Ya sevinc yaşamaq, ya da ki kədər,
Ömür günlərini varaqlamaqdır.
Yoxuşda dəyanət, enişdə hünər…
Həyatın mənasın soraqlamaqdır.
Ruhumu yandırar qəlbimin közü,
Deməsəm qəlbimdən gələn hər sözü.
Görməmək doğrunu, deməmək düzü,
Dərdi dərd üstünə qalaqlamaqdır.
Hər kəsə açıqdır hünər meydanı,
Hünərin vardısa, gir onu tanı!
Xalq özü pəhləvan edər insanı,
Özün tərifləmək sarsaqlamaqdır.
İnsana yaraşmaz olmuşu danmaq,
Qaydasız hər işə gözünü yummaq.
Zəhmətsiz, Tanrıdan bir tikə ummaq,
Yuxuda dən görmək, sayaqlamaqdır.
Ay Ümman, açılsın könlünün pası,
Söz söylə, söz olsun həyat aynası.
Mənim hüququmun tapdalanması,
İlan quyruğunu ayaqlamaqdır!
Qanun Ümman Qahablı
6 aprel 2010-cu il
Ayaqlamaqdır
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ