
Mən,
bir çıxılmazın
içində qalmışam.
heç yana yol yoxdur.
Sükutdan on addım irəli,
ümiddən on addım arxada
heçliyin sonuncu döngəsi
adlanan bir yerdir.
Çatlaq divarların üzünə hopmuşam.
Hardansa tanış bir səs gəlir:
“ Qadınım, çiçəyim, əzizim, darıxma, döz bir az”
Daşın üzərində daş kimi donmuşam
yoxsan....
Sən qurbət kimisən,
mən, burda – vətəndə qəribəm.
Qayıtsan, sükutu taparsan
orda görüşərik.
Sükutun içində
əsirəm, yesirəm, gücsüzəm..
yoxsan....
Burda hər gun sənsiz ötüşür.
Gecənin yarısı
səsziz və səmirsiz
pərvanə ölümü başlanır.
Od tutmuş həsrətin başına dolanır
çırpınır, yorulur
gecənin yarısı çıxır can
yoxsan....
Qayıtsan, bu şəhər
və yollar
səni tanıyacaq,
bu acı, bu sitəm
beləmi çəkilər, deyəcək.
yorğun izlərimiz
səni incidəcək.
Qayıtsan, sükutu unutma,
qayıtsan, heçliyi unutma!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ