İradə Ayteldən sevgi ətirli şeirlər

Bu yazıya counter dəfə baxılıb

Sevincim ağrımdadır

Əlim aşda, başım daşda,
Allah, aşım ağrım dadır.
Tök içimi sevinc ara,
Tapacaqsan, ağrımdadır.

Yanağımda göz yaşı var,
Saçımın öz naxışı var,
Dərdimin də yaddaşı var,
Salnaməsi bağrımdadı.

Nə tufannan dönəsiyəm,
Nə tufanı yenəsiyəm,
Bir mirvari dənəsiyəm
Puçurları uğrumdadı.

Içində

Elə ünvansızam, elə qəribəm,
Dilimdə danışan ellər içində.
Çırpılır daşlara ümid-gümanım,
Gözümdə çağlayan sellər içində.

Səadət quşunu bulmuşdim zornan,
Qanad saxlamadı yazımda durnam,
Başımnan tökülür mutluluq, anam,
Ağ günüm nazlanır tellər içində.

Çölümnən gizlənib içimi uddum,
Yurd yerim boş qaldı, köçümü uddum,
İynəylə gün qazıb, günaha batdım,
Bircə nur bulmadım illər içində.



SƏN BOYDA

Yalanım Sən, olanım Sən,
Doğrum Sən boyda, Sən boyda.
Məni məndə özü edən,
Oğrum Sən boyda, Sən boyda.

Qaldıqca suçum, günahım,
Getsən, cannan çıxan ahım!
Yarıq-yarıq, qorxu-qorxu,
Bağrım Sən boyda, Sən boyda.

Dar günümdü, Dar ağacım,
Çək sinənə, Sənə köçüm,
Ürəyimin göynərtisi,
Ağrım Sən boyda, Sən boyda.

11.08.13

Qəribəm

Duam Allaha yetmir,
Mən bu dində qəribəm.
Bir qərib də içimdə,
Birəm mində,
Qəribəm.

Məni doğan ögeyim,
Göynəmə göyüm-göyüm,
Suçuyam Yerin, Göyün,
Dolan gendə, qəribəm.

A balamın bələyi,
Yer, sənnəndir diləyim,
Aç köksünü gələyim,
Mən bu təndə qəribəm.

27.11.13

Göydə Tanrım, yerdə sən,
Yer altında balam var.
Bax, sinəmdə bahardı
Dərd tarlamda lalam var.

Düyün düşdü toy-düyün,
Çözməyə çatmaz heyim,
Nə yerinəm, nə Göyün,
Hasar-hasar qalam var.

Toxum ikən bitmədim,
Bircə bara yetmədim,
Anam, izsiz getmədim
Gör nə qədər nalam var..,

29.11.13 Itanbul uçağı

***

Elə düşmüsən yadıma,
Allahla Yer arasında.
Saxlancım da aşkar oldu
Gözlərimin qarasında.

Göynərtim sirdə qalmadı,
Şah vüqar “hür”də qalmadı,
Məlhəmə yer də qalmadı,
Ürəyimin yarasında.

Dərdim məni elə duyur,
Çimirləmir bircə hoyur,
Yerimi Tanrı saxlayır,
İzsizlərin sırasında.

29.11.13 Uçaq
***

Bir ümidsən asılmısan
Taleyimin budağından.
Çiçək-çiçək bəzənsə də,
Bar gətirmir, budağı dan.

Dönük bəxtim geri dönmür,
Iniltimi kiridəmmir,
Ha sökülür  əridəmmir
Sinəmdəki bu dağı dan.

Elə sakit, elə kürsən,
Bəzən qulsan, bəzən hürsən,
Olanları ömrə hörsən,
Aytel, nolar, bu dağı dan.
Dekabr 13

***
Yuvasından perikən
Balaya həsrət quşam.
Gəncliyimə göz dağı,
Məzaram, qara daşam.

Arzularım pərişan,
Dərdim içimdə şan-şan.
Ürəyimdə alışan,
Gözümdə yanan yaşam.

Yorğun düşdü taleyim,
Açılmadı bu düyün,
Bəxt desə, gəlləm yeyin,
Istəməm,
haşam, haşam!
Dekabr 13

Gözümdə yaş qalarmı olar?
Sənnən sonra yollarmı var?
Ölər olsan, ruhuma var,
Can yoraram, bağışlamam!

Ümidim nənnimdə dəcəl,
Ümidə son laylam əcəl.
Nənnimə də gözümdəcə,
Gor quraram, bağışlamam!

Göy tutular fəğanımla,
Yer qabarar dağ canımla,
Tanrını da üsyanımla
Durduraram, bağışlamam!

21 dekabr 2013

***


Səndən sonra
Saçlarım tumarını itirdi
Cığır-cığır,
Bəyaz-bəyaz
           yolaqlar kimi,
Səndən sonra
Əllərim istisini itirdi
Bircə nəfəslik hənirə həsrət
Tüstüsü kor qalan
             ocaqlar kimi,
Səndən sonra gözlərim sevincini,
Ürəyim puçur-puçur arzusunu,
İlk yazını itirdi
Baharda xəzan geymiş
Budaqlar kimi.
Səndən sonra
Sevməyən,
Sevinməyən,
Solğun üzü gülməyən,
Bir yadım zəbt etdi məni
Qaldım
Anadan yetim,
Can eşidib, can görməyən
Uşaqlar kimi...
Gəl..
Gəl də
         azad eylə içimdəki bu köləni....

Dekabr 2013

***

Qar qızın qara dərdi...

Xoşbəxt “Qar qız” yoxdu...


Bəyaz arzularındı
Qar əlbisənə hopub.
Qış gedincə qaralacaq,
Ürəyində qor olacaq,
Sevgidən aralı qız,
Qar qız,
ay yaralı qız!

Sinəndə ürəyin var,
Tanrıdan diləyin var...
Sən ki Qar qız deyilsən!
Bir tikə çörək üçün
Saatlarca ayaq üstə
Uşaqla uşaq olursan,
Qocayla qocalırsan.
Sən ki Qar qız deyilsən!

Bəzən
Qar qızı əynindən çıxarıb,
Özünə qaçmağın gəlir,
Evdə yolunu gözləyən
Balana uçmağın gəlir.
Dayan, qar qız!
Şaxta baba şaxtalanar,
Sərt baxışı şillə olar üzündəcə
Elə o an
Yada düşər balanın
Şaxta babaya məktubu,
Məktub dilə gələr sanki
Buz pərdəli cibindəcə:
“Şaxta baba, gəlincik al gəlincə,
Rəngli şarlar bol olsun,
Noğul, qogal, güllü don,
Bir də, tez gəl, sən gəl ki,
Anam da sənlə gəlsin”.

Qar gedəcək,
Dar gələcək
Yenə də köynəyin sənə,
Yuxunu haram edəcək.
Sinəndə göynəyin sənə.
Bu ili yola verdin,
Arzunu, gəncliyini
Qar qız olub
Pula verdin.
Şaxta baba məktubunu
Oxudu,
Aldı gəldi.
Balan bayram gecəsi
Sevindi, dedi, güldü.
Qar əridi..
Qara dərdin ərimədi
Qara günün ağarmadı,
Gözünü yolda qoyan
Ərin səni çağırmadı...

Bəyaz arzularındı
Qar əlbisənə hopub.
Qış gedincə qaralacaq,
Ürəyində qor olacaq.
Sevgidən aralı qız,
Qar qız,
ay yaralı qız!



Dekabr 2012-13




Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ