Saqif QARATORPAQ- QARDAŞIM!

Bu yazıya counter dəfə baxılıb
Saqif QARATORPAQ (Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazax (indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb. Azərbaycan Yazıçılar Birliyinin üzvdür.”Hüseyn Arif” Ədəbi Birliyinin sədridir.”Şamın kölgəsi” (Bakı, “Adiloğlu”, 2006) və “Bir könül varağında” (Bakı, “Ünsiyyət”, 2012) şeirlər kitabının müəllifidir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Şeirləri “Ziyalı Ocağı”,“Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”,”Elimiz.günümüz”, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində, “Türkün səsi” dərgisində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2001-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri sədridir.
QARDAŞIM!
İtirdim nə varsa,torpaq da getdi, Verdim bir ömürü yelə , qardaşım! Uşaq oyuncaqla oynayan kimi Söznən oynayıram hələ,qardaşim!
Sinəmə döyürəm yenə “mən”-deyib, Uca kürsülərdə “ey vətən”-deyib, Gah çiçək axtarıb ,gah cəmən deyib, Tərif də yazıram gülə,qardaşım!
Bu qədər susarmı dərdi dağ olan, Gündə min yol ölüb yenə sağ olan, Vətənə,torpağa,yurda ağ olan Yanıb niyə dönmür külə,qardaşım!
Gör necə aldadıb bər-bəzək məni, Qoyub yaman günə bu ürək məni. Salıb kəməndinə kəpənək məni, Çıxıbdı yadımdan güllə ,qardaşım!
Bu gidi dünyada daha gözüm yox, Budur-yaşayıram… ancaq özüm yox… Biçarə Saqifə ayrı sözüm yox, Görüm olsun belə-belə,qardaşım!
* * *
Mən də coxdan ölmüşəm, Yoxdu yerdən götürən. Bilmirəm oxudunmu Özümə başsağlı Göndərmişdim mən dünən.
İlişib bir tərifə Yıxıldım, xəbərin var? Yazığı gələn olsa Dönüb yerdən qaldırar.
İndi yaman dəbdədi Özünü sözdən asmaq. Ölümdən də betərdi Başın üstə yellənən Qara kəndirə baxmaq.
Dərd yapışar beşəlli Tutmağa yaxan olsa. Dərd eləmə özünə O dünyadan gələrəm Mənsiz darıxan olsa.
* * *
Əriyib gedirəm sənsiz şam kimi, Özüm kor olmuşam öz işığımdan. Xəbər apardımı sənə zalımlar Ütülü,ütüsüz qırışığımdan?
Güzəran dolanma qatıb başımı, Hardadı könlümü ovudan səsin? Görən baxıb deyir:-Yaxşıdır işin! Görüm işim-gücüm başıma dəysin.
Məni soruşubsan o gün birindən, Şükür yaşayıram yıxıla-dura. Şükür,Gedib-gəlir hələ nəfəsim, Şükür,alışıram təzə bazara.
Bir azca toxdadım ,sağ ol buna da, Nə yaxşı yadından çıxmayıb adım. Yamanca kövrəltdi məni bu xəbər, Ötən günlər üçün elə susadım…
Ölüb dirilirəm gündə min dəfə, Cavab tapammıram neçə suala. Dostlar əhvalımı soruşur hərdən, Şikayət etmirəm,deyirəm:-Əla!
* * *
A zalım,mən səndən heç nə ummadım, Nədir istədiyim?! Xoş söz, xoş qılıq. Hər kəsin sevgiyə ehtiyacı var Bəlkə də... bəlkə də bircə misralıq.
Onsuz da yolumuz ayrılıb coxdan, Bir də rastlaşmarıq çarpaz xətt kimi. Bəlkə də nə varsa unudacaqsan Çoxdan unudulmuş bir adət kimi.
Neyləyim, unuda bilmədim səni, Mənimçün əzizdi o sevda, bu qəm. Neyləyim,sevəndə -sevdim ürəkdən, Sevməsəm... sevməsəm,yaza bilmərəm!
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ