Xəyalə Sevil- Üzün yaddaşımda xatirə kimi

Bu yazıya counter dəfə baxılıb
 
Daha alışmışam həqiqətinə,
Daha boğazımda qəhərim yoxdu.
Eh daha kiminsən,səninki kimdi,
Hardasan, nəçisən xəbərim yoxdu.
 
Üzün yaddaşımda xatirə kimi,
Hayana çevirsəm yaşın 22
Gör neçə il boyda böyümüşük biz,
Gör neçə ildi ki,öldü bu sevgi.
 
Qurutdum könlümün məhəbbətini,
Dəfdər arasında  gül kimi qaldı.
Ha dedim ki nifrət eliyim sənə
Nifrətim qəlbimdə qul kimi qaldı.
 
Qoşa görünməyən iki yadıq biz,
Sən orda,mən burda döndük həyata.
Ayrı ünvanlarda ayrı adıq biz,
Mən ana olmuşan,sən isə ata.
 
Məhəbbət ömrümün 20 yaşından,
Əziz xatirə tək gülümsər mənə.
Səndən bir nağıllıq sevgimiz qaldı,                                                  
Bir də xatirələr...bu qədər mənə

***
Yoxsan

Biri vardı, biri yoxdu,
Var olan da yoxa çıxdı.
Dönüb ürəyimə baxdım,
Gördüm yoxsan.

Daha məni şamla ara
Ki, qaranlığın ağara.
Hörüklərimi ağ,qara
Hördüm yoxsan.

İki yola ayrılırıq,
Sağa,sola ayrılırıq.
Ömrümüz  axar çay idi,
Ayrı qola ayrılırıq.
Dərdim yoxsan.

***

Sənə...

Yox, mən səni demirəm,
Biri varıydı,biri...

Gördüm dilimdə qalıb,
Dərinə çəkdim onu.
Ürəyimin ən təmiz,
Yerinə çəkdim onu.
Adını əzizlədim,
Şerimə çəkdim onu.
Yox, mən səni demirəm,
Biri varıydı,biri...

Könlü sevgi  tutmadı,
Dili xoş söz tutanım,
Eşqi qəpik-quruş tək,
Yollarda unudanım.
Dönüb baxım geriyə,
Kimi sevmişdim deyə
İndi mənmi utanım?
Yox mən səni demirəm,
Biri varıydı, biri...

Üzüm döndüyü yerə,
Könlüm də dönüb daha.
Ağıllanıb həsrətim,
Alovu sönüb daha.
Arzusu yağış kimi
Torpağa enib daha.
Yox, mən səni demirəm,
Biri varıydı, biri...
O bir vaxtlar könlümdə
Diri varıydı,diri...   

Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ