Demək olar ki, hamının
həyatında bir qırılma nöqtəsi, o zamana kimi alışılan axışın tərsinə çevrildiyi
ya da gurhagur axan dağ çayının birdən birə yön dəyişdirməsi kimi yön
dəyişdirdiyi, zamanın onun üçün müəyyən etdiyi yoldan çıxaraq əvvəlcədən ağlına
belə gəlməyəcək xatirələrə dalıb getdiyi bir an ya da anlar var.
Hər zaman Stepan Kinqlə
müqayisə olunan və ədəbiyyatın qorxu meşəliklərinə istəklə dalan oxucuları iki
yerə olduqca ustalıqla parçalayan Dean Rey Kuntzun həyatında da belə bir mövcud
olduğunu düşünsək bu heç şübhəsiz ki, onun bir neçə il sonra evlənəcəyi Gerda
ilə tanış olduğu an olmalıdır...
Ancaq onu daha yaxşı
tanımaq üçün ilk əvvəl gərək Gerda ilə tanış olmamışdan əvvəl nə ilə məşğul
olduğuna diqqət etməliyik. Keçirdiyi çətin günlərin izlərinin üzünə yapışmasına
mane olmağa çalışan balaca bir uşaq ikən Gerdanın şəfqətinə məhkum olduğu o ilk
dövrlərdən...
Pensilvaniyanın dağlıq
ərazilərində külək Deanin dünyaya 1945 – ci ildə dünyaya gəldiyi o balaca
evlərinin üstündən də eyni sürətlə əsib keçməkdə idi... Anası həyatının böyük
bir hissəsini yataqda keçirmiş yatalaq bir qadın, atası isə sonradan ruhi
xəstəliyə düçar olacaq bir alkoqolik idi çünki... Kuntzgilin evlərindən həmişə
içki və dərman iyi gələrdi... Dəhşətli ağrılardan sonra hər gün təkrarlanan
uzun – uzun qışqırıq ya da hıçqırıqlardan sonra ev dərin bir səssizliyə
bürünərdi...
Qaranlıqda addımlamağı o,
hələ çox kiçik yaşlarından öyrənmişdi. Evin hər hansı bir küncdə yıxılıb qalma
riski böyük olan atasına dəyməmək və bir az əvvəl sifətinə dəyən şillələrdən
sonra duyduğu acıları yalnız yuxu vasitəsi ilə unudan anasını yuxudan
oyandırmamaq üçün çox ehtiyatla hərəkət etməli idi...
Dean ruhunda sonradan təmir
edilməsi mümkün olmayan, daim həyatı boyu onu kölgə kimi izləyəcək bu şikəst,
bu xəstə mühitdə normal bir insan kimi yetişməyi xəyal edirdi. Tənhalıqdan
xilas olmaq üçün onun izləyə biləcəyi bir yol var idi sadəcə: yazmaq...
Yazmaqla içində olduğu bu xəstə mühitdən azacıq da olsa uzaqlaşmaq... İçindən
keçənləri, hiss etdiklərini, dünyaya qarşı duyduğu kini rahat bir şəkildə
qusmaq üçün ancaq bir yol seçəbilərdi: yazmaq və yenə də yazmaq...
Ata – anasının bəlkə də tək
ortaq fikirdə olduqları məsələ Deanın yazmağa olan həvəsi ilə bağlı idi...
Yazmaq onlar üçün heç şübhəsiz çox mənasız bir iş idi, amma yenə də uşağın
oxuduğu kitablara verdiyi pulları hesablayanda istər – istəməz onun yazmağının
daha doğru olacağını qərara almışdılar.
Onsuz da az olan cib
xərcliyindən yığdığı pulları kitaba verən Dean da bu barədə nəsə demək
istəyirdi, amma təəssüf ki, heç kim ona qulaq asmaq belə istəmirdi. Təkid
etməyinə evdə yeni narazılıqlar başlaya bilərdi, atası içki içərək yenə xəstə
anasına əl qaldıra bilərdi, ona görə də Dean
susdu. Artıq gizli – gizli mütaliə etməyə, açıq – aşkar yazmağa girişdi.
Səkkiz yaşında olanda artıq
özü üçün yeni bir qazanc qapısı açmağa müvəffəq olmuşdu. O, öz qəribə
hekayələrini dərc olunan jurnallara satan, balaca olmağına baxmayaraq
yazdıqları ilə hamıda özünə qarşı maraq oyadan yazıçı idi artıq! Əslində o,
hekayələrinin ona maddi qazanc gətirəcəyini heç düşünmürdü də ilk başlarda,
sonralar bir şeyin fərqinə vardı: əgər sən özünə hörmət etməsən heç kim sənə
hörmət etməyəcək. Və bu düşüncəsinin sayəsində o, yzaraq bir gün bütün həyatını
dəyişdirə biləcəyini, o gün içində yaşadığı dünyadan daha da uzaqlara gedib öz
həyatını qura biləcəyini hiss etmişdi.
O, on iki yaşında idi ilk
uğurunu qazananda: yazdığı məqalələrdən biri iyirmi beş dollar ve qol saatına layiq
görülmüşdü.
Məqalənin mövzusu amerikalı
olmağın onun üçün ifadə etdiyi dəyər idi, Dean qol saatını və iyirmi beş
dolları ovuclarının arasında sıxa – sıxa düşünürdü ki, görəsən amerikalı
olmağın başqa hansı məqamları var və kimsə ona bu məqamları əksik yazdığı üçün
irad tutmayacaqdı ki?
Hekayəsinin jurnal və
qəzetlərdən nəşr olunmasından sonra əldə etdiyi ikinci ən böyük uğur iyirmi bir
yaşında ikən “Atlantik Montli” jurnalının keçirdiyi roman müsabiqəsində birinci
yerim tutması oldu.
Həyatının mənası kimi qəbul
etdiyi sevgilisi ilə də məhz həmin o illərdə tanış oldu. Dean yaralarla dolu
ruhuna təsir etməyi qarşısına məqsəd qoyan və qısa müddətdə buna nail olan bu
ilk qadını – Gerda ilə universiteti bitirməyi belə gözləmədən ailə qurdu...
Bütün bunlar real həyatla
üz – üzə gəldiyi zamanlarda baş verməkdə idi, 1967 – ci ildə o, özü kimi
ruhları zədələnmiş uşaqlara dəstək vermək məqsədi ilə ehtiyacı olan uşaqlara
dəstək olan bir qurumun həyata keçirdiyi layihə çərçivəsində psixoloq – müəllim
kimi fəaliyyət göstərməyə başladı.
Elə ilk günlərdə dərk
etmişdi burda olmağın mənasız olduğunu...Hətta daha da çətini o, burdan getmək
istəmirdi... ondan əvvəl burda müəllim kimi çalışanların yaşadığı sıxıntıları
və onların tez – tez döyülməsini eşidəndə onsuz da ətrafında olan bu uşaqların
etdiyi hərəkətlər nəticəsində gərginləşən ruhu dəfələrlə üsyanın ən son həddinə
kimi gəlib çatmış olsa da, lakin Dean yenə də içini bürüyən o hissləri boğmağa
nail olmuşdu.
Bu dözə biləcəyi bir
sıxıntı deyildi əlbəttə, amma bütün həftə boyunca məktəbdə qeyri – adi
şagirdlərlə keçirdiyi saatlardan sonra evə gəlib yazı yazmaq, həftə sonlarında
isə tamamən içinə qapanıb sınıq – tökük yaşaya bildiyi o başqa dünyaya keçidlər
etmək...
Dean məktəbdəki vəzifəsinə
daha çox dözə bilməyəciyini anlayınca bir il sonra istefa ərizəsini yazıb məktəbdən
uzaqlaşdı. Yazı yazmaq onsuz da onu çox yorurdu, üstəgəl bir də məktəbdə
yaşadıqlarına daha çox dözə bilmirdi.
Bir ucqar yerdə ingilis
dili müəllimi kimi işləməyə başladı və daha çox yazmağa vaxtı qalırdı. Amma ona
bu zaman da kifayət etmirdi. Kifayət etmirdi beynindəkiləri kağıza köçürmək
üçün...
Xanımı Gerda da onun
yaşadığı sıxıntıların fərqində idi və bir çıxış yolu fikirləşmişdi bu məsələnin
həlli üçün. Dean artıq iki il idi ki, məktəbdə müəllim kimi fəaliyyət
göstərirdi. Gerda bir gün onunla ciddi bir məsələ haqqında danışmaq istədiyini
bildirmiş və günlərdir ona demək istədiyini bircə anda demişdi: “beş il boyunca
sən heç bir iş görmədən ancaq yazacaqsan və mən işləyib evi dolandıracağam.” Və
daha sonra əlavə etmişdi: “Əgər bu beş il içərisində uğur qazana bilməsən bir
də heç bir zaman uğur qazana bilməyəcəksən.”
Dean xanımının etdiyi o
inanılmaz təklifini heç düşünmədən qəbul etdi və qadını onun üçün hır insanın
edə bilməyəcəyi bir fədakarlığı etmişdi. Onun “vazkeçilməz” olduğunu bir daha
sübut etmişdi. Zatən illər sonra Dean bir əsərində sevginin fədakarlıqdan ayrı
tutulmamalı olduğunu bir daha təkrar edəcəkdi...
O zamana kimi məktəbdəki
işlərdən fürsət tapdıqca yazdığı ilk tamamlayıb nəşr etdirmişdi Dean, 1968 – ci
ildə yazdığı “Ulduzlardan gələn qonaq” romanı idi bu və bu roman bir il sonra
qələmə alacağı “Yuxu makinasının çöküşü” adlı romanın muştuluqçusu idi.
Beş il ərzində bir –
birindən maraqlı və bəzilərində öz adından istifadə etsə də əsasən gizli
imzalarla iyirmidən çox qorxu romanı qələmə aldı.
Həftədə yetmiş saat yazmaq
üçün vaxt ayırırdı. Beləcə beş aydan sonra bir romanını bitirir, bu daha çox
Gerdanın təəccübünə səbəb olurdu. Gənc qadın yüz illərdir yuxuya getmiş böyük
bir vulkanı tək bir hərəkətlə oyandırdığının fərqinə varırdı hər dəfə həyat
yoldaşının dünyadan əlini - ətəyini çəkmiş vəziyyətdə yazdığını görəndə...
Beş il başa çatanda
Gerdanın həyat yoldaşının işlərinə kömək etməsi üçün işdən çıxması artıq
onların ədəbiyyat vasitəsi ilə maddi müüstəqillik əldə etdikləri mənasına gəlirdi.
Amma bu daha çox kitab yazmalı olduğuna inandırmışdı onu və aradan illər keçib
Dean məşhur bir yazıçı kimi tanınanda yazdığı romanlar barəsində yazılan
tənqidi məqalələrə münasibət bildirərkən: “o zamanlar hələ çox gənc olduğuna
görə özünütənqid hissindən özünü uzaq tutduğunu və durmadan yazmaq
məcburiyyətində olduğunu” bildirəcəkdi.
Bir tərəfdən bəziləri
yazdıqlarına güvənmədiyi üçün bu qədər çox gizli imzadan istifadə etdiyini
iddia edir, Dean isə bu iddiaları sakit bir təbəssümlə “naşirlərin nəşr siyasəti”
kimi dəyərləndirirdi. Onların fikrinə əsaslansaq yazar fərqli bir janrda
yazanda istər – istəməz indiyə kimi özü haqqında formalaşmış olan imici
zədələməməli idi. Düzdür, Dean Kuntz bu iddiaya çox da inanmadığını deyirdi
əslində və bəlkə də elə buna görə də bir neçə fərqli janrda əsərlər qələmə
alarkən bu düşüncəni ələ salmaq məqsədi ilə istifadə etdiyi gizli imzalara iti
Triksinin də adını əlavə etməyi unutmamış və bir itin prizmasından yazdığı o
iki kitabın arxa üz qabığına da itinin şəklini yerləşdirmişdi.
Yetmişinci illər amerikan
kinosunun mərkəzi sayılan Kaliforniyaya köçməsi ilə yeni bir həyata öyrəşməyə
çalışmaqla keçdi. İlk filmi uşaq istəyən bir kompüterdən bəhs edirdi və bu
filmin başrolunda Culia Kristi oynamışdı. MGM tərəfindən çəkilən “İblisin
toxumu” adlanan bu filmdə bir qadının kompüterdən hamilə qalması kimi qeyri –
məntiqi bir fikir əsas mövzu kimi işlənirdi və bu qeyri - ənənəvi səhnələrlə
dolu film televiziya ekranlarında maraqla izlənsə də, kinoteatrlarda özünə
kifayət qədər tamaşaçı toplaya bilmədi. Bu da həmin filmin Hollivudun ən
baxımsız filmləri siyahısına salınması ilə nəticələndi.
Maraqlı cəhət burasında idi
ki, bu janrda çəkilən növbəti filmlərdən biri olan “Şənlik yuvası” filminin
ssenariləşdirilməsi, ona uğuru bəxş etdi. Kuntz indiyə qədər əldə etmədiyi
uğurlara imza atmağın ləzzətini yaşayırdı. Titrlərində Oven Vest adlı gizli
imzadan istifadə olunan bu filmin ssenarisi hazırlananda romanın demək olar ki,
sujet xətti tamami ilə dəyişdirilmişdi. Filmin ssenarisi ilə roman sətirləri
arasında dünya qədər fərq var idi və bu fərqlər rejissorların inadkarlığı
ucbatından baş vermişdi.
Amma Dean öz inadından vaz
keçmək istəmirdi və “Şənlik yuvası” adı ilə nəşr etdirdiyi növbəti kitab sözün
əsl mənasında bomba kimi partladı. Bir anda bu kitab qəzet səhifələrində ən çox
satılan kitablar siyahılarında ən üst sıralarda yerini almışdı. Rejissorlar bir
milyondan artıq satılan bu kitabın qopardığı fırtınanın bir balaca
sakitləşməyini gözləyib filmin premiyerasının aylar sonraya saxlamaq qərarına
gəlsələr də film fərqliliyindən dolayı qətiyyən maraq oyandırmadı, hətta nəinki
maraq oyandırmadı, bu adda Hollivudda qazılan yeni bir məzara dəfn olundu.
“Müşahidəçilər” və
“Pıçıltılar və sığınacaq” romanlarının ssenarisi əsasında çəkilən filmlərlə
yeni – yeni sarsıntılara hazırlanırdı Hollivuddakı məzarlıqlar və çox yaxında
onun arxasınca qaçacaq olan rejissorların və produserlərin qoxusunu hiss edən
Dean həyat yoldaşı Gerdaya “hər şeyin yoluna girəcəyini” deyirdi inam dolu bir
səslə...
Kuntz bu müddət ərzində
sadəcə gözləməklə kifayətlənsə də 1980 – ci illərdə artıq o, şöhrətə
qovuşmuşdu. Partlayış yaradan kitabın adı isə “Pıçıltılar” idi. Və yazar bu
kitabla sözün əsl mənasında uğuru əldə etdi.
Bundan sonra Dean yazdığı
üçün satıldı kitabları və təkcə Dean R. Kuntz adı belə qorxu ədəbiyyatı
pərəstişkarlarını qıcıqlandırmağa kifayət edirdi. Qorxu Yazarları Birliyinin
sədri olduğu zamanlarda əsərləri Stepan Kinqin ya da Con Soulun əsərləri ilə
müqayisə edilirdi. Bu müqayisənin şiddətindən başı fırlanırdı qorxu ədəbiyyatı
oxucularının...
Haqqında edilən bu
qarşılaşdırmalara fikir verməyən yazar “Növbə” romanından sonra yazdığı
romanlarından bəhs edərkən həmin romanların otuz səkkiz dilə tərcümə olunduğunu
qeyd edir və bununla da onun haqqında danışanlara lazımi cavabı verirdi...
Amma yenə də bu yola
çıxdığı zamanlarda olduğu kimi əhvali – ruhiyyəsindən heç nə itirməmişdi, ən
sevdiyi yazar olan J. D. Makdonaldın əsərlərini hər dəfə oxuyanda son səhifəyə
çatar – çatmaz “Görürsən, Kuntz, səndən də yaxşı yazanlar var imiş...” - deyirdi öz – ğzünə...
Əslində isə o, 2006 – cı
ildə hər birini öz adı ilə nəşr etdirdiyi yüzə yaxın roman qələmə almış,
yaşadığı əsrin ən məşhur yazarlarından biri kimi qorxu ədəbiyyatına bəlkə də
ilk dəfə bu qədər təbii bir şəkildə yerləşdirilmiş insani mövzular və təbiət
təsvirləri baxımından özünəməxsus bir yazar idi o.
Kökündən zədələnmiş bir
həyat inancla formalaşmışdı Pensilvaniya ərazisində, bir qədər yazılmışdı
inanan bir qadının fədakarlığı ilə və bir kişi insanları yaşadıqlarından daha
fərqli dünyaların varlığına inandıran hərflərlə kök salmışdı onların
şüurlarında. Kök salmışdı torpağın öz bədəninin bürüdüyündən artıq qalan
hissələrinə....
Oktay Hacımusalı
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ