Dayanar yol kənarında
hər gün bir uşaq.
Hər gün bir uşaq dayanar
yol kənarında.
Çəkər yolların tozunu kirpiklərinə,
soruşar atasını hamıdan.
Bilməyənlər "görmədim" deyər,
Bilənlər,
başını tumarlayıb keçər...
Atasının ayaqqabısını
geyinib qaçan uşaq
maşınları da ötüb keçəcəyini düşünər...
Bağlaya bilmədiyi ayaqqabının ipləri
dolaşar ayaqlarına –
yıxılar üzü üstə,
yıxılar atasızlığa...
Hərif hər gün ataya məktub yazar
hərfsiz bir əlifbada.
Tanrıdan, bir də mələklərdən başqa
kimsə bilməz bu əlifbanı.
Tək qalınca,
çəkilib bir küncə,
göndərər bütün parabüzənləri
atasının dalınca:
"Uç, uç, qarı nənə, mənə atamı gətir"...
Bir daşın üstünə çıxıb
əllərini yuxarıya uzadan uşaq
Allaha toxunacağını düşünər...
Qalxar hündürə, lap hündürə –
barmaqlarının ucuna!
Amma yenə toxuna bilməz,
çatmaz əlləri Ona...
Bir gün hürkər –
görəndə çiynindən çıxan
ağappaq, ağappaq lələkləri...
“Ata! Ata!”, – qışqırar.
Qışqırar,
pərən salar çiynindəki mələkləri.
Atar özünü
lələklərinin ucundakı həsrətdən,
nə ölüsünü görən olar, nə dirisini –
yer üzündə bir uşaq azalar,
göy üzündə bir mələk çoxalar...
Müharibədən sonra
Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub qaçardıq həmişə...
Hərdən yuxuma girirdi Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar ölümün nə demək olduğunu bildiyindən
başa düşürdülər atalarının öldüyünü.
Analarından gizlədərdilər
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər
atalarının qisasını almağa...
Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan...
Sözlü qızlar sevgilərini qaçaqaçda salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş cocuqlarının atasıydı...
Hər evə böyüdülmüş bir əsgər şəkli qaldı və...
qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı...
Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan dul Sürəyya
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam deyirdi:
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”...
Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...
Sürəyya deyirdi:
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı –
qızcığaz saymağı bacarmırdı çünki…
Bir çay qaşığı ümid
Hava proqnozunda dedilər ki,
Somaliyə qar yağacaq...
Görəsən, Somalidəki uşaqların ürəyindən
qartopu oynamaq keçirmi?
Afrikalı bir uşaq,
yol kənarında oturub,
xəyalları ilə oynayır.
Amma xəyalına belə gəlmir,
NTV-də italyan salatının hazırlanması:
Holland pendir 200qr.
Bolqar bibəri.
Şüyüd.
Reyhan.
Zeytun.
Mayonez.
O uşağa isə anası Afrika salatı hazırlayır:
BİR damcı göz yaşı.
Bir DAMCI göz yaşı.
Bir damcı GÖZ yaşı.
Bir damcı göz YAŞI.
Və bir çay qaşığı ÜMİD.
Kimdən soruşdum bilmədi,
Bilmirsiniz,
indi Somalidə neçə dərəcə soyuq var?..
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ