Müsahibimiz tanınmış şair, publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflidir.

Bu yazıya counter dəfə baxılıb
Müsahibimiz tanınmış şair, publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflidir.

- Əli Rza müəllim, fürsət düşmüşkən sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Sizə sağlam bədən, sağlam ruh və bol-bol yaradıcılıq uğurları arzu edirəm.Yubiley necə keçdi?
Səmimi təbrikə görə çox sağ ol. Ancaq düşünürəm ki, insanı hər hansı bir uğuruna görətəbrik etmək daha üstündür.Söhbət yazıçıdan, qələm adamında, sənətkardan gedirsə, onun hər bir əsərini, kitabının işıq üzü görməsi münasibəti ilə təbrik etmək onu qazandığı uğurlara görə təqdir etmək deməkdir. Bu “uğur” özü qazancdır. Qazanc o vaxt fərəh və sevinc gətirir ki, ona zəhmət sərf edəsən. Çəkdiyin zəhmət səni mənən böyüdəŞ ruhunu gücləndirə, varlığına mənəvi ucalıq gətirə. Bax bu zaman “qazaqndığım uğur” ifadəsi yerinə düşür. Son vaxtlar daha çox dəbdədi (elə əvvəllər də)hər kəsi ad günü, yubileyi münasibəti ilə təbrik eləyir, bunu şəxsin həyatında əlamətdar hadisə kimi qiymətləndirirdilər. Biz stress dövründə yaşayırıq. Bu dövrün əsas keyfiyyəti streslə xarakteriza olunur. Demək, yaşaya bilməyin özü də asan başa gəlmir. Bu mənada, 60 yaşaya bilmək nəyin bahasına başa gəlir? Ən düzgününü bir şəxsin özü deyə bilər. Və məndə 60 illik yubileyi həyatımda böyük bayram kimi dəyərləndirirəm. Bayramlarda insanların mənəvi yaxınlığı, doğmalığı daha çox üzə çıxır. Gənc tədqiqatçı, yazıçı, bir sözlə istedadlı yazarın təbriki mənim üçün daha çox qiymətlidir. Çünki, onun simasında ömrümün davamını görürəm. Özü də ilk qələm təcrübələrini mənim yanımda keçmiş gəncdən-müəyyən mənada-yetirməmdən doğmalıqla səslənmiş təbrikləri eçitmək mənim üçün çox qiymətlidir.

-Əmək fəaliyyətinizə müəllimlikdən başlamısınız. Bu yöndəki fəaliyyətinizə görə qısa zaman kəsiyində pedoqoji aləmdə çox böyük ad sayılan “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülmüsünüz. Müəllim işləyən hər iki valideynimdən bunun çox böyük uğur olduğunu öyrənmişəm. Mümkünsə bir neçə kəlmə bu barədə.
Mən pedoqoyi institutu bitirmişəm. 70-illərin ortalarında təyinatla bizim Cəbrayıl rayonuna göndərilmişəm. İxtisasıma uyğun müəllimlik fəaliyyətinə başladım. Filologiya fakultəsini qırmızı diplom ilə-o zaman buna qırmızı diplom deyirdilər-bitirdim. Mənə elə həmin il aspiranturada qalmaq üçün zəmanət də vermişdilər. Ancaq həyat insana zillətlə dolu elə proqrqmlar diktə edir ki, onun labiritlərindən çıxmaq üçün on illərlə vaxt lazım olur. Bakıya-zəmanətin arxasınca gəldim. Mənə çox doğma olan müəllimlərimdən birinin ixtiyarında olan zəmanəti 15 günə də ala bilmədim. Məktəbdən isə mənə cəmi 3 gün vaxt vermişdilər.  Geriyə qayıtdım, özü də küsgünlüklə. Hətta yanvar müşavirəsində adımı çoxlu dərs buraxmış müəllim kimi az qala məruzəyə də salacaqdılar. Bunun nə demək olduğunu o dövrün adamları, o cümlədən müəllim işləyən hər iki valideynin yaxşı bilir. Bir aylıq əmək haqqından keçmək şərti ilə müxtəlif növ cəzalardan yaxamı qurtardım. Beş illik müəllimlik fəaliyyətim mənim üçün həqiqi mənada döyüş və mübarizə illəri idi. Yenilikləri, təfəkkürdə inqilabı az qala həyatım bahasına ətrafımdakılara diktə edirdim. Əsil faciə qəhrəmanı idim. Məktəb direktorları, tədris işləri üzrə müavinlər hədsiz dərəcədə savadsız və küt idilər. Umumi axında onların münasibətləri daha çox təqdir olunurdu. Axı pedqoq yox, məmur cildində görünən bu adamların arxasında o vaxtın rejimi dayanırdı. Təhsil şöbəsi, rayon partiya komitəsinin müvafiq şöbələri, son nəticədə katiblər-bütün bunlar zəncirvari şəkildə bir-birinə bağlı bir sistem idi. Əlbəttə, mən çox sonralar başa düşdüm ki, bütövlükdə cəmiyyətin mənəvi siması dəyişməli imiş. Ancaq buna baxmayaraq tək-tək məni təqdir edən adamlar da vardı. Bütün rayon üzrə nəinki şagirdlər, hətta müvafiq ixtisas üzrə müəllimlər belə sərbəst şəkildə inşa yaza bilmirdilər. Və mən bunu cəsarətlə deyirəm ki, bütün respublikada belə idi. Belə yazılar müxtəlif yollarla dəyişdirilə-dəyişdirilə tək-tək müəllimlərin sayəsində işlənilir və şəbəkə şəklində yayılırdı...nəticə də göz qabağında idi. Ancaq mənim şagirdlərim inşa yaza bilirdilər və elə buna görə də ayrı-ayrı, sözün həqiqi mənasında ziyalı müəllimlərin, daha yuxarı pillədə olan, sözükeçər şəxslərin sayəsində mənim “inqilabımın”təqdir olunması “Qabaqcıl maarif xadimi” fəxri adı ilə nəticələndi. Bu adın bir döş nişanı da vardı və elə indi də həmin adı təsdiq edən vəsiqəni və döş nişanını da saxlayıram. Etiraf edim ki, rayon və respublika mətbuatında dərc olunan məqalələrim də az əhəmiyyət kəsb etmirdi.

-Hörmətli tənqidçimiz Vaqif Yusifli sizi “dərd şairi” adlandırır. Zənnimcə Vaqif müəllim haqlıdır. Həmişə sizi dərin düşüncələrə dalmış görürəm. Bu, nə ilə bağlıdır? Nədir sizi kədərləndirən,  yaşıdlarınıza nisbətən daha tez qocaldan?
-Dərd şairi...başqalarını deyə bilmərəm, ancaq özüm üçün bunu sənətkarin mənəvi mühiti və tənqidçi arasındabir anlaşma kimi başa düşürəm. Yəni konkret olaraq birinci olaraq həmin ifadəni işlətmiş Vaqif Yusiflinin mənim yaradıcıklığım üçün əsas stimul olan dərdin mahiyyətini düzgün başa düşdüyü və birinci olaraq başa düşdüyü və eyni zamanda bir sənətkarın yaradıcılığında əsas aparıcı xəttin şəxsi kədər yox, umumdünya insanının kədəri olduğunu təqdir etməsidir. Vaqif Yusiflinin ədəbi sərraflığına heç kəsin şübhəsi ola bilməz. Müəyyən narazılar ola bilər. Ancaq sonrakı mərhələdə mənim yaradıcılığım haqqında daha ətraflı və əhatəli bəhs edən görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Hacıyev də həmin məntiqi təqdir  etdi. “Sənətin işığında”adı ilə çox dəyərli bir monoqrafiya yazdı. Ayrı-ayrı əsərlərimə, poetik yaradıcıkığıma geniş və əhatəli təhlillərlə yanaşmada “dərd şairi” adlanmağıın psixoloji köklərini araçdırdı. Görkəmli tənqidçi Təyyar Salamoğlu, çox istedadlı filosof tənqidçi, esseist Sabir Bəşirov, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı... da ayrı-ayrı məqalələrində dərd şairi olmağımın faciəsini, dərd şairi olmağımın fərəhini...sözlə, bu missiyanın ağır daşıyıcılıq mahiyyətini müxtəlif vaxtlarda, ayrı-ayrı əsərlərimə münasibətdə daha ətraflı ifadə ediblər. Görkəmli Kərkükşünas, həmişə “ədəbiyyatımızın şərqə körpüsü” adlandırdığım professor Qəzənfər Paşayevin “Bir bayatı çağırdım” kitabıma yazdığı rəydə də dərd və onun mahiyyəti qabarıq görünür. Görkəmli dilçi alim, professor və həm də cəsarətli dilçi, tarixçi, ədəbiyyatşünas kimi tanınan Qəzənfər Kazımov, filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə...altmış illik yubileyi ərəfəsində (elə əvvəllər də ) qələmə aldıqları yazılarda yaradıcıklığımdakı daxili enerjinin bir çox qaynaqlarını üzə çıxarmağa çalışıblar və əsas qaynaqlardan biri kimi də  “Əli Rza yaradıcılığında dərdin mahiyyəti” məsələsinə çox ciddi şəkildə toxunublar. Deyirsən ki, “həmişə sizi dərin düşüncələrə dalmış görürəm”. Biləsən ki, görmək böyük keyfiyyətdir. Gözü ola-ola görməyənlər var. Deyirsən ki, “yaşıdlarınıza nisbətən daha tez qocalırsınız.”. Qocalmaq şərəfdəndir. Qocala bilmək hər kəsin işi deyil. Mühitə dərk etməyən, işığı boğan, qaranlığa qarşı vuruşa bilməyən, həyatı gözü ola-ola görməyən insan nə üçün qocalmalıdır? Vladimir Vsotskidə belə bir ifadə var: “Bizdə kömür şaxtasında olduğu kimidir. Alırlar, götürürlər, yandırırlar, yaşayırlar”. Bəli, elədir, amma daha kömürü götürüb şaxtanı dağıtmaq lazım deyil. Bəlkə onu qorumaq gərəkdir? Lap hətta o şaxtada kömür qurtarıbsa belə, onu abidə kimi qorumaq lazımdır. Bu, ona bənzəyir ki, da. Karxanasından faydalı olanı çıxar, götür, sonra da xarabazarlığa çevrilmiş şəkildə qoy, get. Daşı da, kömürü də mənimsəmək olar, amma yerdə qalan görk yeridir. Cəmiyyət çündür, insanlar üçündür, insanların gələcəyi üçündür. Bir səbəbi də (bəlkə də, əsas səbəbi) deməsəm ədalətsizlik olardı. Axı dərdlərin də ruhu var. Mən dərdləri canlı təsəvvür edirəm. Ruhumun sirdaşı kimi təsəvvür edirəm. Hansınınsa yanından sükutla keçmiş olsam, özünü bağışlamaram. İnsanın yurd ağrısı var. İnsan quş deyil ki, yuvasından uçandan sonra başqa yuva qursun və əvvəlki yuvasını yaddadn çıxarsın (hərçənd ki, elə quşlar da var ki, instinklərinin gücüylə köhnə yuvalarına qayıdır və burada özlərini çox rahat və təhlükəsiz hiss edirlər). Yurd insanın yaddaşıdır. Yaddaş isə insanın özü deməkdir. İnsan yaddadşının diktə elədiyi yerə gedə bilmirsə, bu, onun üçün ağır və çəkilməz dərdə çevrilir. İnsan yurdundan ayrıla bilər, dünyanı gəzə bilər. Lap ömrünün sonunda yurduna qayıda bilər. Heç qayıtmadan da bu həyat yollarında ömrünü qurtara bilər. Ancaq o biləndə ki, istədiyi vaxt yurduna qayıda bilər, bu ayrılı onun üçün dərd olmaz. İndi özün düşün, xalqımızın XX əsr üçün nadir simalarından Mirzə Cəlilin... Anarın “anlamaq dərdi”nin mahiyyəti nədir?

-”Kredo” qəzetini nəşr etdirməklə ədəbi aləmə böyük xidmət göstərirsiniz. Bu gün “Kredo”nu ikinci ədəbiyyat qəzeti hesab edirlər. Burada yüzlərlə qələm sahibi çap olunur. Özüm də ilk yaradıcılıq uğurlarımı bu qəzetdə qazanmışam. Qəzetin çapı ilə bağlı çətinliklərinizin tez-tez  şahidi oluram. Bu gün qəzet naşiri olmaq çətindirmi?
- Ümumiyyətlə, bütün ədəbi fəaliyyətimi və yaradıcılığımı qəzetsiz təsəvvür edə bilmirəm. Dördüncü sinifdə oxuyandan üzü bəri qəzetlə bağlıyam. Divar qəzetindən, rayon qəzetindən və buradan da respublika mətbuatına doğru yazılarım qəzet yolu keçib. İnsanın yaranması üçün və nəticədə mübarizə aparması üçün hava və su, yemək və geyim nə deməkdirsə qəzet də mənim yaradıcılığım üçün o deməkdir. Əlbəttə, qəzet təkcə mənim deyil, qəzeti yazan,  yazmaq gücü olan və qəzeti oxuyan, onu dərk edən adam üçün buraxılır. Bir qədər başqa cür ifadə etməli olsaq, onlar üçün də yox, bizi görməyən, eşitməyən, duymayan və duymaq istəməyən adamlar üçün yazırıq. Fikrimin istinadı klassikaya söykənir. Əgər “Kredo”nu nəinki ikinci, ümumiyyətlə sıradan ədəbi qəzet kimi qəbul edirlərsə, buna da sevinirəm. Çünki meyarlar stabil deyil, ictimai düşüncədə də ucuz təbliğata meyl – sürüşkənlik var. Qürurla, fəxrlə deyirəm ki, xalqımızın bir çox istedadlı, hazırlıqlı ziyalıları bu qəzetdən keçməklə mənəvi mühitə daxil olublar. Onların özünütəsdiq imkanları “Kredo”nun imkanları ilə üst-üstə düşüb. Çoxlu gənc – ilk qələm təcrübələrini yazan müəlliflər də “Kredo”nun məktəbindən keçib. İndi on beş ildən sonra  (bu il “Kredo” qəzetinin on beş illik yubileyi olacaq, səkkiz yüzüncü çapı ilə yubiley bir vaxta düşəcək. Həmin yubileyə hazırlıq gedir. Bu müsahibəni də həmin hazırlığın başlanğıcı hesab edirəm) həmin gənclərin – biri də elə sən özün (Yeqzar Cəfərli) – söz aləmində dayanıqlı, istedadlarına güvəncli mövqelərini görəndə necə sevinməyim. Mən istedadları ilk addımındanca tanıyıram. Səni də elə tanıdım, duydum. On illər keçəcək – “Kredo”nun əkdiyi sağlam toxumlar mədəniyyətin müxtəlif sahələrində, ədəbiyyatın, incəsənətin ən müxtəlif janrlarında – indi köklü, dayanıqlı pöhrələrdir – onlar nəhəng, köklü palıdlar kimi tufanlara qarşı dura biləcəklər. Sağlam ruh sahibi olan hər hansı bir yazar ruhunun yaşamından (tərcümeyi-halından) imtina edə bilməz. Qaldı ki, qəzetin nəşri məsələsinə, problemlərə, bu, həmişə var. Hələ ki, kömür şaxtası kimi, ehtiyatım kifayət qədərdir. Xalqım üçün, sağlam nəsil üçün bunu əsirgəmirəm. Və hiss edirəm ki, canımdan, qanımdan kəsib verirəm. Əvvəlki illərdəki kimi pillələri sürətlə qalxmasam da, addımlarım bir qədər ləng, nəfəsimdə də təngnəfəslik olsa da, ehtiyat güvəncim kifayət qədərdir. Lap elə kürsüdə oturub da diktə edə bilərəm. İki ayağım kəsilsə də diktə edə bilərəm, gözlərim fərdən düşsə də diktə edə bilərəm. Zənnimcə, sualın sonundakı “qəzet naşiri olmaq çətindirmi?” sualının mahiyyətinə kifayət qədər cavab verdim. Amma qoy daha dəqiq olsun, çətindir. Ögeyliyin və doğçalığın kəskin sərhədləri müqabilində bu, insanın həyatı bahasına başa gəlir. Lap elə Robert Ouensayağı, düşüncələrim də olur; bütün günüm redaksiyanın içində, kömpüterin arxasında keçir və hər gün, hər saat gözləyirəm, kimsə gəlib deyəcək: mən sənin böyük millət vicdanına söykənən meyarınla razıyam. Elə ona görə də gəlmişəm”Kredo” kömək edəm. Təəssüf ki, belələrini yoxdur. Olsa da, azdır. Hər halda olanlara təşəkkür və minnətdarlıq düşür.


-Daim ayaq üstəsiniz, çalışırsınız, beynindəkilərinizi redaksiyada var-gəl edə-edə bilgisayarın yaddaşına köçürürsünüz. Gözəl bir natiqsiniz. 60 yaşında belə bir gənclik şövqi ilə yaşayıb yaradırsınız. Çox maraqlıdır, bu qədər güc və qüvvəti haradan alırsınız?
- İnsan o vaxt sağlamdr ki, ayaqdadır. Bəlkə də, kütləvi oxucu üçün deyil. Amma hər halda “ayaqda” sözünün bir müsəlləh mahiyyəti də var. Mənim yaradıcılığımda Səməd Vurğun ənənələrini araşdıran və bu ənənələrdə varislik görən tənqidçilər – Əkbər Əlioğlu, Yusif Yusifov, Süleyman Alıyev kimi alimlərin qənaətləri ilə müəyyən mənada razıyam. Yaradıclığımdakı müsəlləhliyin bir qaynağı da S.Vurğundan gəlir. Nə yaxşı ki, bu dünyada olmuş S.Vurğundan. Daş Salahlıya qonaq getmişdim. Damcılı bulağı (Damcılı mağarası) məndə o qədər dərin təəssürat buraxdı ki, “Damcılı” adlı bir poema yazmalı oldum. İlk tanışlıqdan əsərin yazıldığına qədərki vaxtı bütövlükdə mən demək olar ki, ayaq üstə keçirdim. Bu, təkcə cismən ayaq üstə olmaq demək deyil. Eləcə də məni müxtəlif tərəflərdən döyən dalğalara qarşı dayana bilməyim üçün ayaq üstə olmalıydım. Bir vaxt otuz beş nəfərlik bir kollektivlə “Kredo”nun nəşrinə başlamışdıq. O vaxtdan üzü bəri davam edən ixtisarlar üç-dörd nəfərlə sonuclanıb. Demək, mənim ayaqdan düşməyə vaxtım yoxdur. Mənim natiqliyim də diqqətimi cəlb edib. Sualda da bunu vurğulayırsan. Nitq mədəniyyəti və natiqlik mənim düşüncəmə görə bütün universitetlərdə məntiq və fəlsəfə, incəsənət və tarixlə birgə bütün ixtisaslar üzrə öyrədilməlidir, öyrənilməlidir. Müəllimim Bahadır Mehdiyev tarixçi idi. Ancaq çox parlaq natiq idi. Gözəl nitq əvəzolunmaz əyani vasitədir. Aydın Məmmədov,.. kimi natiqlər milli sərvətdir. Bu gün Yunanıstan – Afina üçün dünyanın möcüzələri sayıla biləcək abidələrlə yanaşı, Demosfen adlı bir nitq, natiqlik möcüzəsi də var. Əslində, Demosfen həm insanın sözü ifadə etmə gücünün göstəricisi, həm də Yunanıstan – Afinanın ünvanıdır. Böyük Heydər Əliyev qüdrətli natiq idi. Natiqlik də istedadın övladıdır. Ancaq savadı, zəngin dünyagörüşü, geniş məlumatı olmayan adam necə natiq ola bilər. Enerjimin, daxili gücümün nitqimdəki emosiyanın əsas qaynağı həyat sevgisidir. Nizamidən gələn gücdür, Nəsimidən gələn inadkarlıqdır, Füzliyə söykənən sevgidir. Çox təəssüf ki, bu gün Füzuli sevgisinin mahiyyətini yalnız dini tərəfdən şərh etməyə çalışanlar da var. Ancaq Füzuli böyük böyük həyat aşiqidir və onun sevgi idealı da özüylə bir zamanda yaşayan real insandır. İnsan gördüyünü görmədiindən daha artıq sevər. Nə üçün təəccüblü gəlir, bütün gücün və qüvvənin mənbəyi həyatdadır. Həyatın gözəlliyindədir. Həyatı gözəl edən, gözəlləşdirən insanların yaz çiçəyi kimi çırtlayan təbəssümüdür, gül qönçəsi kimi xeyirliyə çat verən gülümsəməyi, gülüşü ilə məmnunluq ifadə edən duyğulanmasıdır. Bütün bunlar insanlığın mahiyyəti ilə bağlıdır. İnsan özü də təbiətin bir parçasıdır. İnsanın gözəlliklərini təbiətlə müqaisə edirik. Bir sözlə, gözəllik sənin dörd dövrəndədir. Onu görməyi bacarmalısan, bunun üçün bəsirət gözün olmalıdır. Demək, güc və qüvvə mənbəyi də uzaqda deyil.

-Əli Rza müəllim, sizcə hansı dünya daha yaxşıdır? Daha doğrusu hansı dünyada yaşamaq istərdiniz? 1-ci, 2-ci, yoxsa 3-cü dünyada?
- Bütün dünyalar gözəldir və bir-birindən təcrid olunmayıb. Biri digərinin davamıdır. Mən başa düşürəm, müəyyən mənada sən “Üçüncü dünyanın qorxusu” povestini yada salırsan. Çox təəssüf edirəm ki, “üçüncü dünya” anlamındakı sevgi mahiyyətinə qarşı çıxanlar da var. Onlar insanı robot kimi təsəvvür edirlər: qalx, ye, iç, havanı al, işlə, yat və yenə... həmin prosesi təkrar elə. Amma sevgi aləmi bunu demir. Sevgi aləmi insanın ruhunu qanadlandırır. Onu daim yeni hiss və duyğularla zənginləşdirir. Sevə bilməyən insan qurumuş bulaqdır. Hamı vadiyə can atır və gəlib görürlər ki, bulaq quruyub. Olsa-olsa yeraltı nəmişlik vadini qismən yaşıl saxlayır. Amma orada həyat ölməyə doğru gedir. Üçüncü dünyanın insanı ölümsüzdür. O, içindən sına bilməz. Çünki onun güc mənbəyi onu azad, asudə və qayğısız gülüşləri, hətta onun üstünə yeriyən ölümü görmədən ilan ağzına can atması və sənin onu bu ilan ağzından xilas etmək cəhdin... bütün bunlar həyata çağıran, yaşamağa çağıran, bir sözlə, həyatı sevməyə çağıran görüntülərdir. Bütövlükdə isə biz bu görüntülərin əhatəsindəyik. Üçüncü dünya bizdən uzaqda deyil.

-Bir ədəbiyyat adamı kimi ədəbi prosesləri yaxından izləyirsiniz. Ümumiyyətlə bugünkü ədəbi proseslər sizi qane edirmi?
- Doğrusu, birmənalı şəkildə cavab vermək çətindir. Amma hər halda, öz münasibətimi bildirmək istərdim. Ədəbi proses deyəndə biz nə başa düşürük? Bunun nəzəri anlamı var və düşünürəm ki, səni maraqlandıran da bu deyil. Real həqiqətdən söhbət gedirsə, mənim duyduğum, hiss etdiyim və müəyyən mənada, içərisində olduğum ədəbi proses güclüdür və canlıdır, həyatla nəfəs alır. Ayrı-ayrı adamların, hətta bəzən istedadlı adamların qismən qərəzindən və qəzəbindən danışmasam, deməliyəm ki, bu ədəbi proses cəmiyyətin normal kardoqramıdır. Həkim hansısa bir pasiyentinin kardioqramını çıxartmaya bilər. Onun haqqında kardioqramsız münasibət də bildirə bilər. Bu mənada, ədəbi proses kifayət qədər güclü təsir göztərən ədəbi şəxsiyyətlər və ədəbi orqanlar kənarda da qala bilər. Mənim ədəbi tənqiddən elə bir gileyim olmasa da, çox vaxt “Kredo” qəzeti də və o cümlədən, qəzetdə işıq üzü görən ədəbi materiallar da bu və ya digər dərəcədə qiymətləndirmə materiallarında kifayət qədər görünmür. Hər halda görünmənin dərəcəsi məni qane etmir. Təəssüf elədiyim bir də odur ki, hətta istedadının qədərincə təqdir etdiyim adamlarda ucuz səviyyədə qısqanclıq, bədxahlıq, paxıllıq, qərəz meyilləri də görürəm. Mənim belələrinə yazığım gəlir.


-Yaradıcılığınızı vərəqlədikcə vətən həsrətli, yurd nisgilli onlarla şer nümunələrinə rast gəlinir. Bu cəhətiniz sizi M.V.Vidadi ilə birləşdirir. “Araz dərdini ürəyimdə toxuyuram” deyirsiniz, bir neçə kəlmə ilə oxucuları kövrəltməyi bacarırsınız. Bu, nə ilə bağlıdır?
- Bu suala qısa və konkret cavab vermək istərdim. Atamın dilindən eşitdiyim və sonralar Vidadi ilə bağlı mənbələrdə rast gəldiyim bir bayatı fikrimi ifadə etməyə mənə kömək edər: “... Könlüm gəzən yerləri Quş gəzməz qanadıyla”. Bax bu məqamda həqiqətən mən Vidadi ilə birləşirəm, qovuşuram, müəyyən mənada yazdıqlarımı Vidaninin yazdıqlarının davamı hesab edirəm. Professor Q.Kazımov deyir ki, “Ə.Xələflinin “Arza ağrısı” poemasında lirika közərmiş şiş kimi insanın bağrına sancılır”. Zənnimcə, bu, sənətkarın ağrı məqamına yaxınlaşma dərəcəsi ilə bağlıdır. Ağrının mənbəyi həyatda olsa da, o ağrını özümdə, ruhumda, varlığımda hiss edə bilməsəydim, “Araz ağrısı” kimi bir əsəri də yarada bilməzdim. Həmin poemadakı “gözlə, gələrəm” motivi ağrı ilə yaşamağın sözdə görünüşüdür. Ümumiyyətlə, insanın səmimiyyəti əsas meyardır. Onun daxili aləminin harmoniyası hansı ruh üstə köklənibsə, nitqində də həmin harmoniya hiss olunmalıdır. Daxili aləmi ilə nitqini tamamlamayan insan səmimiyyətini təsiq edə bilməz. Mənim də daxili-mənəvi mühitimdə yaşadığım həyat, ümumi dünyagörüşüm əsasdır və bu daxili-mənəvi mühitin içərisindən çoxlu dərd çayları axır. Kövrəklik üçün daha insana nə lazımdır? Hər halda insanın kövrəlməyini mən həmişə zəiflik kimi qəbul etmirəm və burada bir səmimiyyət və saflıqda görürəm. Qarşı təfərlə bağlılığa gəldikdə insanın özünü görməyindən daha artıq dərəcədə mənəvi mühitinə baxan nəzərlər onu daha aydın görə bilər. Əlbəttə, inam varsa, və səmimiyyət hər iki tərəf üçün ölçüdürsə... mən insanları daha səmimi hesab edirəm.

-Onlarla şer, povest və publisistik kitabın yazarısınız. Bu kitablarınızla millətimizin dərdlərini izhar edir, eyni zamanda uğurlarımızı vəsf edirsiniz. Amma mən sizin daha çox publisist-yazıçı, yoxsa daha çox şair olduğunuzu təyin etməkdə çətinlik çəkirəm. Bir gün dövlət başçımız sizə fəxri ad təqdim edəndə (mən bütün varlığım ilə buna inanıram, çünki, siz xalqınıza qələminizlə kifayət qədər xidmət göstərmisiniz) hansı adın-xalq şairinin, yoxsa xalq yazıçısı adını təqdim edəcək-bax bu, çox maraqlı olacaq. Sizcə hansı sahədə özünüzü daha çox püxtələşmiş hesab edirsiniz?
- Doğrudur, mənim müxtəlif janrlarda çoxlu kitablarım nəşr olunub. Yaradıcılığa da məktəbli yaşımdan şeirlə başlamışam. Nəinki o vaxtlardan, hətta sonralar da yazdığımı həqiqi bədii nümunə hesab eləmirdim. Publisistikaya daha çox meyillənirdim. Təbiət və insan obrazları mənim publisitikamda bir-birinə qovuşurdu. Oxuyanlar da deyirdi ki, mənsur şeirdi. Hətta ədəbi tənqiddə də esseni, essevari tənqidi, ədəbi tənqiddə Asif Əfəndiyev yolunu daha çox təqdir edirdim. Bu, mənim üçün elə indi də qüvvədə qalan təmayüldür. Nə yazıramsa yazım, yazdığımın içərisindən bir poetik xətt keçir. Professor Qəzənfər Kazımov deyir ki, “Ə.Xələfli publiisitikasında da şairdir, nəsrində də şairdir. Çünki dünyaya, cəmiyyətə, təbiətə uca göylərdən baxmağı bacarır”. Bu fikirlər böyük ədəbiyyat yolu keçmiş görkəmli alimin qənaətlərdir. Və təsadüfən bu şəkildə ifadə oluna bilməz. Bir məqamı da deyim. “Od” romanım çap olundu. Oxuyanlar (ön sözün müəllifi Təyyar Salamoğlu) dedilər ki, bu əsəri nəsrlə yazılan bir roman kimi yox, poema kimi ocuduq. Yəni əsərin poetik ruhu çox güclüdür. Nu tənqdiçi, kifayət qədər özünə gücəncli Sabir Bəşirov da dedi, filologiya elmləri doktoru, yazıçı Elçin Mehrəliyev də qeyd etdi, eləcə də bir çox başqaları. Publisistikaya gəldikdə isə məni ədəbi aləmin canlı obrazları, sənətkarların həyatı, taleyi daha çox maraqlandırır. Ustad İmamverdi əbilov söhbətlərimizdə və məktublarında qeyd edir ki, mən həmişə düşünürdüm: nə üçün bizim ədəbiyyatımızın Konstantin Poustovskisi yoxdur? Bilirsiniz ki, o, ədəbi hekayətlər yazmaqla məşhur idi. Ayrı-ayrı sənətkarların həyatından bəhs edən ədəbi hekayətlərini şirin bir poeziya kimi oxuyursan. Bu janrın ən yaxşı ustadlarından biri AMEA-nın müxbir üzvü, şərqşünas, yazıçı Rəfael Hüseynovdur. Nə isə... Nə yazıramsa, yazım, sözün poetik rəngi mənim üçün daha qabarıq görünür. Əlbəttə, janr şərtidir. Hər kəs özünü ifadə üçün müəyyən formaya nəzarət etməlidir. Mən də hər hansı fikri, hansı sözü, hansı formada demək mümkündürsə, o formada da deyirəm. Poemalarımda qəsidə ruhu da var. Ayrı-ayrı poemaları içərisində biçərisində bitkin qəsidələr yazılıb. Doğrudur, bu qəsidələr nə qədər bitkin olsa da, əslində, bütölükdə əsərin əsas xəttinə xidmət edir. O ki qaldı fəxri ad məsələsinə... əsas ad oxucu tərəfindən qəbul olunmaqla təsdiqini tapır. Mən heç o iddiada da deyiləm ki, mənə hansısa fəxri adın verilməsi gecikir. Əvvəllər bir təkliflə çıxış  eləmişdim. Şairlik və yazıçılıq bölgüsünü düzgün hesab etmirəm. Ədəbiyyatşünas da - ədəbiyyat tarixçisi, ədəbiyyat nəzəriyyəçisi, tənqidşünas, esseist, nasir, ssenarist, dramaturq, şair, publisist... bütün bunların hamısı hazıçıdır. Demək, əgər şair ayrıca öz adıyla fərqləndirilirsə, ədəbiyyatşünas da hansısa bir formada öz adıyla fərqləndirilməlidir. Dramaturq da eləcə. Ona görə də zənnimcə, əsas və yenə də təkrar edirəm, sənətkarın özünü ifadə gücüdür. Meyar da elə bu güc olmalıdır. Hansı formada, hansı janrda yazmağın məsələyə dəxli yoxdur. O, zamana, cəmiyyətə, insanlara münasibətini necə ifadə edib? Tarixi necə qavrayıb və gələcək nəsillər üçün nə yazıb, nə qoyub? Qələm əlindədirsə, hansı janrdan yazmaqdan asılı olmayaraq, yazdıqların cəmiyyətə işıq gətirirsə, sən yazıçısan. Söhbət bundan gedə bilər?


-Sizin “Yaddaşa aparan yollar” kitabınız ədəbi mühitdə hələ ki, analoqu olmayan, heyrət doğuran bir hadisələrdən biridir-deyə düşünürəm. Mən bu hadisənin şahidi kimi deyə bilərəm ki, siz buna necə zəhmətlə nail oldunuz. Bu qeydlərinizi “Kredo” qəzetinin ard-arda 40 nömrəsində dərc etdirdiniz. İstərdim ki, bir anlıq da olsa həmin anlara qayıdaq.
- Yeri gəlmişkən, bir məsələni burada qeyd etməliyəm. Sənətkarın tarixə münasibəti pbyektiv olmalıdır. Mütaliəsinə, bilgilərinə daha çox güvənməlidir. Tarixi əsərin bədii istiqaməti, bədii yükü sənətkarı tarixə münasibətdə saxtalaşdırma yoluna çəkməməlidir. Bu yöndə bir çox yazıçıların tarixi roman janrında yazdıqları mübahisə doğurur. Şah İsmayıl Xətai, Şah Abbas, Nadir şah, Pənahəli xan, İbrahim xan... obrazları ayrı-ayrı müəlliflər tərəfindən ziddiyyətli təsvir olunur. Bir əsərdə Şah Abbas bir cür görünür, digərində başqa cür. Yaxud Dədə Qorqud dastanlarının motivlərini dəyişmək, artıq müqəddəslik kultu qazanmış simaları eybəcərləşdirmək kimə daha çox faydalıdır? V.Yanın tarixi romanları az qala Avropa üçün Türk-monqol tarixi dərslikləridir. Mən istəyirəm ki, Azərbaycanda tarixi romanlar tarixə münasibətin aynasına ləkə salmasın. Əlbəttə, bədiiliyi bir çox şərtlilkləri inkar etmədən Yunus Oğuzun adını çəkirsiniz. Şəxsən mənim fikrimə gəldikdə deməliyəm ki, onun tarixə münasibəti, tarixə istinadları məni tam qane edir. “Yaddaşa aparan yollar” əsərim isə şərqşünas-şair Hafiz Rüstəmin “Bakıdan Yardımlıya səyahət” poemasının motivləri əsasında yazılıb. Poema yüz səhifədir. “Yaddaşa aparan yollar” isə altı yüz səhifə, həm də daha böyük formatda. Əsəri oxuyanlar bilir ki, motiv mahiyyəti burada şərtidir. Doğrudur, əsər boyu H.Rüstəmin də yaradıcılığına, əsərinə də münasibət bildirməyə çalışmışam. Poemanın məziyyətlərini açmaq, poetik fikrin alt qatlarında yatan düşüncələri düşüncələri də üzə çıxarmaq istəmişəm. Ancaq məni bütövlükdə Azərbaycanın tarixi taleyi maraqlandırıb. Bütün XX əsr boyu bu xalq hansı zillətləri çəkib? Səbəblər, siyasi-psixoloji köklər, insan münasibətləri, cəmiyyətin mənəvi problemləri, sosial düşüncənin daxili bütövlüyə çata bilməməsi, hətta böyük Azərbaycan ideyasının gerçəkləşə bilməməsi... məsələlər çoxdur – məni düşündürüb. Özü də həmin mərhələ yaradıcılığımın qaynar dövrü olduğundan düşüncələrimi bir çox hallarda cilovlaya bilmirdim. Yeddi-səkkiz aya bu qədər nəhəng bir işi görmək təkcə ilhamla bağlı deyil. Zəhmətə qatlaşmağı bacarmalısan. Söz səni ahənrüba kimi çəkməlidir. Bəzən saatlarla diktə edəndən sonra bədənim tərlə islanırdı. Ancaq işi yarımçıq qoymurdum. Demək, sənətkar üçün yaradıcılıqda əsas amillərdən biri də yazıya inadlı münasibətdir. Mən sevinirəm ki, sənin kimi gənclər belə halları müşahidə edib; sən istəsən də, istəməsən də bu hadisələr sənin gözlərinin qarşısında cərəyan etdiyi üçün həyatın boyu unutmayacaqsan. Bəlkə də, iş prosesində tənbəllik, ətalət elə bu həddi – yaddaşın qoruğudu həddi keçib sənə yaxınlaşa bilməyəcək. Mənim özümə də yadıma düşdükcə xoş təsir bağışalyır. Bu duyğular yenə həmin şövqlə işləmək üçün istək amilinə çevrilir.



-Əli Rza müəllim, ” biz niyə sevmirik bir-birimizi”?
- Başa düşürəm, ifadə Zəlimxan Yaqubun məşhur “Biz niyə sevməyək bir-birimizi” şeirindən gəlir. Mən də həmin fikrin fikrin təsiri altında bir şeir yazmışam. İki-üç bəndi yada salım:
... Hazırıq yollara tələ qurmağa,
Bir yazıq sərçəyə tələ qurmağa.
Axı necə kərə düşdük qarmağa,
Biz yenə sevmədik bir-birimizi.

... İndi baxan yoxdu bircə haqq sözə,
Deyəsən bu millət gəlibdi gözə.
Allahın qarğışı keçibdi bizə,
Biz yenə sevmədik bir-birimizi.

Papaqlar boş qaldı suyun üzündə,
Millət tarac oldu Muğan düzündə.
Axırı çatmadı bircə sözün də,
Biz yenə sevmədik bir-birimizi.
Bu şeiri mən, əlbəttə, ustada ehtiramla onun iki misrasını epiqraf gətirməklə 90-cı illərin dumanlı günlərində yazmışam. Zəlimxan Yaqub böyük sənətkardır. Hədsiz dərəcədə poetik ruh üstə köklənmiş sənəkardır. O, təbiətdə gördüyü harmoniyanı cəmiyyətdə də görmək istəyir. Və böyük ağrı ilə həmin sualı cəmiyyətə ünvanlayır və cox doğru deyir ki, “... Arılar çiçəkdən balı çəkirsə, biz niyə sevməyək bir-birimizi?” həmin fikrə istinadən yazdığım şeirin tarixi cəmiyyətin hədsiz dərəcədə siyasiləşdiyi, hətta kimin nəyi düz dediyinin fərqinə varmadan bir fiziki iş adamının da siyasətlə məşğul olmaq iddiasına düşdüyü dövrlə bağlıdır. Bu da qütbləşmənin çoxluğuna, tərəflər arasında ziddiyyətlərin az qala düşmənçiliyə aparıb çıxarır. Təzadlar cəmiyyətin inkişafına kömək etməlidir. Azərbaycan xalqının əsrlər boyu qazandığı ən böyük sərvətlərindən biri də dözvlətçilik mexanizminin olmasıdır. Biz bunun qədrini bilməliyik. Konstitusiya, Himn, Bayraq, Gerb, ordu, polis, hüquqa istinad birmənalı şəkildə cəmiyyətdə dövlətçilik atrinutu kimi qorunmalıdır. Prezidenti xalq seçir. Onun fəaliyyət dövrü qərəzlə təhlil olunmamalıdır. Çox təəssüf ki, Azərbaycanda başqasının fikrinin əsası oldu-olmadı rədd etmək, tərəflərin bir-birinə bədxah münasibəti, dargözlük, qərəzkarlıq meylləri də inkarolunmazdır. Fürsət düşən kimi ümumi mənafeni, milli dəyəri unudaraq, vətəndaşlıq missiyasını arxa plana keçirərək ərazi bölgüləri, mənəm-mənəmlik iddiaları, tayfaçılıq, yerliçilik psixologiyası... həqiqəti üstələyir. Artıq biz belə bir tarixi dövrün şahidi olduq. Qarabağ itkisinin də kökündə bu dayanır. Az qala Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi qarşısında idi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin tarixi xidmətləri bu zaman daha aydın dərk olunur. Bəli, mən yenə də o fikirdə qalıram, hələ də bir-birimizi qədərincə sevə bilmirik. Qiymətləndirə bilmirik. Tərəflər bir-birinin düşüncələrinə hörmətlə, ehtiramla yanaşmaq istəmir. Ancaq istiqlalın növbəti qərinələrində bütövlükdə xalqın xırda hisslərdən daha yuxarılara qalxacağına inanıram. Xalq mənən ucaldıqca millət bütövləşir, Vətən daha qüdrətli olur.





-”Kredo”da gənclərə geniş meydan açırsınız. Bir istedadlı gənci gördükdə doğmalarınızı gördüyünüz qədər sevinirsiniz. Necə bilirsiniz, bu gün istedadlı gənclər yetişirmi? Onların hansılarının haqqında daha ümüdlüsünüz?
- Meydan açırsınız deyəndə ki... həqiqi istedad üçün hər zaman meydan var. Ancaq istedad çox zaman bu meydanı görə bilmir. Onun ruhunu qidalandıran varlığını istedadına uyğun kökləməyi təmin edən mühit lazımdır. “Kredo”da bu mühit var. Mən istedadı tez tanıyıram. Çünki gənclərdə bu keyfiyyət qaranlı içində görünən işıq kimidir. Qalır humanist münasibətə. Doğmalıq, istedadı olan gənci öz övladın kimi qəbul etmək, onun yazdığına düzgün münasibət bəsləmək və əlbəttə ki, dərc etmək... bax budur istedadı cilalayan, onu yaradıcılığa bağlayan. Mən “Kredo”nun on beş illik fəaliyyəti dövründə çoxlu gəncin daxilində yanan ədəbiyyat işığını görmüşəm, onların sözə, sənətə məsuliyyətlə yanaşa bilmələri üçün imkanlarımı əsirgəməmişəm.  Bəzən universitet tələbələri üçün redaksiyada açıq dərslər keçmişəm. Hətta bir istedadlı gəncə ayrılıqda saatlarla mühaziə oxumuşam. Hiss etmişəm ki, onlar redaksiyadan çıxanda kürədən çıxmış dəmir kimi necə qızarıblar, közəriblər. Bu, onların mənəvi aləmlərindəki ocağın alovlanmasıdır. Bu, mənim qəlbimdə qürur hissi doğurub, fəxarət doğurub. Ayrı-ayrı universitetlərin gəncləri bizim redaksiyada təcrübə keçiblər, ilk yazılarının bizdə dərc etdiriblər. Bu, sabah bizi əvə edəcək nəsillərdir. Onların qayğısını biz çəkməsək, kim çəkməlidir? Ramiz Qasımov yazıçıdır. İlk əsərini yazıb redaksiyaya gəlmişdi. Onu Humay ilahəsi mükafatına təqdim etdik. Özü inanmasa da, müsahibəsini verdik. Əsəri haqqında ilk rəylər bizim qəzetdə dərc olundu. Və beləliklə, bu gün Ramiz Qasımov kifayət qədər tanınan nasirdir. Həm də onun yazdıqları üslub, janr, mövzu baxımından tapdaq deyil. O, orijinal yazıçıdır. Vüsal Nuru ilk şeirlərini bizdə dərc etdirdi. Yazılarını təhlilə çəkdik. İlk kitabınln redakroru oldum, ön söz yazdım. Təhsili haqqında fikirləşməyi tövsiyə etdim. Sonra ali məktəbə də daxil oldu, universiteti bitirdi. İstedadına uyğun bu gün ədəbi aləmdə yeri var. Ssenariləri əsasında filmlər çəkilir. Ramiz Qurban şairdir, çox istedadlı gəncdir. Publisistikasına isə heç söz yoxdur. Ancaq ona dəfələrlə xatırlatmışam ki, tənqiddə də müəyyən əndazə mütləq gözlənilməlidir. Əndazəsizlik formanın dağıdılmasıdır. Məzmun öz mükəməlliyini dəqiq və aydın formada tapır. Günay Dağlı posmodern şair,  özünəməxsus qələmi olan publisistdir. Televiziyalarda portret müsahibələr müəllifidir. Dəyərli bir kitabı da “Xoxan” işıq üzü görüb. Aliyə Əsədova “Dağ bozumtul” əsəri ilə ədəbi arenaya çıxdı. Səmimi, duyğulu qələm sahibidir. Son vaxtlar gec-gec görürəm. Lənkərandan Müşfiq yazılarını göndərir. “Kredo” onun üçün də həqiqi yaradıcılıq labaratoriyasıdır. Günay Əliağa qızının bədii yazıları da diqqətimi çəkir. Hətta onun poetik ruhu ilə bağlı ədəbi məktub da yazmışam. Sənin özün, Yeqzar, ədəbi tənqidlə redaksiyaya gəlmişdin. Bütün varlığınla sözə bağlı olduğunu ilk görüşdəncə anladım. Özünlə çoxlu söhbətlərim oldu. Xeyli müddət redaksiyada çalışdın. İki ilə qədər vaxt böyük təcrübə məktəbidir. Hekayələrin, məqalələrin çap olundu. Hərbi xidmətdə olanda da bizimlə əlaqə saxlayırdın. Mənim də yaradıcılığımın ən yaxı oxucularından birisən. Sənin sağlam gələcəyinə heç bir şebhəm yoxdur. Daha ümidli olmaq nəyə deyirsən. Lap elə “Nəsimi” filmində deyildiyi kimi: “Mən çox böyük məmnuniyyətlə ruhumu sənin kimi gənclərə əmanət edərdim”.



-AYB-nin qarşıdan gələn qurultayından gözləntiləriniz nədi? Sizcə sədrliyə ən layiqli namizəd kimdi?
- Qurultay özü bir toplumdur. Adamlar bir yerə yığışır, ümumi şəkildə keçilən yola nəzər salınır, səhvlər, əyintilər diqqətə çəkilir, dünyanın ən dəyərli ədəbi hadisələri təhlil olunur və hər kəs yenə öz işinin arxasınca gedir. Heç bir qurultay heç bir yazıçıya hazır resept vermir. Yenə söz və sənətkar öz hücrəsində baş-başa qalır. Daxili-mənəvi mühitin hücrəsində. Yazıçılar Birliyinin sədrliyinə ən layiqli namizəd fikri də mübahisəlidir. Mənə qalsa, Xalq yazıçısı, böyük sənətkar Anarın imkanları bir çoxlarının qərəzli iddiaları qədər tükənməyib. Müdriklik, təmkinlik onun xarakterik keyfiyyətləridir. Ən qərəzkar opponentə belə sağlam münasibət göstərməyi bacarır. Unutmaq olmaz ki, ayrılıqda hər hansı bir fərdin nail ola bildiyi bu keyfiyyətlər az-az adamlarda toplanır. O, özündən yaşlılara da, gənclərə də, ədəbiyyatın bu gün əsas aparıcı qüvvəsinə də normal münasibəti saxlayır. Əlbəttə, bu təşkilata rəhbərlik edə biləcək gücdə olan çoxları var. İndi ad çəkmək istəməzdim, əvvəllər bu barədə geniş danışmışam, təşkilatçılıq qabiliyyətini müşahidə edə bildiyim bir çox adamların da adlarını çəkmişəm. Onların arasında gənclər də az deyil.


-Bu gün nə üzərində işləyirsiniz? Mümkünsə bir neçə kəlmə yaradıcılıq planlarınız barədə.
- Doğrusu, ədəbi ictimaiyyətin çox geniş şəkildə və müxtəlif istiqamətlərdə altmış illik yubilieyimi qeyd etməsi məndə çox xoş təəssürat yaratdı. Və bir daha inandım ki, hər bir halal zəhmət gec-tez öz haqqını alır. Bu haqq mənim üçün mənəvidir, yaradıcılığımın təqdir olunmasıdır. Ancaq orasını da deyim ki, yubileydən sonra bir qədər düşünmək, yazdıqlarımı bir araya gətirmək istəyirəm. Çoxdan yazmağa başladığım “Yurd” poemasının ayrı-ayrı fəsilləri üzərində fasilələrlə də olsa iş gedir. “Od” romanımın ikinci hissəsini yazmağa isə yəqin ki, başlayacam. Ancaq buna hələ tələsmirəm.


-Əli Rza müəllim, ədəbiyyat aləminə yenicə qədəm qoyan gənclərə hansı tövsiyələriniz var?
- Əslində, bu suala artıq cavab vermişəm. Yuxarıda gənclər haqqında danışanda bu barədə kifayət qədər bəhs etdim. Tövsiyəm isə hər bir gəncin özünə inamlı olmasıdır. Təəssüf edirəm ki, bir çox gənclər – hətta istedadları da var, oxumurlar. Bazaları demək olar ki, yoxdur. Onlar bilməlidirlər ki, birmənalı şəkildə, oxumasalar, öyrənməsələr söz öz sirrini axıracan açmayacaq. Ədəbiyyat dili bilməkdən başlanır. Ananın öyrətdiyi dil hələ əlifbadır. Böyük dil dərsi böyük oxudan keçir. Zəngin yaradıcılıq yolu zəngin ədəbi-mədəni sərvətə sahin olmaqdan başlanır. Gənclər sevgi hissinin müqəddəsliyini qorumağı bacarmalıdır. Əlbəttə, birinci növbədə sözə sevgi hissinin.

Yeqzar Cəfərli
yeqzar_91@mail.ru








Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ