Emin Piri- Gəl, döy qapımı

Bu yazıya counter dəfə baxılıb
Çətin keçib uşaqlığım, ayaqqabım yırtılardı Böyüyəndə ayağım. ayağınız böyüməsin deyə dua etmisinizmi heç?! Uşaqlıq illərim asan keçməyib... Bir az çətin olub uşaq illərim. Sərhəddin tikanlı məftilləri kimi görünərdi kasıb uşaqlarının gözündə məktəb bufetinin qapısı. O sərhədi keçə bilmək alın yazımıza qarşı ən böyük üsyan idi. bəlkə də həyatımızın ən böyük inqilabı. Anamın erkən ağaran saçlarında görünürdü ala bilmədiyi oyuncaqlar. Taleyin oyuncağına çevrilmişdik. Bəs hardaydı Körpələri sevən Tanrı?! Hindus olmasaq da, atamızın cibinə görə bölmüşdülər bizi sinif otaqlarında Kastalara. Dəniz suları okean sularına qarışmadığı kimi Bizi qarışdırmazdılar... Heç də sevgidən udmur Okean balıqları Dəniz balıqlarını. Oynayanda belə varlı uşaqları Bizi özlərinə yaraşdırmazdılar. Paltarının yamağını gizlətməkdi varlıların gözündən Kasıb uşaqlarının oyunu. Kişilər ağlamaz deyən anam yerimə özü ağlardı. Nağıl söylərdi, göydən üç alma düşməzdi nağıllarında, deməzdi bunu anam- birdən ürəyimiz alma istəyər... lll Cənnət anaların ayağı altındadı deyən qadın bətnində doğratdığı körpə bədənini yığıb ayaqları altına qalxır cənnətə sarı. Burda Hippokrat andına, körpə qanı axıdaraq and içirlər. Kimlərinsə ömür boyu arzuladığı körpə səsi cərrah bıçağıyla kəsilir... Şeytan boylanır ağ xalatlı pəncərədən gözləri bərəlib dizləri əsir ürəyi dözmür baxmağa. qadın dözür ancaq Və baxır.. Öz fəryadından tutulan qulaqları eşidə bilmir bətnindəki körpənin “yaşamaq istəyirəm” hayqırtısını. Alın yazısında həyat ana bətnindən abort stoluna kimi uzanan yolmuş. Küncə atılmış körpə bədəni əllərini açıb göyə “mən təsliməm, ana, yetər bu işgəncə! “- deyib yalvarır. lll dünyanın ən təmiz yalanı Yağma qar, yağma əlcəyim olmasa da əllərim üşümür mənim. atamın “daha yeddi yaşın var böyük kişisən heç kişi də əlcək taxar?!” sözləri üşüdür məni. yalan danışmağı bacarmır atam dodaqlarının titrəməsindən gözlərinin dolmasından bilinir ciblərinin yalanı. qar qardaş, dünyanın ən təmiz yalanı sənsən. qar qardaş, mənə görə yox atama görə yağma o, yalan danışmağı bacarmır ata oğul arasına girmə, qar. Yağma, çirkli əllər atmasın səni çirkli ayaqlar altında əzməsinlər təmizliyini. təmiz dillər çirklənməsin sənə görə, yağma. uşaqların sızıldayan barmaqlarında üşümə, isti əlcəklərində qızın, qar. ...Uşaq əllərini özləmişdi qar qar vardı uşaqlar yoxdu müharibə qovmuşdu yavruları torpaqlarından. onların yerində tanklar oynayırdı. qar ağlayırdı uşaqlarçün, can verirdi tankların qanlı tırtılları altında. qar istəyir uşaqlar tanksız, yalansız, əlcəkli qar. yağırsansa belə yağ qar! lll Gəl, döy qapımı... yolun uzaqdı bilirəm, əziyyət çəkmə, sizə gətirrəm qapımı döy, ürəyin döyünən qədər. Yaşayıb güldürmədim səni doyunca. qoy, ölüm... doyunca ağladım səni. Tanrım, sənin də yanında yalançı oldum, göndərə bilmədim əmanətini. sənə də can borcum qalıb, nisyə dəftərinə yazarsan məni. lll Ölənlər oyanıb çıxa qəbirdən durub dirilərin qaza qəbrini. gedəsən sevdiyin qəbrin üstünə görəsən yazılıb: bir zarafatdı. Şeytan da bezikib çıxa özündən içindən Allahın özü boylana dönüb arxasıyca gələn bəndəyə: “Yaman aldatdım ha...” Deyə! Sancıdan qıvrılan anaya məktub gələ bətnindəki körpədən: məni gözləməyin, bu, zarafatdı. 75 yaşında döyülə qapın- məktəbdə sevdiyin qızdı qayıdıb. əlində əsanın qoyduğu qabar toxuna saçlarına... Qoşulub İblisə çıxıb gedəsən Allahın dalınca qeybət edəsən arxanca mələklər yalvara Allah da göydən qışqıra: Emin, bu, zarafat deyil?! lll Sabahın xeyir, Allah! yuxuda səni görmüşəm bir az narahat qalmışam orda həyatın necədi? sözün necə, keçirmi mələklər arasında?! ancaq... mələklərin də can alıb can satır sənin adından, səndən yuxarı uçurlar sənin altında... Uşaq vaxtı böyüklərdən soruşardım yerini deyərdilər göydəsən. baxardım göyə bulud da göydə sən də. göydən lopa-lopa qar yağır, yağış yağır bəs niyə Allah yağmır?! bir uşaq arzusuna yağış kimi yağ səninlə islanım başdan ayağa mən başdan ayağa sən olum, Allah! Buralarda deyirlər ki sən yoxsan nə dedim inanmadılar istədim yerini deyəm qorxdum baxmazlar Allahsan qıyarlar sənə də lap yolundan çıxardıb Allahsız edərlər Səni. qorxma səninçün dua edəcəm: Tanrı səni qorusun, Allah! lll Bakının bəkarəti Qız qalas ı, tək tənha yalqız qalası... Harda darıxan varsa Qız qalasını göstər. Hər qız qalası yanında bir oğlan qalasın istər. Ancaq Şuşa qalasına qonaq getmək də keçir könlündən bizim Qız qalasının. Səhəng alıb çiyninə sudan gəldiyi günlər qalıb dabanı altda, qalıb zamanın altda. Anlaya bilmir ayaq səslərinə dolaşan əcnəbi sözləri, kəlmələri, uzaqlardan gəlmələri. Dolanbac pillələrdə fırlanır zamanın başı Qız qalası- dənizə uzanan barmağımızda üzüyün qaşı. Gecələr qoynuna qaçıb cırmaqlayar dalğalar ətəyini tutsa, guya qalxıb siləcək əs rlərdən bəri doluxsunan gözlərini. qucaqlayıb bu qalanın kölgəsini üzünə sürtər dəniz. Uyuyar işıqlı şəhər, pıçıltıyla danışar dalğalar,- birdən oyansa Bakı sual dolu baxışlarına Qız qalası nə cavab verər?! səhər Qız qalası üz-gözündə dənizin izi. Günəş boylanar qızarar öpüş yeri, qızarar qalanın qızı... əsrlərin daş yaddaşında süzər qolları dövrəsindəki qızlarla yallı getmək istəyər- qollarını açan olsa. Bəlkə də qoşulub gedər Götürüb qaçan olsa.
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ