Hekayə
Yayın cırhacır vaxtı idi. Neçə gün idi
ki, günəş göydən od ələyirdi. İstidən ağacların yarpaqları da qovrulub
bükülmüşdü. Əldə bükülüb, qoltuğa qoyulan qəzetə bənzəyirdi.
Ağacın budaqları
da üzünü günəşə tərəf tutmaqdan çəkinirmiş kimi başını torpağa əymişdi. Havadan
qovruq iyi gəlirdi. Belə bir gündə kənddə ev-eşik ola-ola uşaqları şəhərdə
saxlamaq özü bir günah idi. Elə bir iş-güc qalmamışdı, məktəb yay tətilinə
bağlanmışdı. Arabir gedib məktəbə dəyir, müəllimlərlə ordan-burdan söhbət edib
evə qayıdırdıq. Pulu, maaşımızı gözləyirdik, hələ almamışdıq. Alsaydıq, rayona,
kəndə gedib yaxşıca dincəlmək olardı. Neçə gün bundan əvvəl atam da kənddən
zəng eləmişdi:
- A bala, yayın istisində o şəhərdə
uşaqlari niyə bişirirsiz? Onları da götürün gəlin bir az istirahət eləyin,
mer-meyvənin bol, kəndin yaxşı vaxtıdı. Gözümüz yolda qalıb...
Yalandan dedim
ki, vacib işlərim var, qurtarım, gələcəyik. Əslində özüm də darıxırdım kəndə
getmək üçün. Amma pul-parasız, əliboş atıla-atıla hara gedəsən? Hara hərləsən
hər üzünə yaxşı çıxmırdı.
***
Axşamtərəfi hava
bir az sınmışdı, hərdənbir sərin meh əsirdi. Stol qoyub həyətdə uşaqlarla çay
içirdik. Evə baş salmaq mümkün deyildi. İçəridə bürkü adamı boğurdu. Birdən
telofonuma zəng gəldi. Köhnə tanışım, qəzet redaktoru Fərhad idi.
-Alo! Eşidirəm.
- Salam müəllim,
mənəm, Fərhad müəllim. Necəsiniz?
-Sağ olun,
Fərhad müəllim.
-Həə, sizi
ürəkdən təbrik edirəm, müəllim! Şeirlərinizi qəzetimizin bu nömrəsində çap
etmişik. Bilirsiniz necə gurultu qoparıb? Bəs necə!.. Həqiqi sənət əsəri belədi
də!
-Sağ olun,
minnətdaram! - Dil-ağız elədim. - Köşkdən alıb baxaram…
-Nə? Köşkdən
alıb baxarsan? Ayıb sözdü, müəllim. Sizinçün on dənə ayırıb qoymuşam qırağa.
-Mənə xəcalət
verirsiniz...
-Xəcalətli
düşmənin olsun! Necə bilirsən, deyirəm, bu münasibətlə bir görüşək, hə?..
-Nə deyirəm,
görüşək deyirsən, görüşək də.
Səhəri gün
görüşməyi şərtləşdik. Fikirləşdim ki, sabah əvvəl gedib bankomatdan maaşımı çıxardaram,
sonra da Fərhada babat bir qonaqlıq verərəm. Zaraft deyil, hər nədi, kişi o
boyda yaxşılıq eləyib.
***
Fərhadla iki ay
bundan əvvəl küçədə təsadüfən rastlaşmışdıq. Tələbəlik illərindən tanışdıq.
Eyni institutda oxumuşduq. O da mənim kimi gec evlənmişdi, hələ də kirayədə
yaşayırdı. Yaxşı ki, uşaqlarımız balacaydı, yükümüz o qədər ağır deyildi.
Ordan-burdan
söhbətləşərək hal-əhval tutduqdan sonra Fərhad çantasından bir qəzet çıxarıb
mənə göstərdi:
-Başımı başlara
qoşmuşam, - dedi, - qəzet buraxıram. Artıq 3 sayı işıq üzü görüb.
Qəzeti alıb
vərəqlədim. Adı “Müəllim dünyası” idi. Amma hər şeydən yazı vardı. Uğurlar
arzuladım.
Fərhad soruşdu:
-Yazırsanmı? -
Başımı tərpətməklə təsdiqlədim. - Yazdıqlarını yenə sandığa yığmaqla məşğulsan,
yoxsa çap etdirməyə başlamısan?
Tələbəlik
illərindən şeir yazsam da onları çap etdirməyə ürək eləmirdim. Bundan Fərhadın
xəbəri vardı.
-Hələ yox, -
dedim.
-Yeri gəlmişkən,
bizim qəzetimizdə çap etdirə bilərsən. Bəsdi özünü qorxutdun. Sən bəzi ad
çıxartmış şairlərdən yaxşı yazırsan.
-Nə bilim, -
dedim.
-Düz sözümdü,
mənə inan. Göndər çap edim, bir də görəcəksən şöhrətin ölkəynən birdi.
-Əşi, sən də
şişirtmə, nə şöhrət-filan... Adi şeirlərdi. Bir də, indi kimdi şeirə-sənətə
qiymət verən, oxuyan...
-Sənə elə gəlir,
canım. Sən onları mənə göndər, qalanı ilə işin yoxdu.
Ayrılarkən bir
də təkid etdi. Mən də dilucu “yaxşı, göndərərəm”, - söz verdim.
***
Aradan bir həftə keçmişdi. Fərhad yenə
zəng etdi:
-Nə oldu, şeirləri gözləyirəm. Niyə
göndərmirsən?..
- Başım qarışıqdı, - dedim, -
göndərərəm.
Könülsüz də olsa şeirlərimdən bir
xeylisini seçib göndərdim.
Səhərisi Fərhad telefonda şeirlərimi
oxuduğunu söylədi, onları o ki var təriflədi. Növbəti nömrənin bir qoşa
səhifəsini mənə həsr edəcəyini dedi. Təcili şəklimi də istədi. Onu da
göndərdim...
***
Uşaqlarınmı bəxtindəndi (istidən canları
qurtaracaqdı), Fərhadınmı, maaşımızı “bankomata” yükləmişdilər. Pulları çıxarıb
cibimə basdım. Əvvəl evə zəng vurdum. Arvad-uşağı sevindirdim. Dedim,
hazırlaşın, kəndə gedirik.
Bankomatdan təzəcə aralanmışdım Fərhadla
rastlaşdım. Demə, bu tərəflərdə işi varmış. Çox mehriban görüşdük. O saat da
başladı:
-Sənə dedim axı. Bilirsən dost-tanış
şeirlərini necə qarşılayıb? Dünəndən bəri hərə bir tərəfdən zəng vurub səninlə
maraqlanır, şeirlərini tərifləyir. Belə getsə bir-iki aya şöhrətin bütün ölkəni
bürüyəcək.
-Sağ ol, - utana-utana dil-ağız elədim.
Qoltuğundakı qəzetləri bu dəfə mənim
qoltuğuma verdi. Özümü də yaxınlıqdakı çayxanaya çəkdi.
Fərhad, doğrudan da, qəzetin bir qoşa
səhifəsini mənim şəklimə, şeirlərimə həsr etmişdi. Baxıb tez də kənara qoydum.
Evdə arxayınca, doyunca baxmağa vaxtım çox olacaqdı.
Çayımızı içə-içə ordan-burdan
söhbətləşirdik. Arada təklif etdim ki, kafelərin birinə gedək, qəlyanaltı
eləyək, Fərhad razılaşmadı. Demə qara qızın dərdi başqa imiş.
Birdən-birə
bulud kimi tutuldu.
-Açığı, müəllim, bu nömrə üstümə ziyana
oturub. Əvvəlki nömrələri tanış direktorlara paylayır, məktəblərdə müəllimlərə
satdırırdım. Mətbəəyə bir az borcum vardı, tapıb ödəyincə gecikdim. Məktəblər
bağlandı, müəllimlər tətilə buraxıldılar. Diretorlar qəzetimə yaxın durmadılar,
qaldı belimdə. Heç bilmirəm bu yükün altından necə çıxacağam?! Evdə uşağın biri
xəstədi. Onu müalicə etdirmək üçün təcili pul lazımdı. Nə isə, başımı lap
itirmişəm.
-Belə ki, çətindi, gərək bu işə
girişməyəydin.
-Nə bilim,
dost-tanış həvəsləndirdi. Dedim, yəqin kömək durarlar. Amma durmadılar, hərəsi
bir tərəfə dağıldı, qaldım tək.
Halına yansam da
əlimdən bir iş gəlmirdi. Ona görə də susurdum.
-Bəlkə siz mənə bir az kömək edəsiniz,
müəllim? - Gözlənilmədən dedi.
Karıxıb qaldım. Bilmədim nə cavab verim.
Dadar-doymaz maaşımı güclə almışdım. Valideynlərimin gözü yoldaydı.
Arvad-uşağım yəqin indi kəndə getməyə hazırlaşır, məni gözləyirdilər.
-Axı mən sənə necə kömək edə bilərəm? -
dedim. - Tutaq ki, on-on beş, lap iyirmi-otuz qəzet aldım, bununla sənin yaran
sağalacaq?
-Yox, müəllim,
mənim yaram o cür sağalan deyil.
Dediyi məbləği
dilinə gətirəndə mat qaldım. Elə bil iy çəkmişdi, bankomatdan nə qədər pul
çıxardığımdan xəbəri vardı.
Ona yazığım
gəldi. Xüsusən xəstə uşağına. Dalını-qabağını fikirləşmədən özümə bir qədər
xərclik saxlayıb maaşımın hamısını onun ovcuna basdım.
-Amma qəzetin
hamısını mənə verəcəksən, - dedim.
-Nəyinə lazımdı?
- Soruşdu.
Metroda öz şeir
kitabını sərnişinlərə satan şair yadıma düşdü.
-Aparıb satacağam, - dedim.
-Sən küçədə qəzet satacaqsan? - Təəccüblə
dedi.
-Məgər mən küçədə qəzet satanlardan
artığam, ya onlar məndən əskikdi?
Qəzeti taksiyə qoyub evə gətirdim.
Arvadım sevincək qarşıma yeridi.
-Kənddəkilərə hədiyyə-filan almısan?..
-Hə, - istehza ilə qımışdım.
Qəzetləri görəndə gözü kəlləsinə şıxdı.
-Hamısı qəzetdi ki!
-Qəzet olmağına qəzetdi, arvad, amma adi
qəzet deyil, onlarda mənim şeirlərim, həm də ilk şeirlərim çap olunub!
-Olsun də, bu qədəri neynirsən?
-Satacağam! - Hirslə dedi.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ