Sən özgə ocağa gəlin köçən gün

Bu yazıya counter dəfə baxılıb
İlkin Abbas

"Sən özgə ocağa gəlin köçən gün,
Özün əllərinlə qəbrimi qazdın..."
--------------------------------------------------
ADSIZ ŞEİR.

İndi xatirələr yaşadır məni,

Bir zaman səninlə xoşbəxt idim mən.
Aldı qara bulud başım üstünü,
Ayrılıq küləyi əsdi qəflətən.

Bir zaman tutardım zərif əlini,
Ruzigar daima gülərdi bizə.
Görüb eşidənlər məəttəl qalıb,
Həsəd aparardı bu sevgimizə.

Daha bu gözlərim yaşlıdır, gülüm,
Hardadı o gözlər, hanı o baxış?
Səni düşünərdim hər damlasında,
Səmadan aramla yağdıqca yağış..

Axı əyilməzdi qürurun sənin,
Tamahın güc gəldi sənə, əyildin.
Dağ qədər vüqarlı bilirdim səni,
Əhdə dönük çıxıb niyə əzildin?

Artıq açmayacam könül qapımı,
Daha yolun üstə durmayacağam.
Daha unudacam o xoş günləri,
Daha bir xəyal da qurmayacağam.

Bir də anmayacam adını sənin,
Daha gözlərinə görünməyəcəm.
Artıq kölgən olub dalınca bir də,
Sevda yollarında sürünməyəcəm.

Sönüb bəxt ulduzum, parlamır daha,
Alışmır qəlbimin sönən ocağı..
Mən tənha bir yolun yolçusu, sənsə,
Özgə bir mənzilin yanan çırağı.

Bilməzdim uyarsan dövlətə, vara ,
Pul-para içində yolunu azdın.
Sən özgə ocağa gəlin köçən gün,
Özün əllərinlə qəbrimi qazdın.

Nağıl 

Biri vardı, biri yoxdu,
İki sevən baxış vardı.
Həzin dəniz, uzun sahil,
Bir də yağan yağış vardı.

Əllər vardı qalın, zərif,
Qovuşduqca ayrılmazdı.
Ümid vardı sonsuz eşqə,
Ayrılığa ümid azdı.

Bir göz vardı, qəzəbli göz,
Baxışında nifrət vardı.
Ürək vardı, daxilində
Tənha bir məhəbbət vardı.

Fürsət tapdı, tələ qurdu,
Ümidləri çapıb çaldı.
Bir zamanlar su keçməyən,
Araya ayrılıq saldı.

Biri vardı, biri yoxdu,
Yola baxan gözlər vardı.
Susqun dəniz, tənha sahil, 
Qum üstündə izlər vardı..

BU DƏRDİ


Saxladım içimdə bir ömür boyu,
Heç vaxt çıxartmadım üzə bu dərdi.
Dərdli varmı görən bir muncuq kimi,
Sapa asta-asta düzə bu dərdi.

Dolaraq dərdimdən buludlar ağlar,
Gözlərim qəlbimin yasını saxlar,
Dərdi dağa desəm əriyər dağlar,
Mən necə çevirim sözə bu dərdi?

Dərdliyəm, dərdliyə gərək olum tən,
Görəsən varmıdır dərdimi bilən?
Ömrün qış fəslidir, üşüyürəm mən,
Şaxtası çevirsin buza bu dərdi.

Dərdimə olmadı öz eşqim şəfa,
İnandım hər şeyə bax mən binəva,
Düzdü, gözəllərdə yoxdu ki vəfa,
Söyləyim hansı bir qıza bu dərdi?

Başımdan getməyir bu dərd, bu məlal,
Məndən uzaq düşüb vallah eşq, vüsal,
Aşıq, sazı götür, qəmli hava çal,
Əllərin danışsın saza bu dərdi.

AĞLA BU GECƏ 

Yenə də kövrəlib qara gözlərin,
Yanan ürəyimi dağla bu gecə.
Yoluma iz salıb ayaq izlərin,
Aşıq segah çalsın, ağla bu gecə.

Qulaq ver o sazın naləsinə sən,
Həsrətdən ağarıb saç olub dən-dən,
Görürəm yamanca qəhərlənmisən,
Aşıq segah çalsın, ağla bu gecə.

Qoy o sazın səsi tufan qoparsın,
Niyə siyah tellər vaxtsız ağarsın?
Segah səsi səni səndən aparsın,
Aşıq segah çalsın, ağla bu gecə.

Sevgin yaman düşüb dildən dillərə,
Bir cüt göz qərq olub axar sellərə,
Barmaqlar toxunsun sarı tellərə,
Aşıq segah çalsın, ağla bu gecə.

Bu ürək hicranın odunda yanar,
Ürəyin yarası həsrətlə qanar,
Naləsindən yer-göy qana boyanar,
Aşıq segah çalsın, ağla bu gecə.

Kədərdən saralıb solubdu könlün,
Nə yaman xəyala dalıbdı könlün,
De niyə viranə qalıbdı könlün?
Aşıq segah çalsın, ağla bu gecə.

Yoluna düzərəm gül dəstə-dəstə,
Qıymam onu qoyum məzarın üstə,
Məhəbbət edibdir ürəyi xəstə,
Aşıq segah çalsın, ağla bu gecə.

Əsibdir ömrünə sevgi küləyin,
Yəqin fitnəsidir bu da fələyin,
Elə dinlə sızıldasın ürəyin,
Aşıq segah çalsın, ağla bu gecə



Rəbbim bütün Analarımızı qorusun... Amin ! Dünyadan köçənlərə rəhmət eləsin...!

"Sənə olan sevgi sözlə deyilməz,
Qələm acizdir ki vəsf edə səni."
-----------------------------------------------------
Məni bu dünyaya gətirən gündən,
Şirin xəyallara daldın, anacan.
Gözünün nurunu içirib mənə,
Gecələr yuxusuz qaldın, anacan.

Layla sədasıyla verib yuxuya,
Gözünün işığı bildin sən məni.
Sənə olan sevgi sözlə deyilməz,
Qələm acizdir ki vəsf edə səni.

İstərəm nə qədər ömrüm var mənim,
Həyata keçirim hər bir arzunu.
Nə qədər çalışıb vuruşsam yenə,
Qaytara bilmərəm sənin borcunu.

Anacan, fərəhlə bax gələcəyə,
Qoymaram qəm-kədər qəlbini oya.
Qarşında diz çöküm, sən icazə ver,
Öpüm əllərindən mən doya-doya.

Məni bu dünyaya gətirən gündən,
Şirin xəyallara daldın, anacan.
Gözünün nurunu içirib mənə,
Gecələr yuxusuz qaldın, anacan.
 

MƏNİM YOLLARIMA ÇIXMA BİR DAHA


Artıq ürəyimdə tonqal qalanıb,
Qəlbimi yandırıb yaxma bir daha
Yolda rastlaşanda yanımdan öt, keç,
Qəmli gözlərimə baxma bir daha.

Mən elə mənziləm ocağı sönük,
Qəlb evim olubdur bil sınıq-sökük,
De niyə çıxdın sən əhdinə dönük?
Sel olub qəlbimə axma bir daha.

Daha bu sevgidə qəm-kədər bitib,
Gör bir ayrılıqdan neçə il ötüb,
Yox artıq mənası, qoxusu itib,
Yaxama bənövşə taxma bir daha.

Qismət yazılıbdır belə, neyləyək?
Kimə qarğış, kimə dua eyləyək?
Qəzəbli-qeyzli bir ildırım tək,
Mənim göylərimdə çaxma bir daha.

Vermədim qəlbimi sən onu əz, yıx,
Ürək nalə edir bax yazıq-yazıq,
Kimin yollarına çıxırsansa, çıx,
Mənim yollarıma çıxma bir daha

Nişan Üzüyü


Kor etdi gözümü nişan üzüyün,
Sənin barmağında gördüyüm zaman.
Dondum, heykəl kimi yerimdə qaldım,
Necə dəyişərmiş, İlahi, insan.

Tutardıq əl-ələ, deyib gülərdik,
Dost-tanış baxardı qıraqdan bizə.
Hər yerə bir gedib, bir də gələrdik,
Yoxsa gözmü dəydi bu sevgimizə?

Kim çaldı bilmədim saf ürəyini,
Gözümün yaşları dondu yanaqda.
De, necə qıydın sən bu sevgimizə?
Axı xatirələr vardı uzaqda...

Bilirdim qonacaq ayrılıq tozu,
Gülüm, nə zamansa gözümə mənim.
Üz-üzə gələrsək bu şəhərdə biz,
Necə baxacaqsan üzümə mənim?

Gedirsən, yaxşı yol, nə deyirəm ki,
Arzumdur, əbədi xoşbəxt olasan.
Eşitsəm ki bir gün oğlun olubdur,
Nəbadə adını İlkin Qoyasan!..


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ