Sarı yarpaqlar kimi üşüyən ürəyinin
incə tellərinə toxunan kim idi, nə idi, hələ də bilmirdi. Bəlkə də, bilmək
istəmirdi. Hardasa bu tellərin titrəməsindən də razı idi. Nə də olsa, o, bu
taleyin atılmış qadını hesab edirdi özünü…
***
…Səhər oyandığında yataqda tək idi.
Pəncərədən bayırda havanın buludlu olmasını gördü, yataqdan qalxmağa ərindi,
elə-beləcə, o tərəf-bu tərəfə çevrildi. Bir anlıq tək olmağından, yanında
kimsənin olmamasından istifadə edib özü haqqında fikirləşmək istədi. Və… Və
bunu bacardı… Sanki özü haqda başqa birisi kimi fikir söyləyirdi…
Ömrünün 25 ilindən 20 ilini
xatırlayırdı. O 20 ili ki, ata-anası orda yox idi. 5 yaşında uşaq evinə
verilmişdi. Xahiş olunmuşdu ki, adı, soyadı dəyişilsin. Sonradan müdirə
“xala”nın dediyinə görə, anası qapıdan çıxanda sadəcə gülümsəyib və “Sevgimin
səhvi sizə əmanət”-deyib. Müdirə xala isə ona yeni bir ad fikirləşməyib, özünü
əziyyətə salmayıb, elə onu belə çağırıb: Xətayə…
Kiminsə bir anlıq şəhvətinin
nəticəsi kimi həyatda yeri olduğuna görə taleyini də, özünü də qınayırdı
həmişə, bu günsə yox, qınaq yeri o deyildi. Bəlkə də hələ qınamağa kimisə
axtarırdı. 13 nəhsdir deyirlər, bəlkə də elə uşaq evində keçən 13 ilinin onun
üçün ən çətin, ən pis olduğunu düşünürdü. Burda nə qədər döyülmüşdü, nə qədər
təhqir edilmişdi. Özündən bir-iki yaş böyük oğlanların əlini bədəninin müxtəlif
yerlərində hiss etdikcə nələr yaşamamışdı onun balaca ürəyi. Onların
əhatəsindən çıxıb qaçınca arxasınca gələn qışqırtılar da qulağında idi: “Müdirə
xalaya deyəcəyik Xətayə paltarının yaxasını qəsdən açır ki, serialdakı qızlara
oxşasın. Hələ bir ordakı qızlar kimi öpüşməyi də bilir. Görərsən, deyəcəyik.”
Əlbəttə, oğlanlar bunu demirdilər.
Çünki, Xətayəni gələn dəfə öz otaqlarına çağırıb əlləriylə ona toxunmaq imkanından
məhrum olardırlar. Əslində, Xətayə də dinc duran deyildi. Qaranlıq düşüb hər
kəs öz otağına çəkilincə o, gizlicə mətbəxə qaçar, aşpaz qadınla bir yerdə
xarici seriallara baxar, özünü ordakı qızlara, həqiqətən, oxşadardı. Saçını
açıb tökməyi, sinəsini daha da qabartması, ətəyinin belini qatlaması, və daha
nə oyunlardan çıxması onun diqqət mərkəzində olmasına səbəb olurdu. Xətayə də
bundan məmnun qalardı. Və serialdakı kimi öpüşməyi bacardığını da Mənsura sübut
etdikdən sonra artıq oğlanlar ondan əl çəkmirdi. Xətayə isə gündə bir neçə
saatlığa televizora baxmağının xətrinə oğlanların otağından yolunu salmağa
məcbur idi. Hələ bu oğlanlar ona şəhərə çıxınca kosmetika da gətirirdilər.
Beləcə, sanki onlar arasında gizli saziş vardı. 18 yaşının tamam olduğu gün də
onu uşaq evindən yola salan təkcə oğlanlar idi. Müdirə xalanın otağından əlində
sənədləri çıxanda əsgərliyə yaşı düşməyən oğlanlar onu alqışla yola saldılar. O
isə Mənsurdan başqa hamıya eyni gözlə baxırdı: bir dəfə əlini ona toxundurub,
kosmetika alan axmaqlar kimi. Mənsur bir il öncə əsgərliyə getmişdi. Onun
yerini hələ alan yox idi. Və ona elə gəlirdi ki, bu bataqlıqdan çıxmağına
Mənsur da sevinərdi.
Bundan sonrakı 7 ili isə o,
xatırlamaq istəmirdi, həyat kitabından silmək istəyirdi. Bir il oteldə xadimə
işləmişdi, elə orda da qalırdı. 19 yaşının tamam olduğu gün isə özü üçün qeyd
eləmək istəmişdi doğum gününü. Bir az içib varlı bank işçisinin nömrəsində
gecələmişdi. Səhər isə artıq bakirə deyildi…
Və bundan sonra onun üçün hansı
nömrədə, kiminlə gecələməsinin əhəmiyyəti olmamışdı. Bildiyi tək bircə şey idi.
İlk dəfə qoynuna girdiyi bank işçisinin bankda onun adına açdığı hesabda
sıfırların sayı hər il bir az daha artırdı. Pulunun dəyərini bilmirdi, bəlkə də
bilmək istəmirdi. Onu necə “qazandığını”
bilirdi…
…Dünən axşam yenə həmin bank
işçisinin qoynuna girmişdi. Xətayəyə elə gəlirdi ki, bütün başqa kişilərdən
fərqli bu insan onunçün əhəmiyyətlidir. Nə də olsa, bakirəliyini ona qurban
vermişdi. Adını belə bilmədiyi, sadəcə “əzizim” deyə çağırdığı bu insanın ona
tale hədiyyəsi olduğunu düşünürdü. Bu gündən daha onu görməyəcəkdi. Çünki,
əzizi başqa ölkəyə gedirdi. Sonuncu gecəsini onunla birgə keçirmişdi. Bəlkə də,
bu da Xətayənin ona olan son hədiyyəsi idi.
Əzizi isə onun yuxudan ayılmasını belə
gözləməmiş, çıxıb getmişdi. Bəlkə də, onu oyatmaq istəməmişdi. Nə isə… Artıq
əhəmiyyəti yox idi…
…Bu gün ilk dəfə olaraq Xətayə
pullarını hesablamaq qərarına gəldi. Ardınca bir qərara daha gəldi: burdan
çıxınca başqa bir şəhərə üz tutacaq, özünə ev alacaq, uşaq evində özünə verdiyi
bəzəkdən qadınlara verəcək, gözəllik salonu açacaq, işçi kimi də yalnız uşaq
evlərindən çıxan qızları götürəcək… Və onun bədəninə bir daha kiminsə
toxunmasına icazə verməyəcək…
…Yataqdan qalxıb geyindi. Saçına bir
az əl gəzdirib otaqdan çıxdı. Liftin yanında lakeyin gülümsəməsinə cavab
vermədi. Hətta, onun uzanan əlinə vurdu. İlk dəfə qadın sərtliyinin boz üzünə
büründü:
-Mənə toxunmayın!
***
Onun arzuları böyük idi. əzilən,
qırılan, kiminsə gözündə fahişə, kiminsə gözündə atılmış qadın hesab olunan
Xətayə kişilərin bir gecəlik istifadə edib atdığı əşya deyil, taleyin, sözün
əsl mənasında, atılmış qadını idi… Qarşıda onu nə gözləyirdi, onu da bilmirdi.
..Tale öz atılmış qadınına acıyacaqdımı, yoxsa ona daha bir şans verəcəkdimi?
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ