Deyirdilər ki, vaxt gələcək Məhəmməd Əmin Rəsulzadənin yubileyləri dövlət səviyyəsində qeyd olunacaq.. Bax, həmin vaxt gəldi! Prezident İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzaladı. Alqışlayırıq!
"Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə". Bu, əslində Azərbaycan tarixinə, onun istiqlalına prezident İlham Əliyev tərəfindən verilən qiymətdir. Bu QİYMƏTLİ sərəncamı oxudum və həmən də məlum ittihamları xatıladım: "Rəsulzadəni tarixdən silməyə çalışırlar", "Rəsulzadəyə düşmən münasibəti bəsləyirlər". İlham Əliyev öz sərəncamı ilə bu və bu kimi ittihamların hamısını darmadağın etdi. Göstərdi ki, Rəsulzadəni tarixi şəxsiyyət kimi qəbul edir, onun Azərbaycanın istiqlalı uğrunda verdiyi mücadiləni yüksək qiymətləndirir.
Mən gözləyirdim ki, bu sərəncamın ardınca Rəsulzadə yolunda olduqlarını bəyan etmiş insanların açıqlamalarına, bu fakta münasibətinə rast gələcəm. Axtardım, izlədim, amma olmadı, yox idi hər hansı reaksiya. Niyə? Məgər istədiyiniz və istədiyimiz Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə haqq etdiyi qiymətin verilməsi deyildimi? Məgər onun yubileylərinin dövlət səviyyəsində qeyd olunmasını istəmirdikmi? Oldu, verdilər o qiyməti! Bəs nədən susurlar? Əslində ayaq üstə alqışlanmalı olan bu sərəncama ik-üç cümləlik açıqlama ilə reaksiya vermək olmazdımı? Yəni doğrudanmı sevinmədilər? İstəmirəm belə düşünüm, amma görünən odur ki, bu adamların Rəsulzadəyə münasibəti də dedikləri, yazdıqları kimi deyil... Ona ögey münasibət göstərildiyi barədə ittihamları da sadəcə hakimiyyətin ünvanına yönələn ittihamları çeşidləmək marağından o yana keçmir. Demirdiniz Rəsulzadəni tarixdən silirlər? Gördünüz ki, yox, belə deyil, əslində tarixdəki yerini möhkəmləndirirlər, deməli, səsiniz çıxmalı, sərəncama qiymət verməli, Rəsulzadəyə sevginizin saxta olmadığını göstərməlisiniz. Hanı Rəsulzadənin şəklini ürəyinin başında gəzdirən gənclər? Nədən biri qımıldanmır? Bu böyüklükdə məsələ çıxıb ortaya, tarixi sərəncam imzalanıb, amma biri buna münasibət bildirmir. Hanı bəs səyğı? Hanı Rəsulzadə dühasına olan məhəbbətin balaca bir işartısı? Kiməsə medal verilməsinə palaz boyda yazılar, statuslar həsr edir, birinin ayaqqabısının ölçüsünü, digərinin şalvarının rəngini müzakirə edirlər. Amma indi susur, Rəsulzadə barədə prezidentin sərəncamına reaksiya vermək istəmirlər. Hakimiyyətə qarşı istifadə oluna biləcək hadisə baş versəydi, gecəynən buna münasibət bildirər, şivən qoparardılar.
Eh, mən elə bilirdim siz heç olmasa Rəsulzadəyə münasibətdə səmimisiniz. Təəssüf, yanılmışam. Deməli, sabah Bakının mərkəzində Rəsulzadəyə qızıldan heykəl qoysalar da bunun sizə isti-soyuqu olmayacaq... Deməli, siz... Deməli..., Deməli... Lənət şeytana, siz Rəsulzadə yolunda da deyilsinizsə, bəs hansı yoldasınız? Eh, siz özünüz bilərsiniz, amma mən sevinirəm!..
...Sən bizimsən, bizmsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ