Bir yerdə böyümüşdük
15 yaşımızadək.
15 yaşımızdan sonra
Mən böyüdüm,
O, öldü.
Soldu üzündəki
15 yaşlı təbəssüm...
Axırıncı dəfə görəndə
Anası qırmızı don almışdı təzə,
Geyinib gəlmişdi bizə.
Dırnağında qırmızı boyas ı,
Al günə çıxmışdı bəxtəvər.
Öləndə dedilər qara şal atıblar üstünə
Üzünü bağlasın deyə,
Qara şal günə çıxdı bəxrəvər.
Basdırmağa aparanda
Əllərindəki qırmızı boyası görünürmüş,
Boyalı getdi,
Dırnağındakı bəxtəvərliyi,
Dırnağındakı alı getdi.
Bircə onu apardı özünlə gedəndə.
Uşağıydım,
Ağlaya bilmədim yoxluğununa,
Amma ürəyimdə yer elədi.
Ömrümün 15 yaşını
15 yaşlı gor elədi.
Daha görə bilmirəm onun
Vərəmdən arıqlamış sifətini.
Tuta bilmirəm
Sümüyü çıxmış barmaqlarını.
Gözlərim boş,
Əllərim boş.
Ən unutmadığınız tarix ? deyəndə
Deyirəm 15.
***
Kaş deyirəm
Bayırda külək əsir.
Buludlar ağır-ağır,
Buludlar yağır,yağır,
Könlüm sənə tələsir.
Bu islanmış gecənin
Dəyişməyə köynəyi yox.
Yağışın səsi toy çalır,
Gəlini var,bəyi yox.
Yollar,yollar, uzun yollar,
Oğlum yollar, qızım yollar.
Olum sənə çətir yollar,
Gedənimi gətir yollar.
Kaş deyirəm,
Gözümdəki yaş deyirəm,
Qurusun, qurusun daha
Yanağımdan ayıbdı.
Gözlərimi yumub açam,
Deyələr qayıdıbdı...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ