"Birdən ağlıma gəldi ki, sevgi infeksiya xəstəlikləri kimi bir şeydir. Məsələn, qızılca kimi. Deyirlər ki, hər kəs ömründə bircə dəfə də olsun, bu xəstəliyi keçirməlidir. Hətta xalq inancına inansaq, həyatda alınmasa, qəbr evində olsa belə, qızılca olmalısan. Körpə vaxtı qızılcaya qarşı peyvənd iynəsi vurulan şəxslər isə bu xəstəliyi elə həmin vaxt çox yüngül şəkildə keçirirlər. Sonradan tutulsalar belə, bu o qədər də qorxulu olmur, çünki xəstəliyə qarşı immunitetləri olur. Peyvənd almamış yaşlı insanın qızılcaya yoluxması çox çətin və hətta qorxulu bir şeydir. Yaşın nə qədər çoxdursa, qızılcanı bir o qədər ağır keçirəcəksən. Hələ ətrafdakıların reaksiyasını demirəm: "Bu yaşda da uşaq xəstəliyi keçirərlər?"
İlk sevgisi məktəb illərinə təsadüf edənlər peyvənd almış kimidirlər. Bu sevgi baş tutmayanda çox yüngül keçirirlər əzablarını. Sonradan sevsələr və yenə oxları daşa dəysə belə, yenə o qədər ağrılı olmur. Çünki bu acının nə demək olduqlarını yeniyetmə vaxtlarında duyublar, immunitetləri formalaşıb.
Amma vay o adamın halına ki, ilk sevgisi 25 yaşından sonraya təsadüf edə... Kənardan gülünc görünürlər: "Dəlisən? Bu yaşda sevgi nədir? Özü də ilk sevgi!" Ağrısından isə söhbət belə gedə bilməz: tanış olmayan hisslər, baş aça bilmədiyin vəziyyət, yaşına uyğun olmayan hallar... Yaş nə qədər çoxdursa, bu xəstəliyi - sevgini keçirmək bir o qədər təhlükəli olacaq.
Maraqlıdır, görəsən, sevgini də həyatda yaşamamısansa, qəbrdə də olsa dadırsan?"
Şəbnəm Xeyrulla- Gecə cızma-qaralarından.
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ