Elə, bir dövrə gəlib çıxmışıq ki, "yağışdan sonra
çıxan göbələklər" kimi hamı yazır, hamı yazıçılıq iddiasındadır. Əslində iddia
gözəl şeydir. Ancaq gərək qabında bir zad ola. Yoxsa hər könlünə düşəni, ağlın
əsəni yazıb camaata ədəbiyyat adıyla sırımaq yaramaz.
İndi düzü, oxucu da bilmir ki, kimi oxuya, kimin
kitabı ona lazımdı. Sovet dövründəki senzuranın lap yeri görünür. Vallah,
əgər senzura olsa və ən əsası bu işlə məşğul olanlar Azərbaycan ədəbiyyatının
qaymaqlarından - Əkrəm Əylisli kimi, Səfər Alışarlı kimi ustad yazıçılarından,
Cavanşir Yusifli kimi sözün çəkisini bilən tənqidçilərdən təşkil olunsa bu
"göbələk mövsümü" bir dəfəlik aradan qalxacaq. Və nə yazıçılar
oxucusuzluqdan şikayətlənəcək, nə də oxucular aldıqları kitaba yalandan pul
verdiklərini dərd eləyəcəklər.
Bir məqamı da diqqətinizə çatdırım. Belə ki, indi
bu yerindən qalxan gənc yazı adamları oxunmadığının, oxucusuzluğun dərdini
çəkir. Bir bunlara deyən lazımdı ki, balam, de
görüm, sən kimi oxumusan? Çox güman ki, məktəb illərində oxuduğu bir-iki
nağıldan savayı heç kimi.
Və bizim də əsas problemimiz elə budur. Kimsənin
kimsəni oxumadığı, dikbaş yazarların biri-birinə yuxarıdan aşağı baxdığı bir
zəmanədə yaşayırıq; oxucuda günah görmək artıq şeydir. Nəysə.. hələ bizim
düzəlməyimizə, ədəbiyyatımızın bir düzənə girməsinə çox zaman lazımdır.
Ancaq ümidsiz də olmaq lazım deyil. Yaşıdlarımızın
arasında daim oxuyan, yorulmadan, ərinmədən öz üzərində işləyən, yazıdan yazıya
inkişaf edən dostlarımız da var. Misal üçün, Mövlud Mövludun, Ayxan Ayvazın
adını çəkə bilərəm ki, bu adamlar gələcəkdə Azərbaycan ədəbiyyatına böyük
töhfələr verə bilərlər.
Yeri gəlmişkən, Ayxan Ayvazın "Evimizdən gecə
reportajı" və Mövlud Mövludun "Qara bayram" hekayələrini oxudum
bu yaxınlarda. Hər iki hekayəni bir cümləsinə belə toxunmadan, dilinin
şirinliyi ilə, üslubunun orijinallığı ilə ədəbiyyat tarixinə yazmaq olar.
Yazıçı hər gün bilavasitə şahidi olduğu maraqlı
hadisələri əsl ədəbiyyat nümunəsi kimi təqdim etməyi bacarmalıdır. Yəni oxucunu
inandırmalıdır. Yazdığı hadisənin ədəbiyyat olub-olmadığını bilməlidir. Bu çox
ciddi şərtdir. Həm də yazıçı yaddaşın özü olmalıdır. Bunu bizdən qabaqkılar da
deyiblər ki, iti müşahidə qabiliyyəti yazıçının üstünlüyüdür.
Ayxan Ayvazın və Mövlud Mövludun hekayələrində də
yaddaşdan, iti müşahidədən qaynaqlanan maraqlı məqamlar çoxdur. Ancaq biz zaman
azlığını nəzərə alıb bunlardan yalnız ikisini qeyd edə bilərik:
"...Mən hələ bir xeyli yorğanın içində
qurcuxacağam. Gülbəs artıq Allah bilir, neçənci yuxudadır. Yanımdakı çarpayıdan
xəfif xorultu səsi gəlir. Bir az yaxına gəlirəm, diqqətlə onu gözdən keçirirəm.
O, beşikdəki körpəni xatırladır. Elə bil div yuxusuna gedib. Oyatsan adamı şişə
taxar! Yorğanı başına elə çəkib ki, yalnız balaca, yumru sifəti görünür. Atam
da belə yatardı.
...Qardaşım hər dəfə bu cür sayıqlayanda gülüşümü
boğub ona qulaq kəsilirəm. Əsəbi, qaşları çatılmış görkəmdə qaranlığın içində
fısıldayır. Anam da belə yatardı." (Evimizdən gecə reportajı)
"...Söhbət arası anam danışa-danışa ayağa qalxdı,
babamın, nənəmin qardaşı Vilayət babanın şəkillərini divardan alıb tozunu aldı,
öpüb yerindən asdı. Evdəkilər xorla ah çəkdilər." (Qara bayram)
Artıq söz deməyə ehtiyac yoxdur. Oxuyursan və bir
müddət təsirindən çıxa bilmirsən. Belə şeylər yazmaq üçün ancaq və ancaq yazıçı
olmalısan. Kişilər yazıçıdır da, nə istəyirsiniz?! Uğurlar!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ