Esmira Mehiqızı - Gülmək qədər də böyümədi dodaqlarım

Bu yazıya counter dəfə baxılıb
Uçmaq qədər də böyümədi qollarım, amma boşluqların adam itkisini qucmaq üçün böyüdü. Hər gün qırılmış qanadlarımı bağrıma basıram.... bağrımın başında itirdiyim kəslərin boş yerləri hava axını kimi. Küləklər aparır hamının yerini, hamının yerində qucağım boş qalır. Bilmirəm qucduğum kimin boş yeridir özündən sonra...ya ölümündən sonra. Gülmək qədər də böyümədi dodaqlarım, amma qaçmaq qədər böyüdü. Dodağımın uclarındakı gülüşlər də qaçdı dodaqlarım qaçdıqca... tutub saxlaya da bilmədim ki, -hara qaçırsan, dost? Sevgi qədər böyümədim özüm də, amma ayrılıq qədər böyüdüm. Ayrılıqların boyu bir qəbir boydaydı elə... mən bir qəbir boyda böyüdüm, onnan artıq böyüyə bilmədim. Böyüyə bilmədim uçmaq qədər, sevinmək, sevmək qədər. Böyüyə bilmədi əllərim də, əllərimdən qabaq əllərimin vida yerləri böyüdü.... böyüdü gözlərimdən qabaq gözlərimin ağlamaq yerləri... Məndən qabaq böyüdü mənsizlik də... böyümək qədər böyümədi ürəyim də. Mən ölmək qədər böyüdüm!
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ