Son zamanlar ailə-məişət zəminində qətllərin
sayı durmadan artır. Və əgər törədilən qətllərin
statistikasına nəzər salsaq, görərik ki, bütün cinayətlərin kökündə əxlaqsızlıq
və əxlaqsızlıqdan doğan səbəblər durur.
Bir müddət öncə Biləsuvar rayonunda baş
vermiş qeyri-adi cinayət hadisəsi yəqin ki, yadınızdadır. Bu hadisədə zərərçəkmiş
gunahkar hesab edilsə də, hadisəyə bir qədər başqa müstəvidən baxmaq
lazımdır. Düşünürəm ki, qadının razılığı
olmadan heç br kişi onunla zorla münasibətdə ola bilməz. Hələ üstəlik, bu qadın evlidirsə... Tez-tez
kişilərin qeyrətsizliyini dilə gətirib, hamını eyni gözdə görən xanımlarımız
bilməlidir ki, Azərbaycan kişisi qeyrətsiz deyil. Kişi hər hansı bir səhv
addımı atırsa, bu addıma onu qadın sürükləyir...
Nə isə, danışacağım əsas mövzu əxlaqsızlığın
təbliği və bəzi jurnalistlərimizin axmaq yazıları ilə bağlıdır. Düşünürəm ki, cəmiyyətdə
artan əxlaqsızlıqların, xəyanətlərin kökündə
əxlaqsızlğın təbliği durur. Bu
gün hər hansı bir xanım internetə girib, rahatlıqla məlumatlanmaq qabiliyyətinə
malikdir. Saytlarımızın isə maşallahı var. İnformasiya savaşında qalib gəlmək,
reytinq yüksəltmək, oxunaqlı olmaq üçün saytlar yataq otağından hamama qədər
bütün hər şeyi xəbərə çevirə bilirlər.
Bir neçə gün öncə saytların biri Rəqsanənin
otel otağında yataqda çəkilmiş fotolarını yayımlamışdı. Başqa bir saytda isə
guya şəhərin elit xanımlarının reklamı gedirdi. Səhv etmirəmsə, yazılardan
birinin başlığı belə idi: “Kişilərlə paylaşmağı sevirəm...”
Nədir bu? Belə xəbərlər nəyi təbliğ
edir?
Təbii ki, bütün bu kimi xəbər
materilları xalq arasında əxlaqsızlığı təbliğ edir. Bu gün hər hansı gənc bir
xanım Rəqsanənin qızını, tanımadığımız digər “elit” xanımların yataq
otaqlarından tutmuş qarderobuna kimi görürsə, təbii ki, bu gəncdə də eyni istəklər
baş qaldırır. Bu gənc də gördüyü yaşıdları kimi yaxşı yaşamaq, geyinmək istəyir.
Bu dövrdə isə yaxşı yaşamağın yolları hamıya bəllidir.
Bəzi jurnalistlərimiz də 20-30 manat əlavə
qazanmağa görə, verdikləri xəbərlərin nə kimi fəsadları olacağını düşünmədən nəyi
bacardılar, nəyi gördülər yazırlar. Yazılarda mentalitet, ciddilik, məsuliyyət hiss olunmur. Hər hansı
belə xəbəri oxuyanda yazının qonarar xətrinə
yazıldğını hiss edirsən. Artıq
jurnalistlərin də dəyəri pulla ölçülür, “bu jurnalist filan müğənninin
yatağından reportaj hazırlayıb”, “hə, bu yazıya yaxşı qonarar düşür” deyir bəzi
redaktorlarımız.
Bayaqdan “jurnalistlərimiz- jurnalistlərimiz”
deyirəm, az qala redaktorları unutmuşdum.
Xəbəri jurnalist yazırsa da, o, redaktorun nəzarətindən keçəndən sonra
yayımlanır. Belə çıxır ki, bu gün belə xəbərləri hazırlayan, yayan saytlarda əxlaq
hissi çoxdan ölüb. Jurnalisti-redaktoru qarışıq bu saytlar əxlaqsızlıq
yuvasından başqa bir şey deyildir. Sadəcə, bir fərq var ki, bu saytlar “bədənlərini”
deyil, “dillərini”satırlar.
Rəqsanənin 5 gündən bir ər dəyişməsi, Mehriban Xanlarovanın kəbinli əri tərfindən
döyülməsi, hansısa teleaparıcının erotik şəkillər çəkdirməsi, ərindən boşanan
kimi efirə cumub oxumağa çalışanın
başına gələnlər, səsi olmadığı üçün bədənin ortaya qoyan müğənniciklərin
“biznesi” axı kasıb xalqın nəyinə lazımdır?
Sizin verdiyiniz xəbərlərə baxan bir çox
ağılsız qadın elə hesab edir ki, boşanıb müğənni olsa, həyatı lüks olacaq. Bu səbəbdən dağılır ailələr. Sizin xəbərlərə baxan qadınlar düşünür ki, “Mənim
nəyim Rəqsanədən əksikdir, ağzım-burnum yerində, silikonum da yoxdur, məni niyə
sevməsinlər, mən niyə qazanmayım, niyə mənim həyatımda yaxşı pullu kişi
olmasın?”
Sizdən acizanə bir ricam var: evdə
uşağınızın çörəyini düşündüyünüz kimi, yazdığınız yazıların nəticələrini də
düşünün... Əxlaqsızlığı bəlkə özünüz də fərqinə varmadan, siz təbliğ edirsiniz.
Belə səbəblərdən dağılır ailələr, belə səbəblərdən
kişilərin əli qana batır. Heç bir kişi həyatı barmaqlıqlar arasına keçirmək həvəsində
olacaq qədər axmaq deyil. Sizin 30-40 manat qazanacağınız xəbərlərin ucbatından
insanların həyatı məhv olur, fahişələrin sayı artır, cinayətlər gündən-günə
çoxalır. Sizin yazılarınız insanlarda psixoloji problemlər yaradır. Sizə heç kəs “dur” deməyəcək. Çünki nə vəzifəli
şəxsləri söyürsünüz, nə də ciddi işlərlə məşğul olursunuz.
Vicdanınıza qulaq asın... Axı sizin də
ailəniz, ananız, bacınız var...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ