Siz yazılarınızdan görünürsünüz, zəif adamlar!

Bu yazıya counter dəfə baxılıb
(və ya ədəbiyyatda yeni (ə)dəb)

...yenə gecəni ortaladım. Beynim internet səhifələrini vərəqləməyə and içib. "Oxu" deyir mənə, mən də oxuyuram. Və başlayıram işığını yandırmaqdan ehtiyat elədiyim otaqda populyar yazarların "əsər"lərini oxumağa. Sonuç?
...zəiflik. Bəli, zəiflik. 
Mən heç kimin yazı tərzinə irad bildirəcək ədəbi gücdə və məntiqdə deyiləm. Haqda da deyiləm. Amma...
...amma üzümü bu günün məşhuri-cahan olan kişi yazarlarına tutub ürəyimdəkiləri deməmək də mənim işim deyil! 
...siz ədəbiyyat yaradırsınız, cənablar. Daha doğrusu yaratdığınızı zənn edirsiniz. Çünki ədəbiyyat güclü, iradəli duyğuların məhsuludur. Necə ki, böyük Sabir sabun satdı, amma satira yaratdı. Kirli, dağınıq geyimdə şəhərin məşhur küçələrində, bahalı sərxoş kimi dolaşıb oranın görünməyən hansısa zirzəmisindəki çay evində nisyə çay içmək adama şair dedirdirsə, onda bu işin ədəbi harada qaldı? Əmək sərf eləmədən arada bir-iki yazı qaralamaq da ədəbiyyatdan deyil. Siz zəifsiniz, dostlar. Çayxanada "ədəbi söhbətlər" eləyib, o çayçıya "dayı" deyərək "bu dəfə də yaxşı qurtardıq" deyib çıxmaqdansa gündüzləri fəhlə çalışıb, ev qura, evinizə çörək qazana, gecələri də şirin bir yorğunluqla öz evinizdə (aylıq dərdindən sahibəsinə eşq elan elədiyiniz kirayədə deyil!) istədiyiniz yazını yazmaq daha gözəl olmazmı? Min bir nəvazişlə sizə çay dəmləyən xanımınızla səadətinizdən ilhamlanıb böyük əsərlər yaratmaq daha yaxşı fikirdir, məncə. 
Heç də çarəsizlikdən dəm vurmayın. Hamının özünə görə səbəbləri və çarəsizlikləri təbii ki, var.  İnanın mənə, sizin elədiyiniz acizlik deyil, fədakarlıq hissinin tənbəlliyə qurban edilməsidir. Yazan adamlar yaxşı bilir ki, özünü kimdən gizləsə də yazısından gizləyə bilmir, çünki o, sadəcə o yazıda odur. Başqa heç bir yerdə özü ola bilməsə də. 
Sözüm sizədir, yazıram deyənlər, ucuz, ədəbsiz, əxlaqsız manşetli saytların f5-i sayəsində oxunma rekordları qıranlar!
Yazılarınızdan çarəsizliyiniz tökülür... 
Yoxluğunuz, aclığınız, mənəviyyatsızlığınız...
...qadınsızlığınız...
Biz bu qədərmi nazildik, incəldik? Göründüyünüzün fərqində deyilsinizmi, cənablar? Saydıqlarım əyninizə gen olan paltarlarınız kimi üstünüzdən tökülür...
Kişi kasıb olar, pulsuz olar, ac olar. Nə olar ki, heç kim anasının qarnından varlı və ya kasıb doğulmur. Nə vaxtsa zəngin olacağının da zəmanəti yoxdur. Ömürdür, qismətdir, nə bilmək olar sabah nə gətirəcək?
Amma kişi mənəviyyatsız olmaz! Mentaliteti təhqir edirsiniz, susuruq, millətçi duyğularımızı əzib keçirsiniz, susuruq, dəyərlərimizə toxunursunuz, əşi, yum qulaqlarını, eşitmə, görmə deyib yan keçirik, dinmirik, bu dəfə də yaxamızdan yapışıb bu lənətə gəlmiş "azad intim həyat" iyrəncliyini ortaya atırsınız.   Qüsura baxmayın, bəylər, burda susmaq kişilikdən deyil! Ha "kişilik" də sizin təfəkkürünüzdəki düşüncədən ibarət deyil, onun cinsi olmur. Onun ölçüsü sizin əmmədiyiniz südlə ölçülür. 
Hər kəsin bildiklərini yazıya alıb nə özümü nə də oxucuları kiçiltmək istəmirəm, sadəcə üzümü onlara tutub demək istəyirəm ki, 
- Siz yazılarınızdan görünürsünüz, zəif adamlar!

Nigar İsfəndiyarqızı
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ