Almas İldırım

Bu yazıya counter dəfə baxılıb

“Almas İldırım ideolojimiz üçün zərərli bir insandır. Bizə inanmaq şərtiylə aramızda qalmaq diləyində isə, bu arzusunu mətbuat vasitəsilə bildirməlidir”.
“Zəhmət” qəzeti, Aşqabad, 10 avqust 1932-ci il.
Cumhuriyyət elan olunanda onun 11 yaşı var idi. Cumhuriyyət işğal olunanda artıq 13 yaşlı uşaq idi və bu işğal onun gözlərinin qarşısında oldu.
Azərbaycan mühacir ədəbiyyatının güzgüsü olan Almas İldırımın şeirləri daha çox yurdundan uzaqda qalmanın acılığını, yurdunun əsirliyini, türk yurdlarına olan həsrəti əks etdirir. Azərbaycan oxucusu üçün “Qara dastan”, “Əsir Azərbaycanım”, “Dağlar” əsərləri ilə tanınan Almas İldırımın fərqli məzmunlu şeirləri də mövcuddur ki, ənənədən kənara çıxaraq bu yazıda onun yaşamının bəzi hissələrini və digər maraqlı şeirləri nəzərinizə çatdıracağam.
“Nə üçün şair doğuldum”
O, 1907-ci ildə Bakının Qala kəndində doğulsa da, beş il sonra Şüvəlanda, 1920-ci ildə isə Çəmbərəkənddə yaşayır. Güneydən gəlmiş fəhlələrin övladlarının dərs aldığı “İttihad” məktəbində oxuyan Əbülhəsən (Almasın əsl adı) fars dilinə mükəmməl yiyələnir. Almasın bilinən ilk şeiri olan “Qaldı” rədifli qoşmasının burada oxuyarkən yazdığı ehtimal olunur. 1925-ci ildə buranı bitirdikdən sonra Abdulla Şaiqin Nümunə məktəbində təhsil alır.  1926-da “Gənc  qızıl qələmlər” cəmiyyətində şeirləri dərc olunur, bir il sonra daxil olduğu ADU-nun şərqşünaslıq fakultəsindən atasının tacir olması iddiası ilə xaric olunur. Buna qəzəblənən şair “Dağlara vida” şeirini yazır. Əsl səbəb isə onun İstanbulda “Həyat” dərgisində şeirlərinin çapı, həmin şeirlərinin məzmunu idi. Almasın 1927-ci ildə yazdığı “Nə üçün” şeiri təqiblərə, haqsızlıqlara qarşı üsyan idi, bu üsyan o qədər güclü idi ki, Almas, “nə üçün şair doğuldum” misrasına qədər fəryad çəkir. 1927-ci ildə A.İldırım “Azərbaycan Proletar  Yazıçıları  Cəmiyyəti”nin üzvü kimi yaradıcılığını davam etdirir.
“Almas kimilərin başları sovet çəkici ilə əzilməlidir”
Bu cümlə həmin dövrün tənqidçisi Əsəd Əyyubiyə məxsusdur və Almasa qarşı yönələn tənqidlərin əsasında onun Hüseyn Cavid və Əhməd Cavad irsinin davamçısı kimi göstərilməsi idi. 1929-cu ildə o Dağıstana sürgün edilir, “Dağıstan füqərası” qəzetinin redaktoru Məmməd Kazım Ələkbərlinin dəstəyi ilə müxbir vəzifəsinə  işə düzəlir, həmin qəzetdə  dərc etdirdiyi  şeirləri ilə əhali  arasında nüfuz qazanır. 1930-cu ildə “Dağlar səslənirkən” adlı ilk kitabı Azərnəşr tərəfindən çap olunsa da, kommunizm əleyhinə fikirlər olduğu iddiası ilə mağazalardan yığışdırılır. Onu ittiham edən yazıların birində (“Kommunist” qəzetinin 1931-ci il 2 mart tarixli sayı, “Dağlar səslənirkən” adlı məqalə, müəllif  B.Zəngili) Almas haqqında yazılır:   ”A.İldırım yeni həyatın bütün müvəffəqiyyətlərini qadın və qızlar üzərində görür. O, hələ də öz ilhamını qızlar və yaşıl təpələrdən almaqdadır”.
1931-ci ildə Almas “Səlimxan” poemasını yazaraq dağlıların mübarizəsini qabardır, bundan sonra ehtiyat edərək Bakıya qayıdır, lakin bu dəfə də Aşqabada sürgün edilir. Burada Almas əslən güneyli Zivər xanımla evlənir, Azər adlı oğlu doğulur, “Zəhmət” qəzetində işə düzəlir. Yenə də təqiblərə məruz qalan Almas İrana gedir, orada işgəncələr gördükdən sonra Türkiyəyə qaça bilir, 1934-cü ildə Türkiyə vətəndaşlığını qazanır. Burada müxtəlif dövlət vəzifələrində çalışır, “Boğulmayan bir səs” adlı kitabı çap olunur, Azərbaycan Kültür Dərnəyinə üzv olur, “Çinaraltı”, “Orxun”, “Gökbörü”, “Boz qurd”, “Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə çap olunur.
Bakının Qala kəndində doğulan şair 1952-ci ildə Malatyanın Qala qəsəbəsində dünyasını dəyişir.
Bir xatirə
Şairin oğlu Azər Almas atası ilə bağlı bir xatirəni belə qeyd edib:
“Bir gün türk valisi xəritə  və bayrağı görərək  atamdan hiddətlə, bu nə deməkdir” soruşur.
- Bu vətən deməkdir, – atam sakitcə cavab verir.
- Bəs bura nədir?
- Azərbaycan mənim birinci vətənim, Türkiyə isə
ikinci vətənimdir -deyir”.
“Nəriman, ölərkən düşündünmü…”
Qeyd etdik ki, bu yazıda Almasın türkçülükdən kənar şeirlərinə diqqət yetirəcik.  Onun bu qəbildən maraqlı şeirlərindən biri Nərimanovun ölümü ilə bağlı yazdığı əsəridir.
Üfüqdən axdınmı, səndə söndünmü
Sardı ölüm rəngi, dodaqlarını
Nəriman, ölərkən heç düşündünmü?
Şərqin ıssız qalan bucaqlarını
“Yan, ey Britaniya”
Almas İldırımın şeirlərinin maraqlı mövzulardan biri də imperializmə qarşı savaşdır. “Hindistanda fırtına” şeirində ingilislərin Hindistanı müstəmləkə altında saxlamasına etiraz olaraq hind xalqının nəhayət dirəşərək qalib gələcəyinin müjdəsinin verir:
Yan, ey məlun Britaniya, yan
Hind qurtulur
Yarın olur
Azad olur Hindistan.
Qərb imperializminə qarşı dirənən şeirlərdən biridə “Qərbə” şeiridir.
Səni ey Qərb fələklər ağlatmaz
Bir qədər bəklə sən də, səndə bir az
Səni yalnız bir ağladan olacaq
O da əlbət, qızıl, qızıl bayraq
“Parisə xitab “ şeirində isə Fransa salonlarında içilən şərabların, yıxılan rus çarının içdikləri ilə müqayisə edilir. “Sen çağlar” şeirində isə Paris cəmiyyətində ac uşaqların, anaların küçələrə atılması, qızların fahişəliyə cəlb edilməsi, Sena çayının öldürülən insanların meyidlərinin qanını daşıdığını, bunun isə mədəniyyət adı ilə təqdim olunmasına qarşı çıxır, bir zamanlar irmaqların inqilab coşğusuyla axdığı Paris Kommunası dövrünü xatırladır.
Mühacirətdə isə gənc Almas İldırımdan fərqli olaraq artıq Türkiyədə yaşayan Almas qərbi deyil, kommunizmi lənətləyirdi:
Buraxın parçalansın, zülmün haqsız yapısı
Silinsin Yer üzündən kommunizmin kabusu
“Moskva” şeirində bütün barbarlığın, cinayətin mərkəzinin kommunist ideologiya ilə idarə olunan Moskvanın olduğunu göstərirdi.
Əxlaqsız Roma papası
“Allah naminə” adlı şeirində Roma papasının müharibə başlatdığı xəbərinin teleqraflardan yayılmasına cavab olaraq Almas kəskin bir şeir yazır, din xadimlərinin Allah və din yolunda qanlı qarşıdurmalara, savaşlara, əxlaqsızlıqlara səbəb olmasını göstərir:
Zənnimcə, papam, sənin ömrün də pək az qaldı
Sən, öz vicdanınla, söylə, varmıdır, Allah?
Ey Roma qızlarının qoynunda yatan papa..
Dönük qardaş
1944-cü ildə 187 azərbaycanlı döyüşçü Türkiyəyə sığınır, lakin onlar Türkiyə tərəfindən SSRİ-yə təslim edilir və təslim edildiyi anda 187 nəfərin hamısı güllələnir. Almas bu hadisədən təsirlənərək “Dönük qardaş” şeirini yazaraq Türkiyənin bu addımını qardaşcasına tənqid edir:
Azəri, türk, türkmən… varmı ayrılıq
Hardan doğdu bu imanzsı sayrılıq
Bir gündə əkizləri ölən şair
1936-cı ildə Almasın Eldəgəz və Yurdavar adlı əkiz oğlanları doğulur. Lakin həmin əkizlər çox yaşamır və şairin bütün ümidləri (şeirində bu ümidlərini əks etdirib) ölür və o bu acısını uşaqların anaları üçün yazdığı “Bir gündə ölən əkizlər” şeirində əbədiləşdirir: “Artıq onlar gömüldü…Ağlama, yazıq ana”…
Son
1936-cı ildə Almas İldırım Azərbaycan türklərinə belə bir hayqırış edir:
“Ey azəri türk, ey vətəndaşım.
Sənin qarət olunmuş haqqından doğan daşqınlığa tərcüman olayım deyə hayqırdım… Nə yazıq ki, bu hayqırış sonunda qırıq-tökük çıxan hıçqırıqlarımdan ibarət boğuq bir səs oldu…
Ah.. Bu səsdə belə səni, həm sənin eşqini, həsrətini, qəribliyini azacıq da olsa, yaşada bildimsə, nə mutlu mana…”
Yazı ilk dəfə Kulis.az dərgisində yayımlanıb
Dilqəm Əhməd

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ