Kitab – müqəddəsdir, savad, bilik mənbəyidir. Lakin
bəzən kitab da insanların pis rəftarı ilə üzləşir. Nədir axı bu kitabların
günahı? Niyə onlarla bu cür rəftar edirlər? Axı onlardan adamlara heç bir ziyan
gəlməz, əksinə, onlardan aldığımız faydanı, xeyiri başqa heç bir yerdən, hətta
internetdən əldə edə bilmərik. Bir ensiklopediya belə hər şeyə dəyər.
Sanki elə sözün əsl mənasında biz get-gedə
vəhşiləşir, qəddarlaşırıq. Bəzi dardüşüncəli, bisavadlar «savad, bilik bizlik
deyil» - deyib, maariflənməyə heç cürə can atmırlar. Bəlkə onlar düşünürlər ki,
indi 21-ci əsrdir, hər şeyi internet vasitəsilə əldə etmək olar, internet daha
maraqlıdır, kitabları artıq məhv etmək olar, onlar daha lazım deyil, evdə yer
tutur.
Bir qədər düşünmək lazımdır ki, sabah biz
övladlarımıza nə qoyub gedəcəyik, onların savadlı, zəngin olmalarına niyə mane
oluruq? Nədən onları kitablardan məhrum edirik, oxumaq əvəzinə, onlardan
canımızı qurtarmağa çalışırıq?
Neçə gün əvvəl qəribə bir hadisə ilə üzləşdim.
Doğrusu, belə mənzərə ilə bir neçə dəfə rastlaşmışdım, amma bu dəfə ki,
qarşılaşdığım mənzərə məni lap sarsıtdı. Belə ki, evə gedəndə Azadlıq
prospektində, tində orta yaşlı bir qadının daşın üstündə oturduğunu gördüm. Tum
satırdı, yanında da kitab vərəqləri vardı. Maraq mənə güc gəldi. Yaxınlaşdım
ki, görüm o nə vərəqlərdi elə, nə görsəm yaxşıdı? «Azərbaycan tarixi», «Azərbaycan
ədəbiyyatı» - 10-cu və 11-ci siniflər üçün. Nizaminin “Xəmsə”si, S.Vurğunun
şeir toplusu və daha nələr, nələr! Hamısı tumun qulluğunda hazır idi və öz
müştərilərini, yəni tumsevərləri gözləyirdilər ki, nə vaxt onları bükərək tumla
doldurub satacaqlar?!
Sanki təpəmdən tüstü çıxdı. Əsəbiləşdim. Xaladan
soruşdum ki: «Kitabları niyə bu hala salmısınız, heyifdi axı, yazığınız gəlmir?
Məgər onlar tum üçün çap olunub? Yoxsa, kağız qıtlığıdır?»
Qadın qayıtdı ki: “Qızım, vallah, mən ömrüm boyu
kitab üzü görməmişəm, biliyim yox, savadım yox, cəmi 3 sinif bitirmişəm. Mənə
lazımdı ki, tumumu satıb, pul qazanım. Yoxsa, mən nə bilirəm kitab nədir? Bu
kitabları isə, o gün qonşularımdan biri atdı zibilliyə. Mənim də heyifim gəldi
ki, büküb tum satmağa yaxşı yarıyır. Götürüb apardım evə. İndi əlimdən yaxşı
tutur, yoxsa kağız almaq üçün pul xərcləyəcəkdim. Onsuz da bu kitablar məhv
olacaqdırlar, Balaxanı zibiliyində onlara od vurub yandıracaqdılar”.
Qadına baxa-baxa qaldım, sonra da dedim ki: “Xala,
düz deyirsiniz, mən sizdən daha nə umum, nə gözləyim? Nə lazım idi, eşitdim,
Allah bazarını versin!”
Həqiqətən çox təəssüflənirəm və kədərlənirəm,
görəsən, bu kitabların günahı nədir? Nə olsun ki, köhnəliblər, nə olsun ki,
artıq gocalıblar? Məgər onlardan faydalanmaq, bilik əldə etmək olmaz?
Qeyd etdiyim kimi, həmin mənzərəni görəndə, başıma
elə bil qaynar su tökdülər. Kitabları oxumaq, qorumaq əvəzinə, tumla dolu
vərəqlərini seyr edirik. Axı buna necə dözə bilirik? Və bir şey də əlavə etmək
istərdim, bu bəlkədə ən vacib amillərdən biridir. Kitabları yandırmaqla biz
onları yazan yazıçılara hörmətsizlik edirik. Axı onlar bu kitabları yazana kimi
nə gədər əziyyət çəkiblər, yuxusuz gecələr keçırib bu kitabları ərsəyə
gətiriblər. Budurmu onlara “Sağolumuz”.
Məncə haqsızlıq olar, onlara qarşı bu cur rəftar etmək. Onların zəhmətlərinın
bəhrəsi axırda ya zibilliyə atılır, ya yandırılır, yaxud da vərəqlərindən tum
və s. kimi bükmə vasitələri kimi istifadə olunur. Ayıbdır vallah.
Sözümün canı budur ki, kitablar yandırılmasın, məhv
edilməsin! Günahdır kitabları yandırmaq! Təkrar edirəm: kitab - bilik
mənbəyidir. Kitablar bizim sirdaşımız, dostumuz və müəllimimizdir. Kitabları
yandırmaq, öz biliyimizi, savadımızı öldürüb məhv etmək kimi bir hərəkətdir.
Kitabları yandırmayın, əldə edib oxuyun! Nə olsun ki, o kitabların dili, ağzı
yoxdur, etiraz etsin! İnanın, dil açıb danışa bilsəydilər, üsyan qaldırardılar
ki, niyə bizi incidirsiniz, axı bizim günahımız nədir, niyə bizi zibilliyə
atırsınız lazımsız əşya kimi? Məgər biz o qədər böyük yükük sizlərə, o qədərmi
nifrət ediləsi əşyayıq?!
Əzizlərim, gəlin, kitabları yandırmaq! Kitabları
məhv etmək əvəzinə, daha böyük hörmət qoyub qoruyaq və maariflənək!
Leyla Namazova
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ