Ülvi Bünyadzadə- ÖMÜR YOLU( Poema)

Bu yazıya counter dəfə baxılıb

Əfqanıstanda həlak olmuş Azərbaycan oğullarının əziz xatirəsinə ithaf edirəm.
PROLOQ
Ürəyimin ağrısından, Yatammadım neçə gecə. Taleyiniz gəlib keçdi, Söz önümdən bircə-bircə.
Əcəl sizi qılıqlayıb, Yuvanızdan hara saldı? Adlarınız hansı daşda, Hansı yurdda batıb qaldı?
Diri tankı, diri topu, Axı harda görmüşdünüz? Tək-tükünüz yuxularda Onu hərdən «atmışdınız», Onu hərdən «sürmüşdünüz».
Dağ yolunda bələdçisiniz Kəklik idi, turac idi. Ən qorxulu silahınız, Sapand idi, ağac idi.
Görmüşdünüz qoşaqüllə, Quş tüfəngi, bir də tələ. Bilmirdiniz avtomatı, Götürürlər necə ələ.
Qardaşlarım, kəm bəxtiniz, Görün sizi hara atdı? Kəmfürsətlər başımızı, Görün harda necə qatdı?
Analara oğul deyil, Neçə bağlı tabut gəldi. Bir zamanlar hətta sizə, Yas tutmaq da yasaq idi.
Gizli-gizli alışırdı, Ana qəlbi, bacı dərdi. Birdən xəbər çatardı ki, Ordumuzun qüdrətinə Kimsə şübhə eləyibdi.
Bir qocanın oyununa Neçə cavan getdi qurban. Hanı qoca mərhəməti? Hanı Allah, hanı Quran?
Adınızı oxuyuram… Əli, Səməd, Vaqif, Məhər… Özünüzü görməsəm də, Ruhunuzu axtaracam, Səhər-axşam, axşam-səhər.
BİRİNCİ RUH
Sən mənim adıma rast gəlməyibsən. Adsız uyuyuram bu qərib yerdə. Sənə deməyəcəyəm heç adımı da. Məni diri bilir, Gözləyir anam. Demə, qoy gözləsin, dözməz bu dərdə. Görürəm qəbrimin içi yaş olur. Deyəsən ağlayır anam xəlvətcə. Girmir heç olmasa yuxuma deyəm, ağlama, ay ana, mən çox yaxşıyam. Səndən narahatam, Niyə hər gecə çıxıb qaranlıqda yola baxırsan?! Niyə vaxtsız yatıb, vaxtsız qalxırsan?!
*** Qardaş da yoxdur ki, ona tapşırım. Bəlkə… sən olasan… Mənim qardaşım. İndi ki, razısan, Onda get bizə Ovut anamızı, sən mənim başım. ƏKS-SƏDA
Onun ünvanını bilmək istəsən, Gəz Azərbaycanı. O yazıq ananı, Tap özün tanı. Başında yaylığı gecə tək qara, Kədərli gözləri baxır yollara. Hələ üzməyibdir ümidini o. Bəlkə də onunçün hələ də əyməyib düz qəddini o. Sən elə bilirsən o ana təkdir?! Yox, Ülvi qardaşım! Sənin səhvin var. Sayını bilmirəm, amma bu dərddə Yenə də ən azı yüz ana olar. Oğulsan söz axtar, təsəlli üçün; Yalandan söylə ki, oğlun sapsağdır. Axı o, anadır, ana ürəyi yeddi ağaclıqdan duyur ki, gələn ona nə deyəcək, Bu nə qonaqdır!
*** İndi Siz söyləyin, gedim-getməyim? Bir igid ruhuna Söz verdim axı. Mənə namərd deyin, Lap qorxaq deyin, gedib deməyəcəyəm, Deməyəcəyəm!!! Görmək istəmirəm mən ana dağı.
«Balam mənim gülümdür, Gülümdür, bülbülümdür. Ölsə analar ölsün, Bala ölmək zülümdür».
İKİNCİ RUH
Məni qapımızda yaxaladılar. Bel götürüb gedirdim yer əkməyə. Bizm torpaqların bərəkətindən, Uşaqlar alışır erkən əməyə.
Bu yaz deyirdim ki, duman çox olur, Deməli, məhsul da bol gətirəcəkdir. Bizim torpağımız qızıl torpaqdır. Tikan əksən də gül bitirəcəkdir. Bir ev də tikirdim iki qat, böyük, eyvanı qırx metr, toyda lazımdır. Gül-çiçək əkmişdim Qırmızı, sarı… Divardakı saz da mənim sazımdır.
Məni qapımızda yaxaladılar… Elə qırx metrlik toy eyvanımdan, Yabamdan, xışımdan… ata, anamdan Ayırıb bu yad yerdə Qırx arşınlıq Bir quyuya saldılar.
Səsim çatmır, Ünüm yetmir heç kəsə. Barı görən çiçəklərim açdımı?! On il keçib aradan. Qonşudakı o qız görən məni unudub özgəsinə qaçdımı?! Qəza məni burda, qəfil haqladı. Əsir düşdüm. Soruşdular: - Sən kimsən? Bu torpağın yarasını Yoxsa sağaltmağa gələn həkimsən? Biz ki, sənin torpağını tanımırıq uzaqdan da. İncimişik Özbəkdən də, tatardan da, qırğızdan da, qazaxdan da. türkməndən də Beynəlmiləl deyə-deyə hardan hara gəlibsiniz? Yoxsa bizi qeyrətsiz, maymaq millət bilibsiniz? Öz torpağın ona-buna paylanır. Qeyrətin var, get al geri. Yox, mən sənə inanmıram. Qoymaq olmaz səni diri.
***
Görürsənmi – ay el oğlu, gəlib harda Qeyrətsizə döndüm necə. Mən ayrı cür yaşamağa göz dikmişdim. Gör bir harda öldüm necə. Barı məndən o firavan çağlarıma salam de. Kəndimizin torpağına, bağlarına salam de. «Qüdrətdən sənğərli…» dağlarına salam de. De ki, məndə günah yoxdur. Qeyrətsizlər yad torpağı qorumaq yox, dağıtmaq üçün göndərdilər bura məni. Əfqanıstan – Azərbaycan gətirdilər hara məni?
DAĞLARIN ƏKS SƏDASI
Mən sənə qeyrətsiz demirəm, oğlum. Təki qeyrətsizlər sənə oxşasın. «Qeyrətli kişilər» sən ölən günü Gəldilər kəndə ki, Qonşular yazıqdı… Guya dost kimi Onlara əl tutub yer bağışlasın. Sənin bağ torpağın getdi orada. Mənim də «səngərim, qalam» saraldı, uçdu arada. Qeyrətli kişilər kişi donunda – Qeyrətsiz qadından yaman olublar. Qazaxda, Tovuzda, Laçında… oğlum, Qonşular üz basıb, Dərə keçib, düz basıb, Min yerə məktub yazıb, Neçə dağımızı birdən alıblar. Məncə oğul, bu sövdada bizim «qeyrətlilər» çox-çox naşıdı. Burda gəlib dərd çəkməkdən – Orda yatmaq çox yaxşıdı.
***
Yox, yox, ulu torpaq, Sənin uğrunda həmişə hər yerdə mərd olacağıq. Sənin hər qarışın ocaq yeridi. Qan töküb o yeri biz alacağıq. Zəmanə dəyişib, pis zəmanədi. Rüşvətlə, yalanla sözü keçən var. Sənin halal çörəyindən, suyundan hələ güc alan var. hələ içən var. Ömrüm səndən ayrı düşsə, Bəxtim qara bağlar ağlar. Öz oğlunu yad eyləyib, Qoşqar kimi dağlar ağlar.
Gözlərindən qəm yaşını sil, yaşa. Yaşa Vətən, milyon-milyon il yaşa. Yaşamağın mənasını bil, yaşa.
Qəlbim duyur bu harayı, Burda əmi, orda dayı. Gecə-gündüz Araz çayı, Ağlar çağlar, çağlar ağlar.
Gözlərindən qəm yaşını sil, yaşa, Yaşa Vətən, milyon-milyon il yaşa. Yaşamağın mənasını bil, yaşa.
Sənə namərd çıxsam əgər, Babəklərim qan – yaş tökər. Koroğlular kaman çəkər Oxlar məni, saxlar, ağlar.
Gözlərindən qəm yaşını sil, yaşa. Yaşa Vətən, milyon-milyon il yaşa. Yaşamağın mənasını bil, yaşa.
ÜÇÜNCÜ RUH
Aman qardaş, doğrudurmu deyirlər, Gecə-gündüz qan tökülür yurdumda. Qarabağın tarixini danırlar, Məscid uçur, dam sökülür yurdumda. Qarabağdı mənim dinim –imanım, O torpağın nişanəsi, iziyəm. Məni belə aciz görmə qəbirdə, Qəbirdə də Qarabağın özüyəm.
***
…Dedilər ki, Vətən səni çağırır. Yola düşdüm, Vətən adı şirindir. Nə biləydim, mənə şirin olan tək, Əfqana da öz büsatı şirindir. Sonra bildim Amma… daha gec idi. Xəyanətin bildim qulu olmuşam. «Böyüklər» də dillənmədi gedəndə. Mən də bir az dəli-dolu olmuşam. Aman, qardaş, Qədirə de oxusun. alışıram, «Sona bülbül» dedikcə. Mən də ona göndərəcəm ərmağan, Qəbrim üstə «Xarı bülbül» bitdikcə. Sevincimiz başdan aşıb-daşırdı. Doğrudan da igid oğlan imiş o. Yerimizi görən hardan bilmişdi. «Topxana»da xoş günlərim keçibdi. Danış görüm «Cıdır düzü» dururmu? «Qarabağın bülbülləri» yenə də Arif kimi zəngulələr vururmu?
Vətən deyib bura gələn oğullar, İndi, deyir vətənində sayılmır?! Deyirlər ki, bizimkilər hələ də Yuxudadı. Ayılmır ki, ayılmır Bu millətin Gözlərinin yaşını Görən niyə birdəfəlik silmirlər. «Namus» deyən daşnaklar, öz dilində «Namus» yaza bilmirlər. Qarabağa məndən «salam» deyərsən, Yad eyləsin, Qoy ruhumu bir gözəl. Əlvida, qardaşım, Sənə yaxşı yol! Bir də gəlsən xoş xəbərlə qayıt gəl.
QARABAĞIN HARAYI
Mən görə bilmədim, ancaq deyirlər, Sizin hamınızı Gördük ekranda. Biriniz harasa tələsik qaçır, Deyirlər, tanıdıq vurulan anda. Əfqan cavanları yaxın dost bilib, Bəlkə də onlara deyibsən dayan! Axı əsgərliyə təzə gedibsən. Bilmirdin nə imiş qırğın, ölüm, qan Mən özüm görmədim sən vurulanda, Bilmədim sonuncu sözün nə olub. Amma bilirəm ki, qarmon çalanda, həmişə deyərdin: «ürəyim dolub». Bilmirəm heç nəylə boşaldım onu, Bilmirəm nə olacaq ömrümün sonu. Hələ ki, bir yana çıxa bilmirəm, «Dərdlə güləşirəm yıxa bilmirəm». Elə müəmmalı sözlər deyərdin,
Sonra da başını yerə əyərdin. Mən özüm görmədim sən vurulanda. Bilmədim sonuncu sözün nə olub. Amma bilirəm ki, dərin yaranda Əzabın qanınla birgə yoğrulub. Deməli, bu imiş tale oyunu. Sevinc də kədər də can möhnətidi. Hansı filosofsa deyibdi bunu «Ölüm insanların son heyrətidi».
*** Gözlərində donub qalmış, Son heyrətin qaldı sənin. Məsləkinə, düz andına – Sədaqətin qaldı sənin.
Gözəllərlə alqışlanan, Taleyinlə qarqışlanan, Qərənfillə naxışlanan, Gül ziynətin qaldı sənin.
Bənövşəni qoxladığın, Dəstə-dəstə bağladığın, Ürəyində saxladığın, Əmanətin qaldı sənin.
*** «Al, çax, fələk, Silahını al, çax, fələk. Namərdə meydan verdin, Namərddən alçax, fələk».
BİR DÖYÜŞÇÜNÜN XATİRƏSİ
Bizə on altı gün təlim keçdilər. Cavan, gözəl əsgərlər keçdikləri təlimi bir su kimi içdilər. Atmağı, vurmağı, pusqu qurmağı, Düşmən hücumunun qabağında durmağı, On altıncı gün – Son gündə, bizə əsl məqsədi, Bir mayor izah etdi. Elə həmin gündən də, Gülüşümüz Bir qiymətli daş kimi düşüb itdi.
*** Dumanlı bir gündə, İlk döyüş tapşırığına Göndərdilər məni də, Kəşfiyyata gedirdik, Hərəmiz bir tərəfdə, Tez yığ-yığış edirdik. Yaxşı yadımdadı, bahar çağıydı. Bir yan dərə idi, Bir yan dağıydı. Balaca bir obaya yetişdik durduq. Bir daşın dibində uzanıb pusqu qurduq. Bu balaca obada, Nə əkən var, nə biçən. Adam gözə dəymirdi. Elə bil ki, burada Nə yeyən var, nə içən. Qəfil hücum elədik kənardakı bir evə. Gördük cavan bir gəlin Körpəsini oynadır. Oynadır sevə-sevə.
*** Hələ də yadımdan çıxmayıb o an, Bizi görən kimi yazıq qorxudan. Bilmədi körpəni Heç hara dürtsün. Bilmədi ağlasın, bilmədi gülsün. Öz dilində bizə nəsə deyirdi, Bəlkə yalvarırdı, bəlkə söyürdü. Getdi, bir bağlama gətirdi, açdı, Gördük ki, çörəkdi, bir az da aşdı. O, son tikəsini bizə verirdi, Bu ona dərd deyildi, Körpəsinin dərdiydi əsil dərdi. Tərcüməçi çox dedi, Neçə dəfə and içdi, Bizim sənlə işimiz anam-bacım, yoxdu, yox, Yeməyi də aparın, hamı toxdu, vallah tox. O, dondu heykəl təki baxışları lal, Sanki gözlərindən oxuyurdum bir sual; İnanımmı mən sizə? İnam qalıbmı məndə? Elə isə nə gəzib, Axtarırsız bu kənddə. Elə isə de görüm, Kim aparıb ərimi, Atamı, qardaşımı?! Onların əvəzinə Kəsəydiniz başımı. Sizə pislik etmişdi? Ya sərhəd basa-basa Kəndinizə getmişdi? Ahım sizi qoyarmı, Sağ qalasız dünyada? Gedin, burdan tez gedin! Bəlkə itkin bəxtimi Ahım tapa oyada! Bəlkə də ah tutdu, Bizim neçə yoldaşı. Yad torpaqda onlardan Bizə nişanə qaldı, Bir balaca başdaşı!
EPİLOQ
Sizinlə burdaca ayrılıram mən. Hələlik deyirəm. Əlvida? Yox! Yox! Sizin qəbrinizin üstünə qanla Mən sual qazıram. bəs nida? Yox! Yox! Bir də yazıram ki, sizin ömrünüz, Dan yeri görməmiş qüruba endi. İgid qardaşlarım, vallah bilmirəm. Bu necə ömürdü, bu necə gündü.
Zəifdi qüdrətim, kütdü qələmim. Ürək dolub-daşır, yaza bilmirəm. Mən də sizin kimi həyat yolunda, Azmaq istəyirəm, aza bilmirəm.
Krasnoyarsk, KANSK-BAKI, 1989
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ