Akif ABBASOV
Ruhi nişanlanmışdı. Nişanlısı ilə birlikdə gəzməyə, kinoteatra, tamaşalara, dənizkənarı bulvara gedərdi. O, xoşbəxt günlərini yaşa¬yırdı, amma… çox qısqanc idi. Bu qısqanclığa da bəzən əsas olur. Nazimin mobil telefonla ara-sıra ürkək-ürkək danışması, yaxşı eşit¬mir bəhanəsilə bir az kənara çəkilməsi qızda şübhə oyadırdı. Onun «Kim idi zəng edən?» sualına Nazimin dalğın, qeyri-səlist cavabları onun şübhəsini daha da artırırdı.
Bir dəfə kafedə oturmuşdular. Nazim mobil telefonunu stolun üstündə qoyub əlini yumağa getmişdi. Az sonra telefonun zəngi səsləndi. Ruhi telefonu qaldırıb baxdı, cavab verməsə də, nömrəni beyninə həkk elədi. Nazim geri dönəndə Ruhi:
– Sənə zəng etmişdilər, - deyə ona xəbər verdi.
Nazim cəld telefonu qaldırıb baxdı. Onun rənginin avazıması Ruhinin gözündən yayınmadı. Telefonu unudub getdiyi üçün Nazim ürəyində öz-özünü qınadı: «Görəsən Ruhi telefona cavab veribmi?» Maraq ona güc gəlsə də, Ruhidən soruşmağa ürək eləmədi.
Nazimin özünü şübhəli aparması Ruhinin rahatlığını əlindən almışdı. Onlar qonşuluqda yaşayırdılar. Bu nişanlanmanın təşəbbüs¬kar¬ları əslində onların anaları idi. İki ailə bir-birilə yaxşı münasi¬bətdə idi, bir-birlərinə get-gəlləri vardı. Kim istəməz ki, nümunəvi ailə ilə qohum olmasın?!.
Ruhinin rahatlığını əlindən alan nə idi?! Bu nişana, nişanlan¬maya qədər Nazimin sevgi macəraları ola bilərdi. Qorxusu bundan idi. Ən betəri də o idi ki, əvvəlki münasibətlər davam etmiş olsun. Amma Ruhi də az aşın duzu deyildi. Yoxlamaq qərarına gəldi və evə qaydan kimi öz otağına çəkilib beyninə həkk etdiyi nömrəni yığıb mobil telefonunu qulağına tutdu.
O, çətinə-dara düşəndə özünü itirməz, ağlayıb-sızıldamazdı. Bunu özünə dərd etməyi xoşlamaz, öz problemini özü həll etməyi üstün tutardı.
Telefondan məlahətli qız səsi gəldi. Ruhi başa düşdü ki, zənni onu aldatmayıb. O, özündən çıxmadı və emosiyaya da qapılmadı. Qa¬baqcadan çox ölçüb-biçmişdi. Odur ki, dilinə şəkər qatıb sözə başladı:
– Xanım, gözəl, xoş gördük.
Cavab gəldi:
– Xoş gördük. Bağışlayın, kiminlə danışıram?
– Siz məni tanımırsınız, ancaq mən sizə yad adam deyiləm. Nazimin bacısıyam.
Qız səsinə bir az da mehribanlıq qatdı:
– Tanış olmağımıza çox şadam.
– Ay canım, heç məni demirsən. Bir qardaşım var. İstəyirəm o, xoşbəxt olsun.
Ruhi günü-günə sata bilməzdi. Elə bu gün, lap elə bu saat məsələni yoluna qoymaq istəyirdi. Qız (heç onun adını da bilmirdi) Nazimlə zəngləşə bilərdi və məlum olardı ki, Ruhi onun bacısı deyil. Onda sirr örtülü qala bilərdi. Odur ki tez:
– Canım-ciyərim, istəyirəm əziz qardaşımın gözəl xanımını görüm. Olarmı?
Qız nə deyə bilərdi?! Razılaşdı və onlar «Fontanlar mey¬danı»nda görüşüb tanış oldular. Skamyaların birində əyləşib söhbət etməyə başladılar. Özünü Nəzakət kimi təqdim edən qız mini yubka geyinmişdi, arada açıqda qalan dizlərini örtmək üçün paltarının ətəklərini aşağı dartırdı, lakin istəyinə nail ola bilmirdi. Qaşlarını aldırmışdı. Adətən bizdə qızlar gəlin gedən günü qaşlarını aldırırlar. Ənliyi-kirşanı da çox idi. Söhbət zamanı Ruhi hiss etdi ki, qızdan siqaret iyi gəlir. Qız İqtisad Universitetində oxuyurdu. Məlum oldu ki, onlar bulvarda tanış olublar. Ruhi öz-özünə düşündü: «Bulvar tanışlığının axırı xeyirli olmaz».
Sən demə, onlar tez-tez görüşürlərmiş. Bulvarda qaranlıq guşə¬lərdə saatlarla əyləşər, gecə barlarına gedərdilər. Bir neçə dəfə hətta Nəzakətgildə də olublar.
Nəzakət heç nədən çəkinmədən olub-keçənləri danışırdı:
– Mən açıq danışmağı sevirəm. Pərdələnmək mənim kimilə¬rinə yaddır.
Ruhi özünü saxlaya bilməyib soruşdu:
– Heç öpüşmüsünüz?
– Əlbəttə, uşaq deyilik ki… Mən bəzilərini başa düşə bilmi¬rəm. Bir yerdə gəzib dolanır, həm də özlərini dünyanın naz-nemə¬tindən, ləzzətindən məhrum edirlər. Biz bir-birimizin xoşuna gəlmi¬şiksə, nə üçün bir-birimizə sarı addım atmamalıyıq. Sənin qardaşın yaxşı oğlandır, onu sevirəm. Amma son zamanlar elə bil məndən qaçır. Sanki nəsə demək istəyir, ancaq cəsarəti çatmır. Neçə gündür min bəhanəylə görüşü təxirə salır. Sən zəng edəndə sevindim. Dedim həm səninlə tanış olaram, həm də soruşaram ki, evdə-eşikdə bir narahatçılıq yoxdur ki…
Ruhi artıq onların münasibətlərini aydınlaşdırmışdı. Odur ki, cəld ayağa durdu. Onun üzü dönmüşdü. Nəzakət də ondakı dəyişik¬liyi görüb qalxdı. Ruhi:
– Bura bax, aç qulaqlarını, yaxşı eşit. Mən Nazimin bacısı yox, nişanlısıyam. Bu da nişan üzüyüm.
Ruhi barmağındakı nişan üzüyünü göstərdi. Onun qəfil hərəkətlərindən Nəzakət çaşıb qalmışdı. Ruhi sözünə davam etdi:
– Nazim sənin zənglərinə hürkə-hürkə cavab verəndə, xəlvətə çəkiləndə başa düşmüşdüm ki, torbada pişik var. İndi buna bir daha əmin oldum. Həm də başa düşdüm ki, Nazim özündə qüvvə tap¬masa da, sənə nə demək istəyir. Həmin sözləri onun əvəzində mən deyirəm. Mənim nişanlımla nə qədər gəzib-dolanmısan, hansı kefləri görmüsən, harada əylənmisən halal xoşun olsun. İndi isə bizi rahat burax. Budur deyirəm – eşit. Zənglərini yığışdır, get sən də tayını tap. Nazimlə də özüm danışaram.
Ruhi üzünü döndərib yola düzəldi. Nəzakət baxa-baxa qaldı.
RUHİNİN TƏDBİRİ (hekayə)
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ