəbi ölkədən gəldiyi üçün bir sıra xərclər də daxil edilir. Ama bu məbləğə niyə əcnəbi işçi calışdırılır.
O zaman da tolerant idik, indi də tolerantıq. Müsəlman teatrı binasında erməni truppası da həfftədə bir dəfə öz dilində tamaşa verirdi. Tağıyev özü buna icazə vermişdi və kirayə alınmırdı.
Şəmsi Əsədullayevə Nobellərin qənimi deyilərdi. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyda belə Nobellərin dükanı ilə üzbəüz ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar  və ona mane olardı. 
Yerlilər xarici mütəxəssislərin qarşısında, xarici adı çəkiləndə səcdə edirdilər. Bu da böyük faciə idi. Bu sözlər Manaf Süleymanova aiddir. Hələ də heç nə dəyişməyib. Əcnəbi həkimlərilən, memarların, hətta ustaların belə dəyəri daha çoxdu. Səbəb yalnız bizdə peşəkarların olub-olmamasında deyil. Həm də əcnəbilərə mütəxəssislər müraciət etməklə özümüz haqda, gördüyümüz işlər haqda yüksək fikir formalaşdırmaq istəyimizdədir.
Daha bir fərq var “Sələb” deyilən, bitki kökündən hazırlanan süd rəngində ətri, dadı adama ləzzət vrən bir içiki var. Mən onu öz məmltəkətimdə nə içmişəm, nə də eşitmişəm. Türkiyədə görüb tanımışam. Sən demə o bizdə də olub. Nədənsə bu bir əsr ərzində unudulub.

Yenidən Antuanın aqibətinə qayıdaraq xatırlatmaq istəyirəm ki, onu özün saldığı meşşanlıq yuxusundan biri əqli zəif, başqa biri lezbi olmaqla dörd dostu ayıldaraq ancaq idiot edə bildilər. Bilmirəm bizim cəmiyyəti ayıltmağa belə və ya bundan daha yaxşı dostları vamı. Istənilən halda “dostlar”ın köməyi ilə idiot olmaqdansa öz dəyərlərimiz üzərində inkişaf edərək meşşan xəstəiyindən qurtulmamz lazımdır.

Gülnar Əhməd

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ