Nizələrin ucu qanla itilənir...
qanla ütülənir qırışı xəyanətin də.
xəyanətin qırışını açır kimsə,
kimsə xəyanəti sərir günəşə...
Günəşdə quruyur qan yaddaşımız.
və yalanların bir addımlığında,
həqiqətlərin min ağaclığında
Kufə məktubları kimidi insanlar!
Hər gün bu məktubları oxuyuram
astarınnan üzünə....................
qaşla göz arasında yüyürürəm-
kürəyimdə bir xəncər xırçıltısı,
boğazımda bir qılınc təbəssümü.
Boğazımın kəsilmiş yeri gülür,
gülür qılıncın ağzına.
qılıncın ağzından tökülür gülüşlərim.
və qan gülür qılınclar da.
Hər şey boldu, hər şey.....
bircə sevgidən başqa.
hər şey boldu insanlarda-
nifrət də, riya da, aclıq da, acılıq da...
Kufə məktublarıdı bu adamlar da!
bu məktublarda qanıyır
göyərçinlərin ayaqları da...
mənim qanamağa ayağım yoxdu,
ayaqlarımı Xocalıda qoyub,
qarda soyuqluğumla gəlmişəm qarsızlığa,
kədərimlə gəlmişəm arsızlığa!!!!!!!!
və hər gün qətl günüdü abrımda,
Kərbəlada, Xocalıda,
gəlin otaqlarında....
İmam Hüseyin eşqinə,
məni də oxuyun Urmi gölü kimi,
balaca qara balıq kimi!
...sonra da hamı bir-birini oxusun
Kufə məktubları kimi!
Esmira Məhiqızı
Kufə məktubları
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ