Bir
çoxumuz ya hər gün, ya günaşırı, ya da bir neçə gündən bir meyvə yeyirik. Yəni hamımız meyvələrin
dadından xəbərdarıq. Lakin gəlin bir dəqiqəlik
şaftalının, portağalın, üzümün və digər meyvələrin dadını, tamını və tam
təqlid edilə bilməyən ecazkar aromatını yenidən düşünək. Şaftalının dadını və
aromatını təsəvvür etdinizmi? Sizcə bu dərəcə fantastik bir dad və aromat
torpaqdan necə çıxa bilir? Yəni torpaqda
belə bir dadın olmadığını hamımız bilirik. Ağacın da kimyəvi laboratoriya
olmadığını da hamımız bilirik. Əmin olmaq üçün ağacı kəsib içinə də baxa
bilərik, bildiyimiz odun parçasıdır. Və bir şeyi də xatırladım ki, heç bir
meyvənin aromatı öz orijinallığı ilə tam təqlid edilə bilməyib. Kimyəvi yolla
düzəldilən süni aromatların heç biri
meyvədən aldığımız əvəzsiz dadı və aromatı verə bilməz. Mən bunu
təfəkkür etməyimizin maraqlı olacağını düşünürəm. Ümumiyyətlə, sizcə bir meyvənin dadı nəyə lazımdır? Əslində, bu sualın cavabı ən başlıca suala aparıb çıxarır. Yəni biz necə var
olmuşuq? Meyvənin dadı ilə həyatın necə yarandığının nə əlaqəsi?
Əlaqəsi
budur ki, əgər həyatın, canlıların var olması Kimsə tərəfindən məqsədli şəkildə yaradılmağa
əsaslanmırsa, sadəcə öz-özünə ortaya
çıxıb və şüursuz şəkildə təbii şərtlərin
təsiri və vasitəsilə dəyişə-dəyişə,
inkişaf edə-edə, bir sözlə, təkamül
keçirərək bu günkü formasına gəlib çıxıbsa, onda bu prosesdə zövqə, həzzə gərək olmalı idimi?
Həqiqətən, bu fikir doğrudursa, onda
təbiətin həyat üçün qoyduğu
(!) tək qanun sadəcə
sağ qalmaq üçün mübarizə aparmaqdan
ibarət olardı. Yəni güclünün zəifi əzdiyi və güclülərin təkamül keçirərək
bir-bir yeni canlı növlərinə çevrildiyi bir
plan. Bu sistemdə əsas və tək amil sadəcə
həyatda qala bilməkdən ibarət olduğu üçün belə bir dünyada zövq, həzz, gözəllik və estetika nəyə
lazımdır? Yəni əhəmiyyətli olan bir canlının həyatda
qalmağıdırsa və bütün təbiət
öz-özünə buna nizamlanıbsa (!) gözəl
çiçəklərin, bəzəkli quşların, füsunkar
mənzərələrin, təbiətdəki və canlılardakı
estetikanın, meyvələrdəki heyranedici
dadların, məxsusi aromatların bu sistemdə yeri vardırmı? Yəni bir canlının sağ qalması
üçün meyvənin tərkibindəki vitamin kifayət
edir, hətta dad olsa belə, aromata nə
ehtiyac var? Yaxud canlılardakı gözəlliyə,
zərifliyə nə ehtiyac var? Çünki təsvir etdiyimiz dünyada hər şey ehtiyaca
görə nizamlanıbsa, həzz bir ehtiyac
deyil. Həzzin qəbul etdiyimiz qaynağın
bizə qalan faydası ilə bir əlaqəsi yoxdur. Həzz tamamilə metafizik anlayışdır. Ümumiyyətlə, həzz anlayışın mahiyyəti uzun
mövzudur. Başqa bir yazıda ona da toxunarıq. Bu yazıda qeyd etmək istədiyim
odur ki, dünya yuxarıda təsvir etdiyimiz kimidirsə, bizə həzz verən heç bir qaynağın, əslində,
həzz verən qismi olmamalı idi. Çünki bu məntiqlə lazımsız sayılır. Çünki
təkamülümüzdə heç bir rolu yoxdur. İndi
isə gəlin bir az əksini düşünək.
Mən bir
meyvəni yeyəndə ondan əvəzsiz həzz alıramsa; bir gülə, çiçəyə baxanda mənə zövq verirsə,
bunun mənə maddi olaraq faydası olmadığına görə, deməli,
dünya bizim yuxarıda təsvir etdiyimiz kimi deyil. Yuxarıda mövzunu meyvənin dadından bəhs
edərək açmışdıq. Deməli, meyvə dadının
verdiyi həzzin dünyanın və həyatın yaradılışı ilə birbaşa
əlaqəsi vardır.
Həzzin qaynağını araşdırdığımız zaman həyatın, əslində, öz-özünə
ortaya çıxmadığı, bir Varlıq tərəfindən yaradıldığı aydın olur. Dərin təfəkkür etdiyimiz zaman meyvə dadı belə, Allah`ın varlığını hiss etməyimizə vəsilə ola
bilər. Sadəcə heç bir şeyə qarşı laqeyd münasibət
göstərməmək çox önəmlidir. Bir şaftalının, almanın və ya üzümün dadı necə ola
bilər ki, tam insanın sevdiyi kimi
olsun? Yəni hər hansı vitaminin, yaxud başqa bir maddənin
miqdarının azca dəyişməsi valehedici dadı
çox iyrənc edə bilər. Bəs necə olur ki,
insanın zövqü bilinirmiş kimi, bütün meyvələrin dadı tam zövqümüzə
uyğundur? Burdan çox açıq-aşkar bəlli
olur ki, meyvəni də, insanı da yaradan eyni Yaradıcıdır. Bütün meyvələrin dadı insan üçün yaradılıbsa, bunu qavrayan insan üçün hər şey çox aydındır. Hər şey üstün güc, qüvvət və elm sahibi olan
Allah tərəfindən yaradılıb.
Savalan Məmmədli
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ