Ostap Vişnya,
Ukrayna yazıçısı
(hekayə)
Kolxoz sədrlərindən biri oturanda da, duranda da, gəzəndə də, bir sözlə, həmişə fikirləşir, hey fikirləşirdi. Axırda arvadı dözə bilməyib:
-Nə barədə fikirləşirsən Aleksandr? – deyə xəbər aldı.
-Sənə yüz dəfə demişəm ki, mənim işlərimə qarışma! Bir halda ki, fikirləşirəm, demək lazımdır! Mənim iriləşdirilmiş kolxozum var. Deməli, qayğısını da çəkməyə borcluyam!
Və o, fikirləşməyə başladı. Bunu görcək arvadı onun zəif damarını tutmağa çalışdı:
-Aleksandr, sənin körpə uşaqların var.
-Nə olsun ki, körpədirlər! Hələ indiyədək eşitməmişəm ki, uşaqlar anadan sən boyda, mən boyda doğulsunlar! İstəyirsən bu gün qız doğub sabah ərə verəsən? Hə? Lap nahaq. Əvvəlcə, yedirt, böyüt, sonra ərə vermək barədə fikirləş.
-Elə mən də bu barədə danışıram! Nigarançılığım uşaqlar sarıdandır. Səninsə elə bil dəryada gəmin qərq olub. Hey fikirləşirsən! – deyə qadın aralandı. – Çox fikirləşməkdən qorxuram, başında deşik açıla və sən də papağınla həmin deşiyi örtməli olasan!
Kolxoz sədrinin bağırtısı evi başına götürdü:
-Bax, əl çək məndən deyirəm, yoxsa!..
Kolxozçular heyrət içərisində idilər. Tez-tez sədrin arvadından soruşurdular:
-Aleksandr Daniloviç necədir?
-Fikirləşir!
-Axı, bu qədər səylə və ərinmədən nə barədə fikirləşir?
-Demir!
-Başımıza haranın külünü tökək? Tarlaya gübrə daşımağın vaxtı çoxdan çatıb, o isə fikirləşməkdən yorulub-usanmır. Dil də tapa bilmirik. Vallahi-billahi keçən ilki günə düşəcəyik. Ötən il başımız az bəlalar çəkmədi. Tarla gübrələnmədi, məhsul yığılanda baxıb gördük ki, havayı hambalçılıq özümüzə qalıb. Keçən il birtəhər ötüşdük. Sədr gübrə haqda fikirləşməsə də, onu tarlaya daşıtmaq barədə, heç olmasa, quruca da olsa söz verdi. İndi isə elə hey fikirləşir. Onu öz düşüncələrinin caynağından qoparmaq müşkül məsələdir. İstəyirsən ağla, özünü öldür, vecinə deyil!
Nəhayət, manqa başçılarından biri cürətə gəlib qətiyyətlə kabinetə girdi:
-Salam, Aleksandr Daniloviç!
-Salam!
-Fikirləşirsiniz?
-Fikirləşirəm!
-Bəs çuğundura gübrə nə vaxt veriləcək?
-Görürsən ki, fikirləşirəm!
-Nə barədə fikirləşirsiniz?
-Fikirləşirəm ki, gübrəni tarlaya necə daşıyaq!
-Bu nə çətin məsələdir ki, bir qərara gələ bilmirsiniz! Arabaçılara, sürücülərə sərəncam verin, hazır olsunlar. Biz də gübrəni yükləyək, mahnı oxuya-oxuya birbaşa aparaq tarlaya, vəssalam!
-Eh! Bunu nənəm də bacarar. Bu, köhnə texnikadır. İndi hər işi yeni üsulla görmək lazımdır. Bax, məni də elə bu məsələ narahat edir. Fikirləşirəm ki, dənəvərləşmiş gübrədən daha səmərəli necə istifadə edək? Bəlkə bitkini deyil, elə gübrənin özünü birbaşa hibridləşdirək və yarovizasiya edək, hə? Özü də elə hibridləşdirək və yarovizasiya edək ki, o, tarlaya öz ayağı ilə gedib çıxsın. Gübrənin hər danəsi şumlanmış sahəyə tələsib şırıma uzansın, özü də don vurmasın deyə ayaqlarını öz altına yığsın və torpağı gübrələsin. Bax, buna deyərəm kəşf! Sənsə mənə at-arabaya, maşınlara yüklət, tarlaya yola sal deyirsən… Sizdə fantaziya deyilən şey yoxdur!
-Doğru buyurursunuz, Aleksandr Daniloviç, ancaq bizdə nəinki fantaziya, heç qənd də yoxdur. Keçən il çuğundura gübrə verilmədi! Nəticəsi bilirsiniz necə oldu? O oldu ki, indi dişləmə çay içirik!
-Görürsünüz? Elə ki, dənəvərləşmiş gübrə ayaq açdı, onda çay da şirinləşəcək!
Manqa başçısı bir xeyli Aleksandr Daniloviçə baxdı. Nəhayət:
-Hə, sonra? – deyə xəbər aldı.
-Hələ ardına qulaq as! Bizim hamımızı gübrədəki mikroelementlər maraqlandırıb. İndi isə alimlər mis, marqans, sink, bor, kobalt və s. kimi mikroelementlər aşkara çıxarıblar. Torpağı gübrələmək üçün onlar çox az tələb olunur. Görürsən, hansı zəmanədə yaşayırıq? Nümunə üçün gübrəyə mis qatmaq lazımdır. Mis pulları doldur cibinə, hər tarlaya bir qəpik at və özünçün gəz! Çuğundur isə öz-özünə böyüyəcək! Yaxud, da bor qat. Kisəyə bor turşusu yığıb, hər hektarın dörddə birinə bir çay qaşığı ilə səp! Onda özümüzçün kef çəkərik.
Manqa başçısı heyrətlə Aleksandr Daniloviçə baxdı. Baxdı və:
-Bəlkə o, mikroelementlərlə siz deyən səmərə alınmadı? – dedi.
Aleksandr Daniloviç cin atına mindi:
-Sən məni nə hesab edirsən? Sənin başın nə çıxır? Mən artıq fikirləşmişəm! Elə bilirsən elə-belə gəzir, boş yerə baş sındırıram? Elə deyil, əzizim!
Manqa başçısı qızardı:
-Aleksandr Daniloviç, fikirləşməyi nə yaman xoşlayırsınız? İstəyrəm bu barədə sizə bir məsləhət verim.
-Buyur, qızım.
-Çayı qənd əvəzinə mineral gübrə ilə içmək üçün nə etmək lazımdır? Siz bax bu barədə fikirləşin! Və hamıdan əvvəl siz özünüz təcrübədən keçirin. Biz güman edirik ki, bir stəkan çay üçün bir sentner superfosfat bəs edər.
Manqa başçısı tələsik kabinetdən çıxıb qapını bərk çırpdı.
Aleksandr Daniloviç onun ardınca baxıb:
-Sən bundakı hünərə bir bax! – dedi və fikirləşməkdə davam etdi.
Tərcümə etdi:
Akif ABBASOV
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ